Bu gün Od çərşənbəsidir
Bizi izləyin

Tabloid.az

Bu gün Od çərşənbəsidir

Bu gün çərşənbələrdən ikincisi - od çərşənbəsidir. Od çərşənbəsi yazın gəlişini bir az da yaxınlaşdıran, Novruz bayramına iki həftə vaxt qaldığını xəbərləyən çərşənbədir.

İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Od çərşənbəsi ilə bağlı inanclardan biri də belədir ki, bu çərşənbədə ocağı boş qoymazlar, hamı öz evində olmalıdır. Hətta bayram süfrəsində də odlu element – bayram şamı qoymaq lazımdır. “Ocağınız sönməsin” deyimi də buradan qaynaqlanır.

İnsanlarda belə bir inam yaranıb ki, əgər Günəşi, onun yerdəki rəmzi odu əzizləsələr, təbiət tez isinər, yaz gələr, insanlara ruzi-bərəkət, xoşbəxtlik gətirər. Bu səbəbdən də odu qorumaq üçün xüsusi mərasimlər keçirər, onun şərəfinə nəğmələr oxuyarmışlar. Qədim dövrlərdə od çərşənbəsində hündür bir təpənin üstündə tonqal qalanar, insanlar həmin tonqalın dövrəsində rəqs edər, sonra hər kəs öz məşəlini o tonqalda yandırıb, öz doğma ocağında od qalamaq üçün tələsərmiş.
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.

Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan "Qodu xan" oyunu, onunla bağlı mətnlər bu bayramın sırf türk mifologiyasından qaynaqlandığını sübut edir.

Odun türk-mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də maraqlı mifoloji görüşlərdəndir. Qədim türk inamına görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə ediblər. Odla bağlı türk-mifik görüşləri müəyyən mənada atəşpərəstliklə birləşərək, Novruz bayramının ritualları ilə qarışıb. Lakin diqqətlə baxıldıqda odun Novruz bayramının mərasim sistemində oynadığı funksiyanın genetik kökləri etibarilə yaradılışa gedib çıxdığının şahidi oluruq. Onun nəsil və soyun qoruyucusu olması sistemi bunu daha bariz göstərir. Atəş türk xalqlarında müqəddəsliyi qoruyan varlıqlardan biridir. Atəş ocağı, ocaq da evi, soyun davamını təmsil edir. Atəş tanrısı atəşi və ocağı qoruyur. Oda su tökülməz, ona pis söz deyilməz.

“Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” kimi deyimlər də məhz od çərşənbəsi ilə bağlı yaranıb.

Novruz bayramı özündə insana və bəşəriyyətə faydalı olan ünsürləri birləşdirərək, əcdadlarımızın dünyagörüşünü, düşüncə tərzini özündə əks etdirir. Od çərşənbəsinin mərasimlər baxımından digərləri ilə fərqlənmədiyini deyən AMEA Folklor İnstitutunun böyük elmi işçisi Şakir Albalıyev səciyyəvi xüsusiyyətlərinin olduğunu dedi:

“Folklorda bu mərasimlər arasında fərq qoyulmur. Bütün çərşənbələr arasında bir əlaqə, oxşarlıq var. Lakin hər bir çərşənbənin adına uyğun adətləri var. Su çərşənbəsində əsas rituallar su ilə bağlıdırsa, ikinci çərşənbədə mərasimlərin əsasını od təşkil edir. Od çərşənbəsinin əsas mərasimləri Günəşi simvolizə edən odla bağlıdır. Bu çərşənbədə Günəşin çağrılması, “Qodu-qodu” kimi mərasimlər keçirilir. Günəşin çağırılması həm də Novruzun gəlişinə bir işarədir. Günəş yenidən dirilməni, həyatı, istiliyi, hərarəti ifadə edir”.

Qodu xan, qodu xan,

Söndürmə odu, xan.

At üstdə od gətir,

Özü al Qodu xan,

Sözü bal Qodu xan

Mərasim nəğmələrinin mahiyyəti də günəşin çağrılmasıdır.

Folklorşünasın sözlərinə görə, bu nəğmələrdə Qodu xan təkcə Günəşi deyil, həm də yağışı simvolizə edir.

“Yazın, Novruzun gəlişi həm istiliyi, həm də yağışı ehtiva edir. Bu zaman odla su arasında mübarizə gedir. Onlar düşmən deyil, sadəcə mübahisə edir. Burada od günəşli günləri simvolizə edirsə, su da mübahisələrə son qoymaq məqsədi daşıyır. Novruz çərşənbələri də təbii həyat qanunlarına uyğunluğu əks etdirir. Nəticədə, insanlar odu əzizləməklə onun könlünü alır. Bu da oda xoş gəlir, nəticədə isti günlər başlayır”.

Ş.Albalıyevin sözlərinə görə, çərşənbələrin ümumilikdə birləşməsi həyatın başlanğıcını ifadə edir. Od isə suyun, torpağın, havanın canlanmasına birbaşa təsir edir.

“Bu mənada od çərşənbəsi sıralamada birinci olmalıdır. Çünki digər ünsürlərin həyat tapması üçün od çərşənbəsinin gəlməsi vacibdir. Od buzu sındırır, həyat oyanır”.

Çərşənbəniz mübarək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm