Xanım rəssam: “Rentgen” aparatı kimi insanları çılpaq görürəm” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xanım rəssam: “Rentgen” aparatı kimi insanları çılpaq görürəm” - FOTOLAR

Azərbaycanda tanıdığım yeganə rəssam ailəsidir. Hər ikisi qırx ildən artıqdır ki, rəssamlığı özlərinə peşə seçiblər. Həyatlarını rənglərə sərf etdiklərinə heç peşman da deyillər.

Öz dünyaları, öz düşüncələri və özünəməxsusluqları ilə seçilir bu ailə. İki saatdan artıq davam edən söhbətimizdə azacıq da olsa, bu cütlüyün daxili dünyasına səyahət etməyə çalışdım və təvazökarlıqdan uzaq olsa da, çox maraqlı söhbət alındı.

Publika.az üçün Minayə və Mircabir Feyzullayevlərlə müsahibəm də belə alındı.

- Minayə xanım, neçə yaşınızdan rəssamlıqla məşğulsunuz?

- Rəssamlığa beş yaşımda - bağçada başlamışam. Müəllimimiz bizə rəsm çəkməyi tapşırdı. Hamı öz istədiyini çəkdi. Mən də bir qızıl balıq çəkdim. Həyətimizdə vardı, görmüşdüm. Bu, müəllimimin çox xoşuna gəldi, məni öpdü, qucaqladı, elə bildim ki, dahi rəssamam. Ondan sonra həvəslənməyə başladım.

- Rəssamlıq təhsiliniz var?

- Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişəm. O vaxt rəssamlıq məktəbləri çox az idi. Rəhmətlik İbrehim Zeynalovun tələbəsi olmuşam. Bu fakültəni də o yaratmışdı. Amma deyim ki, rəssam olmaq istəmirdim. Düşünürdüm ki, onsuz da rəsm çəkməyi bacarıram. Həmişə hüquq-mühafizə orqanlarında işləməyə marağım olub. Hətta iki il ard-arda sənədlərimi Bakı Dövlət Universitetinə verdim, qəbul olmadım. Qismət bu imiş. Ancaq eyni vaxtda Pedaqoji Universitetin iki fakültəsini – həm hüququ, həm də bədii qrafikanı bitirdim.

- Rəssamlıq Azərbaycanda heç vaxt çörəkli sənət olmayıb. İnsanlar da peşə seçərkən onun maddi tərəfini düşünürlər. Nə əcəb, sonradan geri çəkilmədiniz?

- Ruzini verən Allahdır. O barədə heç vaxt düşünməmişəm. Bağça, pionerlər evi dövründən həvəsim olub, çəkmişəm.

- Bəlkə də, xanım olduğunuzdan maddi tərəfi düşünməmisiniz. Fikirləşmisiniz ki, ailə quracağam...

- O da var idi. Həm də ailəmiz imkanlı olduğundan, belə şeyləri düşünməyə vaxtım olmayıb.

- Ümumilikdə neçə əsəriniz var?

- Sayını dəqiq bilmirəm.

- Əsərləriniz arasında tanınmış şəxslərin portreti çoxluq təşkil edir. Onları sifarişlə çəkirsiniz, yoxsa?

- Mən həm də “Zirvə” ziyalılar təşkilatının prezidentiyəm, ziyalılarla, tanınmış şəxslərlə ünsiyyətimiz var. Elələri olur ki, özləri sifariş verirlər.

- Kimlər sifariş veriblər indiyə kimi?

- Novosibirsk şəhərinin qubernatoru Bezpalikovun, Qazaxıstanın Azərbaycandakı keçmiş səfiri Andar Şukputovun həyat yoldaşı Saule xanımın, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviközün portretlərini öz sifarişləri ilə çəkmişəm.

- Portretlərin qiyməti necə dəyişir?

- Qiymət məsələsində portretin ölçüsü böyük rol oynayır. Bir də görürsən sifarişçi deyir ki, əsəri on günə təhvil verməlisən. Bax onda işin qiyməti çox olur. Çoxları düşünür ki, elə hər şey əsəri çəkməklə bitir. Amma kətan, çərçivə, rəng... xərcləri çoxdur.

- Qiyməti soruşmuşdum...

- Əsərlərim elə də ucuz deyil. Minimum qiymət min manatdan başlayır. Ancaq dediyim kimi, əsərə verilən qonorarın 30-35 faizi onun materialına gedir.

- Ortahəcmli əsərlər neçə aya başa gəlir?

- Məsələn, “Göygöl” əsərim ortahəcmlidir və üç aya başa gəlib.

Söhbətin bu yerində Minayə xanımın həyat yoldaşı və həmkarı Mircabir Feyzullayev müdaxilə edir:

- Rəssam davamlı şəkildə eyni əsərin üzərində işləməməlidir. Məsələn, eyni vaxtda bir neçə əsəri başlamalısan və hamısını fasilələrlə işləməlisən. Çünki bir əsərin üzərində daimi işləyəndə səhvlərini görə bilmirsən. Əvvəlcə əsərin rəngini, koloritini tutursan. Ondan sonra işi “xırdalamağa” başlayırsan.

- Bəs onda rəssamın fikri dağılmır ki?

- Yox, əksinə, elə yaxşıdır. Bir gündə beş əsərə başlaya bilərsən. Etüdü, eskizi tez də çəkmək olar, amma rəsm əsərini yox. Rus rəssamı Aleksandr İvanov “İsanın zühuru” əsərini ömrünün sonuna kimi işləyib. Bu, o demək deyil ki, İvanovun yaradıcılığı yalnız o əsərdən ibarətdir.

- Minayə xanım, iş adamlarından sifarişlər qəbul edirsiniz?

- Bəli, olur. Bu yaxınlarda bir iş adamının oğlu atasının portretini sifariş verdi. Bəzən tanışlıq, dostluq qiymət məsələsində rol oynayır. Vasim Məmmədəliyevin, Çingiz Abdullayevin də portretini çəkmişəm.

- Çingiz Abdullayevin öz portretini görəndə reaksiyası necə oldu?

- O portret bir ilə başa gəldi. Hər dəfə görəndə deyirdim ki, Çingiz müəllim, səbirli olun, az qalıb. O da deyirdi ki, Minayə xanım, eybi yox, mən tələsmirəm (Çingiz Abdullayev kimi danışır – İ.V. ). Çox insan adamdır və qarşılıqlı hörmətimiz var. Nəhayət, ad günündə portretini özünə təqdim etdim. Bir də gördüm ki, otağında divanın üstünə əvvəlki portretlərini də düzüb, qələm dostlarını çağırıb. Dedi ki, bu portreti hamısından çox bəyəndim.

- Hədiyyə idi?

- Bəli... Ağabəy Sultanov yoldaşımın qohumudur. Onun portretini də çəkmişdim. Bir də gördüm ki, 1500 dollar pul gətirib. Elə pis oldum ki... Axı mən bunu hədiyyə etmişəm. Pulu götürmədim.

- Bildiyimə görə, məşhur rəssam Vəcihə Səmədova da sizin qohumunuzdur...

- Bəli, həm Vəcihə Səmədova, həm də həyat yoldaşı Lətif Feyzullayev yoldaşımın qohumlarıdır. Biz onların davamçıları sayılırıq. Onlar da ailəliklə rəssam olublar.

- Azərbaycanda hansı rəssamın işləri xoşunuza gəlir, çəkdikləri ruhunuza daha yaxındır?

- Tahir Salahovun əsərləri çox xoşuma gəlir. Düzdür, deyirlər ki, sərt üslubda işləyir. Bunun nə dəxli var ki, sərt işləyir, yaxud başqa cür işləyir. Əsas odur ki, Azərbaycan tarixinin ən güclü rəssamıdır.

- Bəs Səttar Bəhlulzadə, Əzim Əzimzadə?

- Səttar Bəhlulzadənin işləri başdan-ayağa şeirdir, ədəbiyyatdır. Mən nə karəyəm ki ona qiymət verim?! O əsərlər mənə ruhən yaxındır. Mikayıl Abdullayev də tariximizin güclü rəssamlarındandır. Toğrul Nərimanbəyovun əsərlərinə baxmağı da xoşlayıram. O hətta bəzən fırçanı kənara qoyub əli ilə işləyirdi. Toğrul müəllim uşaq xislətli əsərlər çəkib.

- Onunla şəxsi tanışlığınız var idi?

- Ancaq sərgilərdə görüşürdük. Tahir Salahovla isə ailəvi dostuq.

- Bu sualım hər ikinizədir. Kişi rəssamlar çılpaq qadın şəkilləri çəkirlər. Sizə belə bir təklif olub?

Mircabir F: - Təklif olmayıb, özüm çəkmişdim. Biz müsəlman olduğumuz üçün hər adam o əsəri alıb evinə asmayacaq. Köhnə evimizin divarına belə bir əsər çəkmişdim. Sovet dövründə belə rəsmlər dəbdə idi. Bayaq şəkillərin qiymətindən danışdınız. Şəkilin dövlət qiyməti olmadığından, bu barədə nəsə demək çətindir.

- Ümumiyyətlə, rəssamlıqla dolanmaq olur?

Minayə F: - Olur, amma əksər rəssamlar maddi sıxıntı çəkirlər. Şikayətimiz olmasa da, çətinliklər çoxdur. Sənətdə tanınmaqdan çox şey asılıdır. Görürsən ki, məşhur rəssamın ortabab işi milyonlara satılır.

- İmtina etdiyiniz sifariş olub?

Minayə F: - Olub.

- Nə sifariş olunmuşdu ki?

- Ya adamın davranışı xoş olmayıb, ya qiymətdə sövdələşməmiz alınmayıb. Sifariş ürəyimcə olmasa, qəbul etmirəm.

- Bəzi şairlər, yazıçılar deyirlər ki, təb gəlmək üçün spirtli içki qəbul edirlər və sair. Rəssamlıqda belə bir şey var?

- Var.

Mircabir F: - Gərək çəkdiyin şəkildən ləzzət alasan.

- Bəs ilham pərisi olmayan vaxt sifariş qəbul edəndə necə olur?

Minayə F: - Məcburən işi görməlisən.

- Candərdi çəkdiyiniz iş yaxşı alınıb?

- Olub. Bəzən də görürsən ki, bir adamın portreti çox çətin alınır, ancaq səbəbini bilmirsən.

- Kişi portreti daha yaxşı alınır, yoxsa qadın?

- Fərqi yoxdur. Amma qadın cizgilərini çəkmək daha asandır.

- Rəssamlıqda peşə xəstəliyi var?

- Bir də görürsən harasa qonaqlığa getmisən, qeyri-iradi salfetin üstünə nəsə çəkirsən... Sənətə, mədəniyyətə töhfələr verən rəssamların dərdini çəkirəm. Çox gözəl əsərlər yaranır, hayıf ki, emalatxanada qalır, satılmır.

- Rəssamlar İttifaqının üzvüsünüz?

- Bəli, artıq 23 ildir.

- İttifaqın nə qədər üzvü var?

- İki minə yaxın.

- Rəssamların işlərinin satılmasında ittifaqın nə dərəcədə köməyi olur?

- İyirmi iki il ərzində mənə bir manatlıq xeyri olmayıb. Amma sərgilər keçirirlər.

- Neçə dəfə sərginiz olub?

- Hacı Zeynalabdin Tağıyev Muzeyində, Şirvanşahlar Muzeyində, İçərişəhərdə... Bütün sərgi salonlarında sərgilərim olub.

- Sərgilərinizdə əsərləriniz satılıb?

- Olmayıb.

- İstərdim bayaqkı söhbətimizə qayıdaq. Kişi rəssamlar çılpaq qadın fotoları çəkirlər, bəs qadınlar niyə çəkmirlər? Düşünürsünüz ki, mentalitet var və sair?

Mircabir F: - Xristian ölkələrində belə məsələlərə adi yanaşılır.

- Minayə xanım, nə vaxtsa belə bir şəkil çəkməyə cəhd etmisiniz?

- Bu heç ağlıma da gəlməyib. Rəssamlığı həkimliklə müqayisə edirəm. Burada qadın-kişi söhbəti yoxdur.

- Minayə xanım, siz də düşünürsünüz ki, dinimiz icazə vermədiyi üçün belə şəkillər çəkmək olmaz?

- Bu məsələdə mən yoldaşımdan fərqli düşünürəm. Yoldaşım seyiddir, Mir Mövsüm Ağanın qohumudur.

Mircabir F: - Mən də müasir, sivil insanam. İntəhası, Azərbaycanda belə əsərlərə tələbat yoxdur.

- Bir xanım sizə öz iştirakı ilə belə əsər sifariş versə, qəbul edərsiniz?

- Problem yoxdur.

- Minayə xanım, siz qısqanmazsınız ki?

- Qətiyyən.

- Mircabir bəy, xanımınıza belə bir təklif olsa, razılaşarsınız?

- Problem yoxdur. Amma kömək edərəm.

Minayə F: - Biz rəssamlar “Rentgen” aparatı kimiyik, insanlara baxanda onları çılpaq görürük. Çünki ali məktəbdə anatomiya keçmişik. Geyimli vəziyyətdə baxanda insanın bədən quruluşunu görə bilirik.

- Neçə övladınız var?

Minayə F: - İki qızımız, bir oğlumuz var. Qızlarımız da rəssamdır.

Mircabir F: - Yox, bir oğlumuz, iki qızımız var (gülüşürük). Çünki övladlarımızın yaşca böyüyü oğlandır.

- Minayə xanım, ən bahalı əsəriniz hansıdır?

-“Sarı gəlin” adlı əsərim var, ona 150 min manat qiymət qoyulub. Ancaq hələ satılmayıb.

- İş prosesində zəng gələndə əsəbiləşirsiniz?

- Adamı işdən ayırır da. Gəlməsə, daha yaxşıdır.

- Cabir bəy, deyəsən, abstrakt əsərləri elə də bəyənmirsiniz...

- Rəsmi gərək sənə başa salmasınlar, özün başa düşəsən. Belə bir lətifə var. Rəssam biznesmen qonşusuna abstrakt rəsm hədiyyə edir. İki gündən sonra biznesmen gətirib şəkili qaytarır. Rəssam səbəbini soruşanda deyir ki, iki gündür evə kim gəlirsə, hamı bu rəsmdəkinin nə olduğunu soruşur. Mən də yorğun gəlirəm deyə cavab verə bilmirəm. Şəxsən mən abstrakt rəsmləri qəbul edə bilmirəm.

- Minayə xanım, sizcə, Azərbaycanda Pikasso, Van Qoq səviyyəsində rəssamlar var?

- Əlbəttə, var, olub, olacaq da. Sadəcə, rəssamları tanıtmaqla məşğul olmaq lazımdır, auksionlar təşkil edilməlidir. Bizim xarici rəssamlardan nəyimiz əskikdir ki? Adi bir şəkillərinə milyonlar verilir. Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Vəcihə Səmədovamız olub və var.

- Minayə xanım, karikatura çəkmisiniz?

- Qızlarım yaxşı çəkir, arabir yoldaşım da Bakı “qədeşlərinin” şəkillərini çəkirdi. O əsərlər sonra itdi-batdı.

- Xanımlar zəriflik rəmzi kimi qəbul olunur və rəssamlıq da çox incə işdir. Amma dünyada ən məşhur rəssamlar kişilərdir. Bunu nə ilə izah etmək olar?

Minayə F: - Deməzdim ki, kişi rəssamlar qadın həmkarlarından güclüdürlər. Məsələn, görün Maral Rəhmanzadənin, Vəcihə Səmədovanın necə gözəl əsərləri var.

- Amma müasir dövrdə qadın rəssamlarımız lap azdır...

- Demək olar ki, yoxdur. Beş-on nəfər ola, ya olmaya.

Mircabir F: - Qadınlar səbirli olduqlarına görə onların işləri daha incə olur. Keyfiyyət isə başqa şeydir. Məsələn, kişi gülü adi qaydada çəkir, qadın isə çalışır ki, gülün bütün ləçəklərini ən xırda detallarına, hətta üstündəki şeh damcısına kimi çəksin. Kişi isə “mazok”la işləməyi xoşlayır. Qızımın rəssamlıq təhsili yoxdur. Amma bir abstrakt əsər çəkdi. Rəngləri bir-birinə qarışdırdı, baxırsan, heç nə başa düşmürsən. Baxıb deyirsən ki, bu nədi, ala? Həmin əsər 500 manata satıldı. Bu işin menecerlik tərəfini bilən bir nəfər tapırsan, müştəriyə deyir ki, rənglərin ahəngi belə, filan şey elə... Adi adamın gözündə o əsəri elə dahiləşdirirlər ki. Həmin o Vinsent van Qoqu da menecerlər elə dahiləşdiriblər.

- Azərbaycanda ən baha satılan əsər kimin olub?

Minayə F: - Tahir Salahovun bir əsərini bu yaxınlarda 600 minə satdılar.

- Turqut Özalın da portretini çəkimisiniz...

- Sovet İttifaqı yenicə dağılmışdı, Turqut Özalın qohumları gəlib sifariş verdilər. Biz yüz min dedik, səksən minə razılaşdıq. Bu əsəri səksən minə çəkmişəm.

Mircabir F: - Demək istədiyim odur ki, abstrakt rəsmlər çəkmək üçün nə istedad, nə təhsil lazımdır. Ağzına gələni çək, sat getsin. Bax, bu əsəri qızım çəkib, heç özü də bilmir nə çəkib. Amma beş yüz manata satıldı. Bəzi rəssamlardan soruşurlar ki, nə çəkirsən? Deyir ki, hələ bilmirəm. Elə şey olar? Çəkməyə başlayanda nə çəkdiyini bilməlisən. Fikir verin, rəssamların çoxu əllərini cibdə, arxada “gizlədirlər”.

- Əlləri çəkmək çox çətindir?

Minayə F: - Ən çətini əllərdir. Amma bütün portretlərimdə əlləri çəkirəm...

Mircabir F: - Bizdə rəsm əsərlərinə qiymət verilməsə də, əslində, bu, çox önəmli sərvətdir. Deməli, almanlar yəhudilərə qarşı soyqırım törədəndə rəsm əsərlərini da götürüblərmiş. İndi yəhudilər iddia qaldırıb həmin əsərləri geri qaytarırlar. Qeyri-müsəlman ölkələri belə işlərə çox diqqət ayırır. Vaxt keçdikcə əsərin qiyməti də qalxır. Mənə çox adamlar deyiblər ki, sən seyid adamsan, niyə portret çəkirsən? Deyirəm ki, bu, keçmişdə qaldı. İranda Xomeyninin şəklindən tutmuş imamlara qədər müxtəlif dini şəxslərin şəkilləri çəkilib və onlar nümayiş etdirilir. Bizdə din də bir növ mövhumat səviyyəsinə endirilir bəzi məqamlarda. Yaxud bir də görürsən gəlib əsərə baxır, qiymətini soruşur. Deyirsən ki, 500 manatdır. Deyir ki, ona beş yüz manat verincə, gedib 30 manata “kitayski” şəkil alıb divara vuraram.

Minayə F: - Nadir Qafarzadənin evini göstərirdilər. Dedim ki, Nadir, o cür qəşəng evin var, mebelə 100 min vermisən, divara otuz manatlıq şəkil asmısan, ayıbdır e.

- Bura həm emalatxananız, həm də evinizdir. Narahatlıq olmur ki?

Mircabir F: - Yox, əsla. Təsəvvür elə, səhər tezdən minib maşına, gedib tıxaclarda gözləyirsən. Ora gedib çatana kimi adamda həvəs qalmır.

- Hər gün şəkil çəkirsiniz?

Minayə F: - Hər gün də olmasa da, mütəmadi çəkirik. Yayda şəkil çəkməyin başqa ləzzəti var.

- Elə olur ki, evdə hamınız eyni vaxtda şəkil çəkəsiniz?

- Bəli, hərəmiz bir yanda işləyirik. Bu yaxınlara “Göygöl” əsərini başladıq. Hərəmiz bir tərəfdən başladıq çəkməyə. Çox maraqlı prosesdir. Amma oğlumun belə işlərə həvəsi yoxdur. O, hüquq mühafizə sistemindədir, mənim uşaqlıq arzumu yerinə yetirir.

- Minayə xanım, nə vaxtsa rəssamlıqdan uzaqlaşmaq istəyiniz olub?

- Heç vaxt olmayıb.

- Fərdi tələbələriniz var?

- Memarlıq və İnşaat Universitetində müəlliməyəm, həm də fərdi tələbələrim var. Bəzilərinin əl qabiliyyəti həddən artıq yaxşıdır. Mən nə bilirəmsə, öyrədirəm, eqoist deyiləm.

- Rəssamlığı öyrətmək mümkündür?

- İstedadı olsa, istiqamət vermək mümkündür. Əsas istedaddır. Yaxşı rəssamların səksən faizi qiymət verilmədiyi üçün buradan küsüb gediblər. Gedib bahalı qablar alırlar, amma rəsm əsəri almaq istəmirlər. Bu işi başa düşən azdır.

- Qızlarınız ailə quranda əsərlərinizdən onlara cehiz verəcəksiniz?

Minayə F: - Mütləq hərəsinə bir əsər cehiz verəcəyəm. Özləri də çəkə bilirlər...

Mircabir F: - Peşəkarlıq tamam başqa şeydir. Mən əsərə baxan kimi rəssamın hansı səviyyədə məktəb keçdiyini bilirəm.

- Bir az da evlilik tarixçənizdən danışaq. Necə tanış olmusunuz?

- Mən ali məktəbə hərbi xidmətdən sonra daxil olmuşam. Biz eyni qrupda oxumuşuq. Üçüncü kursda artıq ailəli idik.

- Kim daha yaxşı tələbəydi?

Minayə F: - Oxumaqda mən çox güclü idim, xarici dili məndən köçürürdü. Amma Mircabir rəssam kimi məndən istedadlıdır.

Mircabir F: Mühazirədə müəllim deyirdi ki, sən niyə yazmırsan? Deyirdim, yoldaşım yazır da, evdə mən də oxuyacağam.

- (zarafatyana) Siz ondan yazı köçürdünüz, o da sizə köçdü. Əməlli-başlı köçhaköç olub ha...

(Gülüşürük)...

- Sizi birləşdirən təkcə peşəniz olub?

Minayə F: - Ailə qurmaq yaşında deyildim. Amma rəssamlığına vurulmuşdum. İndi də rəssam kimi məndən güclüdür. O, uzun müddət mərmər işində işlədi, amma mənim xarici ölkələrdə - Amerika, İran Türkiyə, Qazaxıstan, Almaniyada əsərlərim nümayiş olunub. Tələbə vaxtı isə Mircabirin fərdi sərgisi olmuşdu. O, bu ildən rəssamlıqla yenidən mütəmadi məşğul olmağa başlayıb.

- Bir-birinizi çəkmisiniz?

- Mircabir bir dəfə məni çəkib, o da itib-batıb. Amma mənə deyib ki, səni yaxın vaxtlarda çəkəcəyəm. Mənim isə avtoportretlərim çoxdur.

İntiqam VALEHOĞLU

Fotolar müəllifindir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm