• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Fikrət Əmirovun “Min bir gecə” baleti Minskdə

Fikrət Əmirovun “Min bir gecə” baleti Minskdə

Fevralın 14-dən 16-dək Minskdə, Belarus Dövlət Musiqili Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası olmuşdur.

Quruluşçu baletmeyster, Azərbaycanın Xalq Artisti Mədinə Əliyevanın yeni əsrarəngiz xoreoqrafiyası, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərlik etdiyi simfonik orkestrin parlaq ifası, quruluşçu-rəssam İnarə Aslanovanın yaratdığı, Şərq dünyasının ruhunu təcəssüm etdirən rəngarəng dekorasiya və geyimlər belarus tamaşaçıları tərəfindən böyük heyranlıqla qarşılanmışdır.

Tamaşanın quruluşunda, həmçinin teatrın baş baletmeysteri, Belarus Respublikasının Xalq Artisti Vladimir İvanov, eləcə də quruluşçu-baletmeysterin assistentləri, Belarusun Əməkdar artistləri Janna Lebedeva və Olqa Serko, rəssam Lyubov Sidelnikova, musiqi redaktoru, Azərbaycanın Əməkdar Artisti Samir Səmədov iştirak etmişlər.

Tamaşada aparıcı partiyaları Belarus Dövlət Musiqili Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Sergey Qlux (Şəhriyar), İrina Voytekunas (Şəhrizad), Polina Qarunoviç (Zibeydə), İqor Qonçarik (dənizçi Sindbad), Dmitriy Lazovik (Ələddin), Mika Suzuki (şahzadə Budur), Vitaliy Borovnev (Cin), Mayk Partuş (Quldurların başçısı), Aleksandra Krasnoqlazova (Mərcanə) və Nikolay Umerenkov (Əlibaba) ifa etmişlər.

"Min bir gecə" baletinin ifaçıları - Mayk Partuş (Fransa), Ririko İto, Mayuoko Ono və Mika Suzuki (hər üçü Yaponiya), İrina Voytekunas (Litva) müxtəlif ölkələri və qitələri təmsil etmişlər.

Üç gün ərzində bütün tamaşalar anşlaqla keçmişdir. Baletin hər bir nömrəsi sürəkli alqışlarla müşayiət olunmuşdur. Tamaşa başa çatdıqdan sonra dinləyicilər solistlərə, dirijor Əyyub Quliyevə, xoreoqraf Mədinə Əliyevaya və rəssam İnarə Aslanovaya məmnunluqlarını sürəkli alqışlarla bildirmişlər.

"Min bir gecə" baletinin Minskdə premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə keçirilmişdir. Tamaşanın premyerasında, həmçinin mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Belarus Mədəniyyət Nazirliyinin rəhbərliyi, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə iştirak etmişlər.

Xatırladaq ki, 2010-cu ildə Belarus Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının, 2013-cü ildə isə Belarus Dövlət Opera və Balet Teatrının səhnəsində Qara Qarayevin "Yeddi gözəl" baletinin premyeraları olmuşdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR