• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Eşqin insan psixologiyasına təsirləri

Eşqin insan psixologiyasına təsirləri

Eşq əvvəllər yalnız romantik bir aksiya kimi başa düşülürdü. Araşdırmalar isə eşqin həm də bioloji və kimyəvi sirləri olduğunu ortaya çıxardı. Eşq sadəcə ruha deyil, ürəyə və ümumilikdə sağlamlığa yaxşı təsir edir.

Aşiq olanda ürək daha sürətli döyünür, beləliklə, beyin və digər orqanlar daha rahat, daha məhsuldar işləyir. Bir sözlə eşq bədəni gəncləşdirir.

Həkimlər eşqin ürək sağlamlığı üçün təsirli olduğunu, infarkt riskini azaltdığını bildirirlər.

Eşq yaşa baxmır. Yaşlı bir insan da aşiq olanda gənclərlə eyni duyğuları hiss edir. Bədənin reaksiyası eyni olur, ürək daha sürətli döyünür və insanın daha sağlam yaşaması üçün situmul verir.

Üstəlik, bədən lazımlı hormonları daha çox istehsal edir, bu özü də sağlamlığa təsirsiz ötüşmür.

Eşqin sağaldıcı gücü

Xoşbəxt cütlüklər xəstələndikdə daha sürətli şəkildə sağalırlar. Bunun səbəbi aşiq insanların immun sisteminin daha güclü olmasıdır. Hətta tədqiqatlar göstərib ki, insanın sevdiyi ilə əl-ələ tutub yeriməsi idmanla eyni nəticəni verir. Sevgilinizlə əl-ələ yarım saatlıq gəzinti sizi idmanın stressindən və yorğunluqdan xilas edərək sağlam həyat tərzi yaşamağınızı təmin edə bilər.

Evlilik eşqi öldürmür

Eşqlə beyin və ürək funksiyalarının əlaqəsi araşdırıldıqda ortaya çıxan nəticələr olduqca diqqət çəkicidir. 1000 nəfər üzərində aparılan araşdırma zamanı məlum olub ki, sevdiyi adamın fotoşəkilini görənlərin beynində bəzi kimyəvi maddələrin, o cümlədən dopamin, adrenalin və endorfinin səviyyələrində ciddi artım müşahidə edilir. Dopamin insana enerji verib xoşbəxtlik bəxş edən kimyəvi maddədir.

Alimlər evliliyin və zamanın eşqin gücünü azaldıb-azaltmadığını müəyyənləşdirməyə çalışıblar.

20 ildir ki, evli olub hələ də bir-birlərini sevdiklərini söyləyən cütlüklərin beyin fəaliyyətləri araşdırılıb. Nəticədə onların beyinlərinin sevdikləri şəxslə bağlı suallara yeni aşiq olan şəxslərlə oxşar reaksiyalar verdikləri ortaya çıxıb.

Bu da evliliyin eşqi öldürmədiyini sübut edir. Üstəlik, bu araşdırma sayəsində eşqin dopamin hormonunun artımına və ürəyin güclənməsinə səbəb olduğu da sübut edilir.

Evlilik kişilərin ömrünü 7 il, qadınlarınkını isə 2 il uzadır

Yeni aparılan tədqiqatlar evliliyin insan ömrünü uzatdığını sübut edib. Ancaq təbii ki, söhbət bir-birini dəlicəsinə sevən cütlüklərin evliliyindən gedir. Maraqlısı odur ki, eşqin gücü qadın və kişiyə fərqli təsir edir. Sevən və sevdiyinə qovuşan kişinin xoşbəxtliyi qadınla müqayisə edilməyəcək qədər çox olur.

Xoşbəxt evlilik həyatı olan kişilərin ömrü 7 il, qadınların ömrü isə 2 il uzanır.

Evli cütlüklərdə infarkt və infarktdan ölüm riski də azalmış olur.

Sevən insanın infarkt keçirmək ehtimalı çox olur

Təəssüf ki, çox sevməyin mənfi tərəfləri də var. Sevən insanın infarkt keçirmək ehtimalı çox olur. Belə ki, sevdiyi şəxsi itirən insanların infarkt keçirmək ehtimalı 21 dəfə artır. Üstəlik, bu halların çoxu ölümlə nəticələnir.

Digər tərəfdən, sevdiyi şəxsdən ayrılan insanda kortizol hormonu daha çox ifraz olunur, bu da təzyiqin yüksəlməsinə, kökəlməyə səbəb olur. Bədən su və duz toplayır. Ayrılığın gətirdiyi bədbəxtlik özünə qapanmağa, evdən çölə çıxmamağa, hərəkətsiz həyat tərzinə və qeyri-sağlam qidalanmağa səbəb olur. Bütün bunlar bədənin ümumi sağlamlığına mənfi təsir edir.

“Qırıq qəlb sindromu”

Çox stress keçirən, kədərlənən, ağlayan insanların “qırıq qəlb sindromu” keçirmək ehtimalları var. Həkimlər bu sindromun daha çox sevdikləri tərəfindən tərk edilən gənc qız və oğlanlarda müşahidə edildiyini deyirlər. Stress və dərd bu insanlarda adrenalin miqdarının artmasına, ürək əzələlərinin zərər görməsinə və nəticədə də infarkta gətirib çıxara bilir.

Ürək və damar sistemində problem olmayan şəxslər belə “Qırıq qəlb sindromu” keçirə bilərlər. “Qırıq qəlb sindromu” ölümə səbəb olmur, müalicəsi isə 3-6 ay çəkir.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR