• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Günay, səndən ayrılandan sonra acından öldüm"

"Günay, səndən ayrılandan sonra acından öldüm"

Prodüser Təranə Səmədova susqunluğuna son qoyub.

O, Teleqraf.com saytına müsahibəsində haqqında danışan prodüserlərin söylədiklərinə cavab verib. Özünü brend prodüser adlandıran T.Səmədova gələcəkdə daha böyük uğurlara imza atmaq əzmində olduğunu bildirib.

- Nəyə görə, Təranə Səmədova hər zaman qalmaqalların mərkəzindədir. Halbuki, populyarlığı ona imkan verir ki, qalmaqaldan uzaq olsun.

- Mən durduğum yerdə heç kimlə konfliktə və ya söz mübahisəsinə girmirəm. Sadəcə, ünvanıma atmaca atanlara cavab verirəm. Ümumiyyətlə, yerli şou-biznesdə bəzi “prodüserlər” bir-birlərini dəstəkləmirlər. Bəzən bir-birinin ayağının altını qazırlar, bəyənməzlikdən gəlirlər. Bunu tək şou-biznesə, prodüserlərə şamil etmək olmaz. İstənilən sahədə, işinin peşəkarı olanda, orada sağlam rəqabətlə yanaşı qeyri-sağlam rəqabət də olur. Normalda, biz prodüserlər eyni funksiyanı həyata keçiririk. İşimizə ciddi yanaşmağımız vacibdir. Təbii ki, bir prodüser öz işini yaxşı görə bilər, digəri isə zəif. Amma buna görə peşəkara həsəd aparmaq, paxıllıq etmək lazım deyil. 10 ilə yaxındır ki, şou-biznesdəyəm. Hərdən deyəndə ki, mən öz hörmətimi əziyyətlə qazanmışam, orda-burdan eşidirəm, deyirlər ki, guya Təranə nə iş sahibidir, prodüserdi da. Bu gün 5 ən yaxşı prodüserin sırasında adım çəkilirsə, deməli, bir şeylər əldə etmişəm. Rəqabətə gəlincə, prodüserlər var ki, onlara hörmətim böyükdür. Əsas sağlam rəqabət aparıb, dostluq etdiyim Tolikdir. Onu da deyim ki, işimizdə bir-birimizə hər zaman əl tuta bilirik. O, məndən yardım əlini heç vaxt əsirgəməyib. Mən də onun hər günündə yanında olmağa çalışan insanlardanam. Tolik və məndən başqa da yaxşı prodüserlərimiz, Yalçın Cabbarov, Emin Əfəndi var. Onların adları çox hallanmasa da, gördükləri işlərə baxıram və onlarla eyni funksiyanı həyata keçirdiyim üçün fəxr edirəm. Başqa peşəkar prodüserlərin də adını çəkmək istəyirəm. Anar Mədətov, Rövşən Cəfərov, Roland Bayramov, Ataş Hüseyn. Mədinə Məlik, Sayqa Cahid və Namiq Qafarovun iş dinamikası yüksək olmasa da, prodüserliyə başlayanda ilk tanıdığım insanlar onlar olub. Bəzən prodüser iddiasında olub, amma disk və çanta daşıyanlar özlərinə bu adı verib, bizim işimizə xələl gətirəndə çox pis oluram. Baxırsan ki, mənim gördüyüm işin 30 faizini həyata keçirməyib, amma adıma ləkə yaxmağa çalışır.

Bu gün internet televiziya məkanını daha çox üstələyib. Xəbəri televiziyadan daha çox sosial şəbəkələrdə və internetdən əldə edirik. Ona görə də bununla ayaqlaşmaq lazımdır. Bacara bilməyib, geriləyənlər bunun günahını özlərində axtarsınlar. Deməsinlər ki, filan prodüser kimdir? Mən olanda o, yox idi. Ondansa ortaya iş qoysunlar.

- Konkret olaraq, söhbət hansı prodüserlərdən gedir?

- Konkret olaraq bir-iki nəfərin adını çəkməyəcəyəm. Bu gün məni Emin Əfəndini, Toliki bəyənməyənlərə demək istəyirəm ki, qüsuru, qəbahəti özlərində axtarsınlar. Bizim gündəmdə olmağımıza paxıllıq etməsinlər.

- Nəyə görə populyar müğənnilərlə deyil, gənc ifaçılarla işləməyə üstünlük verirsiniz?

- Mənim üçün populyar sənətçidənsə, gənc müğənni ilə işləmək daha rahatdır. Danmayacağam, tanınmağımda Rəqasanənin rolu olub. Ondan qabaq Pişik Günellə, sonra isə Kərimlə işləmişəm. Adam gərək işinə peşəkarcasına yanaşsın. Rəqsanənin yanında ən azı, 5-6 nəfər prodüser kimi işləyib. İndi onlar haradadırlar? Göz önündə olanlar Tolik, Toma və mən olmuşam. Mənim gördüyüm işlər göz önündədir, arxivim isə bugünki adıma işləyib. Məhz buna görə də hazırda bir çox müğənnilərdən daha çox populyaram. Ona görə də populyarlaşmaq istəyən müğənnilər də mənimlə işləməyə can atırlar. Əminliklə deyirəm ki, Azərbaycanda Toliklə mən adımızı podüser olaraq brendə çevirmişik. Sözümün də arxasında dururam. Bu kiminsə xoşuna gəlir-gəlsin, gəlməyən də özü bilər.

- Brend prodüser olduğunuz üçün müğənnilərdən yüksək maaş tələb edirsiniz?

- Sözüm kimisə qıcıqlandıra bilər. Amma deyəcəyəm, mən bahalı prodüserəm. Çəkdiyim əziyyətə qiymət verirəm. Hanısa müğənni mənimlə işləmək istəsə, onunla təmənnasız işbirliyi quran deyiləm. Həm də ki, o yaşda deyiləm ki, hansısa müğənninin yanı ilə gedim. Və ümid edim ki, həmin müğənni nə zamansa populyarlaşacaq, mən də pul qazanacağam. Digər tərəfdən isə həyat təcrübəm buna imkan vermir. Müğənnilər olub ki, əlləri pula çatan kimi məni unudurlar. Bəzən hansısa gənc müğənni ilə işləməyə başlayanda deyirlər ki, sənin adın-sanın var. Niyə axı bu körpə ilə işləyirsən? Vaxt gəlir, mən həmin o körpənin adını o qədər adlı-sanlı nüfuzlu edirəm ki?! Amma sonra həmin o körpə müğənni deyir ki, ruzini Allah yetirir. Ay qız, sən tək olanda niyə Allah ruzini yetirmirdi? Düzdür, ruzini Allah yetirir ki, məni sənin qarşına çıxardı. Düşünürəm ki, həyatda hər şey bumeranq kimi adamın özünə qayıdır. Bu bir biznesdir. Nə zamansa işlədiyim müğənninin yollarını bağlasam, mənimlə işləmək istəyən başqa bir ifaçının gözünü qorxudacağam. Deməyim odur ki, ilk növbədə Allahdan qorxuram. İkincisi də, öz işimə “pəl vurmaram”. Amma qarşı tərəf elə bilməsin ki, ondan qorxuram. Mənim onun yollarını bağlamağa gücüm çatır.

- Söhbət əvəllər işlədiyiniz müğənni Günay İbrahimlidən gedir?

- Təkcə Günay deyil, işlədiyim başqa gənc ifaçılar da olub. Amma onlarla işim çox qısa müddət sürdü. Onlara heç nə deyə bilmərəm. Bu gün populyarlaşdırdığım Günay İbrahimlidir. Günay uğur qazananda, buna sevinirəm. Çünki onun bu günkü uğurunun kökündə mənim əməyim var. O, mənim əziyyətimi doğruldur. Vay o gündən ki, bir müğənnini ortaya çıxarasan, sən olmaynadan sonra itir. Həmin müğənni unudulanda da, deyə bilmirsən ki, filan ifaçı ilə çalışmışam. Hansısa müğənni ağılsızlığı ucbatından yoxa çıxıbsa, insanların ona marağı azalıbsa, bu onun öz günahıdır. Bilirəm ki, bu qız özünə hörmət qoymağı bacarır. Ailə tərbiyəsi görüb və qoçaqdır. Onun əldə etdiyi uğurlarına sevinirəm. Amma deməsin ki, uğuru tək başına qazanıb, ruzini də ona Allah yetirir.

- Belə çıxır ki, o, əməyinizi, əziyyətinizi yerə vurub?

- Nə gizlədim, onun bu gün mənim əziyyətimi yerə vurub, “Ruzini Allah yetirir” deməklə özünə haqq qazandırmağına azacıq qıcıq oluram. Məgər, gəlib sənə deyirəm ki, sənə ruzini mən verirəm? Özünə haqq qazandırmaq üçün belə sözlərə gərək yoxdur. Düzdür, ruzini Allah yetirir. Günay, səndən ayrılandan sonra acından öldüm ki, sən də pul qazana bilməyəsən? Bu gün sən mənimlə işlədiyin vaxtdan qat-qat artıq pul qazanırsan. Və bilirsən ki, sənin qazandığın pullarda mənim də əməyim var. Özünü bu kimi sözlərlə aldadıb, təskinlik tapırsan. Televiziyada, radiolarda hər dəfə mənə replika atır. Adımı çəkməyə isə cürəti çatmır. Çünki çəksə də belə, ətrafı onu qınayar ki, Günay, sənin başın xarab olub. Yəni səni tanıdıb, məşhur edən Təranə Səmədova olub. İndi qınından çıxıb, bəyənməzlikdən gəlirsən?!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR