Əbdül Xalid: “Bizdə belə şeylərə yaxşı baxmırlar”
Bizi izləyin

Tabloid.az

Əbdül Xalid: “Bizdə belə şeylərə yaxşı baxmırlar”

Bir neçə gün öncə “Can yoldaşım” adlı albomunu təqdim edən müğənni Əbdül Xalid Publika.az saytına eksklüziv müsahibə verib.

- 7 ildən sonra albom buraxmaq ideyası hardan gəldi?

- Əslində hər il istəyirdim. Amma hər dəfə müxtəlif problemlər yaranırdı. Şükürlər olsun, bu da mənə nəsib oldu. Həm elə bir albom buraxmaq istəyirdim ki, orada bütün tanınmış mahnılarım yer alsın. Dinləyicilərim tərəfindən sevilib dinlənilən mahnılarım olsun. Şükür ki, bu da oldu.

- 7 il ərzində ifa olunan mahnıların arasından cəmi 16 mahnını seçmək çətin olmadı?

- Albomda duetlərim və tək mahnılarım yer aldı. Mən artıq bilirəm ki, dinləyicilərim hansı mahnılarımı sevir. Həmin sevilən mahnıları albomuma daxil etdim.

- Deyirlər ki, Azərbaycanda albom satışından pul qazanmaq mümkün deyil. Bəs siz niyə albom buraxdınız?

- Bir format olaraq bu albomu buraxmalı idim. Müğənninin albomu olmalıdır. Hər hansı bir tədbirə, ölkəyə getdikdə göstərməlisən ki, mən müğənniyəm. Soruşacaqlar ki, müğənnisən, bəs hardadır sənin albomun? Deməyəcəm ki, gir, “YouTube”a bax. Bu baxımdan mən albomumu çıxartdım. Hələ qarşıda maraqlı duetlrim olacaq. Aşıq Samirə ilə duetimiz də tezliklə işıq üzü görəcək. Mahnımız da aşıq mahnısı olacaq.

- Həmkarlarınızın əksəriyyəti, yaşından asılı olmayaraq, boya ilə saçlarını qaraldır. Siz nə əcəb ağ saçlarınızı qaraltmırsınız?

- Vallah, elə işlər bizlərə yaraşmaz. Amma eləyənlərə də pis baxmıram. Hər kəsin öz işidir. Bizdə belə şeylərə yaxşı baxmırlar.

- Gündəmdə qalmaq üçün şou-biznesin öz qanunları var. Bu qanunlara əməl edirsiniz?

- Əbdül Xalid qalmaqala getməyib və heç vaxt da getməyəcək. İndiyə qədər nə qazanmışamsa, öz adıma görə qazanmışam. İnsanlar var ki, efirə çıxıb bütün gün onun-bunun dalınca danışır. Hamısı da bekarçılıqdandır. Heç nə yoxdur axı danışılası. İş olsa, öz işindən danışar.

- Siz özünüz qrupdan çıxmısınız. Öz qrupunuzu yaratmaq istərdinizmi?

- Xeyr! Qrup bir qədər çətindir. Biz qrup daxilində dost olduğumuzdan fəaliyyətimiz 4 il davam etdi. Emil Bədəlov və mən fəaliyyətimizi solo olaraq davam etdiririk. Anar isə artıq İsraildədir. “N brothers” qrupunun iki üzü qalıb: Emil Bədəlov və Əbdül Xalid.

- Nə əcəb duet ifa etməmisiniz indiyədək?

- Açığı bu barədə tam fikirləşməmişik. Bir dəfə söhbət oldu, amma həyata keçirmədik. Bəlkə, dostluq mövzusunda bir mahnı təklif olunsa, bu layihəni gerçəkləşdirmək olar.

- Xanımlardan kiminlə duet oxumaq istərdiniz?

- Xanımlardan Tünzalə Ağayeva ilə duetim var. Son albomuma da daxil olunub. Bundan sonra isə daha çox türk şou-biznesindən olan xanımlarla duetimin olmasını istərdim. Ebru Gündeşi və Sibel Canı çox bəyənirəm. Onlarla birgə ifa mənim arzumdu. Görək də, qismət. Gün doğmadan nələr doğar.

- “O səs Türkiyə”nin qalibi Elnur Hüseynovla bağlı fikirlər haçalanıb. Əksəriyyət onun çıxışını dəstəkləsə də, bəziləri elə bir layihədə çıxışını qınadı. Siz hansı cəbhədəsiniz?

- Alqışlamaqdan başqa heç nə deyə bilmərəm. Çünki o, gözəl musiqiçidir. Burada onu qiymətləndirmədilər. Nə etməli idi? Mənə bir şey gülməli gəlir ki, bir vaxtlar onu bəyənməyən, pisləyən insanlar indi Elnuru tərifləyir. Halbuki bu qələbəyə qədər heç kəs Elnuru saymırdı. Bizim psixologiyamızda qəribə xüsusiyyət var. Gərək kimsə bəyənsin ki, qiymətlimizin dəyərini özümüz də anlayaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm