• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rejissorlardan etiraz: “Niyə müharibə filmlərimiz yalnız tədbirdən-tədbirə yada düşür?”

Rejissorlardan etiraz: “Niyə müharibə filmlərimiz yalnız tədbirdən-tədbirə yada düşür?”

Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan Xocalı soyqırımının ildönümüdür.

Adətən, hər il soyqırım günü telekanallarımız bu faciə günündə bir filmi nümayiş etdirir - söhbət Vaqif Mustafayev və Ceyhun Mirzəyevin birgə məhsulu olan “Fəryad”dan gedir. Gözəl filmdir, buna söz yox, amma sözümün “mustafa”sı başqadır. Ümumilikdə götürəndə Xocalı haqqında cəmi bir neçə böyük ekran işi var: “Fəryad”, “Haray”, “Xoca” filmləri. Faciənin üstündən bu qədər illər keçib, amma bu günə qədər Xocalı soyqırımı ilə bağlı sanballı kino-filmlər çəkilməyib. Əlbəttə, bu mövzu, müəyyən qədər sənədli filmlərdə öz əksini tapıb. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən “Dua”, "Azərbaycan telefilm”in istehsalı olan “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı şahidləri” və digər filmləri qeyd etmək olar. Amma bütövlükdə götürəndə Xocalı faciəsini bəşəriyyətə çatdırmaq üçün əlimizdə bir dənə də olsun sanballı film yoxdur. Axı hər kəs gözəl bilir ki, kino qədər insanlara təsir edə biləcək vasitə yoxdur.

Həmişə 9 May Qələbə günündə Rusiya telekanallarında nümayiş olunan dünya kinosunun mükəmməl incilərini görəndə sözün yaxşı mənasında paxıllığım tutur. Fikirləşirəm ki, niyə axı Azərbaycanda Xocalı, Qarabağ faciəsinin ağrı-acısını dünyaya çatdıra biləcək bir filmimiz olmasın?! Dünyanı bir kənara qoyaq e, elə burada - Azərbaycanda telekanallar həmin gün efirdə nümayiş etdirmək üçün film tapmır. Rejissorlarımız bu barədə, görəsən, nə düşünür?

Publika.az-a danışan tanınmış rejissor Şeyx Əbdul Mahmudbəyli Xocalı və digər tarixi hadisələrlə bağlı böyük ekran işlərinin ərsəyə gəlməsi üçün mükəmməl ssenarilərin olmasını vacib sayır: “Xocalı soyqırımı haqqında sıradan bir film çəkmək olmaz. Bunun üçün dövlət sifarişi olmalıdır, mükəmməl ssenarilər yazılmalı və sonra film çəkilməlidir. Bu vasitə ilə biz dünyaya Xocalı həqiqətlərini yaya bilərik. Kino böyük təbliğat vasitəsidir. Bu vasitədən istifadə etməliyik”.

Rejissor özünün çəkdiyi sənədli filmdən də danışdı:

“Həcm etibarı ilə böyük ekran işi olmasa da, “Qan yaddaşı-1” adlı sənədli-publisistik film çəkmişəm. Filmdə Azərbaycanın tarix boyu düşmənlər tərəfindən təcavüzə məruz qalmasından söhbət açılır. Ermənilərin uydurduqları yalanlar, tarixi mənimsəmələr ön plana çəkilərək, faktlarla izləyicilərin diqqətinə çatdırılıb. Filmdə ermənilərlə bağlı elə dəhşətli faktlar yer alıb ki, bunu eşidəndə adamın başında tükü biz-biz olur. Hələ filmin təqdimatı zamanı hamı mənə dedi ki, ekran işini bir neçə dilə tərcümə etdir, qoy dünya acı həqiqətlərimizdən xəbərdar olsun. Dəfələrlə müxtəlif təşkilatlara müraciət etmişəm, amma səsimə səs verən olmayıb. Elə tədbirdən-tədbirə filmi göstərirlər, tədbir bitəndən sonra da atırlar arxivə. Bu filmdə Xocalı dərdi də yer alıb, başqa işğala məruz qalan rayonların itkisi də. Əslində, onu müxtəlif xarici dillərə tərcümə edərək, belə tarixi günlərimizdə başqa ölkələrdə də nümayiş etdirə bilərik. Bu həqiqət kinonun dili ilə bəşəriyyətə təqdim olunmalıdır. Onda bilərlər ki, ermənilər necə vəhşi, qaniçən, başkəsən millət olub”.

“Biz qayıdacağıq” bədii filminin rejissoru, əməkdar artist Elxan Qasımov Xocalı haqqında filmlərin sayca az olmasını problem saymır: “Şərt o deyil ki, biz Xocalı haqqında yüzlərlə böyük ekran işləri ərsəyə gətirək. Elə beş-altı film də ola bilər. Əsas odur ki, o filmlərimiz bədii keyfiyyəti ilə fərqlənsin. Bəzən insanlara elə gəlir ki, biz Xocalı, Qarabağ haqqında film çəkərkən ekranda qan su yerinə axmalıdır. Yox, belə olmamalıdır. Çünki bu filmə yeniyetmələr də baxacaq. Çağırış yaşlı gənclər bu filmlərə baxıb qorxa bilərlər. Əksinə, biz elə keyfiyyətli filmlər çəkməliyik ki, gənclərimiz o filmlərə baxanda ruhlansın, Vətən sevgisi aşıb-daşsın. Erməni vəhşiliyini elə təqdim etmək olar ki, heç ortada qan-qada da olmasın. Bax belə filmləri də çəkib dünyaya çıxarmalıyıq. Məsələn, rusların çəkdiyi “Durnalar üçür” filmini götürək. Mənim üçün müharibənin dəhşətini o film qədər açıb-göstərən ikinci bir film yoxdur. Elə filmlər çəkməliyik”.

Elxan Qasımovu narahat edən digər məsələ təbliğat məsələsidir: “Fikir vermisinizsə, bizim filmlər yalnız işğal günlərimizdə telekanallarda nümayiş olunur, digər günlərdə heç yada da düşmür. Gərək çəkdiyimiz filmlər də insanlara göstərilsin axı. Mən həmişə deyirəm ki, yalnız işğal günlərində deyil, hər zaman vətənpərvərlik ruhunda verilişlər hazırlanmalıdır. Bizim telekanallarda günün 12 saatı Aygün Kazımovanın büsqalterindən danışırlar. Mən demirəm, günün 12 saatını vətənpərvər ruhda verilişlər təqdim etsinlər, heç olmasa, günün bir saatı belə verilişlərə nümayiş olunsun. Əsas problem bundadır. Gənc hansı verilişə baxıb torpaq sevgisini dərk edəcək – şou-biznes nümayəndələrinin efirdə tullanıb-düşmələrinə, ya kiminsə saçını necə kəsdirməsinə?”

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR