Dərinizi kompüterdən qoruyun!
Bizi izləyin

Tabloid.az

Dərinizi kompüterdən qoruyun!

İnsanları yeni texnologiyalara yaxınlaşdıran kompüter dəridə vaxtından əvvəl qırışlar yaradır, dərini solğunlaşdırır.

Kompüter qarşısında keçirilən saatlar təkcə gözlərin zəifləməsinə, belin qamətinin əyilməsinə səbəb olmur. İnsanları yeni texnologiyalara yaxınlaşdıran kompüter dəridə vaxtından əvvəl qırışlar yaradır, dərini solğunlaşdırır.

Kompüter bizim biliklərimizi artırmaqla yanaşı, dərimizi büzüşdürür. Kosmetoloqların sözlərinə görə, kompüter şüaları zərif cinsin nümayəndələrinin dərisinə daha çox mənfi təsir etməyə qadirdir. Bu, qadınların dərisinin daha zərif və nazik olması ilə izah edilir.

Onu da qeyd edək ki, bu şüalardan qorunmağın üsulları var. Özü də bu üsullardan nəinki qadınlar, həm də güclü cinsin nümayəndələri də istifadə edə bilərlər. Amma xanımlar unutmamalıdırlar ki, kompüter şüalarının mənfi təsirini onlar daha tez dərilərində hiss edəcəklər. Beləliklə, bu üsulları diqqətinizə təqdim edirik:

Əvvəla, kompüterdə işləyərkən hər saatın sonunda özünüzə 5 dəqiqəlik fasilə verin. Bu vaxtdan da səmərəli istifadə edin. Pəncərənin qarşısına keçin, dərindən nəfəs alın. Boynunuzu dartın və sağa-sola çevirməklə rahatlanın. Bir stəkan mineral və ya adi su için. Əgər imkanınız varsa, suya bir neçə damcı limon və ya portağal şirəsi əlavə edin.

Hər iki saatdan bir sifətinizi su ilə yuyun. Əgər sifətinizə tonal krem və pudra vurmamısınızsa, onda nəm salfetka ilə üzünüzü silə də bilərsiniz. Və yaxud mineral su ilə üzünüzü yuyun. Üzünüzdə makiyaj varsa, gözəlliyinizin qorunması xatirinə gərək iş gününün sonunda yenidən makiyaj edəsiniz.

Monitorun qarşısında uzun müddət əyləşən xanımlar nəmləndirici kremlərdən istifadə etməyi unutmamalıdırlar. Nəmləndirici kremi makiyaj etməzdən öncə də dəriyə çəkmək olar. Bu kremi çəkdikdən bir neçə dəqiqə sonra üzünüzə tonal krem çəkin.

Gözətrafı dərinin mühafizəsi məqsədilə axşamlar bir neçə proseduranı yerinə yetirə bilərsiniz. Bunun üçün kipriklərinizi qırpmadan gözlərinizi geniş açın-yumun. Bu proseduranı 10 dəfə

təkrar edin.

Həftədə iki dəfə duz ekstraktlı kompreslər edin. Yumşaq və isti məhlula batırılmış üz dəsmalını sifətinizdə 5-7 dəqiqə saxlayın. Məhlulu duzla yanaşı, cökə, nanəcövhər, çobanyastığı çiçəklərindən hazırlamaq olar.

Gündəlik menyunuza pomidor və kələm daxil edin. Alman alimləri sübut ediblər ki, bu tərəvəzlər sifəti kompüterin mənfi təsirindən qoruya biləcək ən yaxşı məhsullardır. Gün ərzində iki fincan yaşıl çay içməyi unutmayın. Bu, orqanizmə dəyən zərərin aradan qaldırılmasında əhəmiyyətli rola malikdir.

Kompüter olan otaqda havanın quru olmamasına diqqət yetirin. Bu məsələ qış aylarında daha aktualdır. Çünki qışda adətən otaqlar kondisioner vasitəsilə qızdırılır ki, bu da otaqda havanın qurumasına səbəb olur. Xüsusi vasitələrdən istifadə edərək otaqda havanın nəmliyinin saxlanılmasına diqqət yetirin.

Bundan başqa, çalışın ki, üzünüzü su kranından gələn su ilə yumayın. Ən yaxşı üsul mineral su ilə yuyunmaqdır. Lakin maddi vəziyyətiniz buna imkan vermirsə, onda suyu qaynatdıqdan sonra istifadə etməyə vərdiş edin. Bu zaman suya limon şirəsi, cökə, çobanyastığı, nanəcövhər əlavə edə bilərsiniz. Bu bitkiləri suda 5-10 dəqiqə qaynatdıqdan sonra soyudun, suyu süzün. Üzünüzü sabunla yumayın. Nəmləndirici və tərkibində spirt olmayan losyondan istifadə edin.

Evdə alma yeyərkən onun bir dilimini üzünüzə sürtməyi unutmayın. Masaj xətləri ilə almanın dilimini üzünüzdə gəzdirin. Bu məqsədlə dondurulmuş meyvə şirələrindən də istifadə edə bilərsiniz. Şirəni istifadəsi rahat olan qaba töküb soyuducuya qoyun. Səhərlər şirəli buz parçası ilə üzünüzü silin. Bir neçə dəqiqədən sonra üzünüzü təmiz su ilə yuyub makiyaja başlaya bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm