Vüsalə Kərimova: “Bu, mənim üçün söyüşdən betərdi” – ÖZƏL/FOTLAR
Bizi izləyin

Tabloid.az

Vüsalə Kərimova: “Bu, mənim üçün söyüşdən betərdi” – ÖZƏL/FOTLAR

Teleməkanda özünə rəqib görməsə də, oğlunun həyatında rəqibinin olacağı həqiqəti qarşısında müqavimət göstərməyəcəyi indidən bəllidir. 15 yaşlı oğul anası, 19 ilin telejurnalisti Vüsalə Kərimova Publika.az-ın suallarını cavablandırarkən özünə jurnalist, ana, qadın gözü ilə baxmalı olub.

- Vüsalə xanım, televiziya sahəsinin peşəkarısınız. Peşəkar kimi baxanda sizi nə qane etmir?

- Məni qane etməyən çox şey var. Götürək, mənim aparıcısı olduğum verilişi... Sual oluna bilər ki, niyə, axı, biz hər şeyi musiqidən verməliyik? Cavabı sadədir. Biz verilişi tamaşaçı marağı üzərində qururuq. Verilişdə musiqi olmayanda, tamaşaçı kanalı dəyişir. Musiqi olan başqa veriliş axtarır. Əgər biz tamaşaçı yığmaq istəyiriksə, tamaşaçı hardadırsa, orda olmalıyıq. Bu televiziyanın günahı deyil.

- Günah kimindir?

- Günahı çox yerdə axtarmaq olar. Məsələn, tamaşaçıda da axtaranlar tapılar. Ancaq televiziyaya təsadüfi düşən insanlarda da axtarmaq olar. Bilirsiniz, telekanallara kimlərinsə əli ilə aparıcılıq anlayışı olmayan insanlar gəldi. Belə insanlar ümumi səviyyəni aşağı saldı. Tamaşaçını iyrəndirib Azərbaycan televiziyasından uzaqlaşdırdılar. Tamaşaçı da onlara baxa-baxa zövqü dəyişdi. İndi isə nə ediriksə-edək, zövqlü tamaşaçını geri qaytara bilmirik. “Günaydın” verilişində xüsusi günlərdə, matəm və ya bayram günlərində sanballı sənətkarları dəvət edirik. Həmin verilişdə reytinq dərhal aşağı düşür. Reytinqdən asılı olmaq düzgün deyil. Ancaq hesablaşmamaq da olmur. Axı, mən çörək yeməliyəm. Reytinqim varsa, verilişimin sponsoru var, deməkdir. Sponsorlar da verilişlərin reytinqinə diqqət edir. Vaxt olub ki, demişəm ki, xəbərlərdən başqa heç bir veriliş aparmayacağam. Ancaq sən saydığını say, gör zaman nə sayır...

- Bayağılıqdan danışmışkən, hamı Üzeyir Mehdizadəni bayağı mahnı ifa etməkdə və bayağı musiqini təbliğ etməkdə qınayır. O, qonağınız olanda verilişinizin reytinqi nə qədər oldu?

- Elə də yüksək olmadı. Amma o, başqa bir kanalın verilişində olanda reytinqlər yüksək idi. Bizim proqramın reytinqinin aşağı olması mənə qəribə göründü. Çünki gələn zənglər, mesajlar hədsiz çox idi.

- Kimlə rəqabət aparırsınız?

- Mən heç kəslə rəqabət aparmıram. Çünki hesab etmirəm ki, kimdənsə mənim intellekt səviyyəm zəifdir. Hesab etmirəm ki, kimdənsə eybəcərəm. Hesab etmirəm ki, kimdənsə nitq qabiliyyətim zəifdir. Hesab etmirəm ki, bacarıqsız aparıcıyam. Bu səbəbdən heç kəslə rəqabət aparmıram. Amma bütün aparıcılar, eyni saatda gedən verilişlər bir –birinə rəqibdir. Kimsə məni özünə rəqib görürsə, Allah köməyi olsun.

- Xəbərlərdə göz açıb yetişən Vüsalə Kərimova necə oldu birdən şou xarakterli veriliş aparmağa başladı?

- Mən xəbərlərdə informasiya departamentinin direktoru vəzifəsinə qədər yüksəlmişəm. Amma bir məsələ var. Günün birində xəbərlərdən iyrəndim. İyrəndirən insanlar oldu. Heç kəs öz ayranına turş deməz... Xəbər sahəsində elə insanlar var ki, özlərindən bacarıqlı insanları yanlarında görmək istəmirlər. Hər zaman istəyirlər ki, ətrafında zəif insanlar olsun. Zəif olmadığım üçün mənə maneələr törətməyə çalışıblar. Mən mübariz qadınam. Bir gün fikirləşdim ki, axı mübarizə apardığın insan da mərd olmalıdır. Mən namərd insanla necə mübarizə aparım? Namərdlə mübarizəni lazımsız hesab etdim və çəkildim....

- O vaxt hansı telekanalda çalışırdınız?

- İctimai televiziyada.

- Bu dedikləriniz rəhbərliyə aiddir?

- Yox, rəhbərlik deyildi. Xırda rəhbərlik idi. Mən İTV-dən gedəndə o vaxtkı rəhbərlik İsmayıl Ömərov idi. O, mənim getməyimə razı deyildi. Hətta köməkçisi zəng edərək işimə qayıtmağı söyləmişdi. Amma mən qayıtmadım. Rəhbərin qapısını döyüb ona hansısa kadrından şikayət etməyi sevmirəm. Çünki həmin kadrı bəyənib ki, vəzifə verib. Ondan şikayət etmək düzgün deyil. Xəbərlər departamentində aparılan dəyişiklik ürəyimcə olmadı. Direktor Natiq Abdullayev yerini dəyişdi

- Onun yerinə kim gəldi?

- Anar Yusifoğlu gəldi onun yerinə... Aramızda heç bir konfliktimiz olmadı. Sadəcə, onunla işləmək istəmədim.

- Bəs, necə oldu şouya gəldiniz?

- Mən 5 il ATV kanalında xəbərlərdə işləmişəm. Xəbərlərin əsas buraxılışının aparıcısı olmuşam. Xəbər aparıcısı kimi məhz ATV-də yetişmişəm. Düzdür, Sara TV-də də xəbərlərdə çalışmışam. Ancaq bir xəbərçi olaraq ATV-də yetişdim. ATV-də çalışdığım dönəmdə gözəl bir tendensiya var idi. Bütün xəbərlərin işçiləri hər istiqamətdə yazar idilər. Mən xəbər aparıcısı olsam da, iqtisadiyyat, siyasət, kriminal, mədəniyyət və s. xəbərin neçə istiqaməti varsa, hər birinə çəkilişə gedirdik. Hər sahə üzrə yetişmək mənə yardımçı oldu. Mən şouya da “hop” edib düşməmişəm. İTV-dən sonra “Araz” radiosunun həm yaradıcısı, həm də baş redaktoru oldum. Radio isə sırf musiqidir. Məcburən bütün tanımadığım musiqiciləri tanımalı oldum. Ondan sonra 1 il “MUZ TV”-nin direktoru oldum. Onun da yaradılmasında mənim əməyim çox olub. Orda da bütün verilişlər musiqi xarakterlidir. Bilmədiklərimin bir qismini də orada öyrəndim. Bu gün isə mənim üçün keçilməz sədd yoxdur. Bunun üçün də ATV-də işlədiyim illərə borcluyam.

- Niyə karyeranızı şou kanalı olan ATV-də davam etdirmədiniz?

- Mən gedim kiminsə qapısını döyüm ki, məni işə götür? Bugün telekanal rəhbərləri peşəkar aparıcı axtarır. Mən özümü peşəkar hesab edirəm. 19 ildir, 1997-ci ildən televiziyada çalışıram. Bu gün hansısa kanalın mənə deməsi ki, “get, layihə hazırla gətir, layihənə baxaq”, - bu, mənim üçün söyüşdən betərdi. Ondansa nəslimi, kökümü söyüb yola salsalar, min dəfə bundan yaxşıdır. Necə olur ki, jurnalistikadan xəbəri olmayan, televiziyaya dünən gələn, mikrofonu operatorun sağında, yoxsa, solunda tutmaqdan xəbərsiz birinin layihəsini keçirdib, yuxarı başda oturdub aparıcı edirlər, mənim kimi insana isə “get, layihə gətir, gəl” deyirlər. Bu dəhşətdir.

- Subay, gündəmdə olan və baxımlı xanımsınız. Yəqin ki, ürəyinizi ələ almaq istəyənlər çoxdur...

- Belə şeylərə əhəmiyyət vermirəm. Desəm ki, yoxdur, yalan olar. Saylarından tərpənə bilmirəm, desəm, bu dəfə də inandırıcı olmaz. Hazırda qəlbimdə bir kişi var. O da oğlumdur.

- İstəməzdiniz ailə qurasınız?

- İstəmirəm. Oğlumla bir saniyə də ayrılmayan cütlüyük. O məni gözəl anlayır. Mən ailə qurmaq istəsəm, bunu edə bilərəm. İstəmirəm ki, oğlum yad birinə “ata” desin. Onun atası da mənəm, anası da. Həm də atası var və sağdır. Niyə başqasını “ata” deyə çağırsın. İndiyədək bunu etməmişəm. Bundan sonra da etmərəm. Mənim xarakterim çətindir. Mən insanla yaşaya bilmirəm. Bura təmizliyi, danışığı, bir sözlə hər şeyi daxildir. Ürəyimcə olmayan hər xırda detala görə bir anda arxamı çevirib gedə bilərəm. Həyatımı bütövləşdirmək kimi bir arzum yoxdur.

- Həyat yoldaşınız ilə niyə ayrıldınız?

- Böyük bir səbəbi yoxdur. Ailəli qaldığımız vaxt qısa olsa da, uzun müddətin tanışlarıyıq. Biz universitetin ikinci kursunda tanış olmuşduq. Universiteti bitirdikdən bir il sonra ailə qurmuşuq. Mən indi də onun anası ilə danışıram. Atası rəhmətə gedib. Böyük səbəb yox idi, amma, yığılmış səbəblər var idi. Dedim axı, mən birdən qərar verib arxamı çönüb gedən insanam. Bax, beləcə, arxamı çevirib səssiz-səmirsiz getdim.

- Vüsalə xanım, arxanızı çevirib getdiyiniz bir yola yenidən dönə bilərsiniz?

- Getməkdən imtina etdiyim yola dönməyi heç sevmirəm. Həyatımda 1-2 dəfə belə hallar olub. İstəməsəm də, kiminsə xatirinə qayıtdığım hallar da var. Elə insanlar var ki, onların üstündən xətt çəkmək olmur. Sözündən keçə bilmədiklərimə görə, sözümdən keçmişəm.

- Oğlunuzu neçə yaşında evləndirmək fikrindəsiniz?

- Tez evləndirməyəcəm. Deyirəm, qoy, kef eləsin. Kiminlə istəyir, oturub-dursun. Ürəyi istəyəni etsin. 27-30 yaşlarında evlənər. Ailənin qədrini həmin yaşda bilirlər. Erkən yaşda ailə quranlar tez ayrılır. Mən istəyirəm ki, onun evliliyinin ömrü bir ömür boyu sürsün. Kiminlə istəsə, onunla evlənəcək. Mən, sadəcə, ona məsləhət verə bilərəm. Məsləhətimə qulaq asıb yolunu dəyişmək istəməzsə, o zaman da seçdiyi yolun hamar olması üçün əlimdən gələn hər şeyi edərəm.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm