• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Aparıcı Azərdən etiraf: “Bu dəfə evlənəndə...” - FOTOLAR

Aparıcı Azərdən etiraf: “Bu dəfə evlənəndə...” - FOTOLAR

Müsahibim tanınmış teleaparıcı Azər İsmayılovdur. Nədənsə Azər həmişə mənə qaraqabaq, acıdil və sərt insan təsiri bağışlayıb. Maraqlıdır, görəsən, həqiqətənmi belədir, yoxsa zənnim məni aldadır?

Publika.az-a müsahibə verən aparıcı şəxsi həyatı ilə də bağlı ilk dəfə olaraq bizə danışdı.

- Bu gün aparıcılara münasibət birmənalı deyil. Bəzən elə aparıcılarımız olur ki, öz hərəkətləri və danışıqları ilə efirdə ikrah hissi doğurur. Sən izləyicilər tərəfindən qıcıq doğurmamaq üçün neynirsən?

- Məni sevməyən də çoxdur. Hətta məni təkəbbürlü insan kimi qəbul edənlər də var. Elə bilirlər özümdən razıyam və s. Əslində mən özümdən razı deyiləm, sadəcə olaraq, başımı aşağı salıb öz işimi görürəm.

- Səncə, səni niyə sevmirlər ki?

- Ona görə ki, məndə əsl kişi xarakteri var. Çox üzr istəyirəm ifadəmə görə, efirdə bambılılıq etməklə, atılıb-düşməklə sevilmək istəmirəm. Bəlkə də, kimlərsə mənim fikrimlə razı olmayacaq. Necə varamsa, eləyəm, sevirlərsə sevsinlər, sevmirlərsə, sevməsinlər.

- Yəqin, efiri izləyirsən, həmkarların ən çox hansı halda, səni qıcıqlandırır, düşünürsən ki, buna bax e, necə də aparıcı adına xələl gətirir?

- Bəzi aparıcıların özlərinə hörmət qoymaması məni çox əsəbiləşdirir. Başqa ölkələrin televiziyalarını izləyirəm və görürəm ki, aparıcılar özlərinə necə hörmətlə yanaşırlar. Bizimkilər belə deyil. İnsan özünə hörmət etməlidir ki, başqası da ona hörmətlə yanaşsın. Bir də bəzi hallarda aparıcılarımızın geyimi məni qıcıqlandırır. Hamısına şamil etmirəm. Xarici ölkələrin aparıcıları daha dəbli, daha model və kreativ geyinirlər.

- Ən çox hansı aparıcını bəyənib efirə gəlmisən?

- Heç birini. Mən özüm işləyə-işləyə gəlib aparıcı olmuşam. Bacarığım olub.

- Bəyəndiyin aparıcılar varmı?

- Azərbaycanda?

- Olsun elə Azərbaycanda?

- Çoxları dostlarımdır. Deyim ki, bundan yoxdur, yalan olar. Belə bəyəndiyim bir aparıcı yoxdur.

- Adını çəkəsən, bəlkə?

- Yox çəkmərəm.

- Qorxursan ki, aranızda qalmaqal yaşanar?

- Yox, qorxmuram, onlar dostlarımdır.

- Heç hansısa aparıcı dostuna məsləhət vermisən?

- Yox, heç kim heç kimin məsləhətini qəbul etmir, çünki hamısı bir-birinin paxıllığını çəkir. Heç kim heç kimin sözünə qulaq asmır, kimsə kiminsə işinə kölgə salır, əziyyətini yerə vurur.

- Deyirsən ki, səni təkəbbürlü aparıcı kimi qəbul edirlər. Əslində içində təkəbbür varmı?

- Yoxdu.

- Elə bir xasiyyətin varmı səni boğaza yığıb?

- İnsanlarla axıra qədər işləyə bilmirəm.

- Yəni səbirsizsən?

- Yox, işimi yarımçıq görürlər. Sonra da gedib orda-burda deyirlər ki, Azər bizimlə işləmədi. Məndə bir xasiyyət var ki, tanınmış, ya tanınmamış olmasından asılı olmayaraq, o adam məni yarıtmadısa, onunla üzülüşürəm.

- Deyəsən, kinlisən?

- Bəli. Amma baxır kimə qarşı.

- Yəqin ki, doğmaların bu sırada yer almaz.

- Elə deyil. Kin bəslədiyim insanların arasında doğmalarım, dostlarım və televiziyadakı həmkarlarım da var. Bunun da səbəbləri var, müsahibədə deyiləsi deyil. Şəxsi maraqlardır.

- Həmişə fərqli geyim tərzi ilə seçilmisən. Stilistlə çalışırsan?

- Yox, nə stilistim var, nə də xüsusi alış-veriş etdiyim dükanlar.

- Kimin zövqü ilə geyinirsən?

- Heç kimin. Mən özüm bir çox xarici ölkələrdə oluram və getdiyim hər ölkədə insanların geyimlərini nəzərdən keçirərəm. Sonra vizual gördüklərimi özümə tətbiq edirəm.

- Alış-verişlə aran necədir?

- Əla, demək olar ki, alış-veriş xəstəsiyəm.

- Ən çox nə almağı xoşlayırsan?

- Evim və avtomobilim üçün əşyalar, aksessuarlar.

- İsrafçısan?

- Həddən artıq. Bu xüsusiyyətimdən heç xoşum gəlmir. Bir də bu günlə yaşayanam, əlimdə olanı xərcləyirəm, sabah barədə düşünmürəm.

- Geyimdə ən çox hansı elementə üstünlük verirsən?

- Hamısına, istər köynək olsun, istər ayaqqabı, jilet…

- Kompleksin var?

- Çölə-bayıra çıxanda tanımadığım insan mənə nəsə deyəndə kompleks yaradır. Bəzən mənə nəsə deyiləndə dərhal reaksiya verib, onları acılayıram.

- Doğrudan e, baxanda acıdil təsir bağışlayırsan. Bayaq mən sənə yaxınlaşanda bunu gözə almışdım.

- Yox, səninlə acı danışmıram. Olur da, bəzən kimsə verilişimin adını çəkir, dönüb ona tərs-tərs baxıram.

- Burda nə var ki, belə qıcıqlanırsan?

- Nə bilim, xoşuma gəlmir.

- Vərdişin var?

- Siqaret çəkməyim.

- Bəs hobbin?

- Avtomobil həvəskarıyam və idman avtomobillərini çox xoşlayıram.

- Bu istək xoşlamaqla tamamlanır, yoxsa alıb gözünün qurdunu öldürürsən?

- İmkanım çatan qədər alıram.

- İndiyə qədər neçə maşın dəyişmisən?

- 22.

- Daha deynən maşınları əlcək kimi dəyişirəm də…

- İki, ya da ilyarımdan bir dəyişirəm.

- Xasiyyətin də belə dəyişkəndir?

- Onu özümdə kəşf etməmişəm, bəzən elə gicliklərim olur.

- Bir ara başına tük əkdirmişdin…

- Hə, burda nə qəbahət iş var ki?

- Demədim ki, qəbahət iş görmüsən, sözümün dalına qulaq asmırsan axı…

- Dünyada hamı bunu edir, lazım gələrsə, yenə də başıma tük əkdirərəm. Belə şeyləri gizlətmirəm. Bəzi müğənnilər kimi, silikon deyil, botoks deyil, saçdır də. Kişinin saçı töküləndə saç əkdirə bilər.

- Soruşmaq istəyirdim ki, kişilərin plastik əməliyyatına münasibətin necədir?

- Çox pis. Kişi nədir, plastik əməliyyat nədir?

- Şəxsi sual vermək istəyirəm, amma ürək eləmirəm. Qorxuram məni də acılayasan.

- Qorxma, soruş.

- Subay sayılırsan?

- Subayam və evlənəcəyəm.

- Bəs barışıq…

- Olmadı da. Soruşdun subaysan, dedim subayam, evlənəcəyəm, daha bu nə sualdı verirsən e…

- Namizəd var?

- Çoxdur, bu dəfə anamın məsləhəti ilə evlənəcəyəm.

- Hansı xüsusiyyət mütləq evlənəcəyin o qızda olmalıdır?

- Mənim 33 yaşım var, xüsusi bir xasiyyət güdmürəm. Ailəcanlı, sözəbaxan, tərbiyəli olsun.

- Sevmədən evlənərsən?

- Sevgi sonradan yaranır. Sevgi-zad boş şeydir. Hörmət olur, sonra da sevgiyə çevrilir.

- Amma çoxları belə düşünmür…

- Mən də 20 yaşım olanda sevgi-sevgi deyirdim. Amma 30 yaşı keçəndən sonra başqa cür düşündüm. Əsas olan qarşılıqlı hörmətdir, sevgi sonra da yarana bilər.

- Ən dözülməz xasiyyətin hansıdır?

- Evə gec gəlməyim, anamgilin üzünə qayıtmağım. İşimlə bağlı evə gec gəlirəm, anamgil danlayır ki, hardasan, niyə gec gəlmisən. Elə bilirlər kefdən-damaqdan, gəzməkdən gəlirəm. Başa sala bilmirəm ki, işimlə bağlı yubanıram, buna görə də əsəbiləşib üzlərinə qayıdıram.

- Səmimiyyətinə görə, sənə təşəkkür eləmək istəyirəm.

- Çox sağ ol. Mən beləyəm. Xoşuma gəlməyəndə acılayıram, kefim olmayanda kefsiz oluram, şən olanda da şən. Şükür bu günümə.

- Sosial şəbəkədə sənə yazılan mesajların hamısını cavablandırırsan?

- Bəzilərini hə, bəzilərini yox. Bəzən gic-gic təkliflər olur, cavab yazmıram. Şəxsi zəmində olan mesajları nəzərdə tuturam. Boş-boş yazırlar, soruşurlar, bu da məni əsəbiləşdirir. Xoş sözlər yazılanda cavab verirəm, pis sözləri cavabsız qoyuram.

- Lap əcəb eləyirsən.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR