“Bozbaş”ın Şirini: “Bunu həyat yoldaşıma qadağan edəcəyəm” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Bozbaş”ın Şirini: “Bunu həyat yoldaşıma qadağan edəcəyəm” - FOTOLAR

Publika.az-ın qonağı “Bozbaş Pictures”in “şüvən” Şirini Nicat Rəhimovdur. Görək şirin-şəkər oğlan həyatda necə biridir... Film boyu “yortaram” deyib hamıya “xox” gəlir. Görəsən, doğrudan “yortar”, yoxsa elə yalandan “şüvənliyinə” salır?

- Ay Nicat, adın da elə özünə yaraşır, bu Şirin adını sənə kim qoyub?

- “Bozbaş Pictures” yarananda təkcə Şoşu ilə Şəmi vardı. 2011-ci ildə artıq biz başladıq serial çəkməyə. Onda hələ adım yox idi. 2013-cü ildən yenidən çəkilişlərə başlayanda İlkin mənə Şirin adını verdi. Həmişə o, məni dost kimi "şirin, şirin" deyə çağırırdı, elə oldu ki, birdəfəlik obrazın adı qaldı Şirin. Elə Fəlakət, Ağsaqqal da İlkinin tapıntısıdır. Hamı mənə deyir ki, elə adın kimi özün də şirin oğlansan.

- Düz deyirlər, amma səni Şirin deyib çağıranda hirsləndiyin vaxtlar olub?

- Olub. Baxır münasibətə. Adam var gəlib mənimlə şəkil çəkdirəndə "Şirin müəllim" deyə müraciət edib. Ağsaqqal kişilər olub ki, mənə Şirin dayı deyiblər. Deyilişdən asılı olaraq, ya xoşuma gəlib, ya da gəlməyib. Dostlarım bilir ki, mülayim, yumoru sevən adamam, amma yerində. Danışıb-güldüyüm qədər də ciddiyəm.

- Filmlərdə şüvən xasiyyətli insan kimi tanınırsan. Həyatda necə, Şirinlə oxşarlığın var?

- Nə gizlədim, var. Evdə, dostlarımın yanında bir şey olan kimi dərhal onları qabaqlayıram, şüvənlik salıram.

- Canın yanmasın, Şirin, qəşəng əlvan köynəyin, şalvarın var, bu antikvar geyimləri hardan tapıb alırsan?

- Xaloğlum müğənni Rüfət Axundovun on il bundan qabaq toyda geyindiyi paltarları indi biz geyinirik. Amma özümüz də aradabir alırıq.

- Komandada ən çox kiminlə yaxınsan?

- Neçə illərdir bir yerdə dostluq edirik. Biz qardaşıq, elə uğurumuz da mehribançılığa görədir. Biz qızıl beşliyik.

- Əla improvizələrin var…

- Bilirsiniz ki, mən dayım Yaşar Nurinin əlindən su içmişəm, həmişə onun yanında olmuşam. Görüb-götürmüşəm. Yadımdadır ki, 2005-ci ildə mən Yaşar dayını o qədər güldürdüm ki, cibindən dəsmal çıxarıb gözünün yaşını sildi. Onda dayım mənə dedi ki, sən aktyor olmalısan. Mən düşünürəm ki, aktyor elə fitri istedadla doğulmalıdır.

- Nə vaxtsa dramatik obrazda oynamaq istəyirsən?

- İstəyirəm, amma çox qorxuram ki, birdən alınmaz. Belə olan halda, özümə olan sevginin azalmasından da qorxuram. Aktyor üçün ən böyük uğursuzluq onun sevilməməsidir. Çox böyük aktyorlar var, amma sevilmirlər. Sevilmək bir şansdır. Məni harda görürlər qaçırlar üstümə, obrazın sözlərini deyirlər: “Yortaram”.

- Səncə, Şirinin şirinliyi nədədir?

- Yəqin ki, xasiyyətim, şüvənliyim. Əslində çox həssas insanam, hər şeyi ürəyimə salanam. İstəmərəm kiminsə xətrinə dəyim. Biləndə ki, kimsə məndən inciyib, özümə yer tapa bilmirəm.

- Davakarsan?

- Əslində davakar deyiləm, amma kimsə haqsızlığa yol versə, onda dava salaram. Mən əsl dostluğu onda görürəm ki, araları açıq olsun, bir-birinin səhvini üzə deyə bilsinlər. Örtülü bazar, dostluğu pozar.

- Düzünü de, heç qız üstə davalara düşmüsən?

- Orta məktəbdə kütləvi davalarımız olub, amma indi yox. Heç istəmərəm də olsun.

- Sosial şəbəkələrdə, yəqin ki, varsan. İnsanlar daha çox sənə nə yazırlar?

- Hamı yazır ki, atam-anam səni çox istəyir.

- Sevdiyin qız var?

- Nə vaxtsa olub, amma indi yoxdur.

- Sevdiyin qız olmadığı üçün, yəqin ki, hələ evlilik də planında yoxdur.

- Yox, bu il evlənəcəyəm.

- Bəs sevgisiz?

- Olacaq da.

- Bəlkə, elə qızı anan tapacaq?

- Anamla mütləq məsləhətləşəcəyəm. Sözsüz ki, qız da xoşuma gəlməlidir, anamla da məsləhətləşməliyəm. Anam bilir ki, mən pis addım atmaram.

- Evlənəcəyin qızda hansı xüsusiyyət mütləq olmalıdır?

- Çox adam deyir ki, evlənəcəyim qız məni başa düşməlidir. Mən də aktyoram, qastrollarım, yuxusuz gecələrim olacaq, qız məni o halda başa düşməlidir. O bilməlidir ki, əri aktyordur. Bir də diqqət mütləq olmalıdır. Mənə diqqət etsin, qulluğumda dayansın, ağıllı olsun.

- Yəni gözəl olmasa da olar?

-Yox, yox, gözəl olmalıdır, ən azı mənim ürəyimə yatmalıdır. Onu da deyim ki, mən çox qısqancam ha!

- Həyat yoldaşına qadağaların olacaq?

- Qısqancamsa, qadağalarım da olacaq. Nə gizlədim, həyat yoldaşıma işləməyə icazə verməyəcəm. Mən istəyirəm qadın evdə otursun və ərinə qulluq etsin. Ətrafımda olan insanlara baxıram və doğrudan da, qısqanc olmağıma əsas verirəm.

- Səncə, xəyanətin əsasında nə dayanır?

- Kişinin qadına diqqətsizliyi xəyanətə aparıb çıxarır.

- Amma kişilərin canında xəyanətə meyil var, səncə, niyə?

- Səbəbini bilmirəm, amma çalışacağam xanımıma xəyanət etməyim.

- Səninlə tanış olmaq istəyən qızlar çoxdur?

- O qədər… Telefonuma mesajlar yazırlar.

- Reaksiyan necə olur?

- Cavab yazıram, gedib görüşdüyüm, yaxından tanış olduğum qızlar da var. Amma hər SMS aldığım qızla görüşsəm, onda noolar? Demirəm e, xoşuma gələn qız da olub, danışmışıq da.

- Şirini yoldan çıxarmaq asandır?

- Baxır xanıma. Xanımlar məni şirin xasiyyətlə yoldan çıxara bilər. Mən xanımda gözəlliyə önəm vermirəm. Mehriban, səmimi və suyuşirin olsun. Mən adam tanıyanam, səmimi olmasa, o saat əlaqəni kəsərəm.

- Telefonun itsə, içindəki kompromatlara görə narahat olarsan?

- Yox, çünki telefonumda yalnız işə aid fotolar var.

- Özündə bəyənmədiyin xüsusiyyət hansıdır?

- Çox səbirsizəm.

- Axırıncı dəfə nə vaxt yalan danışmısan?

- Yaxşı yalanlar olub. Evdən çıxmamışam, amma demişəm ki, çatıram.

- İsrafçısan?

- Boşuna pul xərcləməklə aram yoxdur. Yeməyə, geyimə çox pul xərcləyirəm. Evdə anam, bacım da var, lazım olanda onlara da hədiyyələr alıram.

- Başqa bir komandadan dəvət alsan, gedib filmə çəkilərsən?

- Yox, yox. İnşallah, qəbr evinə qədər birlikdəyik.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm