“Ay brilliant”ın aktyorundan şok etiraf: “Arvadım dedi ki, ya mən, ya “Bozbash” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Ay brilliant”ın aktyorundan şok etiraf: “Arvadım dedi ki, ya mən, ya “Bozbash” – FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Heydər Əliyev adına sarayda Azərbaycan istehsalı olan “Ay Brilliant” filminin premyerası keçirilib.

Publika.az-ın məlumatına görə, film “İlk Media” prodakşnın və ATV telekanalının birgə layihəsidir.

Ekran əsərinə maraq böyük olduğundan “Ay Brilliant” mövsümün ən gözlənilən filmlərindən hesab olunurdu.

Təqdimat mərasimində tanınmış mədəniyyət nümayəndələri və şou əhli - Aygün Kazımova, İradə İbrahimova, Faiq Ağayev, İlhamə Qasımova, Xuraman Şuşalı, Müşfiq Hətəmov, Oksana Rəsulova və başqaları iştirak edib.

Təqdimatdan öncə filmin yaradıcı heyəti tamaşaçıları salamlayıb. “Bozbash Pictures”-in rəhbəri İlkin Həsəni bu işdə onlara dəstək olan insanlara öz təşəkkürünü bildirib. İlk işləri olduğundan bəzi səhvlərinin də olacağını gizlətməyib.

“Bozbash Pictures”in keçdiyi yola nəzər salan Həsəni ilk işlərinin kiçik bir süjetdən başlandığını deyib: “Düz on il bundan əvvəl “ATV maqazin” verilişinin sonunda kiçik bir süjetlə başladıq. Hər kəs səbirsizliklə verilişin bitməsini, şou-biznes nümayəndələrinin qalmaqallarının başa çatmasını və nəhayət, “Bozbash Pictures”-in süjetini gözləyirdi. Hər kəs fikirləşirdi ki, görəsən, bu dəfə bizi nəylə güldürəcəklər. Beləcə, bir az da böyüdük və ayrıca filmlər, daha sonra serial çəkməyə başladıq. Bu gün artıq “Bozbash Pictures” hər yerdə məşhurdur, sevilir. Ümid edirik ki, ilk filmimizi də bəyənəcəksiniz. Amma nəzərə alın ki, filmin nümayişi zamanı bəzi qüsurlar ola bilər, bu da təbiidir. Çünki film kinoteatrlar üçün nəzərdə tutulub”.

Sonra filmin nümayiş olunub.

Qeyd edək ki, ekran əsəri “Bozbash Pictures”-in yaradıcıları tərəfindən hazırlanıb və komediya janrında çəkilib. Filmin baş prodüseri İlkin Həsəni, rejissoru Kənan M. M., quruluşçu operatoru Bəhruz Əliyev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Kənan M. M.-dir. Rolları isə məşhur aktyorlar İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, əməkdar artist Şamil Süleymanov, Pərvin Abıyeva və digərləri oynayıb.


“Ay brilliant” filmində hadisələr “Bozbash Pictures”-dən tanıdığımız 5 əsas qəhrəmanın ətrafında cərəyan edir. Filmin qəhrəmanlarından olan Şirin təsadüfən, mafiyadan oğurlanmış medalyonla bağlı əhvalatın qurbanına çevrilir. Nəticədə məsələni həll etmək istəyən Şirinin dostları və qohumları - Şəmi, Şöşü, Fəlakət elə Şirinlə birgə Hacı adlı mafiya başçısının əsiri olurlar. Bütün bu hadisələrin fonunda Topal adlı başqa mafiya başçısı da məsələyə qarışır.

Film maraqlı sonluqda tamamlanır. Mafiyadan qurtulan Şəmi, Şöşü, Şirin və Fəlakət xoşbəxt həyata qovuşur. Filmin sonunda Fəlakət obrazı müğənni Röya Ayxanla ailə qurur.

Maraqlı süjet xətti ilə seçilən film alqışlarla qarşılanıb. Aktyorların dilindən səslənən hər kəlmə salonda gülüşlə müşayiət olunub.

Filmlə bağlı təəssüratlarını paylaşan əməkdar artist Şamil Süleymanlı belə bir komanda ilə filmə çəkildiyi üçün özünü xoşbəxt saydığını bildirib: “Mənim xanımım da burada əyləşib, filmi seyr etdi. Yoldaşım mənə dedi ki, ya mən, ya da bu uşaqlar. Mən “Bozbash Pictures”-i seçdim. Buna görə heç də peşman deyiləm. Filmdə uşaqlar mənə hörmətlə yanaşdılar. Amma mən bu uşaqlardan incimişəm. Çünki mənə çox az sayda dəvətnamə vermişdilər”.


Bu küsülülük uzun çəkməyib, aktyor elə səhnədəcə “Bozbash Pictures”-in komandası ilə öpüşüb-qucaqlaşaraq barışıb.

Film boyu güldüyünü deyən İlhamə Qasımova “Ay brilliant”ı bəyəndiyini söyləyib: “Bilirdim ki, uşaqlar ortaya səviyyəli iş çıxaracaqlar. Bu gün sevinirəm ki, milli kinomuzda belə gözəl filmlər çəkilir. Bu filmlərə çox ehtiyacımız var. Nə vaxtadək onun-bunun filminə baxacağıq?”

Xuraman Şuşalı da çoxdan bəri belə ürəkdən gülmədiyini deyib: “Filmin əvvəlindən sonunadək gülmüşəm. Çoxdan idi ki, ürəyim belə açılmırdı. Uşaqlara əhsən deyirəm, çox uğurlu filmdir. Mən İlkingilin filmlərini ekrandan izləyirdim, çox bəyənmişdim. Bilirdim ki, adlarına layiq film ərsəyə gətirəcəklər”.

Məlumat üçün bildirək ki, “Ay brilliant” filminin çəkilişləri 2014-cü ildə, əsasən avqust və sentyabr aylarında Bakıda, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda və Tiflis şəhərlərində keçirilib.

Film mart ayının əvvəllərindən etibarən Bakı, Sumqayıt və Naxçıvan şəhərləri də daxil olmaqla ölkənin bir çox kinoteatrlarında nümayiş olunacaq.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm