Əməkdar artist: “Oyy, birdən adamın belə əri olar” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Oyy, birdən adamın belə əri olar” - FOTOLAR

Adətən, teatrlarda nadir hallarda sənət adamlarını görürük. Amma əməkdar artist Bəsti Sevdiyeva, deyəsən, belələrindən deyil. Onu Akademik Milli Dram Teatrında “Mənim günahım” tamaşasının premyerasında gördük. Bunu fürsət bilib, ailəliklə tamaşaya gələn Bəsti xanımı söhbətə tutduq. Publika.az Bəsti xanımla maraqlı müsahibəni təqdim edir:

- Adətən, nadir hallarda sənət adamlarını teatrlarda görürük. Baxıram ki, siz də premyeraya gəlmisiniz. Ümumiyyətlə, teatra tez-tez gedirsiniz?

- Biz tamaşalara həmişə ailəliklə gedib baxırıq. Oğlum, qızım, həyat yoldaşım teatra getməyi çox xoşlayır. Bu gün də hamımız burdayıq. Hətta qızımın Türkiyədəki iş yoldaşları da bizimlə burdadır. Həmişə belə olmuşuq, çox vacib işim olanda belə, onu təxirə salıb, tamaşalara gedirəm. Özü də bütün teatrlara gedirəm - Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı. Hərəsinin öz yeri var. Xalq artisti Məleykə Əsədovanın baş rolda oynadığı “Mənim günahım” tamaşasını isə çoxdan gözləyirdim.

- Teatrı sevirsinizsə, deməli, bəyəndiyiniz aktyor və aktrisalar da var?

- Xüsusi bəyəndiyim aktyorların adını çəkməyəcəyəm. Amma hər tamaşada kimlərinsə oyunundan xoşum gələ bilər. Məsələn, bu yaxınlarda Nicat Kazımovun quruluşunda bir tamaşaya baxdım. Baş rolda Şövqi Hüseynov oynayırdı. Aman Allah, bu aktyor nə qədər istedadlıymış. Mən onun oyununa valeh oldum. Elə bil, səhnədə deyildi. Sanki həyatda səninlə qabaq-qabağa durub söhbət edirdi. Çox sevindim. Ancaq başqa bir yandan da təəssüf etdim ki, belə bir aktyorun dəyərini bilmirik. Türkiyədə, yaxud başqa ölkələrdə olsaydı, Şövqi ən bahalı aktyor sayılardı.

- Teatr zövqünüzdən xəbərdar olduq, maraqlıdır, bir sənətçi kimi hansı janrda musiqiləri dinləməyi xoşlayırsınız?

Mənim üçün janr məhdudiyyəti yoxdur. Xoşuma gəlirsə, - istər pop olsun, istər caz, yaxud da klassika - hamısını dinləyirəm. Muğamı demirəm, çünki muğamat damarımda axan qanımdır, musiqilərin şahıdır. Amma dilindən, dinindən, irqindən asılı olmayaraq, bütün musiqiləri sevirəm. Bethoven, Şopen, Motsartı dinləməkdən doymuram. Mən sevdiyim musiqiləri dinləyəndə dincəlirəm, yorğunluğum canımdan çıxır.

- Azərbaycana tez-tez türk və əcnəbi müğənnilər gəlib konsert proqramı ilə çıxış edirlər. Onların konsertinə gedirsiniz?

- Yox, qətiyyən, o müğənnilərin konserti mənim üçün maraqlı deyil. Bu yaxınlarda Sami Yusif də gəlib konsert verdi, amma marağım olmadığı üçün konsertinə getmədim. Sözün düzü, o müğənnilər məni tərpətmir. Gərək sənətçi öz səsi və ifası ilə məni həyəcanlandırsın ki, gedib onu dinləyim. İstəyərdim ki, Azərbaycanda da belə bahalı konsertlər olsun. Bizim müğənnilər də qazansın. Müğənninin səsi xoşuma gəlirsə, bileti nə qədər bahalı olur-olsun, pul verib, konsertinə gedərəm. Hətta qəpik-qəpik pul yığıb o konsertə gedərəm. Təki əsl sənətkarların sayı çox olsun.

- Bəs özünüz nə vaxt solo-konsert verəcəksiniz?

- Mən Filarmoniyada, Muğam Mərkəzində solo-konsertlər vermişəm.

- Heydər Əliyev adına Sarayı nəzərdə tuturam.

- Sarayda konsert vermək fikrim var, amma təşkilati məsələlər məni çox yorur. Sənətçi belədir ki, təşkilati məsələlərlə uğraşmamalıdır. Məsələn, biz xarici ölkələrə gedib konsert verəndə sadəcə oxuyuruq. Daha sponsor axtarım, konsert təşkil edim, belə şeylər yoxdur.

- Adınız heç vaxt qalmaqalda hallanmayıb.

- Yox, yox, qalmaqal mənlik deyil.

- Arada sizi qalmaqala çəkən olur?

- Mən o şeylərdən uzağam və həmişə də qalmaqaldan kənar gəzirəm. Hər kəs də bu xasiyyətimi bilir. Ona görə də məni qalmaqala çəkən olmur. Qalmaqalı sənətimə, çəkimə, ailə dəyərlərimə uyğun saymıram. Lap kimsə məni qalmaqala çəksə də, qızımın, oğlumun, həyat yoldaşımın və nəslimin adına yaraşdırmadığım üçün heç kimə cavab vermirəm.

- Ailədən söz düşmüşkən, bildiyimə görə, imkanlı ailənin gəlinisiniz?

- İmkanlı deməzdim... Sadəcə, tanınmış, ziyalı bir ailənin - Filologiya elmləri doktoru, professor Nazim Axundovun gəliniyəm. Çox kübar bir nəsildəndirlər. Ümumiyyətlə, şəxsi həyatım haqqında danışmağı xoşlamıram. Efirdə, mediada ərimdən, qayınanamdan danışmaq mənlik deyil. Bunu ayıb bilirəm.

- Nə əcəb ailə quranda yoldaşınız sənətinizə qadağa qoymadı?

- Yox, qətiyyən aramızda belə bir söhbət olmadı. Çünki o özü məni səhnədə görüb bəyənib. Mən onun yanına təyinatla işə getmişdim. Çox qaraqabaq oğlan idi. Onu görəndə deyirdim ki, oyy, birdən adamın belə əri olar. Qurban olum Allaha, axırda qismət elə gətirdi ki, gəlib ərim oldu.

- İstərdinizmi uşaqlarınız sənətinizi davam etdirsin?

- Özləri musiqini seçmədi. Qızım Xarici Dillər Universitetini bitirib. Hazırda Şimali Kiprdə magistraturada oxuyur və həm də orda böyük bir şirkətdə çalışır. Qızımın musiqi duyumu olsa da, səsi yoxdur. Oğlum isə daxili işlər orqanlarında çalışır. Güclü vokal səsinə baxmayaraq, oxumaq arzusunda olmayıb. Deyir ki, oxumaq ona görə bir iş deyil.

- Bir ara çəki atmışdınız, amma baxıram ki, yenidən kilo almısınız…

- Hə, elə qəşəng arıqlayıb, nərmənazik qız olmuşdum ki... Xəstəxanaların birinə gedib, pəhriz resepti almışdım, əməlli-başlı çəki atmışdım, görənlər tanımırdılar. İstəsəm, üç günün içində arıqlayaram e, amma özüm istəmirəm.

- İndi pəhriz saxlayırsınız?

- Yox, ay qız, evdə o ki var, yeyib gəlmişəm. Özü də nə gəldi, yeyirəm.

- Sizi ən çox nə kökəldir?

- Yağlı yeməklər, bir də çörək. Yağlı yeməkləri menyumdan çıxarmışam. Amma çörəkdən imtina edə bilmirəm. Nədənsə, çörək yeməyəndə elə bilirəm heç nə yemədim, ac qalmışam. Biz azərbaycanlılar çörəyi çox sevirik, axı. O xariciləri görürük də, bir dilim çörəkdən istifadə edirlər.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm