Xoşbəxt evliliyin 10 düşməni
Bizi izləyin

Tabloid.az

Xoşbəxt evliliyin 10 düşməni

Hər kəs xoşbəxt bir evlilik arzulayıb, sevdiyi şəxslə uzun illər yaşamağın xəyalını qurur. Ancaq bir-birini dəli kimi sevən cütlüklər də arada problemlərlə üzləşir. Problemin səbəbini tapa bilməyənlər çarəni boşanmaqda görürlər.

Bəs xoşbəxtlik arzusu ilə qurulan evliliklərin boşanma ilə nəticələnməsinə səbəb olan nüanslar hansılardır?

Türkiyəli məşhur ailə terapevti və psixoloq Cem Keçə evliliyin 10 düşmənini açıqlayıb. O, son illər boşanmağa səbəb olan məqamlara toxunaraq evli cütlüklərə məsləhətlər verib.

“Ailə dostu” layihəsi çərçivəsində həmin maraqlı məqaləni təqdim edirik:

Evliliyin 10 düşməni var:

1.Qayınana sindromu

Evliliyə mənfi təsir edən amillərdən biri gəlin-qayınana arasında baş verən problemlərdir. Gəlinlə qayınananın münasibətləri evliliyə zənn etdiyinizdən də çox təsir edir. Şərq ölkələrində depressiyaya girərək terapevtə müraciət edən qadınların 70 faizi qayınanalarından şikayət edirlər. Bu mövzuda qadınların etdiyi ən böyük səhvlərdən biri qayınana ilə münaqişəyə girmək, düşmən olmaq, onunla əlaqəni zəiflətmək və həyat yoldaşına təzyiq göstərməkdir. Bunların heç biri problemin həlli deyil. Halbuki qayınananı yaxından tanıyıb, onunla yola getməyi öyrənmək lazımdır. Üstəlik, problem gəlinlə qayınana arasında həll edilməli, birinin oğlu, digərinin həyat yoldaşı olan kişi məsələyə daxil edilməməlidir.

2. Yataqdan qovmayın, sekssizliklə cəzalandırmayın

Həzz və xoşbəxtlik qaynağı olan seks cəza obyektinə çevrilməməlidir. Bəzən qadınlar əsəbiləşəndə və ya inciyəndə qisas almaq üçün həyat yoldaşlarını seks vasitəsilə cəzalandırmağa başlayırlar. Ya yataqda soyuq davranırlar, ya da ümumiyyətlə, yataq otağını ayırırlar. Qeyd edim ki, bu evliliklərin bitməsinin ikinci səbəbi kimi göstərilir. Qadın kişini yataq otağından məhrum edəndə özünü də cazlandırdığını nəzərə almır.

Cəzalandırmaq üçün bir dəfə kişini seksdən məhrum etdikdə, bir müddət sonra bu vərdiş halını alır. Belə evlilik uzun müddət davam edə bilməz. Çünki evliliyin uzun illər davam etməsi üçün qarşılıqlı sevgi, hörmət və sağlam seks həyatı böyük əhəmiyyət kəsb edir. Bunlardan biri olmadıqda həmin evlilik axsamağa başlayır.

Kişi qadından fərqli olaraq sevgisini çox vaxt sekslə ifadə edir. Ona görə də qadınlar problemləri danışaraq həll etməyə çalışmalı və əsla yatağı ayırmamalıdır.

3. Həyəcanın bitməsinə icazə verməyin

Cütlüklər evliliyin ilk günlərindəki həyəcanı qoruyub saxlamaq üçün əlindən gələni etməlidirlər. Bir-birinə aşiq olaraq evlənən cütlüklər belə, bir müddət sonra hər şeyin monotonlaşdığını və cinsi arzunun yerini cinsi istəksizliyin aldığını etiraf edirlər. Bu da boşanmaya səbəb olan məqamlardan biridir. Bu halla üzləşən cütlüklərin ən böyük səhvləri vəziyyəti qəbul etməkdir.

Halbuki, münasibətin bitməməsi üçün kiçik sürprizlərlə evliliyə hərəkət gətirməli, qarşılıqlı olaraq bir-birlərinə daha çox vaxt ayırmalı, romantik dəqiqələr keçirməli və birlikdə kinoya, teatra gedərək əlaqələrini gücləndirməlidirlər. Yataq otağında yeni fantaziyalara açıq olmaq da həyəcanın yenidən alovlanmasına səbəb ola bilər. Sevginin bir ocaq olduğunu, ocağın sönməməsi üçün oraya davamlı olaraq odun atmalı olduğunuzu unutmayın.

4. Şiddət qəbuledilməzdir

Şiddət sözün bitdiyi yerdir və ciddi insan haqqları pozuntusudur. Qadının özünə və şəxsiyyətinə qarşı edilən zorakılıq boşanma səbəbləri arasında dördüncü sırada gəlir. Şiddət qəbul edilməzdir, ancaq onun qarşısını öncədən almaq olar. Həyat yoldaşınızın son günlər daha aqresiv olduğunu düşünürsünüzsə, birlikdə evlilik terapevtinə müraciət edin.

5. Ayrılmaq və boşanmaq haqda danışmayın

Ayrılma və boşanma sözlərini ağızda saqqız etmək çox pis vərdişdir. Evliliklərin boşanma ilə nəticələnməsinin səbəblərindən biri də “Ayrılaq!”, “Boşanaq!” kimi sözlərin tez-tez səsləndirilməsidir. Hər mübahisənin sonunda ayrılıq cümlələrindən istifadə etdikdə, fərqində olmadan beyninizi boşanmağa hazırlayırsınız. Üstəlik, həyat yoldaşınızın da bu fikirlə barışmasına səbəb olursunuz. Odur ki, boşanmaq istəmirsinizsə, ayrılmaq istədiyinizi vurğulamayın.

6. Ünsiyyət bir sənətdir

Ünsiyyət bir sənətdir və bu sənəti zamanla öyrənmək olar. Az qala, hər cütlük söhbət edə bilməməkdən şikayətlənir. Ünsiyyət qura bilməmək evliliklərin boşanma ilə nəticələnməsinin əsas səbəblərindən biridir. Halbuki cütlüklər arasında ünsiyyət çox önəmli rol oynayır. Həyatı paylaşan iki insanın fikirlərini paylaşa bilməməsi həqiqətən böyük dərddir. Cütlüklərin bir-birlərini və əlaqələrini ətrafdakılarla müqayisə etmələri, bir-birinin sözünü kəsməsi ya da yüksək səslə danışaraq qarşı tərəfi susdurmağa çalışması ünsiyyət qura bilməməyin nəticələridir.

Son zamanlarda “Danışmağa mövzu tapa bilmirəm” cümləsini hər yerdə eşidirik. Bu cümləni quran insanlar sosial şəbəkələrdə danışmağa, müzakirə etməyə yüzlərlə mövzu tapa bilirlər. Sosial həyata ayırdığınız vaxtın yarısını həyat yoldaşınıza ayırın və mövzu seçimi etmədən ağlınıza gələn hər mövzuda onunla söhbətləşin.

7. Məsuliyyətdən qaçmaq

Evlilik insanı daha məsuliyyətli olmağa məcbur edir. Ancaq çox vaxt partnyorlardan biri (bu, adətən, kişi olur) məsuliyyətdən yayınmağa çalışır. İndiki zamanda qadının da kişi kimi işlədiyini və evə yorğun gəldiyini nəzərə almaq lazımdır. Deməli, cinsiyyət fərqi qoymadan evin işləri bərabər bölüşdürülməli, uşağa qulluq, alış-veriş və digər işlər tərəflərdən birinin çiyinlərinə yüklənməməlidir.

8. İnadlaşmaq boşanmağa səbəb olur

Tərəflərdən birinin öz hakimiyyətini qəbul etdirmək üçün qarşı tərəfə təzyiq göstərməsi tez-tez rast gəlinən haldır. Bu bir müddət sonra cütlüyün bir-birindən soyumasına və evlilikdə başqa problemlərin də ortaya çıxmasına şərait yaradır. Evliliyin ən böyük düşmənlərindən biri olan inadı bir kənara qoymaq lazımdır. Evdə yerinə görə, bəzən qadının, bəzən də kişinin sözü keçməlidir.

9. Qısqanclıq

Qısqanclıq ədviyyat kimidir, az miqdarda ədviyyat yeməyə dad versə də, həddən artıq olanda xörəyi korlayır. Qısqanclıq duyğusu evliliyin bitməsinə səbəb olmaqla yanaşı, iki tərəfin də ruh sağlamlığına mənfi təsir edir. Qısqanc şəxs hər şeydən şübhələnir və həyat yoldaşını evdən, özündən soyudur. Qısqanclıq zaman keçdikcə dözülməz hal alıb mübahisələrə və boşanmağa gətirib çıxarır. Qısqanclığınızı çox biruzə verməyin.

10. Xəyanət yol qəzasıdır

Mən xəyanəti “yol qəzası” adlandırıram. Bu qəza zamanı yoldaşınızı itirə də bilərsiniz, yaralı halda evə qaytara da.. Ancaq heç vaxt əlaqələriniz əvvəlki kimi olmayacaq. Ona görə də heç bir səbəb sizi xəyanətə təhrik etməməlidir. Xəyanətə bəhanələr tapsanız da, heç bir səbəb günahınızı azalda bilməz. Bəzən xəyanətə uğrayan xəyanət edənə bir şans da vermək istəyir. Belə hallarda mütləq psixoloqdan və ailə terapevtindən yardım almaq lazımdır. Çünki xəyanət təkrarlandığı halda bağışlayan tərəf depressiya, stress kimi hallarla üzləşir, hər kəsə qarşı olan güvənini itirərək ruhi boşluğa düşür.

Günay Əzizbəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm