Azərbaycan - Rusiya teatr əməkdaşlığı davam edir
Bizi izləyin

Tabloid.az

Azərbaycan - Rusiya teatr əməkdaşlığı davam edir

Azərbaycan - Rusiya teatr əməkdaşlığı davam edir

Aprelin əvvəllərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Həştərxan vilayətinə və Kalmıkiya Respublikasına qastrol səfəri edəcəkdir.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, üç teatr arasında imzalanmış yaradıcılıq müqaviləsinə əsasən, qastrol zamanı kollektiv M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah”, Y.Şvartsın “Qırmızı papaq” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşaları ilə çıxış edəcəkdir.

Aprelin 8–9-da Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrından başlanacaq qastrol ayın 11-dən 13-dək Kalmıkiya Respublikasının Elista şəhərindəki Baatr Basanqov adına Milli Dram Teatrda davam edəcəkdir.

Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm və Rusiya Federasiyası Həştərxan vilayətinin Mədəniyyət Nazirliyi arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən, ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Həştərxan vilayəti və Kalmıkiya Respublikasının Elista şəhərində, noyabrda isə Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Bakıda həmkarlarının səhnəsində uğurla çıxış etmişdir.

Sözügedən müqaviləyə əsasən, 2012-ci ilin martında isə Kalmıkiya Respublikasının Baatr Basanqov adına Milli Dram Teatrı ölkəmizin qonağı olmuş və 2 müxtəlif tamaşa ilə Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış etmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinin Kalmıkiya Respublikasına növbəti səfəri bu dəfə Kalmıkiya Respublikası rəhbərliyi tərəfindən təklif olunmuşdur.

Bu ilin mayında Kalmıkiya Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq və 2 tamaşa ilə çıxış edəcəkdir.

Azərbaycan – Rusiya teatrlarının yaradıcılıq əlaqələrinin davamı olaraq sentyabr-oktyabr aylarında Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Boris Manciyev Dövlət Gənc Tamaşaçılar Teatrında Jorj Feydonun “Qadın dərzisi” komediyasına quruluş verəcəkdir.

Sözügedən qastrol səfərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm