Nisə Qasımova Füzulidə - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nisə Qasımova Füzulidə - FOTOLAR

Respublikanın xalq artisti Nisə Qasımovanın Qarabağ bölgəsində konsert proqramı davam edir

Respublikanın xalq artisti Nisə Qasımovanın Qarabağ bölgəsində konsert proqramı davam edir. Sənətkarın öz təşəbbüsü və Müdafiə Nazirliyinin xəttilə həyata keçirilən konsert 15 iyun Milli Qurtuluş gününə həsr edilib.

Sevilən müğənni artıq Füzuli rayonunda iki günlük konsert proqramını bitirib. O, əvvəlcə bunu rayonun Horadiz qəsəbəsində yerləşən Azərbaycan Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində həyata keçirib. Əsgərlər tərəfindən böyük sevinc və çoşqu ilə qarşılanan tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, rayonun deputatı, Milli Məclis Sədrinin müavini Bahar Muradova iştirak ediblər. Vitse-spiker Bahar Muradova tədbirdən əvvəl öz çıxışında xalq artistinin bu təşəbbüsünü eşidən andan çox bəyəndiyini və dəstəklədiyini bəyan edib. Nisə Qasımova da öz növbəsində bu addımı atmağı bir sənətkar olaraq özünün vətəndaş borcu hesab etdiyini deyib, ona bu istəyini reallaşdırmaqda yardımçı olan hər kəsə, təşəkkürlərini çatdırıb.

Sənətkar çıxışı zamanı ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı prezident İlham Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinə olan xüsusi diqqətindən bəhs edib, muğam və xalq sənətinin inkişafı üçün görülən işlərdən ruhlandığını deyib. Konsertdə müğənnini İsmayıl Əlizadənin rəhbərlik etdiyi “Kainat” instrumental ansamblı müşayiət edib və o, Vətəni, ananı, ölməz sevgi hisslərini tərənnüm edən yeni və retro mahnılarını səsləndirib. Əsgərlər bütün tədbir boyu müğənninin başı üzərində Azərbaycan bayrağını dalğalandırıblar.

Növbəti konsert iyunun 12-də Füzuli rayonunun Horadiz şəhərində yerləşən Muğam Mərkəzinin yay zalında baş tutub. Xalq artisti bu konserti sırf Füzuli rayon ictimaiyyətinin nümayəndələri üçün keçirib.

Konsertdən öncəki rəsmi hissədə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, hamını bayram münasibətilə təbrik edib. İcra başçısı Nisə Qasımovanın təşəbbüsünü alğışlayıb və sənətkarın belə proqramla Qarabağ bölgəsinə səfərinin fəal vətəndaşlıq mövqeyinin bəhrəsi olduğunu vurğulayıb.

Müğənni Füzuli camaatına layihəni bundan sonra da davam etdirəcəyinə söz verib: “Sizdə özümə və sənətimə xüsusi sevgi gördüm, hamının gözündə bir işıq var. Ruhum gəncləşdi. Görüşünüzə tez-tez gələcəyəm, sizinlə görüşmək mənə güc verdi.”

Hazırda Ağdam rayonunun Quzanlı kəndində olan xalq artisti sabah orda yerləşən N saylı hərbi hissədə növbəti konsert proqramı ilə çıxış edəcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm