• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Moskvada Azərbaycan rəssamının sərgisi açılıb

Moskvada Azərbaycan rəssamının sərgisi açılıb

Moskvadakı Rusiya Dövlət Kitabxanasında (RDK) Rusiya Federasiyasının Əməkdar Rəssamı, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun "Məhəbbətin sirri" adlı fərdi sərgisi açılmışdır.

Publika.az AzərTAc-a istinadən xəbər verir ki, RDK-nın baş direktorunun müavini Lyudmila Tixonova sərginin açılışında çıxış edərək bildirmişdir ki, Azərbaycan rəssamının sərgisi həm də Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı istiqamətində daha bir addımdır. O demişdir: "Əsgər Məmmədov tükənməz yaradıcılığı ilə iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirir və mədəniyyətlərimizin qarşılıqlı surətdə zənginləşməsinə öz töhfəsini verir".

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçisi, "Baku" jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova qeyd etmişdir ki, Əsgər Məmmədovun əsərləri iki dəfə - birinci dəfə 1992-ci ildə Qarabağ müharibəsi zamanı, ikinci dəfə isə Moskva ətrafındakı İzmaylovoda qalereya binalarının yanması nəticəsində məhv olmuşdur. Lakin rəssam özündə qüvvə taparaq yaradıcılığını davam etdirmiş və bu gün onun 70-dən çox əsəri sərgidə nümayiş olunur.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirmişdir ki, Əsgər Məmmədov taleyin bütün kəşməkəşlərinə baxmayaraq, gələcəyə inamını itirməmişdir. O demişdir: "Əsgər Məmmədov əslən Qarabağdandır. Rəssam öz dərin fəlsəfi əsərləri ilə bir daha bizə deyir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və indi düşmən tapdağı altında olsa da, əsl sahiblərini qaytaracaqdır. Biz şübhə etmirik ki, Əsgər Məmmədov doğma diyarı Qarabağda hələ çox əsərlər yaradacaqdır".

Sərgidə rəssamın Azərbaycan və Rusiya təbiətini vəsf edən 70-dən çox əsəri, o cümlədən peyzaj, natürmort, portret, qrafika janrında əsərləri nümayiş etdirilir. Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın portreti, "Müqəddəs torpaq", "Yanmış zaman" və digər əsərlər xüsusi maraq doğurmuşdur.

Qeyd edək ki, Əsgər Məmmədov doğulduğu Qarabağ torpağında yaradıcılığa başlamış və orada qalereya yaratmışdı. 1992-ci ildə erməni bombardmanı zamanı qalereya yanmış və rəssamın əsərləri məhv olmuşdu. Daha sonralar rəssam yaradıcılığını Moskvada davam etdirmiş və Moskva ətrafındakı İzmaylovo şəhərində əsərlərini sərgiləmişdir. Lakin tale rəssama ikinci dəfə zərbə vurmuşdur.

2005-ci ildə qalereya binasının yanması nəticəsində Əsgər Məmmədovun 150-dən çox əsəri məhv olmuşdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR