Tabloid.az
Əbülfəz Qarayev hesabat verdi
“Sizin tərəfinizdən müəyyən edilən etibarlı sabitlik və dinamik inkişaf strategiyası indi bütün dünyada müasir dövlət quruculuğunun yeni Azərbaycan modeli kimi qəbul olunur. İnkişafımızın bu mərhələsi, başqa sözlə, əldə olunmuş yekunlar bir daha sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik, həmişəyaşar ideyalarına və müasir strateji məqsədlərə əsaslanan inkişaf yolu ən doğru yoldur”.
Publika.az-ın məlumatına görə, bunu aprelin 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasda çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
deyib.
Nazirin sözlərinə görə, bu gün respublikamızda həyatın ahəngi
olduqca dinamik və sürətlidir. Hətta o qədər sürətlidir ki, onunla
ayaqlaşmaq üçün bəzən mövcud qanunvericilik bazasına yenidən
baxmaq, işimizi tənzimləyən bir çox mühüm sənədləri daim
təkmilləşdirmək, strateji konsepsiyalar qəbul etmək zərurəti
yaranır: “Bu baxımdan Sizin tərəfinizdən irəli sürülən
gələcəyimizin konturlarını müəyyənləşdirən, ən mühüm vəzifələri əks
etdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası
fəaliyyətimizin başlıca məqsədini təşkil edir. Eyni zamanda Sizin
Fərmanınızla təsdiq edilən “Mədəniyyət haqqında Azərbaycan
Respublikasının Qanunu”, tapşırığınızla hazırlanmış yeni
“Mədəniyyət konsepsiyası” da bu sahədə çalışan 70 minə yaxın
insanın fəaliyyətini tənzimləyir.
Məlumat üçün bildirirəm ki, nazirliyin fəaliyyət dairəsinə aid əsas
istiqamətlər üzrə Dövlət proqramlarından ikisi –
“kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə” və “2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət
proqramları artıq yekunlaşmış, "Azərbaycan kinosu 2008-2018-ci
illərdə", “Azərbaycan teatrı 2009-2019-cu illərdə”, “Daşınmaz tarix
və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair
2014-2020-ci illər üzrə” Dövlət proqramları icra edilməkdədir.
Vəzifələrin kompleks şəkildə yerinə yetirilməsinin və məqsədyönlü
idarəetmənin səmərəliliyi nəzərə alınaraq uşaq incəsənət və
rəssamlıq məktəblərinin inkişafı, Dövlət rəsm qalereyaları,
qeyri-maddi mədəni irsin qorunması, Qafqaz Albaniyası irsinin
tədqiqi, mühafizəsi və təbliği, nəşriyyat-poliqrafiya sahəsinin və
kitab sənətinin inkişafı ilə əlaqədar beş istiqamət üzrə Dövlət
proqramlarının layihələri hazırlanmışdır və indi həmin sənədlər
razılaşdırma mərhələsindədir”.
Ə.Qarayev deyib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq
bu gün siyasi, iqtisadi və mədəni istiqamətlərdəki fəaliyyət tempi
və nailiyyətləri ilə Azərbaycan sərhədləri aşaraq regionun
liderinə, qitənin inkişaf edən qabaqcıl ölkələrindən birinə
çevrilmişdir: “Azərbaycan mədəniyyəti, milli varlığımız dünyanın
mədəniyyət və mənəviyyat məkanında layiqli yer almışdır. Ölkəmiz
tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya
ictimaiyyətinin böyük marağına səbəb olur. Fikrimi bir misalla izah
etmək istərdim. Uzun illərdir cəmiyyətimiz tərəfindən Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın
həm beynəlxalq miqyasda, həm də ölkə daxilində mədəni-intellektual
sferadakı yeni məzmuna malik fəaliyyəti müşahidə və təqdir
olunmaqdadır. Məhz onun təşkilatçılığı və iştirakı ilə reallaşan
layihələr sayəsində milli, tarixi-mədəni irsin əhəmiyyətli
hissəsinin Azərbaycana məxsusluğu dünya ictimaiyyəti tərəfindən
təsdiqlənmişdir. İçərişəhərin, Qobustan tarix-mədəniyyət qoruğunun,
xalça, saz, tar və muğam sənətlərinin, Novruz bayramının, Çövkən
Qarabağ atüstü oyununun ardınca bu yaxınlarda Azərbaycan kəlağayısı
da UNESCO-nun Mədəni irs siyahısına xalqımızın mədəni sərvəti kimi
daxil edilmişdir.
Azərbaycan musiqisinin şedevrləri – Üzeyir Hacıbəylinin məşhur
musiqili komediyaları, “Leyli və Məcnun”, “Koroğlu”, “Yeddi gözəl”,
“1001 gecə”, “Məhəbbət əfsanəsi”, “Eşq və ölüm”, “Qobustan
kölgələri”, “İntizar”, muğamat, tar ifaçılığı, saz musiqisi uzun
illərdən sonra ən cəlbedici şəkildə dünya səhnəsinə qayıtmış,
ölkəmizin yaradıcı kollektivləri dünyanın ən şöhrətli
festivallarında təmsil olunmuş, yüksək mükafatlara layiq
görülmüşlər. Bir çox pyeslər ingilis, rus, habelə türkdilli
xalqların dillərinə tərcümə olunaraq xaricə ölkə teatrlarında
oynanılır. Heydər Əliyev Fondunun təşkilatçılığı və nazirliyin
iştirakı ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Beynəlxalq
Caz Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı,
Qəbələ Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Beynəlxalq Müasir
Musiqi Festivalı, Rostropoviç Beynəlxalq Festivalının keçirilməsi
ənənəyə çevrilmişdir.
İdman Filmləri Festivalı, Turizm Filmləri Festivalı keçirilmişdir.
Yalnız bir faktı – il ərzində Azərbaycan filmlərinin dünyada təşkil
olunan 52 beynəlxalq festivalda iştirakını göstərmək kifayətdir ki,
uğurlu yekunların miqyası təsəvvür olunsun. Bu gün Azərbaycan
beynəlxalq kitab və beynəlxalq turizm sərgilərinin keçirilməsi
sahəsində iştirakçı ölkədən təşkilatçı ölkəyə çevrilmişdir. Bir
neçə gün öncə keçirilən və Sizin də təşrif buyurduğunuz Beynəlxalq
Turizm Sərgisində 42 ölkədən 370 şirkət iştirak etmişdir. Yaxud
hazırlıq işləri aparılan IV Bakı Beynəlxalq Kitab Sərgisində artıq
150-yə yaxın xarici və yerli nəşriyyat-poliqrafiya müəssisəsi
iştiraklarını təsdiqləyiblər.
Xüsusilə də son vaxtlar Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
dünyanın aparıcı dövlətlərində ölkəmizin təqdimatlarının
keçirilməsi ənənəsi ictimaiyyətin diqqət mərkəzindədir. Heydər
Əliyev Fondunun müəllifi və icraçısı olduğu mədəniyyət proqramları
bütün dünyada, eləcə də hər bir vətəndaşımızın düşüncəsində yeni
Azərbaycanın real obrazının, müasir imicin formalaşmasına
əhəmiyyətli təsir göstərir”.
Nazir qeyd edib ki, Azərbaycanın mərhələlərlə həyata keçirilən
sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq ölkəmizin
paytaxtı Bakı şəhərinin, eləcə də regionlarımızın siması sürətlə
dəyişməkdədir: “Yeniləşmə yalnız zahiri xarakter daşımır, o, müasir
dövrün proseslərinə uyğun məzmuna malikdir. Bu o deməkdir ki,
respublika üzrə mədəniyyət və turizm şəbəkəsinə müasir yanaşma
həyat zərurətidir. Əhalinin maddi, sosial durumu yaxşılaşdıqca,
mənəvi tələbatı da yüksəlir. Rayon və şəhərlərimizdə mövcud
maddi-texniki baza – kitabxanalar, klublar, mədəniyyət evləri,
muzeylər, musiqi və incəsənət məktəbləri davamlı olaraq yenidən
qurulur, daha müasir obyektlərin inşası aparılır.
Məhz maddi-texniki bazanın müasir tələblər səviyyəsində yenidən
qurulması fonunda ölkədə fəaliyyət göstərən 25 dövlət teatrının və
digər teatr kollektivlərinin, 219 muzeyin, 35 rəsm qalereyasının,
3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək təmirli
mədəniyyət saraylarının, bölgələrdə yaradılan, hər biri geniş
istirahət parkına malik olan Heydər Əliyev adına mərkəzlərin qaynar
həyatı müşahidə olunur. Regionlarımızın simvoluna çevrilən Heydər
Əliyev mərkəzləri çağdaş və qlobal informasiya texnologiyaları,
kitabxana, konfrans salonu, təlim kursları olan müasir mədəniyyət
müəssisələri kimi əhalinin geniş təbəqələrinə xidmət göstərir. Biz
bu yüksək şəraitli mərkəzlərin imkanlarından da geniş istifadə
etməliyik.
Eyni zamanda, dövlətin mədəniyyət və turizm siyasətinin effektiv
icrasının təmin olunması, mövcud nöqsanların aradan qaldırılması
üçün regionlarda mədəniyyət müəssisələri ilə əlaqədar islahatların
daha keyfiyyətlə və sürətlə həyata keçirilməsi diqqət
mərkəzindədir. Bu ilk növbədə yerlərdə müasir dövrün tələbləri ilə
uyğunlaşmayan köhnə iş üsullarının, qeyri-işlək strukturların,
vahidlərin, ümumən, şəbəkə sisteminin optimallaşdırılmasını nəzərdə
tutur. Şübhəsiz ki, bu prosesin yekunu olaraq göstərilən
xidmətlərin səviyyəsi müasir tələbata uyğun olaraq əhəmiyyətli
dərəcədə yüksələcəkdir.
Hesabat dövründə regionların mədəniyyət mühitini yeni ideyalarla
canlandırmaq üçün xalq yaradıcılığı festivalları keçirilmiş, bir
çox şəhərlər müxtəlif xarakterik meyarlara görə mədəniyyət
paytaxtları seçilmişlər. 2010-cu ildən etibarən Gəncə, Şabran,
Gədəbəy, Xaçmaz, Qəbələ Əfsanələr Paytaxtı, Qazax, Lənkəran,
Masallı, Zaqatala, Balakən Folklor Paytaxtı, Şəki, İsmayıllı, Quba,
Göygöl, Abşeron müvafiq olaraq Sənətkarlıq Paytaxtı olmuşdur.
2015-ci ildə Şamaxı Ədəbiyyat Paytaxtı, Qax isə Milli Mətbəx
Paytaxtı elan edilmişdir. Bu da təbii olaraq regionlarda yalnız
konkret məkana məxsus mədəniyyət dəyərlərinin qorunması və
inkişafına yeni şərait yaradır. Önəmli cəhətlərdən biri də budur
ki, Bakı şəhərində “Bölgələrdən paytaxta” adlı layihəyə start
verilmişdir. İndiyə qədər Masallı, Qəbələ və Quba rayonunun
mədəniyyət kollektivlərinin proqramları Bakının ən nüfuzlu tamaşa
salonlarında göstərilmiş, böyük marağa səbəb olmuşdur. Yeri
gəlmişkən, hörmətli Prezidentimizin tapşırıqlarına uyğun olaraq
regionlara məqsədyönlü diqqətin artırılması üçün bir sıra görkəmli
sənətkarların təntənəli yubiley tədbirləri onların anadan olduqları
rayonlarda keçirilmişdir.
Şübhəsiz ki, Azərbaycanda mədəniyyət şəbəkəsinin fəaliyyətinin
müasir tələblər səviyyəsində qurulması yüksək ixtisaslı kadrlar
olmadan mümkün deyildir. Belə bir mərhələdə Sizin müvafiq
sərəncamlarınızla bütün təhsil pillələrini özündə ehtiva edən
Azərbaycan Xoreoqrafiya Akademiyasının, Azərbaycan Turizm və
Menecment Universitetinin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Tam əminliklə bildirirəm ki, uzaqgörənliklə qəbul edilmiş bu
qərarlar mədəniyyət və turizm sahəsinin bilikli, yeni dünyagörüşlü
kadrlarla təmin olunmasında müstəsna rol oynayacaqdır. Buna görə
Sizə öz dərin təşəkkürümüzü bildiririk.
Xalqımızın milli mədəni dəyərlərinin qorunması, təbliği, gələcək
nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Bu sahədə Dövlət
Proqramının icrasına uyğun olaraq 18 dekabr 2014-cü il tarixində
imzaladığınız Fərmanla nazirliyin yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması əhəmiyyətli
addımlardan biridir. Bu, bizə imkan yaradır ki, milli-tarixi,
mədəni irsimiz ciddi nəzarət altında olsun, gələcək nəsillərə bütün
məzmunu ilə çatdırılsın. Eyni zamanda, düşünürük ki, tarix və
mədəniyyət abidələrinin etibarlı qorunma mühitinin təminatı üçün
qanunvericilikdə məsuliyyəti artıracaq qaydaları sərtləşdirməyə
zərurət vardır.
Sizin regionların, ümumən Azərbaycanın iqtisadi-sosial inkişafı ilə
bağlı imzaladığınız elə bir rəhbər sənəd yoxdur ki, orada milli
turizm sənayesinin yüksəlişinə yol açan müddəalar yer almasın. Siz
böyük turizm obyektlərinin, mehmanxanaların, digər infrastruktur
vahidlərinin açılışlarında, turizm sərgilərində şəxsən iştirak
edir, müvafiq tapşırıqlar verir, hər bir işimizə dəstək olursunuz.
Ötən il ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlmişdir. Sadə
hesablamaya görə, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin
maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər
daxil olmuşdur. Hazırda Sizin tapşırıqlarınıza əsasən turistlər
üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama
yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın
turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında
tanıdılması istiqamətində fəaliyyətimiz davam etdirilir. Ölkədə
daxili turizmin inkişafı da yeni mərhələ qarşısındadır. Cənab
Prezident, Sizin tapşırığınızla 9-11-ci siniflərdə təhsil alan
şagirdlərin ölkə üzrə turist səfərlərini təşkil etdik. Layihə
“Ölkəmizi tanıyaq” adlanırdı. Marşrutlara 4 mindən çox yeniyetmə
qatıldı. İnanıram ki, “Ölkəmizi tanıyaq” marşrutu gələcək illərdə
daha geniş miqyas alacaq. Azərbaycanı yeni nəsillərə sevdirmək,
tanıtmaq, onları milli tarixi kökə, zəngin təbiətə bağlamaq mənəvi
intellektual formalaşmanın əyani vasitəsidir.
Son illərdə ölkəmizin regionlarına gələn həm yerli, həm də xarici
turistlərin sayının artmasının əsas səbəblərindən biri orada
infrastrukturun təkmilləşdirilməsidir. Sizin müvafiq tapşırığınıza
əsasən yeni yollar çəkilmiş, mövcud yollar bərpa edilmişdir.
Birbaşa nəzarətinizlə həyata keçirilən infrastruktur layihələrinin
reallaşması nəticəsində bölgələrdə müasir kurort və yerləşdirmə
obyektləri yaradılmışdır. Ölkəmizdə turizm infrastrukturunun müasir
standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının
təkmilləşdirilməsi, yeni məhsulun yaradılması turizmin perspektiv
inkişafına imkan verir. Azərbaycanda ən mükəmməl turizm
layihələrindən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi
respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin
inkişafı üçün layiqli nümunədir. Bu örnək özəl sektor tərəfindən
Qəbələdə analoji “Tufandağ” turizm mərkəzinin yaradılmasına təkan
vermişdir. Layihələrin həyata keçirilməsi müvafiq bölgələrdə iş
yerlərin artırılmasına səbəb olmuşdur. Tapşırığınıza əsasən və
daimi nəzarətiniz altında yaradılan “Şahdağ” Qış-Yay Turizm
Kompleksinin yalnız ilkin mərhələsinin istifadəyə verilməsinə
baxmayaraq, vətəndaşların və xarici turistlərin regiona axını
müşahidə edilir. İstirahətə və idmanla təmasda olmağa gələnlərin
sayı il ərzində yüz minlərlə ölçülür.
Bu yüksək kürsüdən Sizi əmin edirəm ki, “Şahdağ” kompleksində
quruculuq və inşaat işləri tapşırdığınız qaydada tam həcmdə başa
çatdıqdan sonra müəssisə gəlirlə çalışacaqdır.
Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkəmiz dünyanın
mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə
çevrilmiş və bu siyasətin nəticəsi olaraq xalqımızın çoxəsrlik
tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları
arasında münasibətlərin tənzimlənməsinə və inkişafına töhfə
vermişdir. Sizin 2010-cu ildə BMT Baş Assambleyasında elan
etdiyiniz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün Bakı
prosesi çərçivəsində həyata keçirilən qlobal layihədir. Cari il may
ayının 18-19-da Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçiriləcək. Bu gün dünya xalqlarının Forumun ideyaları
ətrafında birləşməyə çağırışı Azərbaycana məxsus olmaqla bərabər,
dünyanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm
Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu təşkilatları bu
tədbirin həmtəşkilatçısı qismində çıxış edirlər. Bu o deməkdir ki,
dünyada gedən proseslərə Sizin, beləliklə, Azərbaycanın təşəbbüsü
beynəlmiləl status qazanmağa nail olmuşdur”.
Əbülfəs Qarayev əmin etdi ki, Mədəniyyət və Turizm Nazirliyi
birinci Avropa Oyunlarına gələn hər kəsə xalqımızın ən gözəl mənəvi
cəhətləri, qonaqpərvərliyi, mədəni dəyərləri və tarixi ilə yaxından
tanış olmaları üçün hər cür şərait yaradacaq.
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR