• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ölənə qədər sevgisinə sadiq qalan aktyorun ad günüdür

Ölənə qədər sevgisinə sadiq qalan aktyorun ad günüdür

Bu gün xalq artisti, bənzərsiz aktyor Hamlet Qurbanovun ad günüdür.

Publika.az-ın məlumatına görə, Azərbaycan teatrında özünəməxsus yeri olan aktyor teatrda təsadüfi insanlardan deyildi. Sənətin sirlərini atası Ağadadaş Qurbanov və anası Gülxar Həsənovadan öyrənmişdi. Özünəməxsus ifa tərzi, səmimiyyəti, hətta fakturası ilə belə fərqlənən aktyorun ömrü uzun olmasa da, səhnədə yaratdığı obrazları bu gün də ikinci həyatını yaşamaqdadır.

Hamlet Qurbanov 1940-cı ildə anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, görkəmli rejissor Mehdi Məmmədovun kursunu bitirib. 1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaradan aktyor Azərbaycan televiziyasının hazırladığı “Topal Teymur”, “Yollar görüşəndə”, Evləri köndələn yar, “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və digər tamaşalarda maraqlı obrazlar yaradıb.

“Babamın babasının babası”, “Dədə Qorqud”, “Nakəs”, “Bağ mövsümü”, “Yaramaz”, “Cin mikrorayonda”. Hamlet Qurbanov eyni zamanda “Azərbaycanfilm”in istehsal etdiyi bu filmlərdə də özünəməxsus rollar yaradıb.

Anası xalq artisti Gülxar Həsənova yeganə övladını çox istəyirdi. Hamlet öz ölümü ilə anasının ürəyinə dağ çəkmişdi. Övladının vaxtsız itkisi ilə ömrünün sonuna qədər barışmayan səhnəmizin Ərəbzəngisi evinin bir otağına Hamlet Qurbanovun fotolarını, geyimlərini və əşyalarını yığmışdı. Hər gün o otağa daxil olan Gülxar xanım oğlunun ətrini həmin əşyalardan alırdı.

“Gülü budağında xar olan Gülxar” deyə nalə çəkən dərdli ana hər gün oğluna şeirlər yazırdı. Mən də bir jurnalist olaraq sağlığında ikən Gülxar xanımla görüşüb Hamlet Qurbanov haqqında yazı hazırlamışdım. Gülxar xanım danışırdı ki, Hamlet səhnədə xoşbəxt aktyor olmasına baxmayaraq, şəxsi həyatında xoşbəxt deyildi. Ailəsindən ayrılan Hamlet hər zaman qovuşa bilmədiyi sevgisinə sadiq qalmışdı. Aktyor məşhur bir aktrisa ilə eşq yaşasa da, həmin aktrisa ona xəyanət edərək başqası ilə evlənmişdi. Gülxar xanım danışırdı ki, həmin aktrisa oğlu Hamletə saysız-hesabsız sevgi məktubları yazıbmış. Amma aktrisa ərə gedən gün Hamlet bütün məktubları yandırıb. Bu gün aktyorun Səlim adlı yeganə övladı var. Hazırda o, xaricdə yaşayır.

Aktyor 1995-ci ilin noyabrın 13-də xərçəng xəstəliyindən dünyasını dəyişib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR