• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sürücünün təhdidi ilə üzləşən məşhur aktrisa: “Dedi zorlayıb, sonra öldürəcəm”

Sürücünün təhdidi ilə üzləşən məşhur aktrisa: “Dedi zorlayıb, sonra öldürəcəm”

"İdmançı, komsomolçu və nəhayət, gözəllər gözəli!"...

"Qafqaz əsiri" filmindən Nina kimi tanıdığımız Natalya Varley tamaşaçıların xatirəsində belə qaldı. Deyilənlərə görə, "Viy" filmində Pannoçka obrazından sonra onun başına qorxulu hadisələr gəldi. Məhz bu "mistik hadisələrdən" sonra Natalya imana qayıtdı. Aktrisanı pravoslav kilsəsinə nə cəlb edirdi? Bu barədə yazı boyu danışacağıq.

Publika.az sovet kinosunun gözəl aktrisalarından biri olan Natalya Varleyin həyat hekayəsini təqdim edir.

Rusiyanın fəxri aktrisası (1989), SSRİ dövlət mükafatçısı (1983), rusiyalı teatr və kino aktrisası Natalya Varley 1947-ci il iyunun 22-də Rumıniyanın Konstansa şəhərində dünyaya gəlib. Varley əslində Uels soyadıdır. Çünki bugünkü qəhrəmanımızın əcdadları İngiltərədən Rusiyaya gəlib. Bu hadisə XIX əsrdə baş verib. Rusiyaya gələn bir musiqiçi özü ilə iki atını da gətirmişdi. Atına isə Varley qardaşları qulluq edirdi. Sonra isə Varley qardaşları rus gözəlləri ilə ailə həyatı quraraq tamamilə assimilyasiya oldular.

Natalya Varleyin uşaqlığı soyuq Murmansk şəhərində keçib (atası gəmi kapitanı olduğu üçün ailə yerini tez-tez dəyişərdi). O, gənc yaşlarından şeir yazar, musiqi və rəsmlə maraqlanardı.

1950-ci illərdə Varley ailəsi Moskvaya köçdü. Günlərin birində anası balaca Nataşanın əlindən tutaraq, onu sirkə apardı. Ana-bala tamaşa vaxtından tez gəlmişdi, bu vaxt isə çöldə güclü yağış başladı. Nataşa anası ilə sirkin otaqlarının birinə sığındılar. Bu zaman Nataşa otaqda belə bir elana rast gəldi: sirk studiyası üçün 11-13 yaşlı uşaqlar lazımdır. Elə səhəri gün Natalya valideynlərindən xəbərsiz elanda göstərilmiş ünvana getdi. Natalyanın çevikliyi, cəldliyi yoxlandıqdan sonra o, sirkə qəbul olundu. Özü həmin günləri belə xatırlayır:

"Yadımdadır, biz "Qəpik rublu qoruyur" rəqsi altında sirkin arenasına qaçıb qışqırardıq: "Qəpik!". Beləcə, tamaşaçılardan pul yığardıq".

Tədricən Varley sirkdə məşhur təlxək Leonid Yengibarovla çıxış etdi, mahnılar ifa etməyə başladı. Elə Yengibarovun sayəsində Natalya kino dünyasına düşdü. Hadisə isə belə olmuşdu: Yengibarov bir neçə il idi filmlərdə çəkilirdi. Onun kino aləmində çoxsaylı dostları vardı. Günlərin bir günü rejissor dostu Georgi Xilkeviç sirkdə tamaşaya baxmağa gəldi. Elə bu zaman Georgi səhnədə Nataşanı gördü. Qız o qədər xoşuna gəldi ki, hətta onu kinoda çəkilməyə dəvət etdi. Natalya "Göy qurşağının formulası" filmində kiçikcik bir rol aldı.

Təəssüf ki, filmdə nöqsan tapıldığından, o, ekranlara buraxılmadı. Lakin məyus olmağa dəyməzdi, çünki rejissor Leonid Qayday həmin vaxtlar "Qafqaz əsiri" filminin çəkilişlərinə hazırlaşırdı. Natalyanı Qaydayın köməkçisi "kəşf etmişdi". Natalya Nina obrazı üçün sınaqlara dəvət olundu.

""Qafqaz əsiri" filmindəki Nina obrazına SSRİ-nin ilk seks-simvolu adını qoymaları mənim xətrimə dəyir. Məgər Ninaya belə ad qoymaq olar? Məncə, Nina ilə dost olmaq istədikləri üçün onu belə sevirlər. Nina gözəllik, cazibədarlıq rəmzidir".

Tələbə-komsomol Nina roluna 500-dən çox namizəd vardı. Namizədlər arasınd sovet filminin ən məşhur aktrisaları da vardı. Bununla belə, Qayday öz seçimini heç kimin tanımadığı 19 yaşlı sirk artisti üzərində saxladı. Və o, seçimində də yanılmadı...

60-cı illərdə Natalya Varley kurs yoldaşı Vladimir Tixonova (Vyaçeslav Tixonovun oğlu) ərə getdi. Natalya evlilik tarixini belə təsvir edir:

"Volodya "Qafqaz əsiri" filmini gördükdən sonra mənə vurulmuşdu. O, gənc, güclü və möhkəm idi. Məni görmək üçün 4 il çardaqda yatmalı oldu. Lakin ailə həyatı qurduqdan sonra məni hər işıq dirəyinə belə qısqanırdı. Volodyaya "mən onunla yatmışam" deyən insanlar tapıldı. Beləcə, münasibətlər sona çatdı".

""Viy" filmində Pannoçka obrazından sonra "sarı" mətbuat mənim başıma bəla gəlməsi haqda yazırdı. Guya bundan sonra mən imana qayıtdım. Bu, düz deyil. Gənc vaxtlarımda kilsəyə gedəndə günah işlətdiyimi düşünürdüm, çünki Pannoçka cadugər idi. Sonra bunun yalnız rol olması ilə özümə təsəlli verdim. Film Qoqolun povesti əsasında çəkilib. Əlbəttə, filmdə belə rola görə keşişdən icazə almaq lazımdır. Mən heç xaç suyuna da çəkilməmişdim də. Bu vaxtlarda teatrda işləyirdim, evdə isə oğlum böyüyürdü. Qəfildən xaç suyuna salınmadığımı xatırladım. İnsan dinə necə gəlir? Ya onu uşaqlıqda xaç suyuna salırlar, ya da yetkinlik yaşında onun özü Allah axtarışına çıxır. Həyatımda baş verən qara zolağa görə xaç suyuna salındım, "Viy" filminin buraya heç bir aidiyyəti yoxdur.

Kiçik oğlum Saşaya hamilə idim. Hamiləlik ağır keçirdi. Hələ 7 aylıq idi, lakin ağrıdan səhər universitetə gedə bilmədim. Evdə tək olduğumdan, taksiyə minib doğum evinə yollandım. Xəstəxanada həkimlər kiminsə ad gününü qeyd edirdi və mənim hamilə olmağıma diqqət edən də yox idi. "Hələ tezdir" deyirdilər. Özüm doğum şöbəsinə yollandım, arxamca mamaça gəlirdi. O, doğulan uşağı vaxtında tuta bildi. Elə bu an həkimlər həyəcan təbili çaldılar: "Ah, çox erkən doğulub! Ah, mənfi rezus! Ah, uşaq qışqırmadı! Tez eləyin, bütün həkimləri buraya yığın!". Xoşbəxtlikdən uşağımı Aleksey Qraçev xilas etdi. Bütün körpələr analarına təhvil verilirdi. Mənə isə öz oğlumu göstərmədilər. Döşəməyə yıxılıb hönkür-hönkür ağlayırdım. Gənc həkim yaxınlaşıb əlimdən tutdu: "Niyə ağlayırsan?". O, məni intensiv terapiya palatasına apardı. Palatada qoyulmuş inkubatorun içində ağzında boru və keçiricilər olan göy rəngli naməlum varlıq uzanmışdı. O, mənim oğlum idi. "Bax, görürsən? O gülümsəyir bax. Güldüyünü görürsən?". Və mən doğrudan da, ağız və burnuna borular yerləşdirilmiş oğlumun gülümsədiyini gördüm. "O bizə kömək edir. Sən isə ağlayaraq ona mane olursan. Əvvəlcə sən dua etməlisən, ikincisi isə hər şey yaxşı olduqdan sonra onu xaç suyuna salmalısan". Allah mənim və oğlumun yanına mələklərini göndərmişdi. İlahi qüvvələr onun yaşamasına kömək etdi.

Bu yerdə atamı xatırladım. O, bütün həyatı boyu ateist kimi yaşayıb. 18 yaşında müharibədə olarkən beyni silkələnmişdi. Həkimlər onu psixiatrik klinikaya yerləşdirmək istəyirdilər. Lakin atam bizimlə qaldı. O, unutqan idi, gah da tez özündən çıxırdı".

Varley çox filmə çəkilməyib, amma tamaşaçılar onu zərif Nina kimi xatırlayaraq hələ də sevirlər. Lakin bu sevgi müxtəlif yerlərdə müxtəlif cür təzahür edib.

Natalya Varley maraqlı bir hadisəni xatırlayır:

"Çəkiliş üçün Kislovodska uçdum. Nəyə görəsə hava limanında məni heç kim qarşılamadı. Yolu tapmaq üçün qarşıma ilk çıxan polisə yaxınlaşdım. Onun yanında isə qara "Volqa" dayanmışdı. Nəzarət gözətçisi sürücüyə dedi: "Valer, mehmanxanaya apararsan?". "Əlbəttə", - sürücü cavab verdi. Biz getdik. Pəncərədən şəhərin qurtardığını gördüm, lakin hələ də təyin olunmuş yerə çatmırdıq. Ürəyimə pis fikirlər gəldi: maşında cani ilə təkbətəkəm. Pul kisəmdə keçən çəkilişlərdən qazandığım pullar vardı. Fikrən pullarla vidalaşırdım və birdən sürücü dedi: "İndi isə səninlə istədiyimi edəcəyəm. Zorlayacağam, sonra isə öldürəcəyəm". "Ölsəm belə, itirəcəyim heç nə yoxdur" deyə öz-özümə düşündüm. Lakin sonadək müqavimət göstərmək istəyirdim. Sürücü əvvəlcə çantamı açdı, pullara baxdı, pasportu tapıb vərəqlədi. Bu zaman o, yaralı heyvan kimi üzümə baxıb dedi: "Nataşa, mən sizi tanımadım, siz mənim ən sevdiyim aktrisasınız. Xahiş edirəm, bağışlayın, bu, axmaq bir zarafat idi".

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR