• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məleykə Əsədova: “Qəlbimin tənhalığında yarımçıq qalmış bir…”- FOTOLAR

Məleykə Əsədova: “Qəlbimin tənhalığında yarımçıq qalmış bir…”- FOTOLAR

Bu gün Milli Teatr günüdür. Müsahibimsə Akademik Mili Dram Teatrının cazibədar aktrisası, səhnəmizin Kleopatrası, Mariya Tüdoru, Şirini, Rardelyası, Selcanı - daha neçə-neçə klassik tamaşaların baş qəhrəmanı, xalq artisti Məleykə Əsədovadır.

Publika.az-a müsahibə verən xalq artisti bizə həm də səhnə sirlərindən danışıb.

- Səhnədə Kleopatra, Mariya Tüdor, Züleyxa, Selcan və digər möhtəşəm rollar oynamısınız. Adi insan bir taleyin ağırlığını, yükünü daşıya bilmir, mənə çox maraqlıdır, bu qədər talelərin ağırlığını içinizdə necə daşıya bilirsiniz? Söhbət oynadığınız obrazların taleyindən gedir…

- Ürəyimdən xəbər verdiniz. Doğrudan da, biz sənət adamları fenomen insanlarıq. Bəlkə, mənim həyatımı qəlizləşdirən də elə oynadığım və sonradan içimə hopan talelərdir. Bir rol üzərində aylarla məşqlər edirəm və onların hamısının taleyini yaşayıram.

- Bu qədər talelərin içində hərdən itib-batmırsınız ki?

- Hər obrazın içində özümü tapıram. Əgər o obrazların içində özümü tapmasam, oynaya bilmərəm. Mən çox duyğusal, romantik insanam.

- Bax indi oturub söhbətləşirik. İçinizdə daha çox hansı obrazın təsirini hiss edirsiniz - Kleopatra, Mariya Tüdör, Selcan?

- Bu saat premyerasına hazırlaşdığım İlyas Əfəndiyevin “Mənim günahım” tamaşasında oynadığım Nurcahanın təsiri altındayam. Nurcahan deyir ki, əsl məhəbbət röya kimidir, onu çox az adam hiss edir. Necə ki, aylarla Kleopatra, Mariya Tüdor kimi yaşamışam, indi də Nurcahanla yaşayıram. Hamısı da müsbət qəhrəmanlardır və hərəsindən mənə nəsə hopur. Belə olmasa, onları tamaşaçıya çatdıra bilmərəm. Yəqin, elə buna görə də məni sevirlər. Məleykə bu gün özü özünü unudub, mən səhnə üçün yaşayıram.

- Məleykə xanımın bir tamaşaçı kimi aktrisa Məleykə Əsədovanı seyr etdiyi vaxtlar olur?

- Mənim fanatlarımdan biri sosial şəbəkədə oynadığım “Fərhad və Şirin”lə “Aydın” tamaşasını yerləşdirmişdi, bir dəfə oturub o tamaşalara baxdım. İlk dəfə idi ki, mən kənardan öz tamaşamı izləyirdim. Bir neçə saatlıq keçmişə döndüm, köks ötürdüm, hətta gözümdən yaş da axdı.

- Bir tamaşaçı kimi “Aydın”dakı Gültəkinə, yaxud da “Fərhad və Şirin”dəki Şirinə baxıb aktrisa Məleykəyə o an sözünüz nə oldu?

- İstər-istəməz dilimdən bu söz çıxdı ki, Allah sənə rəhmət eləsin, Mikayıl Mirzə. İnanın ki, o tamaşada bir qüsur tapa bilməmişdim. Gültəkinin taleyinə baxıb ürəyim sızlamışdı.

- Heç səhnədən yorulduğunuz, bezdiyiniz məqamlar olur?

- Heç vaxt. Çünki məni bu gün bu səviyyəyə gətirib çıxaran səhnə olub. Bezdiyim yox, incidiyim, küsdüyüm, qırıldığım anlar olur. Səhnədən niyə küsüm ki? İnsandan küsə bilərəm. Bu gün yediyim çörəyə görə səhnəyə minnətdaram. Görün, nə qədər məleykələr var, heç biri tanınmır, amma məni Məleykə Əsədova edən obrazlarımdır.

- Həmişə səhnədə baş rolları oynamısınız? Bunda gözəlliyiniz rol oynayıb?

- Aktrisa üçün xarici görkəm önəmlidir. Aktrisa şarmlı olmalıdır. Hətta mən xarici ölkələrə gedəndə hava limanında mənə ingilis dilində “Siz aktrisasınız?” - deyə sual edirlər. Əslində onlar məni tanımır, sadəcə olaraq xarici görkəmimə görə belə deyirlər. Xarici gözəllik ola da bilər, olmaya da bilər , amma aktrisanın ürəyi, diksiyası, plastikası mütləq olmalıdır. Bunların da üstünə cazibədarlıq gələndə daha gözəl olar. Amma onu da deyim ki, yalnız xarici gözəlliyə görə baş rolların hamısını hansısa aktrisaya verməzlər. İstedad mütləqdir. Elə bu yeni rolumdan danışım. “Mənim günahım” tamaşasında balerina Nurcahan obrazını yaradıram. Burda plastika mütləqdir.

- Yadımdan çıxmamış, bunu da soruşum. Hər zaman baş rolları oynayan aktrisa kimi, yəqin, ətrafınızda sizə paxıllıq edən həmkarlarınızın da sayı az olmayıb?

- Mən özümə və sənətimə qiymət verən aktrisayam və həmişə öz işimlə məşğul olmuşam. Əgər mən hansısa bir tamaşaya lazımamsa, məni dəvət edəcəklər, lazım deyiləmsə, dəvət etməyəcəklər.

- Hər halda, hansısa aktrsia da özünü o rolda görmək istəyib. Nə əcəb paxıllar sizə mane ola bilməyib?

- ...

- Niyə susursunuz?

- Mən öz dünyamı hər zaman saf saxlamağa çalışıram. İllər boyu eyni formada qalmağımın da səbəbi elə içimdəki saflığı qorumağımdır. Gözəl qalmağım üçün xüsusi olaraq nələrsə eləmirəm. Bütün günü işləyirəm. Həm kişiyəm, həm qadın. Başqa şeylərə heç zamanım yoxdur. Dedi-qodulardan uzağam, kimsə bu barədə məndən nəsə soruşanda cavab da vermirəm.

- Demək istəyirəm ki, sonuncda sizə əngəl ola bilməyiblər, bunu bacarmayıblar…

- Hər kəsin yolunu Allah açsın.

- Böyük aktrisa, istedadlı aktrisa, sevilən aktrisa, populyar aktrisa, şanslı aktrisa-bunların hansını seçərdiniz?

- Allahımın çox sevilən bir bəndəsiyəm və doğulanda istedad mənimlə bərabər doğulub və Allahım şansımı da verib. Sevilən, şanslı və istedadlı aktrisayam - mən belə deyərdim.

- O dövrdə böyük aktrisalarımız hələm-hələm gənc həmkarları haqqında xoş sözlər söyləməzdilər. Amma bildiyim qədər Barat Şəkinskaya sizin Gültəkin rolunuzu yüksək qiymətləndirib?

- 1990-cı ildə olub bu hadisə. Barat xanım “Aydın” tamaşasında mənim rolumu görüb, dedi ki, səhnəyə səmimi və təbii aktrisa gəlib, o özü də Gültəkin obrazını səhnədə mükəmməl oynayan aktrisa olub. Onu da deyim ki, Barat xanım gözəl aktrisa olmaqla bərabər gözəl insan idi. Onda heç Barat xanımla yaxınlığım da yox idi. Tamaşaya baxdı və dedi ki, Cəfər Cabbarlının əsl Gültəkini Məleykədir. Elə oldu ki, on il sonra mən həmin tamaşanı Akademik Milli Dram teatrının səhnəsində oynadım. Ulu öndərimiz Heydər Əliyev də gəlib həmin tamaşaya baxdı və mənim rolumu çox yüksək qiymətləndirdi. Mən özümü çox xoşbəxt hiss edirəm ki, ulu öndər, dahi şəxsiyyət tamaşalarıma baxıb bir aktrisa kimi sənətimə yüksək qiymət verib.

- Sizi səhnəyə mərhum rejissorumuz Lütfi Məmmədbəyov gətirib? Lütfi müəllim çox sürətpərəst rejissor olub, yəqin siz də ilk olaraq gözəlliyinizlə onun diqqətini çəkmisiniz?

- Bəli, məni səhnəyə Lütfi müəllim gətirib. Deyirdi ki, Məleykə xanımın gözəl danışıq qabiliyyəti, səhnə plastikası, gözəl çöhrəsi, ürəyi və boyu-buxunu var. O məni əvvəlcə “Yad qızı” tamaşasına, sonra isə “İtkin gəlin” serialına və “Kimdir haqlı” teletamaşasına çəkdi. Mən xoşbəxtəm ki, belə gözəl insanlarla rastlaşmışam. Şükürlər olsun ki, Allahım məni səhnə üçün dünyaya gətirib. Mən heç başqa iş də bacarmıram e, bəzən deyirlər ki, Məleykənin biznesi var, inanın ki, heç nəyim yoxdur, heç əlimdən başqa iş də gəlmir.

- Bu qədər sevənləriniz var. Yəqin ki, onlardan məktublar da almısınız. Heç indiyə qədər sizi təəccübləndirən elə bir fanatınız olubmu?

- Fanatlarım həddən artıq çoxdur. Fanatlarımdan biri illər boyudur ki, haqqımda yazır. Hansı verilişə çıxıram, harda nə deyirəm disklərə köçürür, fikirlərimi dəftərlərə yazıb saxlayır. Təəccübləndirənlər çox olub. Fotolarımı divar kağızı kimi otaqlarına vuranlar olub. Bir fanatım vardı, məndən xahiş etmişdi ki, istifadə edib tulladığın əşyaları ona verim, saxlamaq istəyirdi. Verməmişdim, buna görə incimişdi məndən. Bir neçə il bundan əvvəl bir fanatım məni az qala şoka salmışdı. Mənə dedi ki, avtoqraf üçün qol çəkim. Baxdım ki, avtoqraf yazmağa heç nə yoxdur. Sinəsini açdı və gördüm ki, şəklimi sinəsinə döydürüb. Sinəsinə imza atmağımı istəyirdi. Buna görə çox təəccüblənmişdim. Fanatlarım var ki, hər tamaşama dəfələrlə gəlib baxır. Nə bilim e, evimin qabağına çiçəklər düzən, teatra gül dəstələri daşıyan o qədər fanatlarım var ki… Məni yaşadan onların sevgisidir.

- Bu sevgilər evlilik təklifi ilə əvəz olunmur ki?

- Çox olur. Əslində onlar mənə olan fanat sevgisini qarışıq salırlar. Onlara elə gəlir ki, məni sevirlər, əslində onlar səhnədəki aktrsia Məleykəyə aşiq olan fanatlardır.

- Martın 14-də fanatlarınıza daha bir hədiyyəniz olacaq. “Mənim günahım” tamaşasının premyerasıdır. Nurcahan obrazında çıxış edəcəksiniz. Səhv eləmirəmsə, sevgisi yarımçıq qalan bir qadın obrazıdır. Nurcahanla Məleykə Əsədova arasında bir oxşarlıq varmı?

- Əslində Nurcahanla aramızda çox oxşarlıq var. Çünki o da səhnədədir, mən də. Onunla ruhən yaxınıq. Mən tək yox, tənhayam. Tamaşada da var ki, qəlbimin tənhalığında yarımçıq qalmış bir məhəbbət yaşayır.

Bu əsər böyük yazıçımız İlyas Əfəndiyev tərəfindən 1967-ci ildə yazılıb. Amma bəllidir ki, sevginin yaşı olmur, əsər bu gün də aktualdır, sabah da aktual olacaq. Balerina haqqında yazılan ilk əsərdir. Oynadığım rolların əksəriyyətini klassik obrazlar təşkil edir. Amma Nurcahan obrazı duyğusal bir obrazdır.

- Hansı sualı məndən gözləyirdiniz, amma o sualı məndən eşitmədiniz?

- Hər zaman arzulamışam ki, mənə sənətim haqqında sual versinlər. Elə indi də sənətim haqqında eşitdim və mənə xoş oldu. Çünki məni Məleykə edən və tamaşaçılarımın gözündə gözəl göstərən səhnədə yaratdığım obrazlardır.

- Bayramınız mübarək!

- Çox sağ olun, sizi də martın 14-də premyerama dəvət edirəm. Hər kəsi teatrda gözləyirəm.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR