“İndiki qızlar ikinci görüşdən təslim olurlar ” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“İndiki qızlar ikinci görüşdən təslim olurlar ” - FOTOLAR

Aktrisa, müğənni, gözəllik tacı olan model və türk kinolarının çirkin kralı Yılmaz Güneyin ilk həyat yoldaşı... O, 70 yaşında gənc qızlara meydan oxuyacaq qədər gözəl, lətafətli, işvəli, xanım-xatın və şarmlı qadındır. Mən 70 yaşında necə olacağımı təsə

Aktrisa, müğənni, gözəllik tacı olan model və türk kinolarının çirkin kralı Yılmaz Güneyin ilk həyat yoldaşı... O, 70 yaşında gənc qızlara meydan oxuyacaq qədər gözəl, lətafətli, işvəli, xanım-xatın və şarmlı qadındır. Mən 70 yaşında necə olacağımı təsəvvür edə bilmirəm. Amma onun foto və rollarına baxanda qocalmaq fobiyasının məni tərk etdiyini dəqiq bilirəm. Nebahat Çehre nadir qadınlardandır ki, onu izlədikcə qocalmağa nifrət etmirəm. Nə deyək, Allah bəd nəzərdən saxlasın! Beləliklə, bu həftə “9 don” layihəsində Nebahat Çehrenin həyatı və gözəllik sirlərindən danaşacağam.

Nebahat Çehre 1944-cü ildə 7 martda Samsunda 4 uşaqlı ailədə dünyaya gəlib. Ailənin tək qızıdır. Ana tərəfdən gürcü, ata tərəfdən isə Laz (Cənubi Qafqazda xalq) əsillidir. Atasını kiçik yaşlarda itirdiyi üçün anası və qardaşları ilə birlikdə 5 yaşında İstanbula köçürlər. Lisey məzunudur, ali təhsili yoxdur. Nebahat Çehreni indi çoxumuz aktrisa kimi tanısaq da, karyerasına model kimi başlayıb. 15 yaşında Türkiyənin gözəllik yarışmasında qalib gələn Nabahat Çehre bir çox kişilərin yuxularını ərşə çəkir. Gözəllik yarışması bitəndən sonra əvvəlcə memar şirkətində katibə kimi işə düzəlir. Daha sonra uşaq teatrına dəvət edilsə də, qonorarını ala bilmir. Məcbur qalaraq film təkliflərinə razı olur. Fotomodellik və modelliklə məşğul olan aktrisa gələn təklifləri dəyərləndirərək, 1961-ci ildə “Yaban Gülüm” filmi ilə kino dünyasına yelkən açır. O, 1964-cü ildə Yılmaz Güneylə birlikdə “Kamallı Zeybek” filmində rol alır. Gələcək həyat yoldaşı rejissor Yılmaz Güneylə də bu filmdə tanış olur. Rejissor 18 yaşlı qızcığaza ilk baxışdan vurulur. Amma onun qəlbini oğurlamaq asan olmur. Yılmaz Güney Nebahatın diqqətini çəkmək üçün min dərədən su gətirməli olur, dayanmadan sevgi məktubları yazır. Məsələ onda idi ki, Yılmaz Güneyin başqa qadınla münasibəti var idi və o 4 aylıq hamilə idi.

“Geçmişteki bütün günah ve sevaplarımla kendimi sana veriyorum. Nebahat... Nebahat... Nebahat... Nebahat... Yer yüzündeki bütün kağıtları senin isminle doldurmak istiyorum”.

Yılmaz Güneyin bu mövzuda yazdığı məktublar Nebahatın anasının ikinci həyat yoldaşı tərəfindən oğurlanır və mediaya satılır. Dolayısı ilə, illərlə gizli saxlanılan şəxsi həyatı qəzet səhifələrinə düşür.

Bütün baş verənlərə rəğmən, aktyorun cəhdləri, iztirabları cavabsız qalmır, o sevdiyi qadını özünə aşiq edir, cütlük 1967-ci ildə təntənəli şəkildə ailə qururlar. Onların toy şəkilləri bütün qəzetlərin birinci səhifəsində verilmişdi. Həmin dövrdə ayaqları üzərində dayana bilməyən şıltaq aktrisa indiki ciddiliyini həyat yoldaşından mənimsəyir, Güneyin məsləhətlərindən çox bəhrələnir. Özünün dediyi kimi ifadə etsək, siyasətdən tutmuş, məişətə qədər hər şeydə öz baxışlarının formalaşmasında Yılmaz Güneyin böyük əməyi olub.

Təəssüf ki, aktrisanın ailə həyatı uğurlu alınmır, onlar bir ildən sonra boşanırlar. Ər artıq uzun-uzadı məktublar yazan o aşiq obrazından soyuq bir şəxsə çevrilir. Münasibətlərdə soyuqluq yaşanır. Nehabat Çehrenin problemləri, düşüncələri ərini zərrə qədər maraqlandırmır. Demə, əksər kişilər kimi Yılmaz Güneyin də romantik duyğuları evliliyə qədər imiş…

Aralarındakı soyuq münasibətə baxmayaraq, Yılmaz Güney boşanmağa razılıq vermirdi. Bir gün onlar möhkəm mübahisə edirlər, Nebahat çıxıb getmək istəyir. Həyat yoldaşı isə onu dayandırmaq məqsədilə sükan arxasına keçib avtomobili sürətlə idarə edir və qəza törədir. Dostlarının gözü qarşısında sevdiyi qadını avtomobillə əzir. Bu qəza nəticəsində Nebahatın başına tikiş qoyulur, körpücük sümüyü isə qırılır. Aktrisa uzun müddət xəstəxanada yatır. Əri ağılsız hərəkətindən peşman olub, aktrisanın ayaqlarına düşüb yalvarsa da, Nebahat onu bağışlamır. Nəticədə bu hadisə onların boşanma prosesini sürətləndirir.

Yılmaz Güney Nebahatın həyatını kabusa çevirsə də, aktrisa onu hər zaman yaxşı insan kimi xatırlayır. “Yılmaz həm kobud, həm də həssas qəlbli biri idi. Biz sevərək ayrıldıq. İnsan kimi onu çox sevirdim. Ölənədək yanımda oldu, sarılıq keçirdim, xəstəxanaya qaçdı. Başım ağrıdı, loğman kimi köməyə gəldi. Bir dərdim oldu, xızır kimi imdadıma yetişdi. Bu gün yaşasaydı, yenə dost olardıq. Ondan yaxşı dost təsəvvür edə bilmirəm”.

Evləndikdən sonra kino karyerasından uzaq düşən Çehre çəkiliş meydançası üçün darıxır. Əri ilə münasibətlərinə rəsmi şəkildə son qoyan kimi yenidən kinoya qayıdır. O dövrün aktrisa və aktyorları restoran, bar sahiblərinin təklif etdiyi astronomik pul müqabilində səhnədə oxumağa razı olurdular. Nebahat Çehre maddi ehtiyac üzündən 70-ci illərdə çəkilən seks filmlərində səhnəyə çıxaraq mahnı oxuyub.

Səhnə fəaliyyətinə isə Zəki Müren sayəsində başlayır. Zeki Müren səsini çox bəyəndiyi üçün onu oxumağa həvəsləndirirdi. Zeki Mürenin halallığından sonra səhnəyə kortəbii olaraq çıxmır. Səsi üzərində işləyir, müəllimlərdən dərs alır. Hətta Sezen Aksunun “Büklüm-Büklüm” bəstəsi o dövrlər heyranları tərəfindən çox bəyənilmişdi. Bir müddət səhnədə oxuyan ifaçılara münasibət birmənalı qarşılanmadığı üçün musiqi fəaliyyətinə son verir. Bir dəfə restoran sahibinin oğlu ifaçıya səhnədə olarkən səbət dolusu şampan göndərir. Şampan şüşələrini görən aktrisa dərhal qəzəblənir və onları sərt şəkildə rədd edir. Müğənnilərin ən böyük mükafatının şampan şüşəsi deyil, gül-çiçək və tamaşaçı alqışı olduğunu vurğulayır. Bu hadisədən bərk sarsılan Nebahat səhnə həyatını birdəfəlik tərk edir.

Aktrisa ikinci dəfə milli basketbol yığmasında oynayan Yavuz Demirlə ailə qurur. Nebahat 5 dəfə ailə quran Demirin 3-cü həyat yoldaşı idi. Təəssüf ki, Yavuz Demirlə 8 illik nikahı da uğursuz alınır. Yavuz Demirin dinamik həyat tərzinə ayaq uydurmayan aktrisa boşanmağa qərar verir.

Qeyd edim ki, aktrisanın övladı yoxdur. O, boşandığı kişidən uşağının olmasının qəti əleyhinədir. Hər iki evliliyində ayrılacağına inandığı üçün dünyaya uşaq gətirməyib və buna görə, peşman deyil.

İndiki qızlar ikinci görüşdən təslim olurlar...

“Maraqlıdır ki, məni 35, 40 yaşında olan kişilər bəyənir. Amma önümə qalın divar hörmüşəm. Onlar bu divarı aşıb mənə yaxınlaşa bilmirlər. Çox yalnız qadınam, şikayət etmirəm. 17 ildir ki, eşq həyatına son qoymuşam. Hər bir qadının sevgi və qayğıya ehtiyacı olduğunu inkar edə bilmərəm. Amma müəyyən bir yaşdan sonra insan daha da çətinlik çəkir və seçici olur. İki dəfə böyük sevgi yaşayan insan olaraq bütün bu hisslər üçün çox darıxıram. Ancaq olmayanda da olmur...

Duyğusal qadınam, sevgini bütün qəlbimlə hiss etməliyəm. Dünyanın ən zəngin kişisi də olsa, məni həyəcanlandırmırsa, dönüb baxmaram. Yaraşıqlı, amma içi dayaz kişilər də diqqətimi cəlb edə bilməz. Elə bir yaş dövründəyəm ki, ehtiraslı sevgi romanları yaşaya bilmərəm. Öz yaşıma uyğun, həm də subay birini tapmaq çox çətindir. Bu, uduş biletini qazanmaq kimidir. Kişilərlə dostluq etməyə də isti baxmıram, hətta ən yaxın həmkarımla yeməyə getmirəm. İndiki qızlar ikinci görüşdən təslim olurlar. Ana olsaydım, qızımı qətiyyən bugünkü, gənc qızlar kimi yetişdirməzdim. Qızıma gecə klublarına getməyi qadağan edərdim. İkinci həyat yoldaşımla 2 ilə yaxın görüşmüşük, amma o, bir də dəfə olsun mənə toxunmayıb. Bu, mənim həyat prinsipimdir. Rol aldığım filmlərdə belə sevgilim rolunda çıxış edən tərəfdaşlarımın gənc olmamasına çox həssaslıqla yanaşıram. Təklif edilən bütün ssenariləri dəyərləndirərkən öpüş və yataq səhnələrinə xüsusi diqqət edirəm. Bu səhnələrə razı olmaram, öpüşmərəm və yatağa da girmərəm”

Böyük fasilədən sonra Nebahat Çehre seriallarda rol alır. Bu fasilə ərzində isə Nebahat dünyanı səyahətə çıxır. Səyahətlərinə böyük sərvət xərcləyir.

Uzun illər ekrandan uzaq düşən aktrisanın istedadından xəbərdar olan rejissorlar onu rollara dəvət edirdilər. 2000-ci illərdə əvvəlki məşhurluğuna qovuşan Çehrə “Haziran Gecəsi” “Aşkı -Məmmu”, “Möhtəşəm 100 il” kimi seriallarla gənc nəslin də qəlbinə yol tapır. “Möhtəşəm 100 il” kimi tarixi serialda canlandırdığı Hafizə Sultan rolunu aktrisanın yaradıcılığının zirvəsi adlandıra bilərik. Bu serialda Validə Sultanın ölüm səhnəsi aktrisaya ağır təsir etdiyi üçün həmin hissəni izləməyib.

“Getdiyim hər yerdə Validə Sultan obrazından danışırlar. Məncə, əla iş çıxara bilmişəm. Amma şöhrətə aludə olan insan deyiləm. Şöhrət mənim üçün şar kimi bir şeydir. Ona güvənmək olmaz, hər an partlaya bilər”.

Validə Sultan dava etməyi sevməyən qadın idi, əsəbləşsə belə, duruşuna, lətafətinə xələl gətirmir. Nebahat Çehre Validə Sultan obrazında çöhrəsi və davranışları ilə əsl zadəganlıq və zəriflik nümunəsi yaradır. “Möhtəşəm 100 il”-dəki türk milli geyimləri xüsusi ilə vurğulamaq lazımdır. Bu rolla birlikdə aktrisa heç vaxt geyinmədiyi paltarları geyinmək şansı qazanır. Geyimlərin formasını dizaynerlərə özü sifariş verirdi. Bədənini tanıdığı üçün incə belini vurğulayan geyimləri xoşlayır.

Gənc qızlara meydan oxuyan 70 yaşlı aktrisa gözəlliyini qorumaq üçün bir neçə üsullara əl atır. Onun dillərdə gəzən gözəlliyi və gənclik sirləri, hətta 20 yaşlı qızların da maraq dairəsində olan mövzulardandır. Öz qeydinə qalmasaydı, əlbəttə ki, bu qədər gözəl və lətafətli olmazdı. Bir müddət idmanla, əsasən də tennislə məşğul olub. Faringit xəstəliyindən əziyyət çəkdiyi üçün idmandan uzaqlaşır. Təxminən 15 ildir ki, nə idman edir, nə də pəhriz də saxlayır. Zərif bədənini sağlam qidalanmaqla qoruyur. Rasionunda südlü desertlərə daha çox yer verir.

Plastik əməliyyatlara münasibəti yaxşıdır. Qırışlardan xilas olmaq üçün üzünü dartdırıb. Bir çox məşhurlardan fərqli olaraq saysız-hesabsız keçirdiyi əməliyyatları gizlətmir. Botoks üzünə sərt ifadə verdiyi üçün bir daha etdirməməyə söz verib. Botoksdan imtinanın səbəbi isə sadədir. Botoks seriallarda jestlər və mimikalarla oynadığı üçün ona özünü ifadə etməyə imkan vemir. Aktrisa sellüliti olduğunu da gizlətmir. Lakin onlarla məşğul olmağa həvəsi yoxdur.

Dərisinin solğun və yaşlı görünməsinin qarşısını almaq üçün tərkibində zeytun yağı olan nəmləndirici kremlərə üstünlük verir. Zeytun yağı yaşlılığı gecikdirir, dərinin parıltısını isə özünə qaytarır. Aktrisanın sözlərinə görə, dəri gözəlliyini qorumaq üçün xüsusi maskalardan istifadə etmir. Dəri gözəlliyini genlərə borclu olduğunu bildirir.

“Hətta anamın dərisinin gözəlliyinə heyran olub şer yazıblar. “Qaranlıqda otur işıq saçarsan!” Yəni, bizim ailənin dərisi gözəldir. Sadəcə üzümü soyuq su ilə yuyuram və qurulamıram. Su dəriyə hopandan sonra nəmləndirici krem çəkirəm.

Yəqin ki, hər kəs məni gözəl görmək istədiyi üçün gözəl olduğumu söyləyir. Gözəllik yarışmasında qalib gələndə heyrət içində idim. Məncə, gözəlliyim təriflərə layiq deyil. Sadəcə ideal bədən ölçülərim və incə belim münsiflərin diqqətini çəkmişdi. Özümü insani xüsusiyyətlərimə görə, sevir və qiymətləndirirəm”.

Nebahat Çehrenin gözəlik ritualları:

Makiyaj və geyim dəbini izləyəndə saç və dəri tonlarını da nəzərə alın.

Üzünüzü bəhanənizin nə olmasından asılı olmayaraq makiyajdan təmizləyib yatın.

Çörək və şirniyyatları ancaq səhər yeməyi zamanı yeyin.

Siqareti tərkidin!

Qırmızı ət yerinə balığa üstünlük verin.

Acdığınız zaman çoxlu salat yeyin.

Özünüzü sevin, sizi sevənlərlə vaxt keçirin.

Gündə 2 litr su için, içinə limon dilimləri də əlavə edə bilərsiniz.

Meyvələrə daha çox yer verin. Şirin meyvələri gecə saatlarında yeməyin. Çünki tərkibindəki şəkər piylənməyə səbəb olur.

Meyvə və salatı ürəyim istədiyi qədər yeyirəm.

Hər gün 200 qram qatıq yeyirəm.

Həftənin 3 günü balıq yeməyə çalışıram.

Axşam yeməklərini 19:00 və 19:30-da yeməyə diqqət edirəm.

Səhər yeməyini yemədən evdən çıxmıram.

İnsan əslində, sevdiyi şeyləri yeməlidir, özünüzü sevmədiyiniz yeməkləri yeməyə məcbur etməyin. Lakin həddini də aşmayın, zərərli qidalardan uzaq durun.

Hər gün 30-35 dəqiqə idman edin.

Astarı üzündən baha başa gəlir!

Nebahat Çehre üslub və geyimləri redaktəyə ehtiyacı olmayan tək-tük qadınlardandır. Brend xəstəliyi yoxdur. Aksessuarlardan çox istifadə etsə də, cazibədar çöhrəsini və gözəl bədən quruluşunu kölgədə qoymur. Gözlərini və dodaqlarını isə rənglərin hücumuna məruz qoymur.

“Aldığım paltarların rahat olması çox önəmlidir, idman ayaqqabılarım olmasa, yaşaya bilmərəm. Gündəlik həyatda avanqard üsluba önəm verirəm, getdiyim hər yerdə nə iləsə fərqlənməliyəm. Təbii ki, məkan və saat da əhəmiyyət kəsb edir. Serialların çoxunda öz geyimlərimdən istifadə etmişəm. Yəni, çoxlu geyim almalı olmuşam. Astarı üzündən baha başa gəlir. Hətta “Haziran Gecəsində” 20 il əvvələ aldığım paltarımı geyinirdim.

Bazardan paltar almağa utanmıram, özümü bahalı brendlərlə çərçivələrə salmamışam. Ucuz paltar alsam da, saxta malların əleyhinəyəm. Pulum varsa, bahalı nə isə ala bilərəm. Yoxdursa, daha ucuz markalara müraciət edərəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm