• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prodüser oriyentasiyası normal olan müğənnilərdən danışdı - ÖZƏL

Prodüser oriyentasiyası normal olan müğənnilərdən danışdı - ÖZƏL

Şou-biznesdə hamını tanıyır. Prodüser Təranə Səmədova iştirakçısı olduğu qalmaqallarla da yada qalıb. Onu yaddaşlara həkk edən səbəblərdən biri də aparıcısı olduğu veriliş idi ki, o da bağlandı.

Publika.az-ın qonağı prodüser Təranə Səmədovadır.

- Təranə xanım, “Mənim zirvəm” adlandırdığınız “Hələ bu harasıdı” veriliş niyə bağlandı?

- Əslində qəliz sualdır. Konkret səbəbi yoxdur. Hətta reytinq problemimiz də yox idi.

- Məncə, verilişin bağlanmasını istəmirdiniz...

- Balam kimi idi. Komandanı özüm yığmışdım. Həyatım da bir düzənə girmişdi. Hər səhər saat 8-də yuxudan durub 11-də efirdə olurdum. Rejimə düşmüşdüm. Hər bir insanın həyatında fiaskosu olur. Əsas odur ki, yaşadığım hər bir fiasko gələcək həyatımın uğurudur. Sarsılmıram... Kənara çəkilib oturmuram. Uğursuzluqdan stimul alıram.

- Yenidən aparıcı kimi efirə çıxsanız, necə veriliş aparmaq istərdiniz?

- Özümü tok-şouda görürəm. Verilişimdə tamaşaçı da görmək istəyirəm. Vaxtilə Sevil Nuriyevanın “Zərif çərşənbə” verilişini çox bəyənirdim. Düzdür, veriliş rezonans yaratmamışdı, ancaq öz tamaşaçısı vardı. Mən də o formada bir şey etmək istərdim.

- Bir tamaşaçı kimi darıxdığınız aparıcılar var?

- Jurnalistika sahəsində böyük əməyi olan insan kimi Qənirə Paşayeva üçün darıxmışam. O xanım bomba idi elə bil. Hazırladığı hər süjetlə partlayış edirdi. Elə Sevil Nuriyeva özü də... Nailə İslamzadə üçün darıxmışam. Rövşanə Bektaşi ilə aparıcılıq edən Sabir Ələsgərli üçün darıxmışam. Rövşanə o qədər danışırdı ki, axır kişi gördü onun danışığına ehtiyac yoxdur, çıxıb getdi. Razıyam ki, hər sahədə gənc nəslə şərait yaratmaq lazımdır. Efir məkanı da gəncləşməlidir. Lakin gənclərə imkan yaratmaq şüarı ilə təcrübəni də iş prosesindən uzaqlaşdırmaq olmaz. Reytinq məsələsi isə televiziyaların evini yıxır. Qeyri peşəkarlar ağzına gələni danışaraq reytinq yığır, digər kanallar da onunla rəqabət aparmağa başlayır. Bunun sonunun nə vaxt çatacağını bilmirəm... Amma biri buna “dur” deməlidir.

- Rəqabət üçün nə lazımdır?

- Müxtəlif klip və musiqi kanalları olmalıdır. Digər tərəfdən də fikirləşirəm ki, idman kanalı açıldı. O, rəqabətə girə bildimi? Yox... Kliplər ATV kanalının bir dönəmində diqqət çəkdi. Yəqin elə həmin vaxt musiqi kanalı açılsaydı, nəticə uğurlu alınardı. Hazırda ölkəmizdə klip bazarı yox dərəcəsindədir, ölüb. Müğənnilər də biri-biri ilə ərsəyə gətirdikləri yaradıcılıq nümunələri ilə rəqabət aparmır. Bir vaxtlar qalmaqallarla gündəmə gələn müğənnilər də hamının yadındadır. İndi onlar da anlayıb ki, keşkə vaxtında sənətlə məşğul olardılar.

- Kim qalmaqallarla daha çox yadda qalıb?

- Nadir Qafarzadə! Düşünülməmiş sözləri ilə gündəmə gəlirdi. Qalmaqalların dəbdə olduğu bir vaxtda bu üsula Nadir də əl atdı və gündəmdə qaldı. İndi də qanında çılğınlıq var. Əsas odur ki, Nadir müğənni kimi özünü təsdiq edə bildi. Lakin elə qalmaqallar da var ki, düşmənçilik səviyyəsində hələ də davam edir. Məsələn, Aygün Kazımova və Natəvan, Flora Kərimova və İlhamə Quliyeva, Brilliant Dadaşova və Faiq Ağayev...

- Elə Siz də qalmaqallardan yan keçə bilməmisiniz?

- Bu yaxınlarda bir jurnalist açıqlama almadan adımdan məqalə yazıb. Elə bilirlər ki, adım qalmaqalda hallanıb deyə, gündəmdə olmaq üçün hər şeyə susacağam. Mən isə susmadım. Yazını tamamilə yığışdırmalı oldular. Çox sağ olsunlar, sözümü yerə salmadılar.

- Ən yaddaqalan qalmaqalın “Günəbaxan”ın canlı efirində Rəqsanə İsmayılova ilə yaşanıb. İndi o videonu izləyəndə nə hiss keçirirsiniz?

- Peşmanam! İndi o videonu izləyəndə utanıram. Ordakı Təranə mən deyiləm. Mənəm, amma mən idarə olunuram. Mən tək qadın olduğumdan, övladıma, anama görə qorxurdum. Səsləndirdiyim kəlmələr, sözlər mənim öz sözlərim deyildi. Mən idarə oluna-oluna yavaşca kənara çəkildim. Gördüm, bu insanlardan mənə xeyir gələsi deyil. Rəqsanə ilə aramda yaşanan qalmaqala görə peşman deyiləm. Sadəcə oradakı mövqeyimə görə peşmanam. Bu qədər susmuşdum, sona qədər də susmalı idim. Bir Rəqsanə, bir də Kərim qalmaqalı ilə yadda qalmışam. O insanlar özlərini haqlı göstərmək üçün hər şeyə əl atırlar. Onların nəzərində müqəddəs heç nə yoxdur. Bu haqsız insanların qarşısında haqlı olduğunu sübut etmək cəhdi mənasızdır. Yaxşı olardı kı, sona qədər susardım.

- Təranə xanım, xanım müğənnilərlə əməkdaşlıq etmisiniz. Necə oldu birdən kişi sənətçi ilə də əməkdaşlıq fikrinə düşdünüz?

- Əslində, kişi müğənnilərlə də əməkdaşlığım olub. İlk işlədiyim isə Kərim idi. Bacardığım qədər onun üçün nələrsə etmişəm. Daha sonra Fəqan Səfərov olub. Fəqan istedadlı və səhnəyə yaraşan müğənnidir. Amma öz bildiyini edəndir. Məsləhətlərimdən faydalanmırdı. Mən istədiyim nəticəni əldə edə bilmirdim. Ona görə də, uzaqlaşdım. Sonra Nəsimi Məmmədovla işlədim. O, tənbəl idi. Nəsimiyə günorta 11-də zəng edirdim, axşam 8-də gəlirdi. Müğənni zamanında gəlməlidir. İndi isə Boris ilə işləyirəm. Onunla iş birliyimi təklif edən Tərlan Məmmədhüseynov olub. Onların beyninə də Samir Bayramlı salmışdı. Bir ay götür-qoy edəndən sonra Boris ilə iş birliyinə razılaşdım.

- Sizcə, Azərbaycanda prodüser şirkətlərinə ehtiyac var?

- Xaricdə belədir. Bunun üçün böyük maddiyyat tələb olunur. Azərbaycandakı varlıların tanınmayanlara pul vermək marağı yoxdur. Çünki müğənnilər çörəkitirən olurlar. Populyarlaşandan sonra çörək verənləri qiymətləndirmirlər. Mən Borislə başlamışam. Sima olaraq onu çox adam tanımır. “Eurovision” seçim mərhələsinin finalisti olsa da, çox tanınmayıb. Bu, mənim üçün təhqir deyil. Mənə öz zəhmətimlə qazandığım pul şirin gəlir. Məsələn, Günay İbrahimli. Onun populyarlaşmasında mənim adım hallanıb. Onunla qazandığım pulu rahatçılıqla yemişəm. Hazır işləyən müğənni ilə işləmək mənə qəribə gəlir. Görəsən ondan neçə faiz alacağam. Mənim ona haqqım çatır? Daxili düşüncələrim mənə imkan vermir.

- Müğənnilərin çörəkitirən olduğunu, deyəsən, təcrübənizlə təsdiqləmisiniz. Yoxsa, bu fikri bu qədər qətiyyətlə vurğulamazdınız?

- Günayla işləyirdim. Düşünürdüm ki, heç vaxt ayrılmayacağıq. Ancaq sonra əmin oldum ki, əbədi heç nə yoxdur. Maddi sıxıntılarım olanda, ətrafımdakı insanları nəzərdən keçirirəm və bu qənaətə gəlirəm ki, heç kimə ağız aça bilmərəm. Hər kəsin belə vəziyyəti olur. Məni böyük borclar altında qoyublar və şükür olsun o borcları ödəmişəm. Rəqsanə və Kərimə necə deyim ki, gətir, borcunu qaytar?! İndiyədək qaytarmayıbsa, onun qapısını döyməklə özümü bir pillə də alçaltmış olacağam. Maddi çətinliyim olanda, uşağım zəng edib məndən bir şey istəyəndə, haqqım çatdığını bilə-bilə , zəng etmirəm. Bu haqsızlıqların qarşısında necə deməyim ki, müğənnilər çörək itirəndir? Halallıqla qazandığım müğənni Günaydır. O, bunu dərk etsəydi, bilərdi ki, tək qadın olaraq himayəmdə anam və qızımı saxlayıram, məni pul qazanan vaxt tək buraxıb getməzdi. Nə qədər də barışsaq, uğurlarına kövrəlsəm də, uğurunda zəhmətim olsa da, o incikliyi gizlədə bilmərəm. Bu o demək deyil ki, kiminsə mənə yazığı gəlsin və mənə sədəqə versin. Sadəcə haqqım çatan zəhmətin bəhrəsini qazanmayanda mənə çox ağır gəlir. Bu çətinliklərdən mən bu gün keçirəmsə, bu, bir sınaqdır. Mən çətinliyə düşəndə, özümü günahkar bilirəm. Fikirləşirəm ki, hardasa səhv etmişəm ki, bu gün belə vəziyyətlə qarşılaşmışam. Amma həmin vəziyyətdə onlar da olacaq. O zaman düşünsünlər ki, Təranəyə qarşı düzgün mövqe tutmayıblar. Ona görə də etdikləri qarşılarına çıxıb.

- Qorxmursunuz Boris də çörək itirən olar?

- “Düşünmürəm” desəm, yalan olar. Lakin insan inanmadan da yaşaya bilməz. Zarinanın çörəkitirən olmadığını düşünürdüm. O da birdəfəlik sənətdən getdi. Çox gözəl insandır. Çox istərdim Zarina qayıtsın. O, istedadlı xanımdır. Şou biznesdə elə tərbiyəli insanlara ehtiyac var.

- Belə bir deyim var ki, “şou əhlinin hamısı eyni bezin qırağıdır”...

- Yox, hamısı eyni bezin qırağı deyil. Nə qədər Günaydan incikli danışsam da, Günayı hər müğənni ilə eyni tərəziyə də qoymaram. Çünki müsbət cəhətləri də var. Elə müğənnilər var ki, onların nə bezi var, nə də qırağı.

- Əksər kişi müğənnilər səhnəyə çıxandan sonra cinsi oriyentasiyasını dəyişir. Sizcə, bu nədəndir?

- Oriyentasiyası normal olan, hetero seksual kişilər çox azdır.

- Kimdir səhnəmizin hetero seksual (normal seksual oriyentasiyası olan) müğənniləri, 5 nəfərin adını çəkə bilərsiniz?

- Hetero seksual haqda məlumat verəndə çox sevinirəm. Ürəklə deyirəm ki, o, kişidir. Tapıntı kimidir mənim üçün. Məsələn, Ədalət Şükürov, İlqar Muradov, Elçin Hüseynov, Elçin Cəfərov, İzzət Bağırov, Elton Hüseyinəliyev... Amma bu o demək deyil ki, adını çəkmədiklərimin hamısı biseksualdır. Biseksuallar bu sahədə özlərini rahat yedizdirə bilirlər. Səsləri varsa, onlara yaşıl işıqdır. Arsızlığı da bacarırlar. Bu sahə arsızlığı sevir. Belə olanda irəli gedəcəksən. Buna görə də, biseksuallar daha irəlidə olurlar.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR