Orxan Zeynallı (AİD):“Cəsarətsiz olduğumu qəbul etməyə hazıram” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Orxan Zeynallı (AİD):“Cəsarətsiz olduğumu qəbul etməyə hazıram” - FOTOLAR

“Əlimdə milyonlar olsa, heç vaxt dəyişmərəm” - FOTOLAR

Onlar bir fırtına idi. Gəldilər passiv gənclərə üsyan, etiraz ruhunu aşıladılar, lazım olan məqamlarda onlara haqqını tələb etməyi belə öyrətdilər. Nə şöhrət, nə hörmət üçün yazdılar. Tək bir məqsədləri var idi. O da yazdığı mahnılarla insanların qəliblənmiş düşüncə tərzini pozmaq və yaxşı insan olmaq qabiliyyətini yaymaq... Elə buna görə də, istedadları hesabına dinləyici kütlələri dayanmadan artdı. Beləliklə, “Kokteyl” layihəsinin bugünkü qonağı “HOST” qrupunun üzvü olmuş, hazırda solo fəaliyyət göstərən Orxan Zeynallıdır (AİD).

Onu deyə bilərəm ki, Orxan istedadlı və gənc olmaqdan əlavə, bu qədər məşhurluğunun müqabilində qəlbini çirkaba və ulduz xəstəliyinə yoluxmağa qoymayan çox səmimi həmsöhbətdir. O qədər səmimi danışırdı ki, müsahibə aldığım məkanda zövqsüz musiqi dinləməyə məcbur olmağıma baxmayaraq, zövq aldım. Bu barədə isə az sonra...

- Hər zaman sakit və təmkinli görünürsən, beləsən, yoxsa zahirən belə görünürsən, bilmirəm, amma hər insanın içində bir üsyan yatır. Sən ən çox nəyə üsyan edirsən?

- Uşaqlıqdan sakit, təmkinli olmuşam. Aqressiya və emosiyalarımı içimdə boğmağa çalışmışam. İstər hansısa dövrdə baş verən haqsızlıqlara, istərsə də münasibətlərdə özünü göstərən ədalətsizliyə, insanların bir-birinə qarşı rəftarına içimdə üsyan edirəm. Amma sənin etirazın çoxluğa yönələndə hərdən ümidsizliyə qapılırsan. Qarşı tərəf yaxşı, sən isə pis olursan. Ona görə də, öz əhatəmi yaratmışam və orada üsyana ehtiyac qalmır.

Hər bir detala, adicə dilimizin iyrənc hala salınmasına üsyan edə bilərəm. Bu üsyanlar çox vaxt daxilən baş verir.

- Onu necə büruzə verirsən?

- Baxışımda, mahnılarımda hiss olunur, amma hərəkətlərim həmişə təmkinlidir və sakit davranıram.

- Hiss etdiklərini mahnılarına köçürə bilirsən?

- Çox zaman, hə. Bəziləri də ancaq daxilimdə qalır. Bəziləri də sətiraltı, hamının başa düşmədiyi sadəcə ürəyini boşaltmaq üçün gizli şifrələr şəklində təqdim olunur.

- Sətiraltı mənalarla nəyəsə nail olursan?

- Mən nəyəsə nail olmaq məqsədilə yox, daxilimdə baş qaldıran üsyanları sakitləşdirmək, ruhumu təmin etmək üçün yazıram. Dolayısı ilə qəlbimi dolduran hisslərlə məşğulam. Reklam, yaxud soundtrack üçün yazmırsan. Bəzən köhnə mahnılarda yazdığım sətiraltı mənaları “inbox”-ma yazıb təşəkkür edirlər. Hansı ki, orda özün-özünlə söhbət edirsən, ürəyini boşaltmaq üçün yazırsan.

“Məğlubiyyətlə barışmaq, iradəsizlik bütün hallarda mənfi cəhətdir”

- Yaradıcı insanlar məğlubiyyətlə daha tez barışırlar. Səncə, bu yaxşıdır, ya pis?

- Məğlubiyyətlə barışmaq, iradəsizlik bütün hallarda mənfi cəhətdir. Lakin elə xüsusiyyətlər var ki, onu olduğu kimi qəbul etməlisən. Qəbul etməsən də, müəyyən şeylər var ki, onları dəyişmək heç mümkün deyil. Tarix boyu çox şeyi dəyişə bilən məğlubedilməz olan dahi və yaradıcı insanlar da çox olub.

Mahnılarımın daha lirik, kədərli notlarda yazılması məğlubiyyətlə barışmağımla, ümidsizliyə qapılmağımla əlaqəli deyil. Əksinə, depressiya hallarında insana sənə dəstək olur. Mənfi ilə mənfinin müsbətə çevrilməsi anlayışı kimi qəbul edirəm.

Qəmli vaxtında Eminemin “Just Lose İt” mahnısına qulaq asa bilmərsən. Yarım saat saksafon, yaxud başqa bir musiqi alətində ifa olunan musiqiyə qulaq asıb kədəri azaltmaq olur. Ruhuna hopmuş kədəri və zəhəri bir növ musiqi ilə öldürürsən.

- Düşüncələr də axı insanın həyatına təsir edir. Yəni, müsbət düşünürsənsə, hər şey yaxşı olacaq. Yox, pessimist düşüncələr səni tərk etmirsə, həyatındakı uğursuzluqların sayı da çox olacaq.

- “Track”-lərdə, adi şəkil çəkdirəndə belə dinləyicinin görmək istədiyi Orxan obrazı almamışam. Dünyada, Azərbaycanda ifaçılar əksərən kütlənin görmək istədiyi obraza bürünüb onlara işləyirlər. Dövrün nəbzinə uyğun hərəkət etmirəm, bu, sabun köpüyü kimi bir şeydir. Nə qədər çox olsa da, sonda yox olur və mahiyyətini saxlaya bilmir. Daxili aləminin səsini dinləyib ona uyğun hərdən lirik, hərdən zarafat xarakterli, hərdən Allahla bağlı, hərdən də vətənpərvər ruhlu mahnılar yaratmışam. Sevgiyə aid olan mahnılarda elə mövzulara toxunmuşam ki, çox az adam başa düşüb. Yəni, musiqiyə başlamağımdan da peşman deyiləm.

- Niyə kütləyə məşhur insanların tənqidi, hətta nümunəvi olmayan həyat tərzi şirin gəlir?

- Bizim arzularımız başqalarının həyatında reallaşanda, içi qurdlu adamlar uğurlu həyat tablosu olan ifaçıya paxıllıqla yanaşır. Bu uğura ləkə salmaq üçün min bir bəhanə axtarırlar. Paxıl deyilsənsə, pərəstiş elədiyin, uğur qazanmış insanlara baxıb təmiz qəlblə sevinirsən və onların nailiyyətləri səni incitmir. Şəkillərdə, müsahibələrdə xoşbəxt görünə bilər. Qəlbinin dərinliklərinə nəzər salanda isə həmin məşhur tamam başqa cür ola bilər. Məşhurlara dəlicəsinə fanatlıq eləməyin də əleyhinəyəm. Çünki sən başqasının həyatını yaşaya bilmərsən. Dünya çox böyükdür. İstər pul, istər uğur, əslində, hamıya çatır. Sadəcə düzgün bölmək və düzgün istifadə etmək lazımdır.

“Futbolçu kimi məşhurlaşsaydım, daha kobud olardım”

- Ətrafında olanların sənə qarşı paxıllıq və qısqanclığını hiss eləmisən?

- Sözsüz ki, olub. Hətta ən ağlasığmaz adamların qısqanclığı ilə rastlaşsam da, elə böyük əhəmiyyət kəsb etməyib. İnkişafıma həqiqətən sevinən, dəstək olan insanların sayı daha çoxdur. Bir az dərin düşünən insan başa düşür ki, nə edirəmsə, səmimi edirəm. Dayaz insanlara onsuz da heç nə izah etmək mümkün deyil... Uğur qazansam da, məşhurluq xəstəliyinə düçar olmamışam. Bu günə kimi ictimai yerlərdə də oluram, ictimai nəqliyyatdan da istifadə edirəm. Həmişə demişəm ki, futbolçu kimi məşhurlaşsaydım, bəlkə daha kobud olardım. Musiqidə qazandıqlarım elə böyük bir şey deyil ki, həyatımı ona uyğun dəyişim. Əməllərimlə nümunəvi olmağa çalışmışam. 15-16 yaşlı uşaq da qulaq asır və onun mahnılardan çıxardığı nəticələr bilavasitə gələcək həyatına təsir edir. Həyata baxışımı, fikirlərimi mahnılarda bildirirəm, sosial şəbəkələr vasitəsilə oxucularla mahnılarımla kontaktda olursan. Birinci növbədə səmimi olmağa çalışıram, səhvlərimi etiraf etməkdən çəkinmirəm.

- Belə başa düşdüm ki, futbolçu olmaq sənin böyük arzun olub. Azərbaycan futbolunun bugünki vəziyyəti göz qabağındadır. Futbolçu ola bilmədiyinə görə, peşmansan hələ də?

- Azərbaycan futbolu haqqında heç bir məlumatım yoxdur, izləmirəm. Yığmaların vacib oyunları olanda stadiona gedib baxıram. Uşaqlıqda özümü “Neftçi” də, yaxud başqa komandalarda deyil, dünya futbolunda təsəvvür edirdim. Arzularım daha böyük idi, burda heç kim sənə məhdudiyyət qoya bilməz. Səhhətimdə problem olduğu üçün alınmadı, amma indi heç bu barədə fikirləşmirəm. Yəqin ki, belə olmağı daha məsləhət imiş.

- Yaradıcı insanlar sanki başqa bir aləmlə kontaktda olurlar. Maraqlıdır ki, bu illər ərzində eyforik anı yaşamısan?

- Belə məqamlar olub. Ancaq konsertlərdə bir neçə saniyəlik ola bilər, lakin real dünyadan çox uzaqlaşıb eyforiyaya qapılmamışam. Özümü heç zaman başqalarından üstün məxluq hesab eləməmişəm. Hərdən küçədə gedəndə kimlərinsə məni tanıdığını ümumiyyətlə, unuduram. Ayağım yerə möhkəm basıram, göylərdə uçan tiplərdən deyiləm. (Gülür)

- Həyatda mərd insansan?

- İnsan özü haqqında çox vaxt yüksək fikirdə olur. Əslində, bu, vəziyyətdən asılı olaraq dəyişir, o məqam yetişəndə nə qədər güclü olsan da, cəsarətli addımı atmaya bilərsən. Kifayət qədər cəsarətli olduğum məqamlar olub. Eyni zamanda, atmalı olduğum addımları atmadığım və cəsarətsiz davrandığım anlar olub. Ümumi götürsək, doğma və yaxınlarım üçün hər şey etməyə hazır insanam.

- Bəs sənətdə?

- Sənətdə bilmirəm, necə cəsarətli olursan. Ürəyimdən keçən fikirləri açıq və ya qapalı şəkildə mahnılara köçürürəm, xüsusi gizlətdiyim mövzu olmayıb. Bəzən də cəsarəti ağılsızlıq kimi başa düşürlər. Necə ki, sadəliklə, aktyorluğu səhv salırlar. Mən ağılsızlıq etməməyə çalışıram. Əgər mahnılarda söyüş söymək cəsarət sayılırsa, sırf bu mövzuda cəsarətsiz olduğumu qəbul etməyə hazıram. Kim də edirsə, özü bilər.

“Ölüm, ağrı qorxusu ümumilikdə həyat eşqinə gətirib çıxarır”

- Ağıllı insanlar da qarşısındakı təhlükəni dərk etdiyi üçün qorxaq olur.

- Bizim yaşamaq səbəbimiz qorxudur. Biz qorxuruq deyə, maşını üstümüzə gəlməyə qoymuruq, qorxuruq deyə, odun içinə girmirik. Ölüm, ağrı qorxusu ümumilikdə həyat eşqinə gətirib çıxarır. Paraşütü fikirləşən adam da hündürlükdən qorxduğuna görə, onu kəşf edə bilib. Qorxu təhlükədən xilas ola bilər. Eyni zamanda, güllə keçirməz jilet də qorxudan yaranıb, amma baxırsan ki, burda pis heç nə yoxdur. Ağıllı olmaq unikal bir şeydir, ağıllı insanlara çox şey borcluyuq.

- Mənəvi хəstəlik qəribə görünsə də, maddi sərvətə hərislikdən yaranır. Səncə, maddi sərvət hərisliyinə qalib gəlməyin yolu var?

- İnsanın arzuları bitmək-tükənmək bilmədiyi üçün pula olan hərislik illər getdikcə daha da artır. Gözümüzü açandan reklamları, ulduzların dəbdəbəli həyatını görür, elə bilirik ki, xoşbəxtlik həqiqətən də o böyük evlərdə, bahalı geyimlərdə gizlənib. Qəlbinin dərinliklərində tərəddüd içindəsənsə, madiyyatın, yoxsa mənəviyyatın daha dəyərli olduğunu, təsir nəticəsində dəyişə bildiyini yanındakı insanların bu məsləyə düzgün yanaşmasını öyrənə bilərsən. Yanımda materialist, madiyyat üçün qaçan adamlar yoxdur. Bununla yanaşı, pul qazanmaq istəməyən insan yoxdur, rahatlığı təmin etmək üçün nələrəsə nail olmaq istəyir, lakin bu məndə özünü aşırı şəkildə büruzə vermir. İllərlə eyni paltarı çox rahatlıqla geyinə bilərəm. Mənim üçün maşın, telefon və s. sırf vasitə olub. İllər keçir, telefonlarım dəyişmir. Müqəddəs olmaq istisnadır və olmaq kimi şansımız sıfıra bərabərdir. Ədalətli olmaq isə qaydadır. Nə qədər səhvlər etsək də, (bunsuz mümkün deyil) ədaləti getdiyimiz hər yerdə özümüzlə daşımalıyıq.

“Əlimdə milyonlar olsa, heç vaxt dəyişmərəm”

- Yəni, pula satılmamısan?

- Konkret olaraq deyə bilmərəm ki, həyat məni pulla böyük sınağa çəkib. Amma bəzi sınaqlardan üzüağ çıxa bilmişəm. Elə təkliflər olub ki, imtina etmişəm. Qazandıqlarımı da düzgün formada xərcləməyə çalışmışam. Əlimə pul düşəndə çətin günümdə təmənnasız, dostcasına kömək edən insanları sevindirməyə çalışmışam. Bu, xüsusi öyünməli bir hərəkət deyil. Hamı bir-birinə nə isə qazanmağa vasitəçilik etməlidir. Yalan deyə bilmərəm ki, əlimdə milyonlar olsa, heç vaxt dəyişmərəm. Olanda cavab verərəm.

- Musiqini kasıbların cənnəti adlandırırlar. Onda varlıların nəyidir?

- Varlıdan varlıya fərq var. Əyləncəsi ola bilər. Məncə, kasıb insanlar əylənməyi varlılardan daha yaxşı bacarırlar. İnsan varlandıqca özünü çərçivələrə salır. Məsələn, qaşığı bu cür tutmaq lazımdır, ancaq brend geyinmək lazımdır. Bir sözlə, özümüzü komplekslərə salırıq. Adicə “Titanik” filmində yuxarıda varlılar ürəyinə qara-qara taleyinin nə olacağını fikirləşirlər, aşağıdakı kasıb təbəqə isə özləri üçün deyib-gülüb əylənirlər. Kinodan fraqment olsa da, həyatda da özünü əks etdirir. Kasıb insanlar ən vacib şeylər haqqında düşünürlər: qarınları doyuzdurmaq və yaxınlarının sağlam olması kifayət edir. Varlı təbəqə isə yeni çıxmış maşınların dərdini çəkir.

Bizneslə məşğul olan, böyük pullar qazanan insanlar da var ki, təsəllini, rahatlığı musiqidə tapırlar. Varlıların hərdən əyləncəsi, hərdən də bəzi dostlarından, sünilikdən qaçdığı istehkamı, sığınacağı ola bilər.

- Mahnılarının hər birini hekayə adlandırsaq, onların əvvəlində, yoxsa axırında daha çox yalan danışırsan?

- Mahnılarımda həyatımda uzlaşmayan hissələr olub. Buna yalan yox, yaradıcılıq demək olar. Yaradıcı insanlar hər şeyi olduğu kimi yazmaq məcburiyyətində deyil. Öz həyatım maraqsız ola bilər. Bu baxımdan başqalarının həyatını əks etdirmək istəsəm, kimlərinsə özünü tapdığı hekayələr fikirləşirəm. Hekayə janrına müraciət etmirəm. Yazanda isə çox zaman sonunda yalan danışıram.

“Bakı sünilik, qlamurluq, ikiüzlülüyə bürünüb...”

- Həyatın maraqsızdır? Ümumiyyətlə, gəncliyini yaxşı mənada xərcləyə bilirsən?

- Məncə, gəncliyimi daha yaxşı xərcləyə bilərdim. Mane olan məqamlar var ki, getdikcə aradan qaldırıram. Yaşadığım həyatdan şikayətlənmirəm. Məsələn, olmaq istədiyim elə yerlər var ki, Bakıda yoxdur. Bakı indi süniliyə, qlamura, ikiüzlülüyə bürünüb sanki... Orda kimsə, əylənib rahatlıq tapa bilər. Mənim rahatlıq anlayışım tamam fərqlidir. Kimsə, “Bu nə gənclikdir” deyə bilər, eyni sözü mən də onlar haqqında düşünürəm. Həyatımın ən maraqlı illəri qabaqdadır...

- Başqa ölkəyə köçüb həyatını istədiyin kimi yaşamaq istəyərdin? Buna mane olan, əlini-qolunu bağlayan nələrsə var?

- Əlimi-qolumu bağlayan heç nə yoxdur və başqa ölkədə yaşaya bilmərəm kimi düşüncələrim yoxdur. Azərbaycançılıq hisslərindən uzaq insan deyiləm. Məsələn, Azərbaycanın klassik musiqilərinə qulaq asanda daha çox dincəlirəm, doğmalıq tapıram. Yəqin ki, bu da genetika ilə bağlıdır. İndi isə istər şəhərin görünüşündə, istər musiqidə, istərsə də insanların rəftarında həmin ruh qeybə çəkilib, hər bir vəchlə üstündən xətt çəkməyə çalışırlar. Getdikcə sən yadlaşırsan, bağlı olduğun yerdən əsər-əlamət qalmayıb. Yeni cəmiyyət yaranır, orada özümü tapa bilmirəm. Təbiəti çox sevdiyim üçün yaşıllığı bol olan yerdə yaşamağı daha üstün tuturam.

- Elitar musiqi təbəqəsinin formalaşması üçün nə etmək lazımdır?

- Bəstəkarlar başqalarından oğurlamamalı, özlərindən fikirləşməlidirlər. Köhnə mahnıları dinləyəndə Azərbaycan musiqisi olduğunu notlardan dərhal başa düşürsən. Mən öz dilimizdə yazıramsa, aydın məsələdir ki, kütlə olaraq hədəfim Azərbaycan dilli insanlardır. Hamımız eyni hekayə, laylalarla böyümüşük. Bu kimi dəyərləri ifamda, yazdıqlarımda qoruyub saxlamağa çalışıram. 10-15 il əvvəlki mahnılar milli ruhda yazılan son damlalar idi. O ruh indi yox olub. Bəstəkarlar milli ruh yaratmaq əvəzinə, xarici elementləri oğurlayırlar. Sözlərdən ümumiyyətlə, danışmağa dəyməz. Çünki insan sevgisini fikirləşmirlər, bir-iki ifaçını çıxmaq şərti ilə çoxunun hədəfləri ancaq reytinqdir. Eyni şeyi kinoya da aid etmək olar. İndi bu qədər imkan olduğu halda yaxşı kino çəkilmir. Niyə? Çünki onda Azərbaycan kinosu çəkilirdi, indi xarici kinolara bənzədilir. Özümüzküləşdirə bilmirik, yetişən nəsildə də bu anlayış yoxdur. Hamı pul qazana biləcəyi musiqilər yazmaq istəyir. İnqilabı öz öhdəsinə götürmək istəmirlər. Təsadüfən elə mahnılar eşidirəm ki, onların yazılma səbəbi ümumiyyətlə, bəlli deyil.

- Məsələn indi eşitdiyimiz mahnı qlamur məkanla uyğunlaşmır və çox zövqsüzdür.

- Bəli, bu müğənniləri də ayaqdan saxlayan biz xalqıq. Ayda 30-40 min pul xərcləyib toylara dəvət edir, onları “adam” edirik. Xalq öz qəhrəmanlarını özü seçir. Saxlamasan, qəhrəman ola bilməzlər.

- Sizə elə gəlmir ki, gənclərin öz-özünü qavraya bilmək problemi var. Sanki problemini dərk edib onu özünə etiraf edə bilmir...

- Təhsilin çox ciddi şəkildə problemli olmağı, insanın az-çox oxuyan kimi ölkəni tərk etməsi, cəmiyyətin problemlərini həll edə bilməz. İnsan savadlı ola bilər, ən çətin riyazi məsələləri çox adam həll edə bilər. Lakin əsas məsələ, gələcək nəsilə də nə isə vəd etməkdir. İnsanın daxilində ziyalılıq işığı olmalıdır. Kifayət qədər perspektivli gənc tanıyıram ki, burdakı həyat tərzinə və şəraitinə uyğunlaşa bilmədiklərinə görə, xaricdə yaşamağa üstünlük veriblər və mən hesab edirəm ki, onlar Azərbaycanın gələcək fundamenti ola bilərdilər.

- Başqa bir planetdə yaşamaq şansın olsaydı, gedərdin, yoxsa qalıb nələrisə düzəltmək naminə mübarizəyə qoşulardın?

- Bizim cəmiyyətdə nəyəsə qarşı mübarizə aparmaq çətin bir şeydir. Apardığın mübarizələrdə də sənə dəstək verilmir, əksinə hər cəhdlə mane olurlar. Yanımızda olanlar da dırnaqarası məqsədlər güdürdülər. O qədər riyakar, içi nifrətlə dolub-daşan insanlarla qarşılaşırsan ki, qalıb mübarizə aparmaq həvəsi də ölür. Bu nifrətin nə ilə əlaqəli olduğunu bilmirəm. Aqressiya hər yerdə göz qabağındadır. Psixoloqlar araşdırarsa, bəlkə də, müharibə dövründə valideynlərimizin yaşadığı stresslə, bağlı olduğunu əlaqələndirə bilərlər.

- Qürur acizlərin, itirən tərəfin özü üçün yaratdığı bir maskadır?

- Dost-tanış dediyim insanlara qarşı qürur nümayiş etdirmərəm. Adicə ad günümü təbrik etməsələr, bundan incimərəm. Amma başa düşən, səhvlərin üstündən ötən insanların qiymətini bilmirlər, şıltaq, küsəyən, aqressiv və eqoist insanlara daha çox hörmət edirlər. Yaxşılıq etmək həvəsim qürurumdan yüksəkdə dayanır. Valideynlərimizə və doğmalarımıza qarşı qürurlu olmamalıyıq. Yaxşı dost ola bilməyəcəklərsə, onda yanımızda olmasalar, yaxşıdır.

- Cahilliyin yüngül forması demək olar ki, hamımızda var. Cahilliyin ağır formaya keçməməsi üçün nə etmək lazımdır?

- Davamlı şəkildə mütaliə ilə məşğul olmaq, ziyalı, mədəni insanlarla bəşəri məsələləri məsləhətləşmək lazımdır, ünsiyyətdən qaçmamaq lazımdır. Dünyagörüşünü artırmalısan. Güclü mesajlar verən filmlərə, verilişlərə baxmalısan.

- Səhv etmirəmsə, ədəbiyyat həvəskarısan. Azərbaycan ədəbiyyatından kimləri dünyaya çıxarmaq olar?

- Tonlarla kitab oxumuşam desəm, ömrünü ədəbiyyata sərf edən insanlara qarşı ədalətsizlik olar. Daha çox filmləri izləməyi xoşlayıram. Məktəbdə əsərlərin hansı ildə yazılmasını əzbərləməyə məcbur etdikləri üçün ondan uzaqlaşmaq istəyirsən. Bu cür dəyərli elmi düzgün tədris etmirlər. Rus bölməsində Turgenevi, Bulqakovu, Dostayevskinin əsərlərinin təhlili keçirilirdisə, bizdə illəri əzbərlədirdilər. Hazırda rus klassiklərinin mütaliəsi ilə məşğul oluram.

- Əzab insanı kamilləşdirir? Yəni o, heç bir naqisliyi üzə çıxara bilməz?

- Əzab insanın əsl mənliyini, mahiyyətini üzə çıxarır. Əzab çəkən insan o vəziyyətdə, heç vaxt tanımadığı özü ilə qarşılaşmaq, eyni zamanda, çevrəsini daha yaxşı tanımaq şansına nail olur. Pis günündə kimlərin səni atıb getmədiyini sınaqdan keçirirsənsə, nəticə etibarı ilə gələcək münasibətlərinin taleyi həll olunur. Heç birimizin alnına silah dirəməyiblər və həmin anda nə edəcəyimiz naməlum olaraq qalır...

- Sonsuz rahatlığı harada tapırsan?

- Dənizdə üzməyi xoşlayan adam olmasam da, heç nə su səsi qədər məni sakitləşdirmir. Sabah nələrin olacağını düşünmədən sonsuz dənizi seyr edərəm...

- Kitabxanada, məsciddə, yoxsa kilsədə daha çox hüzur var?

- Kitabxanada bir neçə dəfə, kilsədə sırf ekskursiya xarakterli və çox az olmuşam. Məktəb vaxtlarında öz sinif yoldaşlarımla dama çıxırdıq. Məktəbin yanında məscid var idi. Bəzən başımız söhbətə o qədər qarışırdı ki, səhər namazının vaxtı çatırdı, azan səsini eşidirdik. O səs bizdə çox xoş təsir buraxıb. Amma azan səsindən qorxuya düşən, bəyənməyən insanlar da var.

- Səncə, bu nə ilə əlaqədardır?

- Birbaşa daxilindən qaynaqlanır. Bu insanlar bizim ağlımıza gəlməyən yerlərdən hüzura qovuşa bilər. Uzun illər dinə bağlı insan kimi imkan daxilində çox adam olmayan şəraitdə, rahatlıq tapa bilərəm. Erkən yaşlarda müqəddəs gecələrdə məscidlərə gedirdik və adam az olurdu. Cümə namazında duya bilmədiyin rahatlığı tapa bilirdim. Məkandan asılı olmayaraq, çoxluq olan yerdə hüzuru tapmaq olmur. Hərə öz ibadətini bir cür yerinə yetirir. Din öz yerində, amma bütün dinlərdə də deyilir ki, insan faktoru, daxili dünyası əsas rol oynayır.

- İbadətlə indi də məşğul olursan?

- İndi də ibadət edirəm, heç nə dəyişməyib. Dini məsələlər insanların şəxsi işidir və qabartmaq lazım deyil. İnsanın evində qıldığı namazdan çox, etdiyi yaxşılıqlar hesaba alınır. Namazı Allah üçün edir, yaxşılığı isə insanlar üçün edirik. Allah da bacardığımız qədər yaxşılıq etməyi buyurub.

“Sevgi dedikdə 16 yaşlı uşaqların sms-ləşməyi nəzərdə tutulmur”

- Belə demək olar ki, insan mənəviyyatına qaranlıq çökəndə, o işığı dində tapa bilər?

- Onu hər yerdə sevgidə, uzun illər ürək dolusu söhbətləşmədiyi valideynində də tapa bilər. Hər şey, Allaha olan münasibət belə sevgi üzərində qurulub. Sevgi dedikdə 16 yaşlı uşaqların sms-ləşməyi nəzərdə tutulmur. Sevgi daha ülvi hissdir.

- Sevgi səni çətin seçim qarşısında qoymayıb ki?

- Olub, hərdən hisslərlə ağıl üst-üstə düşmür. İndi sağ-salamatamsa, deməli, bu seçimdən çıxa bilmişəm.

- Xoşbəxtlik səni axtaranı tapmaqdır?

- Səni axtaran bir yox, bir neçə nəfər ola bilər. Sən isə həyatın boyu səndən qaçan insanı sevərsən... Bu da əzablı həyat taleyidir. Hamımızın haradasa sevgi payı gizlənib. Onu bağçada da, evlənəndən 20 il sonra da tapa bilərik. Qismətimizdə yoxdursa, heç rastımıza çıxmaya da bilər.

“İnsanın gücündən, zəifliyindən asılı olaraq, təsəllinin lazımlılıq dərəcəsi artır”

- Təsəlli çox güclü silahdır. Səncə, təsəlli insanın özünü aldatmasından başqa bir şey deyil?

- İnsanın gücündən, zəifliyindən asılı olaraq, təsəllinin lazımlılıq dərəcəsi artır. Zəif insanlar ona daha çox möhtacdır. Həyatda dəyişə bilmədiyimiz hadisələrlə qarşılaşırıq, kimlərdənsə uzaqlaşırıq. Təsəlli əslində baş verən hadisədə yaxşı nə isə tapmaqdır. Bir vaxt özünə verdiyin təsəlli, illər ötəndən sonra baş verdiyinə görə, sevinirsən. Təsəllilərlə özünü yormaqdansa, hadisələrə emosiyaları azaldıb, soyuqqanlı baxmalısan. Kədərə və qəhərə səbəb olan hadisələr sevgi dolu gələcəyin başlanğıcı ola və bizi işıq dolu gələcəyə apara bilər...

- Sonda bilmək istərdim ki, bu müsahibəni sevdiyin xanım oxuyacaq?

- Yəqin ki, sevdiyim xanımların hamısı oxuyacaq. (Gülürük)

- Bravo! Vəziyyətdən yaxşı çıxdın. Xoş söhbətə görə, təşəkkür edirəm.

- Siz çox sağ olun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm