• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Azərbaycanda sperma bankı varmı?

Azərbaycanda sperma bankı varmı?

Klinikaların saytlarına nəzər salanda xanımların həkimlərə sonsuzluq barəsində verdiyi suallar təsadüfən qarşıma çıxdı. Orada yazılan rəylər isə sözün əsl mənasında mənim ürəyimi ağrıtdı. Oxuduqca bir daha əmin oldum ki, qadınların əsl xoşbəxtliyi nə sevgidə, nə pul-parada, nə də uğurlu karyeradadır. O, ancaq ana statusuna qazandıqdan sonra əbədi xoşbəxtliyə qovuşa bilər. Diqqətimi çəkən status bunu bir daha sübut edir. “Bu dərdi başına gəlməyən başa düşə bilməz! Heç kim istəməz ki, o qədər pul töküb süni mayalanma etdirsin... Amma bir neçə il övlad həsrəti ilə yanıb-tutuşandan sonra insan təki övlad sahibi olmaq üçün hər şeyə razılaşır. Süni mayalanmanın axı nəyi pis ola bilər? Bir çox ailənin sevincinə səbəb olur, onun təməlini möhkəmləndirir...”

Tabloid.az-ın “Kokteyl” layihəsi çərçivəsində bu həftə elə süni mayalanma haqqında bəhs edəcəyəm. Mərkəzi Klinikanın həkim ginekoloqu Ramin Salahov ölkəmizdə süni mayalanmaya üz tutan ailələrin sayının artması, sonsuzluq səbəblərinin kişilərdə, yoxsa qadınlarla bağlı olduğunu açıqladı.

“Cinsiyyət seçimi etmirik”

- Süni mayalanma prosesi necə aparılır?

- İlk növbədə cütlük müraciət edir. Əgər heç bir problem yoxdursa, bu cür xəstələrə çox vaxt süni mayalanma məsləhət görmürük. Onlara müxtəlif müalicələr və digər üsullar tövsiyə olunur. Süni mayalanma son çarədir.

Qadın və kişi müayinədən keçir. Müayinələrdən sonra xanım xəstəxanaya dəvət olunur, analiz götürülür və müalicə başlayır. Ciddi yumurta, ciddi boru problemi olarsa, yaxud kişi amilinin rolu varsa, süni mayalanmaya etməyə qərar veririk. Proses 2 həftə müddətində davam edir. Qadın ayıbaşının 2-ci, 3-cü günü klinikaya müraciət edir. Ona uyğun xüsusi dərmanlar yazılır, yumurtaları böyüdülür, iynə vasitəsilə qadının yumurtalıqlarından yumurta hüceyrələri toplanılır və embrioloji laboratoriyaya verilir. Eyni gündə onun həyat yoldaşından da hüceyrələr götürülür. Bəzi insanlar bunun əməliyyat yolu ilə aparıldığını düşünürlər. Amma sperma göstəriciləri normaldırsa, adi yolla alınır. Daha sonra qadın və kişinin hüceyrələri arasında sağlam və yaxşıları seçilir. Yumurtalar toplanılır və toplandıqdan sonra həyat yoldaşının hüceyrələri ilə birləşdirilib laboratoriyada xüsusi üsulla mayalandırılır. Üç-dörd gündən sonra ultrasəs cihazının nəzarəti ilə embrionlar qadının uşaqlığına yerləşdirilir. Buna tibbi dildə transfer deyilir. Süni mayalanmanın bir neçə üsulu var. Lakin ən müasir üsul bu cür tətbiq olunur.

- Dərmanlar necə seçilir?

- Xüsusi qanatropillər qrupu var ki, onlardan istifadə edirik. Yəni, yumurtaları bacardığımız qədər bəlli sayın üzərində tutmağa və ən az 10-20 yumurta almağa çalışırıq ki, əlimizdə olan embrionların sayı yetəri qədər olsun.

- Qadın orqanizminə neçə embrion yerləşdirilir?

- Embrionların yerləşdirilməsi onların keyfiyyətinə, həmin xanımın yaşına və xüsusiyyətlərinə bağlıdır. Çox vaxt 1-2, süni mayalanma yolu ilə hamiləlik bir neçə dəfə alınmayıbsa, nadir hallarda 3 embrion belə yerləşdirə bilərik.

- Süni mayalanmada əkiz olma ehtimalı daha yüksəkdir?

- Digərlərə görə, çox yüksəkdir. Əkiz olma ehtimalı 30-40 faizdir.

- Uşağın cinsiyyətini öyrənmək mümkündürmü?

- Mümkündür. Cinsi xəstəliklərin keçmə ehtimalı mövcuddursa, məsələn daha əvvəl xəstə uşaq doğubsa, bu zaman genetik xəstəlikləri araşdırırıq. Cinsi xromosomlarla keçən xəstəlikləri öyrənmək məqsədilə bunu araşdırırıq. Bəzi insanların nəslində genetik yolla keçən talassemiya, hemofiliya, daun sindromu, əzələ və digər bu kimi yüzlərlə xəstəliklər var. Belə ailələrdə təbii yolla hamiləlik baş verdikdə xəstəlik genetik olaraq keçir. Sağlam uşaq dünyaya gətirmək üçün belə cütlüklər bizə müraciət etdikdə, embrionu qadının uşaqlığına yerləşdirməzdən öncə genetik laboratoriyada hüceyrələr üzərində xüsusi araşdırmalar aparır və xəstə hüceyrələri ləğv edib sağlamlardan 1 və ya 2-sini seçib uşaqlığa transfer edirik. Bu cür ağır xəstəliklər PGD (genetik diaqnoz) vasitəsilə cinsiyyəti müəyyənləşdirilir. Cinsiyyət seçimi etmirik, sadəcə cinsiyyətlə keçən xəstəlikləri araşdırmaq məqsədi ilə bu yola baş vururuq.

“Kişilər arasında sonsuzluq problemi daha çox nəzərə çarpır”

- Sonsuzluq problemi daha çox qadınlarda, yoxsa kişilərdə müşahidə olunur?

- 15 il əvvəl qadın sonsuzluğu qabarıq idi. Son zamanlarda isə bu rəqəmlər bərabərləşib. Hətta mən deyərdim ki, bəzən kişilər arasında sonsuzluq daha çox nəzərə çarpır.

- Türkiyədə tez-tez sperma bankası olduğunu eşidirik. Bəs Azərbaycanda sperma bankı varmı?

- Bəli, var.

- Hər iki cütlükdə sonsuzluq problemi müşahidə olunubmu?

- Əlbəttə, xanımda boruların bağlılığı, kişidə spermaların hərəkət sayı zəifliyi halları ilə rastlaşıram.

“Qanunlar çərçivəsində donordan istifadə olunur və bu anonim qalır”

- Bu zaman donor hüceyrələrindən istifadə olunurmu?

- Bu gün Azərbaycan dövlətinin qanunları çərçivəsində donordan istifadə olunur və bu anonim olaraq qalır. Mövcud olan mərkəzlərdə qadın və kişi donorluğundan istifadə olunur. Əgər kişilər azoospermiyadan əziyyət çəkirsə və əməliyyat yolu ilə də kişi hüceyrələrinin əldə edilməsi mümkünsüzdürsə, bu halda ər və arvadın razılığı ilə sperma bankına müraciət edilir. Donorluq xidmətini icra etdikdə donorun sağlamlığı yoxlanılır, genetik, infeksion testlərdən keçirilir.

- Klimaks dövrünü keçmiş, lakin ana olmaq istəyən xanımların süni mayalanma yolu ilə istəklərini həyata keçirməsi mümkündürmü?

- Uzun müddətli klimaks dövrünü keçməmək şərti ilə tətbiq etmək mümkündür. Bu cür xəstələr müraciət edəndə təbii ki, donordan istifadə edirik.

- Embrionların səhv düşmə riski varmı?

- Belə bir şey mümkün deyil, belə ehtimal sıfıra bərabərdir. Çünki bizim klinikada ən müasir metodlardan istifadə olunur.

- Süni mayalanmada düşük riski yüksəkdirmi?

- Süni mayalanma yolu ilə hamiləlikdə düşük riski bir balaca yüksəkdir. Təbii yolla hamiləlikdə uşaqların qüsurlu olma ehtimalı 3 faizidirsə, süni mayalanmada bu, 5 faizdir. Lakin bu statistik məlumat əhəmiyyət daşımır. Təbii ki, süni mayalanma ilə dünyaya gələn uşaqların səhhətini izləyirik.

- Süni mayalanmada hamiləlik hansı səbəblərə görə pozula bilər?

- Normal hamiləlikdə hansı səbəblər təsir göstərirsə, süni mayalanmada da eyni səbəblər təsir göstərə bilər. Buraya genetik problemlər, infeksiyalar daxildir. Lakin biz süni mayalanmanı tətbiq etməzdən əvvəl, xanımları bütün müayinələrdən keçirir və araşdırırıq. 6-cı, hətta 8-ci həftədə belə qüsurun ortaya çıxma ehtimalı var və yaxud qanaxma nəticəsində düşük ola bilər. Nəzərə almaq lazımdır ki, normal hamiləlikdə də bu risklər mövcuddur. Son zamanlarda biz genetik diaqnoz və araşdırmalar aparır, qüsursuz embrionları seçirik. Bacara bildiyimiz qədər genetik cəhətdən sağlam embrionları transfer edirik.

- Cütlüklər neçə il övlad sahibi olmadıqdan sonra süni mayalanmaya müraciət edə bilərlər?

- Cütlük normal həyat yaşayır, lakin uşaqları olmursa, bir ildən sonra bizə sonsuzluq diaqnozu ilə müraciət edirlər. Lakin 35 yaşdan yuxarıdırsa, Avropada, Amerikada olduğu kimi 6 aydan sonra müalicəyə başlaya bilərik.

- Süni mayalanmanı neçə dəfə tətbiq etmək olar?

- Dünyada qəbul olunmuş qaydaya əsasən 3 dəfə məsləhət görülür. Əgər qadının yumurtalıqları imkan verirsə, yumurtalıqların ehtiyatı yaxşıdırsa, sayın çox olması problem yaratmaz. 5-ci, hətta 6-cı dəfədə hamilə qalan xəstələrimiz olub. Nəticə etibarı ilə bir qadının uşaqlığı, yumurtalıqları, kişidə isə sperma hüceyrələri varsa, bu üsulla hamiləlik şansı həmişə yüksəkdir. Ümid həmişə sonda ölür...

- Süni mayalanmada kişi və qadın üçün yaş həddi məhdudiyyəti varmı?

- Kişilər üçün yaş həddi qoyulmayıb. Təbii ki, həm kişi, həm də qadınlarda 35 yaşdan sonra övlad sahibi olma şansı aşağı düşür. Xüsusilə qadında 40 yaşdan sonra süni mayalanma vasitəsi ilə hamilə qalma şansı bəzi mütəxəssislərin dediyi kimi 50-60 deyil, 15 faizdir. Çünki 40 yaşdan sonra yumurtaların keyfiyyəti aşağı düşür. Kişilərdə də eyni qaydada 40 yaşdan sonra spermanın keyfiyyətində düşüklük müşahidə olunur. Dolayısı ilə 40 yaşa qədər süni mayalanma ilə hamiləlik daha rahat alınır. Buna baxmayaraq, 42-44 yaşında ümidini itirməyən və süni mayalanma yolu ilə hamilə qalan xəstələrimiz olub.

- Sonradan həmin xanımların səhhətində ciddi problem yaranmayıb ki?

- Orqanizmdə bəlli xəstəliklərin riskini artırsa da, dünyada qəbul edilmiş süni mayalanma müalicəsi səhhətdə çox ciddi problemlər yaratmır.

- Süni mayalanma nəticəsində hamilə qalan qadınlar təbii, yoxsa qeysəriyyə yolla ilə dünayay uşaq gətirirlər?

- Süni mayalanma qeysəriyyə indekasiyası deyil. Təbii yolla mümkündürsə, uşaq təbii doğuşla dünyaya gəlir. Əgər opsetrik göstərici varsa, uşaq problemlidirsə, doğuş zamanı ananın həyatı təhlükə altına düşürsə, qeysəriyyə əməliyyatına müraciət olunur. Lakin təbii doğuş üstünlük təşkil edir.

- Qadın xoşbəxtliyi dedikdə, ana olmaq nəzərdə tutulur. Dolayısı ilə qadınlar övlad sahibi olmağa daha meyillidirlər. Buna kişilərin münasibəti öyrənmək istərdim. Onlar da qadınlar kimi övlad sahibi olmağa həvəslidirmi?

- Təbii ki, qadınlarda analıq hissi daha güclüdür. Kişilər də ən az qadınlar qədər övlad sahibi olmaq istəyir.

- Sonsuz ailələrin sayı çoxdur?

- Toplumda 15 faiz sonsuz ailə var. Hər 6 cütlükdən biri bu problemlə rastlaşır.

​- Statistikaya əsasən süni mayalanmaya müraciət edən cütlüklərin sayı artıb?

- Son zamanlarda bu rəqəm artıb. Çünki süni mayalanma üçün xaricə gedənlər yerli klinikalara müraciət etməyə üstünlük veriblər.

- Azərbaycanda aparılan süni mayalanma standartlara cavab verirmi?

- Mən deyərdim ki, Azərbaycanda yaxın bir çox ölkədən yüksək səviyyədə süni mayalanma həyata keçirilir. Apardığımız müalicə üsulları Avropa və Amerika səviyyəsindədir. Bu gerçəkdir və qətiyyən reklam etmək xatirinə demirəm.

- Qiymətlər haqqında danışaq. Süni mayalanmaya neçəyə başa gəlir?

- Hazırda klinikamızda kampaniya olduğu üçün 1699 manatdır. Dərmanlarla birlikdə olduqda qiymət bahalaşır. Digər tibbi mərkəzlərə baxanda bizdə qiymətlər daha ucuzdur.

- Uşaqların gələcək səhhətini izləyirsiniz?

- Sözsüz. Bir ailəyə səadət bəxş edirsən, deməli həmin ailə ilə yaxın bağlantı qurursan. Süni mayalanma elə bir prosesdir ki, həkim və xəstə münasibətlərindən çıxırsan. Hətta bir neçə ildən sonra uşaqları gətirib bizə göstərirlər və təşəkkür edirlər. Yəni, belə xoş münasibət yaranır.

- Süni mayalanma ilə dünyaya gələn uşaqların səhhətində ən çox hansı xəstəliklər müşahidə olunur?

- Təbii yolla dünyaya gələnlərdə hansı problemlər müşahidə olunursa, süni mayalanmada da eyni problemlər olur. Məsələn, təbii yolla doğulan uşaqda beyin qüsuru ola bilər, eyni hal süni mayalamada da baş verir.

- İllərlə övlada həsrət qalan və bu qədər gərgin prosesdən sonra valideyn olan cütlüklərin boşanması hallarına rast gəlibmi? Sizdə bu barədə məlumat varmı?

- Azərbaycanda 5 ildir ki, süni mayalanmanın tətbiqi ilə məşğul oluram. Çox şükür ki, mənim təcrübəmdə xəstələrim arasında belə bir hal baş verməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR