• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gözəlliyi ilə dünyanı heyrətə gətirən yeganə türk qadını - FOTOLAR

Gözəlliyi ilə dünyanı heyrətə gətirən yeganə türk qadını - FOTOLAR

Vaxtında gözəlliyi ilə dünyaya meydan oxuyub. O qədər füsunkar və cazibədar xanımdır ki, illər keçsə də, hələ də dillərdən düşmür. 68 yaşı olmasına baxmayaraq, əks cinsin nümayəndələri onun qeyri-adi cazibəsi qarşısında çox acizdir. Məncə, kişilər ondan gözəlini arzulaya bilməz! Haqqında saysız şeirlər, məqalələr yazılıb... Gözəlliyinə mahnılar bəstələnib... Bir sözlə bu qadında qüsur axtarmaq bağışlanmaz günah olardı. Mən isə bu gözəlliyə ləkə salmamaq, onu layiq olduğu kimi vəsf etmək üçün düzgün ifadələri tapmaqda çətinlik çəkirəm. Beləliklə, bu gün “9 don” layihəsində Türkiyənin gözəllik etalonu hesab olunan Türkan Şorayın həyat yolu, sevgi tarixçələri və gözəllik sirlərindən danışacağam. Dramdan, komediyaya qədər fərqli rolları canlandıran aktrisa, gözəl, küsəyən, utancaq, amma əlçatmaz bir qadın profili yaradıb. Elə bu özəlliklərin sayəsində xalqın sevimlisi olmağı bacarıb.

Türkan Şoray 28 iyun 1945-ci ildə İstanbulda anadan olub. Atası Halid Şoray dövlət dəmir yollarında məmur, anası Meliha isə plastik fabrikində işləyib. O, maddi imkanların məhdud olduğu kasıb ailədə dünyaya gəlib. Maddi imkansızlıqdan dolayı tez-tez ev dəyişdirdikləri üçün məktəbini də dəyişdirməli olurdu. Çətin şərtlər altında yaşayan Şoray kiçik yaşlarından evin bəzi yüklərini çiyinlərinə almaq məcburiyyəti ilə üz-üzə qalır. 1954-cü ildə kiçik bacısı Nazan Şoray dünyaya gəldikdən sonra anası ilə atası arasındakı anlaşılmazlıq son nöqtəyə çatır və cütlük boşanmağa qərar verir. Bacısı ilə birlikdə anasında qalan qızcığazı çətin günlər gözləyirdi. Amma Türkanın ev sahiblərinin qızı Emel Ulduzla tanışlığı həyatını tamamilə dəyişir. 15 yaşlı qızcığaz bir gün Emellə birlikdə film çəkilişlərinə gedir. Çəkiliş meydançasında Türker İnanoğlu onu kəşf edir və beləcə “Yeşilçam Küçəsi”nə addımını atır. Anası Meliha Şoray qızının aktrisa olmasını qətiyyən istəməsə də, maddi sıxıntılardan dolayı filmdə çəkilməsinə icazə verir.

“Köyde Bir Kız Sevdim” adlı filminin baş rolu Emel Yıldıza həvalə olunmuşdu, lakin kənarda sakit dayanan Türkan Türker İnanoğlunun diqqətini çəkir. O, fasilədə Türkanla söhbət etməyə fürsət tapır, hətta bu rola Şorayın daha uyğun olacağına qərar verir. Şadı Çadırçı ilə nişanlı olan 15 yaşlı Şoray, bir müddətdən sonra Çadırçıdan ayrılır və onu kəşf edən İnanoğlu ilə nişanlanır.

“Sevgi küləyi” və “Utanmaz adam” filmlərində çəkilən Şoray medianın da diqqətini çəkir, film təkliflərinin ardı-arası kəsilmir. 28 yaşında artıq 200-ə yaxın filmdə çəkilmişdi. Məşhur olduqdan sonra aktrisanın portreti qəzet və jurnal səhifələrindən düşmür. Türkan Şorayın populyarlığı ölkə sərhədlərini də aşır. Sevilən aktrisanın iştirakı ilə çəkilən filmlər Yunanıstan və İranda, Kipr və Ərəb ölkələrində, habelə keçmiş Sovet Respblikalarında və indiki MDB ölkələrində müvəffəqiyyətlə nümayiş etdirilir. Türk sinemasında “Sultan” ləqəbi ilə tanınır. 1965-ci illərdən başlayaraq “Türk kinosunun bir nömrəli qadını” olur.

Biz həmişə gözəl qadınlara həsəd aparır, bütün kişilərin onlara olan heyranlığına qısqanclıqla yanaşırıq. Şəxsi həyatlarının hər zaman yolunda getdiyini, heç bir problemlə qarşılaşmadığını düşünməmiş olmazsınız. Əfsuslar olsun ki, gözəl qadın heç də hər zaman sevilən qadın olmağı bacarmır. Onlar çox vaxt yanlış seçimləri üzündən bütün ömrü boyu əziyyət çəkirlər. Bəlkə də bu böyük sevgililərin taleyinə yazılmış bir qanundur... bilmirəm... Sultanın həyat yolunu araşdırıncaya qədər, illərlə tənha olduğunu ağlıma sığışdıra bilməzdim. Həyatının ən gözəl illərini, gəncliyini, gözəlliyini - 23 ilini evli kişiyə həsr edir. Amma...

İş adamı Rüçhan Adlının Şorayın həyatında əhəmiyyətli rolu olub. Onu qoruyub, hər zaman zirvədə qalmasına kömək edib. Bu cütlük film çəkilişində tanış olur. Adlının evli olmasına baxmayaraq, 23 il böyük eşq yaşayırlar. Qeyd edim ki, Rüçhan Adlı Şoraydan düz 23 yaş böyük idi. Şoray məhrum olduğu ata şəfqətini, ehtiyac duyduğu qayğını Adlıda tapmışdı. Bu əlaqədən sonra Şoray getdikcə şux qadın obrazından çıxıb daha təmkinli, sakit, hüznlü şəxsiyyətə çevrilir. Cütlük 23 il böyük məhəbbət macərası yaşasa da, Adlının həyat yoldaşı ərindən boşanmağa heç cürə razı olmur və güzəştə getmirdi. Münasibətləri Türkan Şoray ana olmağa qərar verəndən sonra bitir.

“Önyarqılı insan deyiləm. İnsanları həyatıma daxil edərkən onları bəlli qəliblərə, düşüncələrə görə dəyərləndirmirəm. İlk olaraq hər kəsə müsbət tərəfdən baxıram. Bunu belə izah edə bilərəm. Hər kəsin məndə limitsiz platin kredit kartı var. İnsanlar səhv etdikcə kreditlərini azaldıram. Hətta lazım olsa, ləğv edərəm. Çünki sevgi ilə qidalanıram və tez küsürəm. Qarşımdakılar kartdan limitsiz istifadə etdiyi zaman daha çox üzülməmək üçün kartı ləğv edərəm!”

Şorayın Sultan olmasında və ona qayda-qanun qoyulmasında Adlının rolu danılmazdır. Adlı Şoraya göndərdiyi çiçək dəstələrinə ilişdirdiyi kartlarda, ya da buraxdığı qeydlərdə ona həmişə “Sultanım” deyə xitab edərdi. Bu faktlar isə daha sonra mətbuatda yayılır və beləcə xalqın da “Sultan”-ı olmağa başlayır. Yeri gəlmişkən, deyək ki, Türkanın rejissorluq bacarığı da var və bu, onun hərtərəfli istedada malik olduğunu sübut edir. Dünyanın ən çox filmə çəkilən aktrisası olan Türkan 2010-cu ildə UNESCO Türkiyə tərəfindən “xoşməramlı səfir” seçilib.

1966-cı illərin sonlarında bir-birinin ardınca Şoray filmləri çəkilir və eyni həftələrdə Beyoğlu kinoları da bu yarışa girir. Bu halda vəziyyət bir müddət onun əleyhinə işləyir. Eyni vaxtlarda çəkilən Şoraylı filmlər sanki bir-birini vurur. Şorayın belə bir səhvə qurban getməsinin səbəbi bir il ərzində çox sayda filmə çəkilməsi və oynadığı filmlərin eyni mövzuları əhatə etməsi idi. Bütün prodüsserlər Şorayı qara siyahıya salır. Bu qərara görə onu filmlərə dəvət etmir, müqavilə müddətini uzatmır, filmlərini kino salonlarında da göstərmirlər. O artıq Akün, Acar, Arzu, Duru kimi böyük şirkətlərin də qara siyahısına daxil olur. Bütün bu hadisələrdən sonra Şoray özünü müdafiə etmə siyasəti tapır və beləcə Şoray qanunları meydana gəlir.

Şoray qanunları:

1) Türkan Şoraya film ssenariləri filmin çəkiliş tarixindən ən azı bir ay əvvəl təqdim edilməlidir.

2) Türkan Şoray ssenarini bəyənmədiyi təqdirdə yeni bir ssenari veriləcək.

3) Hər ssenaridə “bəyəndi” razılaşması şərtdir.

4) Filmdə öpüşmə və açıq səhnələr olmayacaq.

5) Filmdəki müasir geyimlər Türkan Şoraya, tarixi geyimlər isə şirkətə məxsusdur.

6) Film çəkilişi yalnız İstanbulda olmalıdır. Türkan Şoray İstanbul xaricinə çıxa bilməz.

7) İş saatları səhər 08:00 ilə axşam 19:00 arası olmalıdır.

8) Bazar günləri Türkan Şoray işləyə bilməz.

9) Türkan Şoray adı afişa, elan və kino plakatlarında başda və tək olaraq yazılmalıdır.

10) Filmdə hər oynadığı yerdə 9 maddə tətbiq olunacaq.

11) Filmlərin səsləndirilməsində Türkan Şorayın səsi üçün öz razılaşması şərtdir.

12) Şirkət filmi öz hesabına çəkir. Əgər başqa şirkətlə ortaq istehsala başlanılarsa, Türkan Şorayın razılaşması şərtdir.

13) Film rəngli isə Türkan Şorayın razılaşması ilə çəkiliş günləri uzana bilər.

14) Çəkiləcək filmin rejissoru və baş kişi oyunçusu üçün Türkan Şorayın razılaşması şərtdir.

15) Bu şərtlərə riayət etməyən film şirkəti 100 min lirə ödəməlidir.

16) Mübahisəli məsələlər İstanbul məhkəmələrində həll olunur.

17) Türkan Şoray şirkətlərdən film başına 60 min lirə tələb edir.

18) Türkan Şoray məcburi gecikmələri 10 gündən çox gözləmir.

O dövr üçün olduqca ağır şərtlər idi, 1967-ci illərdə yazılı bir mətnə çevrilir. Bundan sonra Türkanın gəliri bütün aktyor və aktrisaların gəlirini ötüb keçir. Kino şirkətləri Türkan Şorayla müqavilə bağlamaq üçün bir-biri ilə yenidən yarışa girirlər. Şoray ildə yenə 10-12 filmə çəkilir. Lakin 1972-ci ildə çəkilən “Cemo” filminin çəkilişlərində Şoray atdan düşür və iflic olma təhlükəsiylə qarşı-qarşıya qalır. Bu hadisə onun xarici görkəmində ciddi dəyişikliyə səbəb olur. Belə ki, Türkan Şoray 2007-ci ildə “Tərcüman” qəzetinə verdiyi açıqlamada çoxlarının bilmədiyini sirrini etiraf edərək hər kəsi təəccübləndirir. 70-ci illərin əvvəllərində estetik əməliyyatın dəbdə olmadığı vaxtlarda Türkan Şoray qəza nəticəsində burnunu əməliyyat etdirir.

“Əsla bu qədər gözəl və qüsursuz olmazdım!”

1972-ci ildə Elazığda film çəkilişləri zamanı atdan yıxılaraq yaralanan Türkan Şoray parçalanan üzünü, gözünü Tabip Nihat İlhan tərəfindən əməliyyat olunduğunu söyləyir. “Tabip Nihat İlhan məni həyata qaytarır. Parçalanan üzümü və gözümü əməliyyatla düzəldir. Əməliyyat 3 saat davam edir”.

Hadisədən sonra çox çətin günlər keçirdiyini, soyuq havalarda sol göz qapağında ağrı hiss etdiyini söyləyir. Ağrıların həmişə o günü xatırlatdığını qeyd edib. “Atdan yıxılanda təkcə boynum deyil, üzüm, xüsusən də sol qaşım, göz qapağım və yanağım da parçalanmışdı. Özümdə deyildim. Hadisə baş verən kimi məni xəstəxayana aparıblar. Təəssüf ki, özümdə olmadığım üçün Nihat bəylə üz-üzə gəlib təşəkkür etməyə imkanım olmadı... Əgər o, olmasaydı, çox çətin günlər keçirər, çarəni bəlkə də xaricdə axtarardım. Zənnimcə, əsla bu qədər gözəl və qüsursuz olmazdım. Allah ondan razı olsun!”

“Dodağıma heç kim bir söz deməsin!”

Türkan Şoray dodağının estetik ya da botoks olduğu sualına hər zaman əsəbiləşir. “30 il əvvəlki fotolarıma baxın, eyni dodaqlardır. İllərdir ki, dodaqlarım belədir. Sanki o vaxtlar botoks, ya da slikon var idi. Dodaqlarımı çox bəyənirəm. Kimsə bir söz deməsin!”.

80-cı illərdə Şorayın həm karyerasında, həm də şəxsi həyatında önəmli dəyişikliklər baş verir. Bu illərdə Şoray qanunları yıxılır. Şəxsi həyatında isə iyirmi ilini fəda etdiyi Rüçhan Adlını 1983-cı ildə tərk edir, elə həmin ildə kino və teatr sənətçisi Cahan Ünalla evlənir. Evləndikdən bir il sonra anasını itirir, bir müddət sonra qızı Yağmur dünyaya gəlir. Şoray-Ünal cütlüyü birlikdə bir neçə filmdə oynayıblar. Lakin cütlük dörd il sonra ayrılırlar. Bundan sonra Türkiyənin ən gözəl xanımını tənha illər gözləyir. O, heç bir kişi ilə görüşmür.

“25 ildir eşq yaşamadığıma görə, peşman deyiləm. Eşqə inanan, eşqi sevən çox duyğusal bir qadınam. İnsanı insan edən duyğudur. Aşiq olduğunuz zaman insan olduğunuzun fərqində olursunuz, həyatı tanıyır, sevməyə başlayırsınız, özünüzlə üzləşirsiniz. Gerçək eşq insanın həyatında bir dəfə olur. Qalanlarını biz eşq zənn edirik. “Ayyy əcaba ona aşiq olmuşdum?” deyib əslində, aşiq olmadığınızı anlayırsınız... Eşq yaşamaq istərdim, amma eşqin boşluğunu doldura bilmişəm . Qızım və tamaşaçı sevgisi həqiqətən də özümü tənha hiss etməyə qoymayıb. İşimdən əvvəl sevilməyi sevdim mən. Peşəmi məni insanlara sevdirdiyi üçün sevdim bir az... Bəli, bu etirafdır. İnsanların mənə olan sevgisini gördükdən sonra bunu necə davam etdirməyi düşündüm ”.

Səkkiz il sonra atasını, daha sonra böyük eşqi Rüçhan Adlını itirir. Bu illərdə o, tamaşaçısının qarşısına bir neçə silsilə seriallarla gəlir.

Şoray xeyriyyəçiliklə də məşğuldur. O, 1973 ildə İstanbulda ibtidai təhsil məktəbi tikdirib.

Türkan Şoray keçən il Bakıya da qonaq gəlmiş və əslinin naxçıvanlı olduğunu söyləmişdi: “Naxçıvanlı olduğumu təxmin edirəm. Əfsuslar olsun ki, şəcərəm yox olub. Amma hamımız eyni torpaqdanıq. Məni Azərbaycana kinoya çəkilməyə dəvət etsələr, qaça-qaça gələrəm. Sizin mahnıları Türkiyədə hamı əzbər bilir, mən özüm də bu mahnıların heyranıyam. Ən çox “Sən gəlməz oldun” mahnısını sevirəm”.

Sultanın gözəllik sirləri

Allahın bəxş etdiyi bu gözəlliyi heç də hər kəs mükəmməl şəkildə daşıya bilmir. Türkan Şorayın naz-qəmzəsi, danışığı, özünü aparması gözəlliyini daha çəkici edir. Xanım-xatınlıqda, hətta dünyanın birinci ledilərinə, şahzadələrinə dərs deyə bilər. Əlindən güzgüsü heç düşməyən sultanın gözəllik sirləri çox bəsitdir.

“Yuxuma fikir verirəm, gecə həyatım olmayıb, içki içmirəm, dünyaya gözəl baxmağa çalışıram. Kinim, hirsim, qəzəbim yoxdur. Bunlar insanı yaşlandıran, çirkinləşdirən duyğulardır. Bir də “aa bunlar gözəlliyimi korlayır” demirəm. Hər şeyi təbii qarşılayıram. İllərin üzümdə qoyduğu izləri... Bunlar mənim gerçəklərimdir...”

Gecələr üzünü acı badam suyu ilə təmizləyir. Hər gün yaşıl çay içir. Yediklərinə fikir verir. Türkan Şorayın əsas pəhrizi kələm şorbasıdır. Arıqlamaq istəyəndə kələm şorbası yeyir. Pomidor, xiyar, pendir və ət, zülalla zəngin olan qidalara üstünlük verir.

Hazır geyimləri tikdirməkdən daha çox sevir. Buna ayırmağa heç vaxtı da yoxdur. Moda dərgilərini vərəqləməyi sevsə də, gördüyünü qaçıb dərziyə göstərmir. Eyni moda evindən geyinmək vərdişi və marka xəstəliyi yoxdur. Aşiq olduğu paltarı tapana qədər gəzir. Nəyi bəyənsə, onu da alır. Geyindiyi paltarları bir çox ulduzlar kimi qarderobuna toplayıb kolleksiya yığmır, paltarlarını kasıblara paylayır. “Geyinib-keçinmək, bəzənib-düzənmək qadına böyük zövq verir. Ancaq həyat geyinməkdən ibarət deyil!”

Ən çox sevdiyi aksessuarı sırğalarıdır. Boyunbağıdan heç xoşu gəlmir, demək olar ki, taxmır. Ən sevdiyiniz rəng hansıdır sualına sultan özünə məxsus cavab verir: “Hamısını sevirəm, rənglərin çirkini olmaz!”

Təkcə gözlərini hərəkət etdirərək bütün pozanı dəyişdirə bilmək bacarığına heyran qalmamaq mümkün deyil...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR