Bu gün ilk çərşənbə - Su çərşənbəsidir
Bizi izləyin

Tabloid.az

Bu gün ilk çərşənbə - Su çərşənbəsidir

Xalq arasında qeyri-rəsmi təqvimdə qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün “boz ay” adlanır. Bu təqvimə əsasən fevralın 20-dən başlayan boz ay martın 20-dək davam edir.

Qışın üçüncü hissəsi məhz Novruz bayramına hazırlıq dövrünü ehtiva edir. Bu dövr ilk olaraq çərşənbələrlə başlayır. Qədim türklərin inancına görə, tanrı insanı məhz çərşənbə axşamı yaradıb. Əvvəlcə su götürülüb, külək tərəfindən su ilə torpaq qarışdırılıb, insan şəklinə salınıb, günəşin altında qurudulub, dördüncü çərşənbə, ilin axır çərşənbəsində isə ona nəfəs verilib. Beləliklə, dünyaya insan gəlib. Hesablamalara görə, bütün bu hadisələr çox müqəddəs bir vaxta, gecə ilə gündüzün bərabərləşdiyi günə təsadüf edib. Bundan sonra isə insan üçün yeni həyat, yeni il başlanıb. Çərşənbələrdə, eləcə də Novruz bayramında həyata keçirilən müxtəlif adətlər də başlanğıcını məhz insanın yaranışı ilə bağlı qədim ayinlərdən götürüb. Novruz bayramının ilk çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Su çərşənbəsi günü adamlar səhər tezdən üz tutarlar axar suyun üstünə: niyyət eləyib suyun üstündən tullanar, əl-üzlərini yuyar, biri-birinin üstünə su çiləyər, “bu, mübarək sudu”,– deyərlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Təzə sudan gətirib evin dörd küncünə, həyət- bacaya, mal-qaranın üstünə çiləyərlər. İnsanlar bununla ilin ruzi və bərəkətli olacağına inanırlar. Qucaqdakı körpələri, qoca və xəstələri də su üstündən hoppandırarlar ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun. Suyun qüdrətini, müqəddəsliyini həmişə önə çəkən əcdadlarımız hətta ilin axır çərşənbəsində belə “Suüstü” deyilən mərasimi təntənə ilə qeyd etmişlər.

Qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Məsələn, inanclarda deyilir ki, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, lal axan sudan keçərkən “suyum, irəlilə” deyərlər. Bir çox atalar sözlərində də suyun müqəddəsliyi əks olunur. “Su olan yerdə dirilik olar”, “su ehsandır”, “su murdarlıq götürməz”, “suyu çirkləndirənin nəşini yumağa su tapılmaz” kimi sözlər deyilib.

AMEA Folklor İnstitutunun böyük elmi işçisi Şakir Albalıyev bildirir ki, Novruzun 4 çərşənbəsinin bir-birinə bənzəsə də, aralarında fərqlər var.

“İnsanların inancına görə, hər bir şeyin sahibi olduğu kimi suyun da sahibi var. Ona görə də, suyun müqəddəsliyinə, bərəkətinə inam olub. Suyun göylərdən gəlməsi, onun aydınlıq ifadə etməsi kimi qəbul ediblər. Su kimi onun saxlandığı qab da təmiz, təzə olmalıdır. Masallı rayonunda həmin günlərdə bazarlarda təzə su qabları satışa çıxarılardı. İnsanlar da çərşənbə günü məhz həmin qablarda bulaqdan su gətirilərdi.

Kənd yerlərindən fərqli olaraq, şəhərdə insanlar bu bayramların adət-ənənələrinə istənilən səviyyədə əməl edə bilmirlər. Yaşayış şəraitinə uyğun olaraq şəhərdə insanlar ən yaxşı halda krandan su götürə, sözlərini suya deyərlər. Bundan başqa, ocaq qalanması, plov bişirilməsi, səməni becərilməsi kimi adətlərimiz var ki, onlara da həm kənd, həm də şəhərdə riayət edirlər. Bayramın adət-ənənələri ilə bağlı bəzi regionlar arasında fərq olsa da, bu, bayrama xələl gətirmir. Çoxvariantlılıq bayramın folklor nümunəsi olduğunu göstərir. Su çərşənbəsində fala baxmaları əsasən, su ilə bağlı olur”.

“Su çərşənbəsi”ndə qızlar və gəlinlər tərəfindən çox maraqlı “Vəsfi-hal” adlı fala baxma mərasimi keçirilir. Bu mərasimdə ortaya su ilə dolu dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü o qabın içinə atardı. Üzükləri qabın içərisində iki-üç dəfə qarışdırdıqdan sonra qızlardan biri bayatı oxumağa başlardı. Bayatı oxunarkən qabdan bir üzük çıxarılırdı. Kimin üzüyü qabdan çıxardısa, onun diləyi həmin bayatıdakı mətləbə uyğun yozulardı. Bu minvalla oyun davam edərdi. Beləliklə, bu mərasimdə qız-gəlinlər öz həyatlarında baş verəcək dəyişikliyi, gələcək aqibətlərini öyrənməyə çalışardılar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm