Əməkdar artist: “Kaş onda ərimin sözünə baxmayaydım” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Kaş onda ərimin sözünə baxmayaydım” - FOTOLAR

Hər dəfə bu aktrisanı görəndə gözümün önünə “Evləri köndələn yar” televiziya tamaşasındakı incə, qaraşın, uzunsaçlı Reyhan gəlir. Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirovanı deyirəm, bu gün onun ad günüdür.

1986-cı ildən Akademik Milli Dram Teatrında çalışan aktrisa bu illər ərzində Nabat (“Günah”), Zöhrə (“Gecə döyülən qapılar”), Xumar (“Yalan”), Zərifə (“Nişanlı qız”), Reqana (“Kral Lir”), Kəklik (“Tənha iydə ağacı”), Züleyxa (“Poçt şöbəsində xəyal”), Çılğının xalası (“Dar ağacı”), Qıssa xanım (“Dirilən adam”), Nəzakət (“Boy çiçəyi”) kimi obrazlar yaradıb.

Aktrisa tamaşalarla yanaşı, 15-dən artıq bədi filmdə rol alıb. “Sonuncu şahid”, “Mən mahnı qoşuram”, “İtkin gəlin”, “Aktrisa”, “Gümüşü furqon”, “Yoxlama” və s.

Ad günü təəssüratlarını Publika.az-la paylaşan səbəbkar ara-sıra kövrəldi də…

- Bəzi adamlar var ki, ad günlərini qeyd etməyi heç xoşlamır, bəs siz?

- Sözün düzü, təmtəraqlı ad günü keçirməyimi xatırlamıram. Elə özümüz yığışırıq, ailə daxilində qeyd edirik.

- Əhvali-ruhiyyəniz necədir?

- Nədənsə ad günlərimdə kövrəlirəm, hətta bəzən ağlayıram da.

- Niyə, yaş üstünə yaşın gəlməsi sizi qorxudur?

- Əslində əvvəllər fərqli idim. 25 yaşımdan sonra ad günlərimi qeyd edəndə həmişə kövrəlmişəm. Yaşın keçməsinə görə deyil e, nədənsə, ad günündə insanı qəhər boğur. Bilmirəm niyə. Amma indi yaşın keçməsi məni o qədər də narahat etmir.

- Fransızlar deyir ki, qadın şərab kimidir, yaşa dolduqca qiyməti artır?

- Düz deyirlər, qadın yaşa dolduqca daha da kamilləşir, müdrikləşir.

- İndiyə qədər ən yaddaqalan ad gününüz neçə yaşınıza təsadüf edib?

- Bunu heç xatırlamaq belə istəmirəm. Çünki həmin ad günlərim kədərli hadisələrlə yadımda qalıb. Həmişə arzulayırdım ki, 50 illik yubileyimi təmtəraqla qeyd edim, ağır xəstəlik keçirdim. Sonra dedim ki, 55 yaşımı qeyd edərəm, tədarük gördük. Həm də həyat yoldaşımla evliliyimin 30 illiyi olacaqdı. Planlaşdırmışdıq ki, ikisini bir gündə qeyd edərik. Amma qismət olmadı, həyat yoldaşım dünyasını dəyişdi. Yoldaşım mənə bunu çox gördü, ölümü ilə arzularımın da üstündən xətt çəkdi. Məni peşman etdi. Buna görə də daha ad günlərimi qeyd etmək istəmirəm.

- İstəməzdim belə bir xoş gündə kövrələsiniz. Gəlin hədiyyələrdən danışaq, ən yaddaqalan hədiyyəniz nə olub bəs?

- O hədiyyəni indi də evimdə saxlayıram. Oğlum çox kiçik idi, bağçaya gedirdi, mənə kartonlardan bir hədiyyə düzəltmişdi, üstünə çiyələk şəkli çəkmişdi. Onu mənə bağışlayanda elə bildim dünyanı mənə hədiyyə etdilər. Artıq böyüyüb, yekə kişidir. Dünəndən mənə deyir ki, ana, ürəyin nə istəyirsə, de, sənə alım. Deyirəm ki, sağlığın mənə yetər. Yəqin ki, bir sürprizi olacaq. Amma onu da deyim ki, övladlarım Allahın mənə bəxş etdiyi ən gözəl hədiyyədir.

- Bir aktrisa kimi indiyə qədər ürəyinizdən keçən bütün rolları oynamısınız?

- Yaralı yerimə toxunursan. Mən böyük rejissor Ədil İsgəndərovun tələbəsi olmuşam. Ədil müəllim birinci kursda mənim bir aktrisa kimi qiymətimi vermişdi. O deyirdi ki, Hicran baş rolları oynamaq üçün yaranıb. O, məndən çox şeylər gözləyirdi. Amma qismət olmadı. Elə bir aktrisa ola bilməz ki, ürəyindən keçən bütün rolları səhnədə oynasın. Mənim də ürəyimdə qalan rollar çox olub.

- Maraqlıdır, hansı rollardı elə?

- Şekspirin qadın qəhrəmanlarını səhnədə yaratmaq istəmişəm.

- Yəqin ki, rejissorlar verməyib?

- Açıq deyəcəyəm, aktrisa gərək cırmaqlaşmağı bacarsın. İstədiyinə nail olmaq üçün mübarizə aparsın. Demirəm ki, cəsarətsiz olmuşam, yox, sadəcə olaraq, ağız açmağı, özümü sındırmağı, kiçiltməyi xoşlamamışam. Çox haqsızlıqlarla qarşılaşmışam. Elə öz həmkarlarım tərəfindən. Bir də görürdün mənə hansısa rolu təqdim ediblər, amma sonradan alıb başqasına veriblər. Hətta o qədər boğaza yığılırdım ki, bəzən özüm baş rollardan imtina edirdim. Gəlib evdə əsəbiləşəndə yoldaşım mənə deyib ki, ən yaxşısı sənətdən ayrılıb uşaqlarına baxmağındır. Deyirdi ki, aktrisa gərək cırmaq-cırmaq nəyəsə nail olsun, o bacarıq da səndə yoxdur. Bir dəfə Rusiya kanallarının birinə baxırdım, məşhur aparıcılardan birinin həyat yoldaşı öz həyatından danışırdı. Dedi ki, aktrisa olmaq istəyirdim, ərim razı olmadı və dedi ki, aktrisa olmaq üçün gərək dişinlə-dırnağınla mübarizə aparasan. Həmin qadın ərinin sözü ilə öz arzusunun üstündən xətt çəkmişdi. Mən ona baxıb ürəyimdə haqq qazandırdım.

Əslində mən də həyat yoldaşımın sözünə baxdım və bir çox rolları itirdim. Hərdən fikirləşirəm ki, kaş heç ərimin sözünə baxmayaydım, elə arzuladığım rolları oynayaydım. Çünki enerjimin çoxunu səhnəyə yox, ailəmə ayırdım. Şükür edirəm ki, oynadığım rolları itirsəm də, ailəmi qoruyub saxlaya bilmişəm. Hər halda, enerjimin bir hissəsini sənətimə, bir hissəsini də ailəmə sərf edə bilərdim.

- Bəs sizə paxıllıq edən, mane olan, rollarınızı əlinizdən alan sənət yoldaşlarınıza reaksiyanız necə olurdu, onlara nəsə deyirdiniz?

- Əslində bütün bu maneələr, mübarizələr səhhətimə ciddi ziyan vurdu. Teatrda yaradıcılığım qalırdı bir qıraqda, ayağıma dolaşan, mənə əngəl olan aktrisalarla mücadilə edirdim. İki dəfə ürək tutması ilə xəstəxanaya yerləşdirildim. Bunları xatırlamaq istəmirəm.

- Sənət aləmində dostluq etdiyiniz insanlar varmı?

- Bu sənət aləmi elədir ki, burda dost, rəfiqə olmur. Hörmət etdiyim aktrisalar var, amma heç biri ilə rəfiqəlik etmirəm.

- Öz taleyinizi oynadığınız rollar olubmu?

- Əslində elə bir rol olmayıb ki, mənim taleyimi əks etdirsin. Hər roldan bir epizod ola bilər. Azərpaşa Nemətovun quruluşunda hazırlanan “Boy çiçəyi” tamaşasını oynayanda qulağıma söz-söhbət çatdı ki, Hicran öz həyatını oynayır. Bu söhbətlər mənim çox acığıma gəldi. Əslində bu rolun mənim taleyimlə heç bir əlaqəsi yox idi. Amma Afaq Məsudun “Qatarın altına atılan qadın” tamaşasında oynadığım tumsatan qadın obrazı ilə həyatım arasında bir oxşarlıq var. Sözün düzü, əvvəl mən tamaşada Gültəkini oynayacaqdım, sonradan başqa rol verdilər. Mən o rolu oynayanda içimdə qəribə duyğular baş qaldırdı. Müəyyən məqamlarda tamaşada sanki öz həyatımı yaşayırdım. Hətta bəzi məqamlarda məəttəl qalırdım ki, Afaq Məsud mənim taleyimdən xəbərsiz ola-ola necə belə bir obraz yaradıb və bu rolu da mənə veriblər.

- Şanslı aktrisasınız?

- 1980-ci illərdə oynadığım rolları götürsək, o dövrün ən şanslı aktrisası mən olmuşam. Bunu açıq və cəsarətlə deyə bilərəm. Amma bu gün üçün yeni fikir söyləyə bilmərəm. O dövrdə çox məşhur idim, şəhərə çıxanda hamı məni göstərirdi. Amma indi bəzən gənclər yolda görəndə heç məni tanımır da. Təəsüflənirəm, çünki gənclərin teatra olan marağı azalıb. Yeni nəsil gərək gəlib tamaşalara baxsınlar ki, aktyorları da tanısınlar. Kim ki efirə çıxır, gündəmdədir, onları da tanıyırlar. Amma sevinirəm ki, zamanında gözəl tamaşalarda oynamışam, elə son vaxtlar da oynadığım rollardan narazı deyiləm.

- Bax bu yaşınızın gözəl çağında necə bir obrazda oynamaq arzusundasınız?

- Fərq eləməz. Əsas odur ki, o rolu içimdə yaşaya bilim.

- Həm də cavan nənəsiniz, nəvəniz sizi necə çağırır?

- Nənə deyir.

- Kompleksə düşmürsünüz ki?

- Yox, yox, əksinə, nəvəm üstümə yüyürəndə sanki həyata yenicə doğuluram.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm