• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Çelik: “Soyunmasam, dərdimi başa sala bilməzdim”

Çelik: “Soyunmasam, dərdimi başa sala bilməzdim”

Son günlər albomu üçün etdirdiyi çılpaq fotosessiyası ilə gündəmdə olan müğənni Çelik "HT magazin"in müxbiri Esin Övetə müsahibə verib. Soyunmasının səbəblərindən danışan Çelik bundan sonra da sevənlərini təəccübləndirəcəyini bildirib.

Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində Çeliyin maraqlı etiraflarının yer aldığı həmin müsahibəni təqdim edirik:

Çelik çox dəyişib. Onunla uzun müddətdir ki, söhbət etməmişdim. Əvvəlki gərgin, əsəbi, kaprizli, gülməyin nə olduğunu bilməyən Çelikdən əsər əlamət qalmayıb. İndi daha səmimi, rahat və zarafatcıl bir Çelik var qarşımda. Mən bu Çeliyi çox sevdim. Onun çox cəsur olduğunu düşünürəm, buyurun, oxuyub özünüz qərar verin.

- Hamı soyunmağa davam edib etməyəcəyinlə maraqlanır.

- Mən sənət üçün soyunuram, ona görə də bu proses nə qədər lazımdısa, o qədər də davam edəcək. Mənim karyeramda başqa işlər də olub. Həmişə soyunmamışam ki, sadəcə, bu dəfə belə olmalı idi.

- Soyunaraq hansı mesajı vermək istəyirsən?

-Bu ölkədə çox qəribə hadisələr baş verir. 300 mədən işçisi ölür, ancaq xəbər proqramlarında kiminsə soyunduğu qabardılır. Mənim çəkdirdiyim fotolar deyə bilmədiklərimi ifadə edir. Fikirlərimi təkcə musiqi ilə çatdıra bilmərəm, albom bütöv halda nəsə deməlidir. Mən də albom qapağı üçün bu fotoları çəkdirdim.

- Ancaq bu addımı ataraq albomunla deyil, bədəninlə gündəmə gəldin. Adətən, əzələli kişilər soyunurlar. Sənin əzələlərinin olmaması sosial şəbəkələrdə ələ salındı. Bununla bağlı nə deyəcəksən?

- Mən də əzələ yığa bilərdim, ancaq onda məqsədimə çata bilməzdim. Hədəfim idmanla məşğul olduğumu göstərmək və əzələlərimi nümayiş etdirmək deyildi. Mən bədənin deyil, beynin önəmli olduğunu, sənətlə ruhumuzu qidalandırmalı olduğumuza işarə etmək istəyirdim. Mən Kıvanç Tatlıtuğ deyiləm. Kıvançın üzü gözəldir, yaraşıqlıdır və böyük fanat kütləsi var. Kıvancın işi budur, o modellikdən gəlir əldə etməyə və daim bədəni ilə gündəmdə olmağa alışıb. Onun kökəldiyini ağlıma belə gətirə bilmərəm. Mənim işim isə bədənimlə bağlı deyil. Sadəcə, diqqət çəkmək üçün bunu etdim.

- Bu layihəni həyata keçirməyə nə vaxt qərar verdin?

- Bu layihənin üzərində 1 ildən artıqdır ki, işləyirdim. Türkiyə bu layihəyə hazır deyildi. Mən illərdir ki, mahnı yazırdım. Amma onları səsləndirmirdim, satışa albom çıxarmırdım. İndi doğru zamanın gəldiyini düşündüm və hərəkətə keçdim.

- Ancaq hamı uzun müddətdir işləmədiyini, evdə oturduğunu düşünür.

- Elə şey olar? Heç vaxt boş oturmamışam. Hamıya Çelik adını yenidən xatırlatmaq üçün gərgin şəkildə hazırlaşdım.

- Yəqin ki, seksual pozaların səni gündəmə gətirəcəyinin fərqində idin?

- Bu fotolar pornoqrafik deyil. Seksual pozalar verdiyimi düşünmürəm. Mən şəkillərin müəyyən mesajlar verdiyini fikirləşirəm. Sizin gördüyünüz iki şəkil əslində 10 min şəkilin arasından seçilib. Mən məqsədimə ən uyğun olanları seçib sevənlərimin qarşısına çıxdım.

- Yəni sənətlə bağlı mesajları ötürmək üçün mütləq soyunmalı idin?

- Sistem belə tələb edir. Başqa cür dərdimi başa sala bilməzdim. Musiqi sektoru çöküb. Sadəcə, mahnı oxuyaraq heç nə əldə etmək olmaz. Gərək işi dəstəkləyən kreativ layihələrə əl atasan.

- Sosial şəbəkədə çoxlu "caps"lər paylaşaraq səni ələ saldılar. Bu məsələyə münasibətin necədir?

- Bilirəm, fotom günün mövzusuna çevrilmişdi. "Caps"lər məni əsəbiləşdirmədi. Hətta kiçik bir yarışma təşkil edib ən yaxşı şəkili hazırlayana mükafat verməyi düşünürəm.

- Sən bir oğul atasısan. Oğlun bu fotolara nə dedi?

- O, fotoşəkilləri heç görməyib. Ancaq albomdakı mahnıları dinləyir.

- Pul qazana bilirsən?

- Çox şükür.

- Amma insanlar sənin pul qazanmadığını, buna görə də belə bəsit reklam vasitələrinə əl atdığını düşünürlər.

- Hazırda bəzi yerlərdə səhnəyə çıxıram. Bir də ki, vaxtında çox qazanmışam. O vaxt qazandığım pul həyatımın sonuna kimi bəsdir.

- Bəs, bu lüt şəkillərinə ailən necə reaksiya verdi? Anan, qardaşın nə dedilər?

- Qardaşım musiqiçidir. Sənətçi olmasına baxmayaraq, fotoları görəndə "Qardaş, biz uşaqlarımıza nə deyəcəyik?" dedi. Anam da "Oğlum, bunlar nədir? Sən bunları gün işığına çıxarcaqsan? Ondan sonra başımıza gələcəklərdən xəbərin varmı?", - deyə soruşdu. Bu reaksiyaları normal qarşılayıram.

- Sənət dostların nə dedi? İzel-Çelik-Ərcan üçlüyü bir dövrə damğa vurmuşdu. Onlar zəng eləmədilər?

- Ərcan zəng etdi, "Sənin kimi bir dostum olduğu üçün qürur duyuram" dedi.

- Bəs, keçmiş həyat yoldaşın Buket Sayqının reaksiyası necə oldu?

- Arada övladımız var. Övlad olandan sonra tam olaraq boşanmaq mümkün deyil. Arada görüşməli oluruq. O, bəyəndi, qeyri-adi və kreativ olduğunu dedi.

- Buket Sayqıyla yenidən bir araya gəlməyiniz mümkündür?

- Yox. Buketin öz həyatı var. Övladımız üçün əlimizdən gələn hər şeyi edirik, o qədər.

- Bəs, yenidən evlənməyi düşünürsən?

- Keçmişdə düşünmədən danışdığım vaxtlar olub. Ancaq indi başa düşürəm ki, böyük loxma yesək də, böyük danışmaq olmaz. Bu suala nə cavab verə bilərəm ki? Gələcəkdə nə olacağını indidən deyə bilmərəm.

- Aşiqsən?

- Yox.

- Həyatında heç kim yoxdur?

- Bəzən olur, bəzən yox.

- Necə yəni?

- Bir günlük əlaqələrdən bəhs edirəm. Hazırda ciddi bir münasibətə hazır deyiləm.

- Deyəsən, evlilikdən qorxursan?

- Bəlkə də eşq imkansız bir şeydir. Bir sevgilim var idi, mənə evlilik təklifi etdi. "Reklamlardakı robot Çelik belə evləndi, sən isə evlənmək istəmirsən", dedi. Başa düşmür ki, mən iki dəfə ailəli olmuşam, bir oğlum var. Bir dəfə aşiq olub evləndim, bütün Türkiyə bu eşqdən danışdı. Ancaq sonra boşandım. Eşq üçün nə qədər fədakarlıq etsən də, xoşbəxtliyi siğortalaya bilmirsən. Ona görə də qorxuram. Evlilik çox ciddi məsələdir.

- İllər öncə də səndən müsahibə almışdım. Ancaq indi tam fərqlisən. Daha çox gülürsən.

- O vaxtlar özümdən zəhləm gedirdi. Sənin bəyənmədiyin o Çeliyi mən də bəyənmirdim.

- 90-cı illərin ulduzları indi niyə sönüblər?

- Onlar indi də bu sektora əmək sərf edirlər. Sadəcə, insanların zövqləri 90-cı illərdəki kimi deyil.

90-cı illərin bir ruhu var idi. Bəzən deyirlər "Ah, o 90- ların mahnıları indi haradadır?". Halbuki, 90-cı illərə damğa vuran Sezen Aksu indi də oxuyur. Rəhmətlik Fikrət Kızılokun mahnıları hələ də səsləndirilir. Kütlə isə fərqlidir. Artıq belə mahnıları xoşlamırlar. Hamının ürəyi xəstələnib. Heç nə hiss etmirlər, çünki indi hamı bir qızla bir gecəlik əlaqə istəyir, başqa heç nə.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR