Evin böyük uşaqları niyə şanssız olurlar?
Bizi izləyin

Tabloid.az

Evin böyük uşaqları niyə şanssız olurlar?

Tabloid.az “Ailə dostu” rubrikasında valideynlərin mənəvi yükünü yüngülləşdirmək üçün uşaq psixoloqu Narınc Rüstəmova ilə “Uşaqlarda qısqanclıq və bunun fəsadları” mövzusunu müzakirə edib.

Adətən ailədə ikinci uşaq doğulanda böyük uşaqda qısqanclıq hissləri baş qaldırır. Bəzən böyük uşaq körpəyə zərər verməyə, onu döyməyə çalışır. Evdəki böyük uşaq bacısı və ya qardaşı doğulduqdan sonra aqressivləşib özünü körpə kimi aparırsa mütləq psixoloqdan məsləhət almaq lazımdır. Uşaqlar arasındaki problem ən çox valideynləri yorur. Tabloid.az “Ailə dostu” rubrikasında valideynlərin mənəvi yükünü yüngülləşdirmək üçün uşaq psixoloqu Narınc Rüstəmova ilə “Uşaqlarda qısqanclıq və bunun fəsadları” mövzusunu müzakirə edib.

- Uşaqlar arasında qısqanclıq nə zaman yaranır?

-Uşaqlar arasındaki qısqanclıq əbədi problemdir. Mən hesab edirəm ki, qısqanclıq təbiidir və olmalıdır. Çünki onsuz müqayisə, inkişaf olmaz. Kim deyirsə ki, mən öz qardaşımı və ya bacımı qısqanmamışam, yalan deyir. Amma qısqanclığın da həddi var. Əgər normal rəqabət aparılarsa, bunu problem eləməyə ehtiyac yoxdur. Amma uşaqlardan biri o birini döyürsə, şiddət tətbiq edirsə, mütləq psixoloqdan məsləhət alınmalıdır.

- İkinci uşaqlarını dünyaya gətirməyə hazırlaşan analara nə tövsiyə edirsiz?

- Hər şeydən öncə bunu bilmək lazımdır ki, uşaq 3-6 yaş arasında yenilikləri qəbul edə bilmir. O, fikirləşir ki, hər şey özünündür. Ən çox “mən”, “mənim” sözlərindən istifadə edir. Öz aləmində düşünür ki, ev də mənimdir, ana da mənimdir, ata da, oyuncaqlar da. Odur ki, valideynlərinin digər uşaqla maraqlandığını görəndə bunu normal qarşılamır.

- Yəni, ikinci uşağı dünyaya gətirmək üçün birincinin 6 yaşının tamam olmasının gözləmək lazımdır?

- Bəli. Uşaqlar arasında 2 yaş fərqin olması normaldır. Yuxarıda söylədiyim kimi, ən kritik yaş dönəmi 3-6 yaşlardır. Tutalım, ailədəki böyük uşağın 5 yaşı var, digəri 2 yaşındadır. Bu zaman mütləq problemlər yaranacaq. Çünki həmin dönəmlərdə uşaqlarda eqosentrizm müşahidə olunur. Ən yaxşısı isə uşaqlar arasında 8-9 yaş fərqin olmasıdır.

- Mənə elə gəlir ki, uşaqda qısqanclığın yaranmasında valideynlərin də rolu var…

- Tamamilə razıyam, mən deyərdim ki, buna səbəb elə valideynlər olurlar. Çünki insanlar çox vaxt həyatlarını övladlarını nəzərə almadan planlaşdırırlar. Bu da zamanla öz mənfi nəticəsini göstərir.

Valideynlər böyük uşağın kiçiyi qısqandığını hiss edəndə çox vaxt iki səhv addımdan birini atırlar. Valideynlərdən bəziləri yeni doğulan körpəyə həddən artıq qayğı göstərirlər, böyük uşağa isə deyirlər ki, “sən böyüksən, başa düşməlisən, o balacadır, onun qayğıya ehtiyacı var”. Bu qəbil ifadələr həmin uşaqda daha çox qıcıq yaradır və onun özünə güvənini azaldır, onda komplekslər yaranır.

Elə valideynlər də var ki, böyük uşağın özünü pis hiss etməməsi üçün daha çox ona diqqət və qayğı göstərirlər. Balaca isə unudulur. Bu zaman da kiçik uşaqda problemlər yaranır.

- Bəs bunu necə tarazlaşdırmaq olar?

- El arasında deyirlər ki, beş barmağın beşinə də iynə batırsan hamısı qanayacaq. Düzdür, ana üçün övladları öz canından da əzizdir. Amma barmaqlarımıza baxsaq, görərik ki, heç onlar da eyni boyda deyil və bir-birindən fərqlənirlər. Heç kim deyə bilməz ki, ana və ya ata bütün uşaqlarını eyni dərəcədə sevir. Ana övladlarının hərəsini öz xüsusiyyətinə görə sevir. Birinin dərs oxumağını sevirsə, birinin cana yaxınlığını sevir. Birinin ev işlərində kömək olmağını sevirsə, digərinin güclü olmağını sevir. Ona görə də uşaqları əvvəlcədən evə yeni bir uşağın gələcəyinə hazırlaşdırmaq lazımdır.

- Hazırlıq prosesi necə olmalıdır?

-Uşaq doğulandan sonra onu qucağında gətirib “bu sənin qardaşındı və ya bacındır” demək xoşagəlməz hadisələrin yaşanmasına yol aça bilər. . Buna görə də qadın ikinci uşağa hamilə olan dövrdən uşağı yeni dostu ilə tanış etməlidir. Məsələn, demək olar ki, qardaşın ananın qarnındadır, səninlə danışmaq istəyir, səni dinləyir kimi ifadələrlə uşağı yavaş-yavaş bu prosesə daxil etmək olar. Uşağı başa salmaq lazımdır ki, o özü də bu prosesləri keçib. Nağıl formasına salıb dünyaya necə gəldiyini ona izah etmək lazımdır. Bu, uşağa ana və ya atalıq hissini aşılamaq üçün ən uyğun variantdır.

- Analıq və ya atalıq hissi necə aşılanır?

- Uşağa özünə inam qazandıracaq kiçik işləri icra etməsi üçün düzgün istiqamət vermək lazımdır. Məsələn, körpənin bezini dəyişdirərkən böyük uşaqdan kömək istəmək olar. O, krem və ya yeni bez gətirərək körpəyə göstərilən qayğı və sevgiyə ortaq ola bilər. Belə olduqda uşaqda qısqanclıq hissləri deyil, qorumaq, sahiblənmək hissləri yaranacaq.

Həmçinin evin balacasına da başa salmaq lazımdır ki, böyük onun rəqibi yox, dostudur, onu qoruyandı, ana və ya ata əvəzidir.

- Bəs əgər ailədə üçüncü uşaq dünyaya gəlirsə, bu zaman uşaqlar arasında problem yaşanmamsı üçün hansı məsələləri diqqətdə saxlamaq lazımdır?

- Evdə artıq iki uşaq varsa və 3-cü uşaq doğulursa, böyük ehtimal evdəkilər birləşib yenini təkləyəcəklər. Biraz böyüdükdən sonra onu ələ salıb güləcəklər, getdikləri yerə özləri ilə aparmaq istəməyəcəklər. Bu zaman da yuxarıda dediyim kimi hazırlıq prosesi önəmlidir.

- Ana və ya ata böyük uşağın kiçiyi qısqandığını hansı davranışlardan anlaya bilər?

-Evin balacasına çox qayğı göstərəndə böyük uşaqda qəribə hallar müşahidə etmək olur. O özünü körpəyə bənzətmək istəyir. Onun kimi səslər çıxarır, onun kimi ağlamağa və ya körpələr üçün nəzərdə tutulmuş yeməklərdən yeməyə başlayır. Beləliklə, o hələ böyümədiyini, özünün də qayğıya, diqqətə ehtiyacı olduğunu göstərməyə çalışır. Elə uşaq var ki, etirazını bildirmək üçün balacanı döyür, eləsi də var ki, öz içində çəkir, reaksiyasını başqa formada göstərir.

- Evin kiçik uşağı da həmişə özündən böyüyü qısqanır…

- Doğrudur, kiçiklərdə bu hiss müşahidə olunur. Onlar böyüyün bacara bilmədiklərini həyata keçirməyə çalışırlar. Ondan daha uğurlu olmaq üçün dəridən-qabıqdan çıxırlar. Hətta bu proses o yetkinləşəndən, 30-35 yaşa çatandan sonra belə davam edir. Uğur əldə etmiş insanların ailəsinə nəzər salsanız görərsiniz ki, çoxu evin ya ortancıl və ya ən kiçik uşağı olublar.

- Deməli, evin böyük uşağı olmaq şansızlıqdır?

- Mən deyərdim ki, bəli. Böyük övlad olmaq çətindir. Evin böyük uşağından həmişə daha çox şey gözləyirlər. Ona görə də böyüklərdə özünə qapanma, daha çox dərslərə yönəlmə müşahidə olunur.

- Uşaqlar dalaşanda valideynlər nə etməlidirlər? Uşağa cəza vermək düzgündür?

- Uşaqlar arasında mübahisə yarandıqda valideynlər hakim rolunu oynamamalıdırlar. Çox vaxt valideynlər bu səhvi edirlər. Uşaqlar dalaşır, valideyn gəlib günahın kimdə olduğunu soruşur və cəza verir, tənbeh edir. Uşaqlar heç vaxt öz günahlarını qəbul etməzlər, ona görə də bir-birlərini günahlandıracaqlar. Valideyn bilməlidir ki, hakim rolu oynamaq olmaz. Əgər cəzalandırmaq lazımdırsa, ikisinə də eyni cəzanı vermək olar. Beləliklə, uşaqlar növbəti mübahisə zamanı güzəştə getməyi öyrənəcəklər. Məsələn, uşaqların ikisinə də televizora baxmamaq və ya kompüterdə oyun oynamamaq cəzası vermək olar. Amma onlar başa düşməlidirlər ki, bu cəzanın səbəbi yola getməmələridir.

Tutalım, uşaqlar arasında kompüterdə oyun oynamaq üstündə dava düşüb. Bu zaman onların iksini də kompüterdən məhrum etmək lazımdır. Gələn dəfə təkrar kompüterin əllərindən alınmaması üçün növbələşərək ondan istifadə etməyi öyrənəcəklər.

Amma bütün tədbirlər alınsa belə qısqanclığın qarşısına tam keçmək mümkün deyil. Bu insan təbiətində olan bir xüsusiyyətdir, olub və həmişə də olacaq. Sadəcə sağlam qısqanclıq hissinin qalması üçün valideynlər yuxarıda verdiyim məsləhətləri nəzərə almalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm