Mərahim Fərzəlibəyov: “Məleykə Əsədovanın günahı sevməyindədir” - REPORTAJ
Bizi izləyin

Tabloid.az

Mərahim Fərzəlibəyov: “Məleykə Əsədovanın günahı sevməyindədir” - REPORTAJ

Hər kəs salonda öz yerini tutub, onlar xalq artisti Məleykə Əsədovanın günahının nə olduğunu bilməyə tələsir. İntizarla gözləyən tamaşaçı həyəcan içindədir…

Publika.az-ın məlumatına görə, Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin eyni adlı pyesi əsasında səhnələşdirilən “Mənim günahım” tamaşasının premyerası keçirilib. Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşa teatrda ikinci səhnə həyatını yaşayır. Belə ki, 1967-ci ildə qələmə alınan “Mənim günahım” ilk dəfə elə həmin ildə səhnələşdirilib. Əşrəf Quliyevin quruluş verdiyi həmin tamaşada baş rolu xalq artisti Amaliya Pənahova oynayıb. Yarım əsrlik zaman fasiləsindən sonra əsər İlyas Əfəndiyevin 100 illik yubileyi ərəfəsində yenidən səhnələşdirilib.

Qeyd edək ki, yeni quruluşda təqdim olunan tamaşada baş qəhrəman Nurcahan rolunda xalq artisti Məleykə Əsədova, digər rollarda isə Hacı İsmayılov, Elşən Rüstəmov, Hicran Nəsirova və digər aktyorlar çıxış edib.

İlk dəfə olaraq səhnəyə balerina obrazında çıxan Məleykə Əsədova bu dəfə də tamaşaçılarını sözün yaxşı mənasında təəccübləndirə bilib. Səhnədə balet oynayan aktrisanın oyunu alqışlarla müşayiət olunub.

Maraqlı süjet xəttinə malik olan əsərdə şan-şöhrətə çatmış, amma şəxsi həyatında xoşbəxt ola bilməyən, xəyali sevgi obrazı ilə yaşayan bir balerinanın taleyindən bəhs olunur. Onun həyat yoldaşı vaxtilə fanatı olub. Kasıb bir tələbə olan Sahib kimlərinsə yaxşılığı hesabına gəlib bəlli bir mərtəbəyə çatıb. O xanımını sevir. Amma belə məlum olur ki, illər ötsə də, bu sevgi fanat sevgisindən o yana keçə bilməyib. İllər sonra bunu görən və hiss edən Nurcahan sanki qəflət yuxusundan ayılır, qarşısında sevən bir ər yox, ona hörmət edən bir kişi görür. Bu hörmət ona lazım deyil, o dəli bir sevgi həsrətindədir. Amma artıq gecdir. Həyat yoldaşından atəşin sevgi gözləsə də, qarşı tərəfin ona yalnız bir pərəstişkar məhəbbəti olduğunu görən Nurcahan sonra səhnə ilə də vidalaşır, ömür-gün yoldaşı ilə də.

Tamaşa boyu hər kəsi bir sual düşündürürdü: Görəsən, əsərin qəhrəmanının günahı nədir? Məlekə Əsədova tamaşanın sonunda bu günahı etiraf edəcəkmi? Bu sualın cavabı finalda bəlli olub.

Tamaşa qəhrəmanının - Nurcahanın dilindən səslənən "sevgi bir röya kimidir, mən onu yalnız röyalarımda yaşadım" etirafı ilə tamamlandı. Əslində tamaşanın bir uğuru da bu günlə səsləşməsində idi. Gənclər arasında sevgi-məhəbbətə inamın azaldığı bir dönəmdə tamaşa sanki gənclərə bir ismarış ötürür: sevginizi qoruyun, sevdiyinizin qədrini bilin, məhəbbəti röyalarda deyil, real həyatda yaşadın.

Açığı, 1967-ci ildə səhnələşdirilən “Mənim günahım” tamaşasını televiziya vasitəsi ilə izləmişəm. Təbii ki, korifey sənətkarların təqdimatında izlədiyim bu tamaşa möhtəşəmliyi ilə yaddaşımda iz salıb. Yeni quruluşa gəlincə, Mərahim Fərzəlibəyov tamaşaya bir yenilik qatıb. Məsələn, mobil telefonlardan istifadə, qəhrəmanların “selfie” etməsi, salonda əyləşən tamaşaçılarla aktyorların təması - bütün bunlar əsərə yeni bir ruh verə bilib. Ən vacib bir məqamı da vurğulamaq istərdim. Zal tamaşaçılarla dolu idi, necə deyərlər, iynə atsan, yerə düşməzdi. Hətta yer olmadığından tamaşanı ayaq üstə izləyənlər də vardı. Bu da sevindiricidir, ona görə ki, insanların teatra marağının göstəricisidir.

Bu da tamaşaçı təəssüratları…

Psixoloq Elnur:

Günümüzlə səsləşən çox aktual bir tamaşadır. İnsan gecə-gündüz çalışır, bəzən özünü kənardan görə bilmir. Bu tamaşa bir daha özünə kənardan nəzər salmağa, ailə dəyərlərinə qiymət verməyə, münasibətlərə yenidən baxmağa imkan verir. Tamaşa sanki insanı içindən silkələyir ki, bir özünə bax. Aktyorların oyunu da çox xoşuma gəldi. Xalq artisti Məleykə Əsədovanın rollarını hər zaman izləmişəm, təbiiliyi ilə xoşuma gəlib, bu dəfə də belə oldu. Məleykə xanım tamaşaçını maraq içərisində saxlaya bildi.

Aydan Vəzirova, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi:

Tamaşa müasirləşdirilmiş bir üslubda təqdim olunur. Dekorasiyalar, səhnə tərtibatı çox xoşuma gəldi. Bu, Mərahim Fərzəlibəyovun quruluşunda baxdığım ilk tamaşa idi, çox xoşuma gəldi. Əsərə müasir prizmadan yanaşması, tamaşaçıya ötürdüyü mesaj çox xoşuma gəldi.

Rəhavi Qurbanzadə, Vergilər Departamentinin işçisi:

Qızımla Məleykə Əsədovanın pərəstişkarıyıq, elə tamaşaya da bir yerdə gəlmişik. Zövq aldım. Mən lap çoxdan bu tamaşaya baxmışam. Baş rolda xalq artisti Amaliya Pənahova çxış edirdi. İndi də öz içimdə bir müqayisə apardım. Bu tamaşa müasirliyi ilə seçildi. Sevgi, riyakarlıq, xəyanət - bütün bunlar hazırda cəmiyyətin bəlasına çevrilib. Hər kəs insanların riyakarlığından, ikiüzlülüyündən əzəiyyət çəkir. Bu mənada tamaşanın yükü, məzmunu var. Hər kəs gəlib baxsın və nəticə çıxarsın.

Sabir Qarayev, AYB-in üzvü, AMEA-nın böyük elmi işçisi:

Tamaşa günümüzdə baş verən hadisələrin real əksidir. Əsər fəlsəfi məzmun daşıyır. İnsan hansısa yüksək məqama çatanda, nə vaxtsa, ona edilən yaxşılıqlar gələcək karyerasında maneəyə çevrilir. Əsərin qəhrəmanı olan Sahib bu problemi yaşayır. Gənc qız Ayqızın oyunu çox xoşuma gəldi, təbiiliyi ilə seçildi. Bir də xoşuma gələn bu oldu ki, insanların teatara marağı ölməyib. Burda böyük tamaşaçı axını gördüm.

Bəsti Sevdiyeva, sənətçi:

İnsanı düşündürən bir tamaşadır. Məni çox duğulandırdı. Mənəvi problemlər yaşayan insanlar üçün maraqlı bir tamaşadır. Akyorların da oyunu çox xoşuma gəldi. Məleykə balerina paltarında məni yaxşı mənada çox təəccübləndirdi. Qız elə bil əsl balerina idi. Təssüratlarım çox zəngindir, hələ bir neçə gün, yəqin ki, tamaşanın təsiri altından çıxmayacağam. Mən çox duyğusalam axı.

Aygün Hüseynli, gənc yazıçı:

Ən çox xoşuma gələn Məleykə xanımın oyunu idi. Mən onu bu tamaşada yeni bir ampluada gördüm. Balerina paltarı ona çox yaraşırdı. Rolunu ürəkdən oynadı. Tamaşanın adı da gözəldir: “Mənim günahım”. Əslində qəhrəmanın çox gözəl bir günahı var - sevmək. Neyləsin ki, onun sevdiyi insan bu sevgiyə layiq deyil. Əslində bir çox qadınların yaşantıları bu tamaşada əks olunur. Sevgini röyalarında yaşayırlar və real həyatda onu tapa bilmirlər. Məleykə xanımın yaratdığı Nurcahan obrazı da belə bir sevginin əzabını yaşayanlardandır.

Tamaşanın sonunda səbəbkarlar da danışıb.

Xalq artisti Məleykə Əsədova bu obrazı sevə-sevə oynadığını bildirib: “Ruhuma yaxın bir roldur. Nurcahanla aramızda ruhən bir yaxınlıq var, buna görə hər şey təbii alındı. İnanırdım ki, bu tamaşaya baxıb hər kəs həzz alacaq. Mənim də ürəiymdə yarımçıq qalmış bir sevgi yaşayıb. Buna görə də rejissor bu rolu mənə həvalə edəndə o saat razılaşdım. Bu tamaşada İlyas Əfəndiyevin ruhu var. İlk dəfədir ki, mən İlyas Əfəndiyevin tamaşasında rol alırdım. Bu tamaşadan bir parçanı mən Türkiyədə təqdim etmişdim, hər kəs bəyənmişdi. Tamaşaya rayonlardan, hətta başqa ölkəldərdən olan fanatlarım gəlmişdi. Onlara minnətdaram. Məni bu gün yaşadan onların sevgisidir. Görün, mənə nə qədər güllər gətiriblər, bunlar mənim üçün milyonlara bərabərdir. Hər il mənim premyerama anam gəlib baxırdı. Artıq neçə illərdir ki, anamı qızım əvəz edir. Qızım premyerama baxır və çox sevinir”.

Xalq artisti Mərahim Fərzəlibəyovun fikirləri belə olub:

İlk dəfə bu tamaşa 1967-ci ildə səhnələşdirilib. Yazılmasından 40 il keçməsinə baxmayaraq, tamaşada müasirlik görürəm. Əsərin qəhrəmanı Nurcahan içində xəyali sevgi ilə yaşayır. İndi də insanlara baxıram, o ülvi, saf sevgini görə bilmirəm. Mən bu rolu Məleykə xanıma həvalə edəndə o mənə dedi ki, bu, mənim rolumdur. Onda başa düşdüm ki, aktrisa artıq rolu hiss elədi və tamaşa uğurlu alınacaq. Nurcahan hər zaman sevgisini xəyallarında yaşadır, amma real həyata enəndə sevgisini tapa bilmir. Hər bir insanın günahı var. Amma Məleykənin günahı ideal günahdır. Onun günahı budur ki, o, sevməyi bacarır. Amma neyləsin ki, sevgisini real həyatda tapa bilmir. Mən arzulayardım ki, bu günkü nurcahanlar sevgisini real həyatda tapa bilsin, xəyalında yox. Bu tamaşa mənim üçün çox əzizdir. İlyas müəllim 40 il bundan əvvəlki quruluşdan narazı idi. Mən də çalışdım ki, bu tamaşaya verdiyim quruluşla onun ruhunu şad edim”.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm