
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yunanıstanın ən önəmli mədəniyyət mərkəzi sayılan Akropolis Muzeyində UNESCO-nun xoşməramlı səfiri Marianna V. Vardinoyannisin dəvəti ilə idarə heyətinin V toplantısını keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, toplantını giriş sözü ilə açan xanım Marianna V. Vardinoyannis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi nüfuzlu bir təşkilatın idarə heyətinin toplantısının Yunanıstanda keçirilməsini çox önəmli hadisə kimi qiymətləndirmiş və bunun davamlı olacağına ümid etdiklərini diqqətə çatdırmışdır.
Toplantıda Mərkəzin gələcək fəaliyyəti və statusunun
müəyyənləşdirilməsi, o cümlədən katibliyinin genişləndirilməsi və
mərkəzi ofisin işinin daha da təkmilləşdirilməsi ilə bağlı geniş
müzakirələr aparılmışdır.
Tədbirdə, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən Mərkəzin fəaliyyətinə göstərilən diqqət və qayğı
xüsusi vurğulanmış, həmçinin əldə edilən nailiyyətlərdə bu dəstəyin
əsas rol oynadığı qeyd olunmuşdur.
Toplantının işində Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti xanım Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, UNESCO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis, Rumıniyanın sabiq prezidenti Emil Constantinescu, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, UNESCO-nun Broadband komissarı Valter Füst, Gürcüstan Universiteti Qəyyumlar Şurasının sədri Giuli Alasaniya, MENTOR Fondunun İcraçı direktoru Farida Allaghi iştirak etmişlər.