Ölümdən qorxduğu üçün az yatan korifey: “Dünya ispanı” Xulio İqlesias – MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Ölümdən qorxduğu üçün az yatan korifey: “Dünya ispanı” Xulio İqlesias – MÜSAHİBƏ

Avtomobil qəzası onun həyatını büsbütün dəyişdi. İki il xəstəxanada qaldıqdan sonra həkim ona gitarada çalmağı məsləhət gördü...

Onun karyerasının yekunu belədir: dünyada 350 milyondan çox disk satışına görə, Ginnesin Rekordlar kitabına düşüb. Xulio İqlesias musiqi tarixində ən məşhur ispanəsilli müğənnidir.

Publika.az “Bizim tərcümə” layihəsində əfsanəvi İspan ifaçısı Xulio İqlesiasın həyat müsahibəsini təqdim edir.

Xulio İqlesias yarım əsrdir ki, səhnədədir. İspaniyanın Mayamidə yerləşən ticarət palatası onu “Ümumdünya ispanı” titulu ilə təltif edib. Statistikaya görə, İqlesiasın mahnıları hər 30 saniyədə dünyanın müxtəlif radiostansiyalarında səsləndirilir.

...

- Qulaq as Culiya, nəyə görə fransızca danışırıq?

- Çünki fransız dili danışdığım yeganə dildir. Siz axı 6 dildə sərbəst danışırsınız!

- Fransız kişilərinin nə ilə fərqləndiyini bilirsiniz?

- Əlbəttə, bu, hamıya bəllidir. Onlar şux, aşiq olan, bütün macəralara hazır olan, bununla belə, şəxsi azadlığına önəm verib müstəqilliyini əldə saxlayan olurlar.

- Bu lap mənim portretimdi! Mən fransız kişiləri kimiyəm! Müstəqil və hər bir macəraya hazır...

- Lakin siz az qala 100 ildir ki, bir qadınla evlisiniz, sizin 8 övladınız var və artıq babasınız. Sizin nəyiniz müstəqildir?

- Mən belə düşünmürəm. Atamı da “fransız kişisi” adlandırmaq olardı. Onun 87 yaşı olarkən mənə Hayme adlı qardaş bəxş etdi. Bilirsiniz, mən bu xəbəri eşidəndə onu ürəkdən alqışladım. O, 90 yaşında vəfat edib, 8 aydan sonra isə onun sonuncu arvadı Rut, mənim bacımı dünyaya gətirdi.

- Maraqlıdır... Mən sizin haqqınızda hər şeyi bilmək istəyirəm. Uşaqlıq illəri, valideynləriniz. Danışarsız?

- Mənim uşaqlığım çox xoşbəxt keçib, çünki valideynlərim məni sevərdi. Bu isə çox vacib amildir. Onların sevgisi dünyaya qarşı müdafiə qalxanıdır. Bu qalxan hər zaman səninlədir. Ölkə vətəndaş müharibəsindən yenicə çıxmışdı və ölkədə həyat səviyyəsi bütün ispanlar üçün ağır keçirdi. Bununla belə, valideynlərim evdə “səhrada vahə” kimi xoş ab-hava yaratmışdı. Mənim dünyaya gəldiyim günü anam həyatının ən xoşbəxt anı olduğunu deyərdi. Lakin mən bu fikirlə razı deyiləm. Əvvəla ona görə ki, mən İkinci Dünya müharibəsinin ən qızğın çağında dünyaya gəlmişəm. İkincisi də ona görə ki, dünyaya heç də asan gəlməmişəm. Atam ginekoloq idi, anamı qeysəriyyə əməliyyatı etməli oldu. Heç bilirsiniz doğulanda necə çığırırdım? Şüşələr yerindən sirkələnirdi.

- Elə o vaxtdan səsiniz özünü göstərdi?

- Yəqin ki. Ümumiyyətlə, mənim uşaqlığımı çox bayağı adlandırmaq olar. Adi. Sadə. Mən heç xüsusi bir şey də xatırlaya bilmirəm. Bircə evdə səsləndirilən Elvis Preslinin plastinkalarından başqa... Yadımdadır, onun “It’s Now Or Never” mahnısı qarşısında sanki ürəyim dayanırdı. Görəsən bu yaşda nə baş verirdi? Sevgi haqqında nə anlayırdım? Uşaq ikən bütün böyüklər və “geridəqalmışlar” kimi 40-cı illərin tanqosunu sevirdim. Qohumlarım arasında markiz, İspaniyanın Böyük Britaniyadakı səfiri var. Atam peşəsinə görə, tanınmış insan olub. Müharibədən sonra isə o, tibb professoru adına layiq görüldü.

Anam Mariya del Rosario isə sadə məhsullardan dadlı yeməkləri hazırlamaqdan başqa heç nə bacarmırdı. Həmin illər aclıq və çətin dövr olub. Biz də hamı kimi kasıb yaşayırdıq. Evi əlində saxlayan anam qayğıkeş əlləri ilə hər gün möcüzələr yaratmaqla bizi aclıq və soyuqluğu hiss etməyə qoymurdu. Bütün ev onun öhdəliyində idi. Ailə ocağının etibarlı əllərdə olduğunu görə atam, daha da səylə işləyirdi.

30 yaşım olanda onlar boşandılar. Daha doğrusu desək, mənim uşaqlıq illərimdə onlar birgə yaşayırdılar və mənə heç bir kompleks aşılamadıqları üçün boşanmaları mənə pis təsir göstərmədi. Hisslərin soyuması və sevginin bitməsini anlaya biləcək qədər şüurlu insan idim. İnsanlar boşanır, azadlıq əldə edir və yenidən aşiq olur. Həyatın da mənası elə bundadır. Bu elə qəliz məsələdir ki... Elə olur ki, arvadınla illərlə birgə yaşadıqdan sonra günlərin birində yuxudan oyanıb belə bir sual üzərində düşünürsən: görəsən, bu qadın kimdir? Həqiqətənmi, mən onu yaxşı tanıyıram? Hər necə olmasından asılı olmayaraq, valideynlərimin gec boşanmasına görə, onlara minnətdaram.

- Bəs məktəbdə necə?

- Məktəbdə oxumağa həvəsim yox idi. Bütün vaxtımı futbolda öldürürdüm. Demək olar ki, Madridin “Real” klubunda ən yaxşı qapıçı idim. Düzdür, atam yaxşı təhsil almam üçün həmişə təkid edərdi. Ona görə də, futbol məşqlərində yaranan fasilədən istifadə edərək universitetdə hüquq fakültəsinin mühazirələrinə qaçırdım. 19 yaşıma kimi həyatım sakit keçirdi. Birdən hər şey dəyişdi. Məhv oldu. Partladı...

20 yaşımı qeyd etməyə az qalmış mən dostlarımla avtomobil qəzasına düşdüm və 18 aya kimi xəstəxanada qaldım. 3 dostum yüngül xəsarətlərlə canını qurtara bildi, mənim sağalmam üçün isə 3 il lazım gəldi. Bilirsiniz, bu günə kimi jurnalistlər mənə belə bir sual verir: “Xulio, nəyə görə siz hər zaman mahnı ifa edərkən, gah qarnınıza, gah ürəyinizə, gah da qaraciyərinizə toxunursuz?”

- Və siz nə cavab verirsiniz?

- Burada heç bir xoreoqrafik hərəkətlər yoxdur. Sadəcə olaraq, həmin qəzadan sağaldıqdan sonra hər zaman özümü tarazlamağa çalışıram. Mən bu hərəkətləri idarə etmirəm, hər şey düşünmədən baş verir.

Qəza baş verən günü yaxşı xatırlamıram. İdarə etməni itirdim və avtomobil uçurumdan sürüşdü. Lakin qəzadan sonra baş verənləri aydın xatırlayıram. Param-parça olmuş ayaqlarım, zədəli onurğa sütunum, gərilmiş əsəblərim. Bu diaqnozlara görə, ömrümün axırına kimi əlil arabasında olmalı idim. Mənə əməliyyat edəndə isə komaya düşdüm. Ölümün sərhədində idim. 19 yaşda ölmək... Görəsən bundan pis bir şey nə ola bilər? Bir anın içində sən müdrikləşirsən, insan həyatının necə zərif olduğunu anlayırsan. Ölümdən qorxduğumu soruşursunuza deyə bilərəm ki, bəli, çox qorxuram. Buna görə də az yatmağa çalışıram. Mən yaşamaq istəyirəm! Yaşamaq, işləmək və oxumaq istəyirəm. Allah mənə ikinci şans verdi. İkinci həyatı ondan xeyir-dua və vergi kimi qəbul edirəm.

Ağır xəstə yatsam da, daim idman haqqında düşünürdüm. Gecələr xəstəxana dəhlizində sürünərək ayaqlarımı hərəkətə gətirməyə çalışırdım. O zaman musiqi haqqında heç nə düşünmürdüm. Katolik kilsəsində keşişin xorla oxutduğu “Ave Maria” mahnısı məni musiqidən usandırmışdı. Lakin yataq xəstəsi olduğum üçün televizor və radioda müxtəlif musiqiləri dinləyirdim. Günlərin birində barmaqlarımı hərəkət etdirmək üçün sanitar xəstəxana nömrəmə gitara gətirdi. O, həmçinin sərbəst şəkildə gitara çalmaq üçün təlim kitabını da gətirmişdi. Xəstəliklə mübarizə və tənhalıq məni gitarada çalmağa vadar etdi.

- İlk mahnılarınız nə haqda idi?

- Əlbəttə, sevgi haqqında deyildi. İlk mahnılarda nəyə görə başıma belə bir işin gəldiyini, nəyə görə məhz mənim başıma gəldiyini Allahdan soruşurdum. Nə etmək və necə yaşamağı soruşurdum. Özüm üçün şeirlər yazırdım.

Xəstəxanadan çıxdıqdan sonra belə gələcək haqqında heç bir planım yox idi. Çünki öz səsimdən xoşum gəlmirdi və musiqi dünyasında hər hansı bir nailiyyət əldə edəcəyimə inanmırdım. Sonra isə hər şey dəyişdi. Mən 1968-ci ildə Benidorm beynəlxalq mahnı müsabiqəsində qalib gəldim. Mahnılarım Latın Amerikasında əks-səda yaratdı. Sevdiyim qıza həsr etdiyim “Gwendolyne” mahnısı "Eurovision" mahnı müsabiqəsində 4-cü yerə çıxdı. Bununla belə, musiqi karyeramın inkişaf edəcəyinə inanmırdım. Səsim gitaranın səsi kimi sakit idi. Atam mənim musiqi karyeramın əleyhinə olsa da, ilk plastinkamın buraxılması üçün mənə dəstək oldu. Xoşbəxtlikdən, atamın arzusunu yerinə yetirərək ali təslimi başa vurdum. Hüquqşünas diplomunu 57 yaşda aldım.

- Sizin atanızın başına qəribə bir əhvalat gəlib...

- Onu bask separatçıları ələ keçirib 20 gün əsirlikdə saxlayıb. Terrorçular onun azad edilməsi üçün məndən 2 milyon dollar tələb edirdi. Xoşbəxtlikdən, polis onu xilas edə bildi. O vaxtdan etibarən atamı da götürərək Amerikaya apardım və heç zaman ondan ayrılmadım. O, 2005-ci ildə vəfat edib.

- Yaşınızın çox olmasına baxmayaraq, hələ də yaxşı formadasınız...

- Mən mahnı oxuyarkən özümü yaxşı hiss edirəm. Bundan əlavə, xarici görkəmimi də nəzarətdə saxlayıram. Az yemək yeyirəm, dəniz məhsullarını, yaxşı şərabı, zeytun yağı və sarımsağı sevirəm, hər gün soyuq suda üzürəm.

- Deyirlər, siz mahnı oxuyanda zaldakı qadınlar ağlayır, kişilər isə arvad və sevgililərinə yenidən aşiq olur...

- Qadınlar mənim həyatımın ən vacib müəlliməsidir. Onlar mənə kişilərin öyrədə bilməyəcəklərini öyrədib. Zəriflik, sədaqət, qayğı...

İlk dəfə 14 yaşım olarkən aşiq olmuşam. Eyni məktəbdə oxuyurduq. İndiyə kimi onun adını dilimə gətirməmişəm. Birdən eşidər və xatırlayar... O, yəqin ki, artıq nənədir. Nəyə görə keçmişi xatırlayaq? İlk sevgi unudulmazdır. İlk baxışlar, hisslər, həyəcanlar unudulmur...

Arvadım Miranda həyatımın mənasıdır. Onu İndoneziya hava limanında soyuq dekabr ayında gördüm. Reklam çarxı çəkilirdi və Miranda reklam üçün qəmli-qəmli çamadanın üzərində oturmuşdu. Dostumun qulağına dedim?

- O qızı görürsən?

- Hə, çox gözəldir,- dostum dedi.

- Deməli belə, məncə, o, mənim arvadı olacaq, - birbaşa dedim.

Mən heç vaxt kiməsə belə bir söz deməmişəm. Düzdür, onun sevgilisi və ayrı planları olsa da, onu öz konsertimə dəvət etdim. İş elə gətirdi ki, sonradan biz ayrılmaz insanlara çevrildik. Tale...

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm