Türklər "Qanlı yanvar"dan danışdı- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türklər "Qanlı yanvar"dan danışdı- FOTOLAR

Türkiyənin İstanbul şəhərində, məşhur “Ləvənt Kanyon” sinemada rejissor Vahid Mustafa Yevin 20 yanvar faciəsindən bəhs edən “Qanlı Yanvar” filminin təqdimatı keçirilib. Təqdimat mərasimi böyük qələbəliklə müşahidə edilib. Filmi izləyənlər yekdilliklə bunun gözəl bir əsər olduğunu bildiriblər.

ANS PRESS filmi izləyən və onun haqqında fikirlərini bildirən bir sıra tanınmış insanların fikirlərini təqdim edir:

Türkiyənin tanınmış iş adamı Səlcuk Akçakaya möhtəşəm qala gecəsinə qatılmaqdan böyük şərəf duyduğunu dilə gətirib. "Həmişə Azərbaycanı qardaş ölkə kimi tanımışıq. Bu qədər problemlər və çətinliklərlərə baxmayaraq, əziyyət çəkib, ərsəyə gətirdikləri filmi göstərmək böyük fədakarlıqdır”.

Türkiyəli iş adamı Esad Hancı da keçmişi bilən, Azərbaycan-Ermənistan müharibəsindən xəbərdar olan bir adam olduğunu qeyd edib. O, ötən illərdə də, Azərbaycan-Ermənistan müharibəsini əks etdirən filmin təqdimatında olduğunu deyib. "Vahid bəy və onun filmi haqqında ilk dəfə radioda eşitmişdim. Maraqlandım və gəlib iştirak etdim. O zaman da, təqdimat gecəsi qələbəlik idi. Baş verən dəhşətli hadisələri eşitməkdənsə, belə gözəl filmi izləmək daha təsirlidir”.

Film qala gecəsində iştirak edən türk jurnalistləri də heyran edib. Onlardan biri olan Elif xanımdır. Onun sözlərinə görə, Azərbaycan tarixini film formasında insanlara, xüsusilə türklərə çatdırmaq çox mühümdür. "Bu tarixi, hər kəsin çox böyük önəm verdiyi hadisədir. Çox gözəl bir filmdir. Baş verənləri açıq-aydın əks etdirən və insanlara rahat şəkildə çatdıran kinodur. Yaradıcı heyəti ürəkdən təbrik edirəm".

Türkiyədə yaşayan müğənni Azəri Günel Qarabağ savaşını yaşayanlardan biri kimi Vahid Mustafa Yevin əsərinin mükəmməl olduğunu deyib. "Belə işlər məni çox sevindirir. Bu cür addımlar sayəsində türk xalqı Xocalı faciəsini, 20 yanvarı, bizə edilən haqsızlığı, mənfurları tanıyır. Türkiyədə bunları bilmək və bizə dəstək olmaları da çox sevindirici haldır. Allah ölənlərimizə rəhmət etsin. Arzu edirəm ki, belə tədbirlərimiz daha çox olsun”.

Türkiyə vətəndaşı ilə ailə qurandan sonra bu ölkədə yaşayaıb, fəaliyyət göstərən müğənni İradə İbrahimova da qalaya qatılanlar arasında olub. O, açıqlamasında deyib ki, bu cür təqdimatların keçirilməsi, 20 Yanvar, Xocalı faciələri haqqında filmlərin çəkilməsi böyük uğurdur. "Belə tədbirlərin Azərbaycan sərhədlərindən kənarda keçirilməsi, xarici ölkələrdə tariximizin əks olunduğu işlərin nümayişi çox ürəkaçan haldır. Bizim tariximiz barədə bilməyən bir çox insan var. Bu addımlar da məhz onların tariximiz barədə məlumatlandırılmasına yönəlib". Müğənni ekran işinə, tarixin tanıdılmasındakı roluna görə, başda Vahid Mustafa Yev olmaqla hər kəsi təşəkkür edib.

Tanınmış türk seriallarında rol alan və uzun müddətdir qardaş ölkədə yaşayan aktrisa Məlahət Abbasova faciənin tanınmışları birləşdirməsindən təəssüfləndiyini deyib. “Bu gün həm sevinirəm ki, hamımız bir yerdəyik, həm də toplaşmağımızın səbəbini biləndə üzülürəm. Bu gün burada "Qanlı yanvar" üçün toplaşmışıq və arzu edirəm ki, bundan sonra xoş günlərdə birlikdə olaq, qələbələrimizi qeyd etmək üçün birləşək. İnşa Allah bir də xalqımızın başına belə qanlı hadisələr gəlməsin və xalqımızın üzü gülsün. Vahid Mustafayevə də tariximizi unutdurmadığı, faciələrimizi əks etdirən belə gözəl filmlər ərsəyə gətirdiyi üçün çox sağ ol deyirəm".

Filmin ötən ay Bakıda baş tutan qala gecəsindən sonra Türkiyədəki nümayişinə də qatılanlar arasında millət vəkili Qənirə Paşayeva da olub. Deputat qardaş Türkiyədə bu filmin yayımlanmasının çox önəmli olduğunu qeyd edib. Çünki Azərbaycanın müstəqilliyi, azadlığı yolunda verdiyi mübarizə, keçdiyi yol ağrı-acılı olsa da şərəflidir və bu mübarizənin gənc nəsillərə çatdırılması çox önəmlidir.

"Açığını desəm, bu gün Türkiyədə keçirilən filmin təqdimat mərasimində bu qədər insanın iştirak edəcəyini gözləmirdim. Bu, filmin nə qədər çox maraq doğurduğunu göstərir. Əgər ilk günü bu qədər çox insan gəlibsə, inanıram ki, bundan sonrakı yayımlarda daha çox adam iştirak edəcək. Tariximizi film yolu ilə gənclərə çatdırmaq çox önəmlidir. Bu sahədə tarix onların yadında daha yaxşı qalacaq, onlara təsir edəcək. Vahid Mustafayev başda olmaqla, bütün yaradıcı heyəti təbrik edirəm. İnanıram ki, Türkiyədəki uğurlu təqdimat başqa ölkələrdə də eyni müvəffəqiyyətlə davam edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm