Üç dəfə evlənən və qadınların üstündə dava saldığı aktyor
Bizi izləyin

Tabloid.az

Üç dəfə evlənən və qadınların üstündə dava saldığı aktyor

İlk dəfə Azərbaycan səhnəsinə kütləvi tamaşalarda çıxıb, bir kəlmə də olsun, sözü olmayıb. Amma bəstə boyuna, cüssəsiz vücuduna baxmayaraq, səhnəni doldurub. Səhnəyə bircə gəlişi, bircə kəlməsi kifayət edib ki, tamaşaçı ondan enerji alsın. Bütün aktrisaların sevimlisi olsa da, bütün aktyorlar onun paxıllığını çəkib. Çünki böyük aktyor idi, hər kəs buna görə, ondan qorxurdu və onu özünə rəqib sayırdı.

Xalq artisti, Azərbaycan milli kinosu və səhnəsində parlaq obrazlar yaradan, səhnə fakturası, qeyri-adi səs tembri ilə adını mədəniyyət tariximizə yazan Yusif Vəliyevdən danışacağıq. Bu gün onun xatirə günüdür. Aktyor 1917-ci ildə Dərbənddə doğulub.

İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayan aktyor səhnədə Əşrəf bəy (“Hacı Qəmbər”), Hacı Qara (“Hacı Qara”), Surxay (“Toy”), Şərif (“Almaz”), Vaqif (“Vaqif”), Yaqo (“Otello”) kimi rollar oynayıb.

1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Arzulasa da, aktyorun Akademik Milli Dram Teatrında işləmək istəyi baş tutmayıb.

Yusif Vəliyev “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bir çox filmlərdə -“Sən nə üçün yaşayırsan?” (Balıqçı), “Nəsimi” (Teymurləng), “Qatır Məmməd” (Halvaçı), “Tütək səsi” (Qurban), “Arxadan vurulan zərbə” Qurd Cəbrayıl, “Uşaqlığın son gecəsi” (İş icraçısı), “Bir cənub şəhərində” (Səfərəli)- yaddaqalan obrazlar yaradıb.

Vaxtilə onunla bərabər çalışan xalq artisti Tariyel Qasımov böyük aktyor haqqında xatirələrini Publika.az-la bölüşüb:

- Azərbaycanda iki böyük sənətkarın vurğunu olmuşam, onlardan biri Yusif Vəliyevdir. Təyinatla məni “Azdrama”ya göndərmişdilər, amma mən öz xahişimlə Yusif Vəliyevə görə Gənc Tamaşaçılar Teatrına getdim. Elə həmin il “Komsomol poeması” tamaşasında Yusif Vəliyevlə tərəf müqabili oldum. Həmişə cavanlarla dostluq edirdi. Oynadığı rolları da özünə oxşayırdı-əzəmətli, qürurlu. Həyatda çox sərt, mühafizəkar, nizam-intizamı sevən adam idi. Teatrın rəhbərliyi onu sevmirdi, çünki açıq fikirli adam idi. Yaltaqlığı sevməzdi və ürəyindən keçən iradları asanlıqla müdiriyyətə söyləyərdi. Xalq artisti adını çox gec aldı. Hansı ki, həmin vaxtda ondan qat-qat cavan, amma sənəti olmayan adamlar fəxri ad almışdılar.

Yusif Vəliyev teatrı o qədər sevirdi ki, hətta xəstə olduğu vaxtlarda belə, gəlib filmə çəkilirdi. Yadımdadır ki, xəstəxanada yatırdı, həmin vaxt televiziyada “Rektorun qəbul günləri” adlı tamaşa hazırlanırdı. Mən rektor rolunda oynayırdım, o da mənim müavinim idi. Xəstəxanadan onu maşınla götürüb televiziyaya çəkilişə gətirirdilər və yenə də aparıb xəstəxanaya qoyurdular.

Balacaboylu aktyor idi, amma səhnədə elə bilirdin nəhəng bir adamla qarşı-qarşıyasan. Balaca göy gözləri vardı, amma mən onunla filmə çəkiləndə gözlərinə baxanda qorxurdum. Gözləri böyüyürdü.

Bütün aktrisalar onu dəlicəsinə sevirdilər. Qadınlar onun üstə dava salırdılar, çünki xarizmatik kişi idi.

Şəxsi həyatına gəlincə, üç dəfə evli olmuşdu. Birinci dəfə Şəki teatrında çalışan və özündən 12 yaş böyük qadınla evlənmişdi, ondan iki qızı vardı. İkinci dəfə xəstə qadınla ailə qurmuşdu. Amma o qadınla heç bir il yaşamadı. Üçüncü dəfə evləndiyi aktrisa Zemfira Sadıqovanı çox qısqanırdı. Hətta o qadını filmlərdə oynamağa qoymurdu. Yadımdadır ki, bir dəfə Kinostudiyada işləyən bir nəfər Zemfira xanıma eşq elan etmişdi. Buna görə çox qəzəblənən Yusif Vəliyev onu döymüşdü. Kinostudiyanın o vaxtkı direktoru Ədil İsgəndərov buna görə Yusif Vəliyevi kinostudiyaya gəlməyə icazə vermirdi. Amma Ədil İsgəndərov sonradan özü ona xəbər göndərmişdi ki, gəlib “Axırıncı aşırım” filmində onun səsini səsləndirsin. Ədil müəllim deyibmiş ki, mənim səsim komediya səsidir, Kərbəlayinin danışığını isə yalnız Yusif səsləndirə bilər. Onda barışmışdılar.

Yusif Vəliyevin paxıllığını çəkən, onun böyüklüyünü həzm edə bilməyən kişi aktyorlar çox idi. Yadımdadır ki, onu iki dəfə Akademik Milli Dram Teatrına işə dəvət etdilər. Amma teatrın baş rejissoru Zəfər Nemətov buna icazə vermədi. Dedi ki, əgər Yusif teatrdan getsə, onda gərək, Gənc Tamaşaçılar Teatrını bağlayaq. Əslində “Azdrama”nın da aktyorları onunla eyni səhnəni bölüşmək istəmirdilər. Çünki bilirdilər ki, onun kölgəsində itib-batacaqlar. Kişi aktyorlar onu özlərinə ən güclü rəqib sayırdılar. Amma Yusif müəllim heç vaxt özünü onların səviyyəsinə endirməzdi, paxıllıqlara fikir verməzdi. Başını aşağı salıb öz işini görərdi. Hətta bir çox filmlər və tamaşaların uğuru birbaşa Yusif Vəliyevin adıyla bağlı idi. Buna görə də rejissorlar onu filmlərinə dəvət edirdilər. Sakit, qaradinməz, qapalı insan idi. Hay-küylü məclisləri sevməzdi.

Həmişə səliqəli geyinərdi, biz onu qalstuksuz görməmişdik. Geyiminə fikir verən adam olub. Hətta biz cavanlar o vaxt ona baxıb geyinməyi öyrənərdik. Yusif Vəliyev çoxlarının kumiri idi. Fakturası, əzəmətli səsi, yerişi-duruşu ilə. Mən deyərdim ki, Yusif Vəliyev əfsanəvi aktyor idi. Çətin onun yerini kimsə tutsun. Günü bu günə qədər də onun yerini tuta biləcək, onu əvəzləyəcək aktyor yoxdur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm