• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Xalq artisti: “Allahdan möhlət istəyirəm” - FOTOLAR

Xalq artisti: “Allahdan möhlət istəyirəm” - FOTOLAR

Bu gün sevilən aktrisa, xalq artist Səidə Quliyevanın ad günüdür. Biz də fürsəti fövtə vermədik, aktrisanı təbrik edib, sorğu-suala tutduq. Sən demə, Səidə xanım ad günlərini qeyd etməkdən heç xoşlanmırmış.

- Necəsiz, ad günündə hansı əhvali-ruhiyyədəsiniz?

- Sözün düzü, ad günlərimi qeyd etməkdən heç xoşum gəlmir. Bu günə qədər də məxsusi olaraq ad günü keçirməmişəm. O demək deyil ki, imkanım yoxdur, qeyd etmirəm, yox. Hər halda, 30-40 nəfəri bir məkana toplamağa gücüm çatar, sadəcə olaraq, istəmirəm. Amma başqalarının ad gününü qeyd etməyi çox sevirəm.

- Amma, qeyd etməsəz də, maşallah, əhvalınız çox yüksəkdir...

- Əlbəttə, səhərdən telefonlarım susmur, bütün diqqət mənə yönəlib. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, insanlar məni sevir. Bu sevgini duymamaq mümkün deyil. Bax əhvalımı qaldıran da elə insanların mənə olan sevgisidir. Buna görə əhvalım əladır.

- Hədiyyələrdən danışın e, görək, ilk hədiyyəni kimdən aldınız?

- Oğlumdan. Oğlumun 19 yaşı var, bu günə qədər ad günümdə, bayramlarda ilk hədiyyəni ondan alıram. Sonra da həyat yoldaşımdan, əzizlərimdən.

- Oğlunuz sizə nə hədiyyə etdi ki?

- Deməyəcəm. Amma onun mənə aldığı bütün hədiyyələrin qiyməti milyonlarla ölçülür. Mən deyərdim ki, qiymətsizdir. Oğlum hələ uşaq idi, yazı yaza bilmirdi, amma yazıların şəklini çəkib, mənə hədiyyə edirdi. Elə bilirdim mənə dünyaları veriblər.

- Çox gözəl obrazlar yaratmısınız. Mənə çox maraqlıdır, indiyə qədər arzuladığınız, amma oynamadığınız, ürəynizdə qalan bir rol olubmu?

- Arzularım çox olub, amma inanıram ki, mən səhnədə daha kamil, daha müdrik rollarımı oynayacağam. Düz 37 ildir ki, səhnədəyəm. Bu gün elə bir rolda oynamaq istəyirəm ki, hamı baxıb təəccüblənsin. Desinlər ki, Səidə bu rolu da gözəl oynadı.

- O necə bir roldur - dramatik, yoxsa komik?

- Fərqi yoxdur. Mən aktyorların fərqləndirilməisnin əleyhinəyəm ki, ay bu dramatik aktyordur, yaxud da komik. Peşəkar aktyor faciəni də uğurla oynayır, komediyanı da. Biz ustadlarımızdan belə eşidib, belə öyrənmişik.

- Yeri gəlmişkən, Ədil İsgəndərov kimi müqtədir rejissorun əlindən su içmisiniz. O, bir aktrisa olaraq sizi necə qiymətləndirirdi?

- Mən Ədil müəllimin sonuncu tələbələrindənəm. Ədil müəllim tərifə xəsislik edən bir insan olub. O, nəyəsə “pis deyil” deyirdisə, deməli, əla sayılırdı. Tələbə vaxtı çox utancaq qız idim, həmişə gərgin olurdum. Bu peşə də elədir ki, gərək, utanmayasan. Ədil müəllimin tapşırıqlarının birini edəndə, birini edə bilmirdim. İçimdəki utancaqlıq buna imkan vermirdi. Elə indi də bu xasiyyətdən qurtulmamışam. Nəhayət ki, dördüncü kursda müəyyən qədər özümlə mübarizə apardım. Dörd ildən sonra Ədil müəlim mənə dedi: “Səidə, səndən aktrisa olacaq”.

Bu söz məni göylərə qaldırdı, çünki Ədil İsgəndərov hər adama bu sözü deməzdi.

- Bildiyimə görə, ali məktəbi bitirən kimi Akademik Milli Dram Teartrında işə düzəlmisiniz. Birdən-birə böyük teatr məbədinə düşdünüz. Sizə qarşı paxıllıq olmadı ki?

- Əlbəttə, oldu. Arxamca danışdılar, ayağımdan çəkdilər.

- Bəs sizin reaksiyanız necə oldu?

- Məsələ burasındadır ki, o adamlar üzümə gülə-gülə paxıllıqlarını hiss etdirirdilər. Birbaşa üzümə desəydilər, cavablarını verərdim. Arxamca danışırdılar. Əslində paxıllıqlar bu gün də var. Amma mən heç vaxt elə xırda şeylərə əhəmiyyət vermirəm, çünki özümə hörmət edirəm. Başqasına pislik etmək cılız adamların işidir, onlar hər zaman öz kölgələrindən qorxan adamlar olur. Bəxtim onda gətirdi ki, qarşıma Səməndər Rzayev, Sofa Bəsirzadə, Yaşar Nuri, Ətayə Əliyeva, Nəcibə Məlikova kimi sənətkarlar çıxdı. Mənə çox yaxşılıqları dəydi. Sonda mən oynadığım rollarla sözümü dedim və onları susdurdum.

- Xoşbəxt aktrisa, xoşbəxt ana, xoşbəxt həyat yoldaşı - bunların hansını özünüzə daha yaxın bilirsiniz?

- Mən belə deyərdim: xoşbəxt anayam.

- Bəs böyük aktrisa, sevilən aktrisa, uğurlu aktrisa - bunlardan hansını seçərdiniz? Bilirsiz niyə soruşdum, aktrisa var, çox tanınmışdır, gözəl rolları var, amma sevilmir...

- Məncə, bu sualın dəqiq cavabını tamaşaçı deyə bilər.

- Yaxşı, tamaşaçının diliylə ifadə etsəniz?

- Onların diliylə mən deyərdim ki, sevilən aktrisayam. Bu da siz deyən kimi, hər aktrisaya nəsib olmur.

- Maşallah, çox pozitivsiz. Həmişə beləsiz?

- Hətta problemlərim olsa da, çalışıram pozitiv olum. Həyatda o qədər çətinliklər, itkilər, ağrılar yaşamışam, amma nikbinliyimi itirməmişəm. Çünki mən güclü qadınam. Hərdən bir yerim ağrıyanda oğlum deyir ki, ana, axı sən güclü qadınsan. Dərhal özümə gəlirəm. Məncə, qadın, ya kişi, fərq etməz, həyatda güclü olmağı bacarmalıdır.

- Gücü nədən, yaxud kimdən alırsız?

- İnsanlardan və yaxşılıqlardan. Xəstə olanda dərhal harasa çıxıram, insanların sevgisini görəndə sağalıram. Sevgi çox önəmlidir. İnsanlar bir-birini sevməyi bacarmalıdır. Onda mütləq pozitiv olacaqsız.

- Allahın sizə ən böyük mükafatı nə olub?

- Oğlum. Mən çox gec ana olmuşam. İlk dəfə oğlumu görəndə özümü dünyanın ən xoşbəxt qadını saydım. Bundan böyük mükafatım ola bilməz. İndi də onun xoş gününü görmək üçün Allahdan möhlət istəyirəm.

- Bircə övladınız var, yəqin ki, onu öz seçiminizlə evləndirəcəksiniz?

- Yaralı yerimə toxundun. Əslində, mən ərimi dəlicəsinə sevmişəm, oğlumun da sevib evlənməsini istəyirəm. Amma özünə də demişəm ki, qızı mənimlə qabaqcadan tanış eləməlisən. Görüb-tanımalıyam.

- Gələcək gəlininizi necə təsəvvür edirsiz?

- Həmişə gəlinim barədə düşünəndə gözümün qabağına uzunsaçlı, balacaboylu, arıq bir qız gəlir. Oğluma da demişəm ki, gələcək gəlinimi belə görürəm.

- Nə deyir?

- Heç nə, susur.

- Hansı xüsusiyyətin gəlininizdə olmasını arzulayırsınız?

- Bircə tənbəl olmasın. Qalan hər şey düzələr. Bir də halal qız olsun.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR