Günay Malikqızı: “Mirşahini bəyənirəm” desəm, gülməli çıxar” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Günay Malikqızı: “Mirşahini bəyənirəm” desəm, gülməli çıxar” - FOTOLAR

Tamaşaçı sevgisi qazanmaq hər aparıcıya qismət olmur. Ancaq nəinki sevilmək, hətta unudulmamaq bir aparıcı kimi onun taleyinə yazıldı və o, bu taleyi yaşadı. İndi isə tamaşaçısından, sevdiyi efirdən uzaqda, böyük bir müəssisədə bir sahəyə rəhbərlik edir. Söhbət Günay Malikqızıdan gedir. Publika.az-ın “Qadın söhbəti”ndə həmsöhbətimiz teleaparıcı Günay Malikqızıdır.

- Günay xanım, Azərbaycanda bir qadın üçün vəzifə sahibi olmaq nə deməkdir? Çətindir, yoxsa asan?

- Artıq qadın cəmiyyətdə öz sözünü deyib. Onun özünü realizə etməsi üçün qoyulan çərçivələr aradan götürülüb. Özünə, biliyinə güvənən hər bir xanım arzuladığı işin arxasınca gedib o sahədə peşəkar adını qazana bilər. Bu reallıqdır. Amma bütün bunlara baxmayaraq, qadının hələ də problemləri var.

- Ailənizdə bu, necədir?

- Bizim ailədə mənim öz fikrim var və yoldaşım da fikirlərimə hörmətlə yanaşır. Amma, əminəm ki, o, kişilərin istənilən işi daha yaxşı gördüyünü, daha düzgün qərar verdiyini düşünür (gülür).

- Günay xanım, çoxdan efirdə olmasanız da, hələ də tamaşaçının yadından çıxmamısınız. Buna necə nail olmusunuz?

- Deməli, yaxşı işləmişəm, işimin haqqını vermişəm. (gülür) “Tamaşaçı unudandır, görməyəndə xatırlamır”, - deyirdilər. Amma insanlar məni görəndə xatırlayır. Yalnız nisbətən gənc nəsil o qədər də xatırlamır. İndi də ictimai işlər görürəm, amma yenə məhz teleməkandan xatırlanıram.

- Hazırda efirdə olan elə aparıcılar var ki, sizin qədər tanınmır...

- Sözünüzdə həqiqət var. Bu yaxınlarda bir neçə adamla görüşdüm, salamlaşdım. Sonradan bilmişəm ki, aparıcıdırlar. Bunun günahı onlarda deyil. Biz efirə çıxanda məsuliyyət hiss edirdik, öz üzərimizdə daha çox işləyirdik və ortaya iş qoyurduq. Təbii ki, belə adam daha çox xatırlanacaq. İndi aparıcılara görünüşünə görə efir imkanı yaradırlar. Yalnız simaya baxıb efirə buraxılanların aqibətidir bu... Çoxu deyir ki, mən hər şeyi reytinq üçün edirəm. Axı aparıcını tamaşaçı özü seçir. Mən düşünən tamaşaçı istəyirdim.

- Günay xanım, hazırda tamaşaçısınız. Sizcə, efirdə çatışan və çatışmayan nədir?

- Azərbaycan dilini bacardığı qədər korlayan, özündənrazı, efirdə qışqırmağı adi hal hesab edən, danışmaqdan çox dingildəyən, jurnalist etikasından xəbərsiz “reportyor”, “aparıcı”,”jurnalist” artıqlaması ilə var. Bu siyahının tam əksini özündə əks etdirənlər isə çatışmır.

- Televiziya tamaşaçıya uymalıdır, yoxsa tamaşaçını maarifləndirməlidir?

- Tamaşaçıya hansısa müğənninin ərindən, ailəsindən danışdığı veriliş daha maraqlıdır, nəinki hansısa beynəlxalq müsabiqədə qalib gələn sənətçidən bəhs edən proqram. Lakin tamaşaçının istəyinə uyub mövcud axara düşməyi yanlış hesab edirəm. Tamaşaçının səviyyəsini yüksəldən televiziya mühiti qurulmalıdır. Tamaşaçını formalaşdırmaq lazımdır. Televiziyanın əsas məqsədi maarifləndirməkdir. Biz isə maarifləndirməni təmamilə unutmuşuq. Jurnalistikanın nəzəriyyəsində ondan danışırdılar, amma təcrübədə gördük ki, maarifləndirmənin adı da yoxdur. Olmamasını isə tamaşaçı istəyi ilə əsaslandırmaq doğru deyil.

- Günay xanım, efirə çıxan xanım aparıcı hökmən gözəl olmalıdır?

- Kim özünü gözəl hesab etmir ki? (gülür) Vallah, müsabiqədən keçəndə məndən qat-qat gözəl qızlar var idi. Amma onları deyil, məni seçdilər. Aparıcı geyimi və bəzək-düzəyi ilə yox, qələmi, yazdıqları, tamaşaçıya təqdim etdikləri ilə maraqlı idi. İllərdir Yekaterina Andreyevnaya baxıram. Onun saç düzümü heç dəyişmir. Yəqin, bizim aparıcılar hesab edirlər ki, o, imicini dəyişməyə pul tapmır? (gülür) Yaxud da Pozner... Onları məşhurlaşdıran qaş-gözləri yox, TV üçün etdikləri olub. Təbii ki, gözəl jurnalist olmaq hamısından yaxşı olar. Xəbər aparıcılarının nitqi qüsursuz və ideal olmalıdır. Amma müəllif proqramlarında hətta dilində qüsur olanlar da çıxır. Olur ki, kimsə hansısa hərfi düzgün tələffüz edə bilmir, amma bu, ona maraqlı analitik proqram və ya “talk şou” hazırlamaqda mane olmur.

- Günay xanım, nə qədər işlə əlaqələndirsəniz də, “gözəllik” deyilən məfhumun bir çox sahələrdə hökmünü etiraf etməyə bilməzsiniz... Sizcə, mediada gözəl olmağın üstünlükləri nədədir?

- Təbii ki, insanın gözəl olmasının üstünlükləri çoxdur. Gözəl insan görəndə adamın ürəyi açılır. Amma efirə gedən qapı sırf görünüşlə açılmamalıdır. Elə məndən götürün (gülür), efirə çıxdım və insanlar məni bəyəndilər. “SPACE” MTRŞ-də müsabiqəyə qatılanda mən yazılarımı Nadir Bədəlova təqdim etmişdim. Yazılarıma görə seçildim. Onda gərək Nərgiz Cəlilova, Böyükağa Məmmədov, Nicat Bağırov, Eldar Məmmədov və televiziyanın müxtəlif sahələrinin peşəkarları “Əşşi, arıqdır, hündürdür”, - deyib üstümdən xətt çəkərdilər? Onlar ilk növbədə yazdıqlarımı, gördüklərimi, dediklərimi qiymətləndirdilər. Məni tələbə kimi seçdilər.

- Günay xanım, bəs gözəl görünmək üçün nə edirsiniz?

- Gülürəm... Mən gözəlliyi pozitiv fikirdə, xoş əhvalda görürəm. Kefim olmayanda, nə makiyaj, nə bahalı paltar, heç nə mənə kömək etməz.

- Bəs əhvalınızı nə korlayır?

- Kobud, etibarsız insanın saymazyana hərəkətləri... Bir də ədalətsizliyə əsəbiləşənəm.

- Gözəllik sirriniz varmı?

- Hər zaman qızıma da deyirəm, insan özü ilə barışıq olmalıdır. Bunu təkcə qadınlara deyil, bütün inşalara aid edirəm. Özümü rahat hiss etməyimin əsas səbəbi özümlə barışıq olmağımdır. Mənim gözəllik sirrim budur. Mən üzümdəki qırışı da sevirəm. Saçımda ağ tel olsa, onu da sevəcəm. Bəlkə, kimsə mənim burnumu bəyənməz, amma mən onu məhz belə oldugu üçün bəyənirəm (gülür) . Bəlkə də, fikir vermisiniz, şəkil çəkdirəndən sonra heç vaxt baxmıram. Əminəm ki, şəkildə çox gözələm.

- Hansı aparıcıları bəyənirsiniz?

- “Mirşahinin aparıcılığını bəyənirəm” desəm, gülməli çıxar. Çünki televiziyada ən çox Mirşahini bəyənirəm. Bu, dəyişilməz olaraq qalıb. Mirşahini hamı bəyənir. Publisistikası, azərbaycan dilini mükəmməl bilməsi, dəyişməz mövqeyi, yazdıqları ilə əsl jurnalistdir. Xəbər aparıcılarından indi efirdə olanlardan desəm, səlist nitqi və gözəl aurası ilə adaşım Günay Yelmarqızını və maraqlı tərzi, yazısı, keçidləri ilə Mehman Mehdiyevi çox bəyənirəm.

- Günay xanım, yenidən efirə qayıtmaq istərdiniz?

- Heç vaxt düşünmürəm ki, efirdən uzaqlaşmışam. Bu fikir məni sakitləşdirir. Efiri çox sevirəm. Məndən sonra bir sıra tanınmış insan da efirdən uzaqlaşdı. Onlar deyirdilər ki, əgər Günay efirdən gedə bildisə, demək, biz də gedə bilərik. Televiziyada özünü tapmaq hər adama qismət olmur. Qayıtmaq istərdim. Yalnız öz komandamla, kiminlə işləyəcəyəmə, tamaşaçıya təqdim edəcəyim proqramı necə hazırlayacağıma özüm qərar verəcəyim bir statusda olsam, qayıdaram.

- Efirə qayıtsanız, hansı məzmunlu veriliş aparmaq istəyərdiniz?

- Mənəviyyatımızla bağlı, bizi narahat edən və ya əksinə, sevindirən xəbərlərdən danışan proqram hazırlayaram. “Talk şou” haqda düşünərəm. Efirdə maraqlı insanlarla maraqlı söhbət aparan proqrama ehtiyac var.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm