Xalq artistləri qəzəbləndilər: “Aparıcı zorla efirə çıxarıb, onu...“
Bizi izləyin

Tabloid.az

Xalq artistləri qəzəbləndilər: “Aparıcı zorla efirə çıxarıb, onu...“

Nədənsə, bizdə muğam əksər hallarda hüzn, ələm musiqisi kimi təqdim edilir. Hansısa bölgənin işğal günündə telekanallarımızda sənətkarlarımızın ifasında muğamlar ifa olunur. Əslində, bu ifaların əvəzinə vətənpərvər ruhda verilişlər hazırlamaq, gənclərdə Vətən, torpaq sevgisini alovlandırmaq olar. Bu məqam bir çox sənətkarlarımızı narahat etməkdədir.

Publika.az bununla bağlı xanəndələrimizin fikirlərini təqdim edir.

Xalq artisti Canəli Əkbərov muğamlarımızın hüznlü günlərdə telekanallarımızda səsləndirilməsinin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, muğamat ağı, kədər musiqisi deyil:

“Ustadlarımızın muğama münasibəti fərqli olub. Rəhmətlik Xan Şuşinski hər zaman həmkarlarına deyirdi ki, muğam insanları ağlatmaq üçün deyil. Əksinə, muğamat insanları qəhrəmanlığa, hünərə, sevincə, mübarizliyə səsləməlidir. Çünki onun kökündə, əsasında bu motivlər dayanır. Mən də Xan əminin bu sözlərini həmişə qulağımda sırğa etmişəm. Bəzən yasxanalarda muğam ifa olunur, olmaz, mən bunun əleyhinəyəm. Mən həmişə istəmişəm muğam ali məclislərdən eşidilsin. Təqdimatdan çox şey asılıdır. Bir var məclisdə muğamatı elə təqdim edəsən, insanlar kədərlənə, bir də var, qürurlana, Vətən, torpaq sevgisi alovlana, coşa-cağlaya. Mən ikincinin tərəfdarıyam”.

Xalq artisti Nəzakət Teymurova da belə düşünür: “Ürəyim doludur. Bir də görürsən bizim qocaman sənətkarlarımızı hansısa bölgənin işğal günündə çağırırlar ki, gəlin oxuyun. Biz də o bölgədənik, bizim də yaralı yerimizdir, şəhid olanımız, itkin düşənimiz var. Eləcə də o korifey sənətkarlarımız eyni dərddədir. Belə bir ağrılı gündə ağsaqqal xanəndə necə gəlib oxusun. Digər tərəfdən, muğam yas, ələm musiqisi deyil. Birinci xanım Mehriban Əliyeva muğamı YUNESKO səviyyəsində tanıtdı, təbliğ etdi. Amma bizimkilər muğamı ancaq yasxana musiqisi kimi təqdim edir. Şəxsən mən, Ağdamın işğal günündə gedib haradasa oxumaram. Ümumiyyətlə, vacibdirmi hansısa bölgənin işğal günündə kimsə efirə çıxıb oxusun? Bizim aparıcılar sənətkarı zorla efirə çağırıb oxudurlar. Bunun əvəzinə vətənpərvər ruhda verilişlər hazırlasınlar, gəncləri ruhlandırsınlar. Yoxsa ki, bir bölgənin işğal günündə eyni ssenari üzrə verilişlər hazırlayırlar, eyni adamları çıxarıb oxudurlar, vəssalam. Bununla da missiyalarını yerinə yetirilmiş sayırlar. Bir baxsınlar başqa ölkələrin vətənpərvər ruhunda hazırladıqları proqramlara, örnək götürsünlər. Çox uzağa getməsinlər, elə qardaş Türkiyənin verilişlərinə baxsınlar. Görsünlər, onlar bir türk əsgərini necə yüksəklərə qaldırırlar”.

Xanəndə Sabir Abdullayev hesab edir ki, muğamat vətənpərvər ruhları dilə gətirən ən mükəmməl musiqidir: “Muğam bizim əsrlərdən bəri yol alıb gələn milli sərvətimizdir. Dədə-babalarımız muğamatın sədaları altında özlərini qəhrəman kimi hiss ediblər. Muğam insanları coşduran, onlara zövq verən musiqidir. Elə bu cür də təqdim olunmalıdır. Məsələn, “Heyratı”, “Çahargah” zərb-muğamımız insanlarda vətən sevgisini alovlandırır. Amma bu gün muğamatdan ağı kimi istifadə edirlər. Dahi Üzeyir Hacıbəyli muğamı mərsiyəxanlıqdan ayırdı. Bir var molla avazı, bir də var xanəndə ifası. Bunlar tamam başqa şeylərdir. Bəzi xanəndələrimiz nədənsə son vaxtlar muğamı bir qədər ləng oxuyurlar. Belə olmaz. Mən hesab edirəm ki, telekanallarımızda keyfiyyətli vətənpərvər verilişlər hazırlanmalıdır və xanəndələrimiz dəvət olunmalıdır. Muğam sədaları altında təqdim olunan o muğamlar gənclərdə vətən sevgisini oyatmalıdır”.

Gənc muğam ifaçısı Elnur Zeynalov hesab edir ki, muğamlarımızla gəncləri vətənpərvər ruhda yetişdirmək olar: “Adi günlərdə muğam ifaçıları yada düşmür, bütün günü şou-biznes nümayəndələri efirdə çal-çağır edir, amma hansısa hüzn günündə xanəndələri telekanallara dəvət edirlər. Özü də deyirlər ki, kədərli bir muğam ifa elə. Əslində,bunun üçün lirika oxuyan o qədər müğənni var ki, çağırıb onları oxutmaq olar. Amma muğam ağı musiqisi deyil axı. Hesab edirəm ki, televiziyalarımızda səviyyəli verilişlər hazırlanmalıdır, canlı muğamlar ifa olunmalıdır. “Mənsuriyyə”, “Heyrantı” oxuyanda insanın damarında qanı coşur. Gəncləri bunu təlqin etmək lazımdır. Sağ olsun, birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xidmətləri sayəsində muğamımız YUNESKO səviyyəsində təmsil olunur. Onu biz də hə zaman uca tutmalıyıq, gənclərimizə layiq olduğu formada sevdirməliyik”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm