Topla “Oskar” - Futbol haqqında ən yaxşı filmlər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Topla “Oskar” - Futbol haqqında ən yaxşı filmlər - FOTOLAR

Bir neçə gün əvvəl “Oskar” mükafatının təqdimat mərasimi keçirildi. İndi hər kəs “Oskar”a təqdim olunan, mükafat alan filmləri müzakirə edir, aktyor və rejissorlardan danışır. Dünyanın bir nömrəli idman oyunu olan futbol haqqında da xeyli film çəkilib. Onlardan bəzisi mükafatlara da layiq görülüb. Publika.az futbol haqqında çəkilən ən məşhur filmlər haqqında məlumat verəcək.

“Qapıçı” (1936, SSRİ)

Futbolun vətəni İngiltərə sayılsa da, milyonların sevimli oyunu haqqında ilk dəfə uğurlu və təsirli filmlər çəkməyi sovet rejissorları bacarıblar. Müharibədən əvvəl çəkilmiş ağ-qara film - “Qapıçı” Lev Kassilyanın “Respublikanın qapıçısı” kitabının əsasında ilk qaranquş olub. Əvvəllər çörəyini fəhləlikdən - qarpız yükləməkdən çıxaran Anton Kandidovun istedadını futbol üzə çıxartdı. Məhz bu qapıçının sayəsində milyonlarla sovet uşağı futbola maraq göstərdi. Filmdə baş qəhrəmanın - “qara kəllər”in rəqibləri rollarında isə əsl peşəkarlar - Kiyev “Dinamo”sunun futbolçuları çəkiliblər.

“Ehtiyat oyunçu” (1954, SSRİ)

Georgi Vitsin oynadığı qəhrəman bir az yöndəmsiz olsa da, zavod komandası olan “mavi oxlar”ın heyranedici ehtiyat futbolçusu sayılır. Final oyununa gedən macəra dolu yol. Vitsinin qəhrəmanı Vasya Vesnuşkin “Vımpel”lə oyunda böyük qardaşı Saşanı heyətdən sıxışdırır və 2 qol vurur. Amma komandanın qapıçısının zədələnməsindən sonra o, çərçivəni qorumalı olur. Bu dəfə qardaşlar əzmkar qələbəni birlikdə qazanırlar. İlk dəfə penalti kinoda kulminasiya nöqtəsi olur.

“Üçüncü hissə” (1962, SSRİ)

Bir müddət əvvəl bu filmin motivləri əsasında “Oyun” remakesi çəkildi. Ancaq “Oyun” “Üçüncü hissə” qədər uğurlu olmadı. Filmin süjet xəttini real hadisə - “ölüm oyunu” təşkil edir. Bu qarşılaşma 1942-ci ildə Kiyevdə baş tutub. Kiyevi işğal etmiş faşist ordusunun ən yaxşı futbolçuları yerli “Start” komandasına qarşı oynayıb. “Start”ın heyətində Kiyev “Dinamo”sunun və SSRİ-nin başqa komandalarının futbolçuları yer alıb. Faşistlər sovet futbolçularına məğlub olmağı təklif ediblər. Çünki onların qələbəsi şəhərdə vətənpərvərlik ruhunu gücləndirirdi. Əks halda futbolçulara güllələnəcəklərini deyiblər. Amma futbolçular ölüm təhlükəsinə baxmayaraq, meydanda şərəflə mübarizə apararaq, qalib gəliblər. Yeri gəlmişkən, real “ölüm oyunu”nda 6 il əvvəl “Qapıçı” filmində çəkilmiş Kiyev “Dinamo”sunun bəzi futbolçuları da iştirak ediblər.

“Qələbə” - “Escape to Victory” (1981, ABŞ)

Oxşar mövzu “Qələbə” filminin də əsasını təşkil edir. Müəlliflər sovet futbolçularının şücaətindən ilhamlanıblar. Amma məkan fərqlidir. Bu filmdə hadisələr faşistlərin Fransada yerləşən hərbi düşərgəsində baş verir.

Futbol oyunu hərbi əsirlərlə nəzarətçilər arasında olmalıdır. Ardınca süjet xətti sovetlərin ssenarisinin təkrarı olur. Matçın fasiləsində komandanın kapitanı müqavimət hərəkatı üzvlərinin köməyilə qaçış təşkil etməyə çalışır. Lakin hərbi əsirlər qaçmaqdan imtina edir. Çünki onlara əzab verənlərə meydanda qalib gəlmək istəyirlər. Filmin çəkilişlərində Bobbi Mur və Pele də iştirak edib. Baş rolu isə o vaxtlar gənc olan Silvestr Stallone oynayıb.

“Sümükqıran” - “Mean Machine” (2001, Böyük Britaniya, ABŞ)

Filmdə baş rolu əsl sümükqıran, müasir futbolun ən zalım oyunçularından hesab olunan Vinni Cons ifa edib. Ekranda isə o, məşhur süjet xəttinin - nəzarətçilərlə məhbuslar arasında keçirilən oyunun qəhrəmanı kimi göstərilir. Düzdür, bu filmdə faşist işğalı yoxdur. Sadəcə, onun personajı - İngiltərə yığmasının kapitanı sərxoş vəziyyətdə polis zabitinə hücum etdiyi üçün həbsxanaya salınır. Və orda “zek”lərdən ibarət mərd və yenilməz komanda yaratmağa başlayır.

“Dağıdıcı futbol” - “Siu lam juk kau” (2001, Honkonq-Çin)

Qarışıq kunq-fu və futbol Çin kinosunun ən yaxşı ənənəsidir. Filmdə baş verənlər həm gülməli, həm də fantastikdir. Topla ağlasığmaz döyüş tryukları. Belə futbolu əvvəllər heç kim və heç vaxt göstərməmişdi.

“Bekhem kimi oyna” - “Bend It Like Beckham” (2002, Böyük Britaniya, Almaniya, ABŞ)

Bekhem kadrlarda əsasən büt kimi göstərilir. 18 yaşlı Cessin otağındakı tablolarda. Bu qız hind miqrantının ailəsindəndir. Düzdür, Bekhemin özü filmdə bir neçə saniyə yer alıb. Amma filmin süjet xətti tam başqadır: Burda əsas xətt ənənəvi hind dəyərinə - qadınların futbol oynamaq istəyinə bağlıdır. Və qadın, məşqçi, rəfiqəsi arasında yaşanan sevgi üçbucağı. Film böyük ölçüdə qadın auditoriyası üçün nəzərdə tutulub. Ancaq əvəzində elə qadınları futbolla maraqlanmağa məcbur edə bilər.

“Yaşıl küçənin xuliqanları” – “Green Street Hooligans” (2004, Böyük Britaniya, ABŞ)

Futbol xuliqanları modası kinoya həyatdan və ədəbiyyatdan xeyli sonra gəldi. “Yaşıl küçə” ona görə məşhurdur ki, orada “Vest Hem”in stadionu yerləşir. “Çəkiçdöyənlər”in bir firmasına tələbə-jurnalist Mett Bakner düşür. Və elə orda da Mett futbola yaxınlğın nə demək olduğunu anlayır. Film öz klubunun maraqları uğrunda mübarizə aparan oğlanlardan bəhs edir. Baş rolu yaraşıqlı Eleyc Vud ifa edir.

“Futbol fabriki”, “Fanatlar” - “Football factory” (2004, Böyük Britaniya)

Fanatlar haqqında daha bir möhtəşəm kino. “Futbol fabriki”ndə hər şey əladır - energetika, yüksək sürət, gözəl atmosfer. Amma süjetdə ən başlıca fraza yaşadığı zamandan və ölkədən aslı olmayaraq, fanatın keçirdiyi hissdir. Futbol fanatizmi boz həyata çağırışdır - filmin əsas ideyasını belə xarakterizə etmək olar.

“Qol” - “Goal” (2005, ABŞ)

Trilogiya Los-Ancelesdən olan bağban oğluna - Santyaqo Munesə həsr olunub. O, peşəkar futbolçu olmağı arzulayır. Ağlasığmaz çətinliklərdən sonra bunu bacarır və “Nyukasl”ın futbolçusu olur. Filmin növbəti hissəsində isə “Real”da çıxış edir. Hollivud qanunlarına görə, film FİFA-nın himayəsi altında çəkilib və amerikan arzusunun gerçəkləşməsi üçün klassik nümunə sayılır. Üç hissəli filmdə bir çox futbol ulduzları - Kasilyas, Zidan, Ronaldo, Raul, Bekhem, Anri çəkilib.

“Erikin axtarışında” – “Looking for Eric” (2009, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, İspaniya)

Erik - orta yaşlı poçtalyon və “Mançester Yunayted”in azarkeşi. “Old Trafford”da keçirdiyi, adaşı və komandanın lideri Erik Kantonanın oyununa baxdığı anları ömrünün ən yaxşı məqamları hesab edir. Onun həyatında problemlər yaşanır. Ailədə və işdə olan problemlər ucbatından depressiyaya düşür. Bu vaxt gözünə Kantona görünməyə başlayır. O, poçtalyona sağlam düşüncə - futbol fəlsəfəsini özündə birləşdirən həyat eşqi aşılayır.

“Lənətlənmiş Yunayted” - “The Damned United” (2009, Böyük Britaniya)

Filmdə “Lids Yunayted”ə 44 gün rəhbərlik etmiş Brayan Klafın real həyatı əks olunub. O, kluba gələnə qədər komandanın oyun üslubunu və keçmiş baş məşqçisini dəfələrlə tənqid edib. Bunu unutmayan futbolçular onu bağışlaya bilmirlər. 40 il əvvəl yaşanmış möhtəşəm futbol dramı indiyə qədər də aktual görünür. Komandada qarşılıqlı münasibətlərin incəlikləri, onun ətrafında futbolçuların və kollektivin psixologiyası - hər şey səbrlə, asan və çox maraqlı tərzdə verilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm