Ən məşhur Kosanın prezidentlə bağlı Novruz xatirələri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ən məşhur Kosanın prezidentlə bağlı Novruz xatirələri - FOTOLAR

Novruz bayramını Kosa ilə Keçəlsiz təsəvvür etmək çətindir. Onlar olmadan bayramın dadını çıxarmaqmı olar? Əlbəttə yox!

Publika.az uzun illər Novruz bayramlarında keçirilən meydan şənliklərinin Kosasını -“Irs” ansamblının aktyoru Qafar Novruzovu söhbətə çəkib.

- Ay kosa-kosa gəlsənə,

Gəlib salam versənə,

Çömçəni doldursana,

Kosanı yola salsana…

Salam ay Kosa, bayramın mübarək…

- Novruz-novruz bahara,

Güllər-güllər nübara,

Bağçamızda gül olsun,

Gül olsun, bülbül olsun,

Bal olmasın, yağ olsun,

Evdəkilər sağ olsun,

Xanım dursun ayağa,

Kosaya pay versin ağa.

Sizin də bayramınız mübarək. Amma belə baxanda Keçəlin bayramıdır, ilboyu kef edəcək, amma mən yazıq, Kosanın ömrü bir-iki günlükdür. Keçi məni vurub yıxacaq… O, Keçəlin elə çoxbilmişliyinə görə başından tük çıxmır də.

- Doğrudan e, danış görək nə məsələdir, Keçəl sizi niyə sıradan çıxarır?

- Əslində Kosa qışın, Keçəl isə yazın rəmzidir. Artıq neçə əsrlərdir ki, mən öz taleyimlə barışmışam. Qarlı qışın simvolu olan Kosanı sıradan çıxarmasalar, bahar da olmaz axı. Baharın xətrinə Keçəli yola verirəm. Amma bir iş də var ki, bir ildən sonra yenə də mən gələcəyəm. Axı qışın da öz yeri var. Elə bilmə ha, özümə təsəlli verirəm. Mən hər zaman yaşayıram. Mənim bilirsən nə qədər yaşım var?

- Təxmini bilirəm. Azı min var…

- Elə mən özüm də yaşımı yadımdan çıxarmışam. Amma çox uzağa gedib çıxır. Novruzun tarixi nə qədərdirsə, mənim də yaşım o qədərdir.

- Ay Kosa, amma xalq səni də az istəmir ha, Keçələ qoyduğu hörməti elə sənə də qoyur. Elə olmasaydı, sənə bu qədər ənam verərdilər?

- Düz deyirsən. Yeri gəlmişkən, bir sirr də açım, bilirsən Keçəllə Kosaya niyə eyni hörməti qoyurlar? Çünki tarixən meydan şənliklərində hər zaman Keçəllə Kosa rəqs edib, baməzə deyişmələri ilə xalqı əyləndirib. Özü də Kosa ilə Keçəl çox kasıb olublar. Xalq kasıb olduqları üçün onlara əl tutub, xeyirxahlıq edib ki, çətinlik çəkməsinlər. Deməli, bu, həm də xalqımızın nə qədər səxavətli, əliaçıq, canıyanan olmasından xəbər verir. Bu gün də bu ənənə davam etməkdədir. Xalq Kosaya və Keçələ ənam verməklə həm də öz səxavətini göstərir, Azərbaycan xalqının qonaqpərvərliyini göstərir. Həm də ənam ilin uğurlu, ruzi-bərəkətli olmasına bir işarədir. Hamı Keçələ, Kosaya pay verir ki, il bərəkətli olsun.

- İndi deyin görək, bu Keçəllə niyə yola getmirsiniz e?

- Keçəlin bəxti yaman gətirir. Novruzun rəmzidir deyə mənə göz verib, işıq vermir. Amma xalqımız sağ olsun, ayrı-seçkilik salmırlar, ikimizə də bərabər ölçüdə pay verirlər. Keçəli sevdikləri qədər mənə də hörmət göstərirlər. Əsas işimiz çərşənbələrdə, bayram günlərində meydan şənlikləri keçirmək, yumurta döyüşdürmək, baməzə deyişmələrdən ibarətdir.

- Bəlkə, birini bizə də deyəsiniz, eynimiz açılsın…

- Ay uyruğu-uyruğu,

Saqqalı it quyruğu,

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər,

Yığar bayram xonçasın,

Hər yerdə düyün eylər.

- Xurcununuz həmişə dolur?

- Sağ olsunlar, boş qoymurlar.

- Yəqin, bu meydan şənliklərində başınıza maraqlı hadisələr də gəlir?

- O qədər… Bu uşaqlar bizi yaman aldadır. Qəsdən yox e, bizi sevdikləri üçün əylənirlər. Bir dəfə məni aldadıb çiy yumurta verdilər, keçəlin başında sındırdım. Yazıq keçəlin üst-başı yumurta oldu. Çox hirsləndi. Bir dəfə də televiziyaya çəkilişə getmişdim. Uşaqlardan biri çəkiliş zamanı qəfildən saqqalımı qoparıb qaçdı. Həmin an səhnədə özümü itirdim. Tez kənara çəkilib saqqalımı yapışdırdım. Çox olub belə şeylər. Uşaqlar xurcunumdan şirniyyat oğurlayıb qaçıblar. Bir dəfə də Keçəlin barmağını sındırmışam. Mən çömçəni qaldıranda bilmədən onun barmağına dəydi və çeçələ barmağı sındı. Onsuz da Keçəllə yola getmirdik, bu hadisədən sonra aramız lap dəydi. Keçəlin məni görməyə gözü olmadı (gülür).

- Adətən, xurcununuza nə qoyurlar?

- Pul da qoyublar, hədiyyə də.

- Nə qədər?

- Bir manat da qoyan olub, 500 dollar da.

- Keçəllə bölmüsünüz?

- Tək keçəllə yox, sənət yoldaşlarımla bölmüşük ki, hamısının evində qazan qaynasın. Amma bir dəfə xurcunuma fındıq-qoz qabıqları doldurub qapının ağzına qoymuşdular. Elə bildim içi dolu şirniyyat, ənamdır. Sevincim uzun sürmədi. Həyətə düşəndə gördüm ki, xurcuna zir-zibil doldurublar. Yəqin ki, mənimlə zarafat eləmək istəmişdilər.

- Heç sizi evlərə dəvət edirlər?

- Şəxsi dəvətlərimiz olur. Ən çox uşaqların arzusu ilə bizi evlərinə çağırırlar ki, onları əyləndirək. Uşaqlar yaxınlaşıb əlləri ilə saqqalımı, Keçəlin başını sığallayırlar.

- Bəs bölgələrə, başqa ölkələrə necə gedirsiniz?

- Dəvətlər olanda gedirik. Bax keçən il Türkiyədə keçirilən Novruz şənliklərinə dəvət aldıq. Bizi çox yaxşı qəbul etdilər, xurcunumuzu da doldurub yola saldılar.

- Məşhurlarla da yumurta döyüşdürürsünüz…

- Mən ulu öndər Heydər Əliyevlə yumurta döyüşdürmüşəm. Bir yerdə şəkillərimiz də var. O anlar mənim həyatımda ən xoşbəxt anlardır. Ulu öndərimizin sayəsində Azərbaycan Novruz şənliklərini yüksək səviyyədə, açıq-aşkar qeyd edir. Biz buna görə ona borcluyuq. Bu gün Novruz ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri sayəsində YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Əsrlər boyu xalqımızın davam etdirdiyi ənənələri bu gün də davam etdiririk.

- Kosacan, bir neçə gündən sonra Keçəl sənin axırına çıxacaq. Sən də bir şirinlik elə ki, xalqımız səni ondan çox sevsin. Onsuz da yanımızda yoxdur. Xəbəri olmayacaq.

- Öz aramızda qalsın, onsuz da məni Keçəldən çox istəyirlər. O hiyləgər Keçəldir, mən də fağır Kosa. Xalqımıza səadət dolu günlər arzulayıram. Ömrünüz həmişə səməni kimi yaşıl, ruzi-bərəkətli olsun.

Ağırlığınız, uğursuzluğunuz odlara,

Odda yanan yadlara,

Ağırlığınız az olsun,

Odda yanan yad olsun…

- Sağ ol, ay Kosa, gələn il görüşənədək!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm