Peyğəmbərlər azalanda meydana astroloqlar gəldi
Bizi izləyin

Tabloid.az

Peyğəmbərlər azalanda meydana astroloqlar gəldi

Astrologiya - Yer hadisələrinin əvvəlcədən xəbər verilməsi, müxtəlif səma cisimlərinin bir-birinə nəzərən vəziyyəti əsasında ayrı-ayrı fərdlərin gələcək həyatı haqqında məlumat verilməsindən bəhs edən elmdir. Astrologiya səma cisimlərinin və göydəki plane

Astrologiya - Yer hadisələrinin əvvəlcədən xəbər verilməsi, müxtəlif səma cisimlərinin bir-birinə nəzərən vəziyyəti əsasında ayrı-ayrı fərdlərin gələcək həyatı haqqında məlumat verilməsindən bəhs edən elmdir. Astrologiya səma cisimlərinin və göydəki planetlərin qarşılıqlı vəziyyətlərini öyrənərək fərdlərin, bir qrup insanların və ümumiyyətlə, xalqların gələcəyindən xəbər (zəruri məsləhətlər) verir. Müxtəlif zaman kəsiklərində astrologiya tarixin gedişinə bu və ya digər dərəcədə təsir edib.

Astrologiya bir çox məsələlərdə müasir elmlə ciddi ziddiyyətlər təşkil edir. Astrologiyanın əsas məğzi ondan ibarətdir ki, müxtəlif zaman kəsikləri öz xarakterinə görə fərqlənir. Müəyyən hadisələrin həyata keçməsi üçün hansı vaxtın düşərli və ya düşərsiz olması göydəki cisimlərin qarşılıqlı təsirindən asılıdır. Bu fikir təqvim haqqında elmin - xronologiyanın yaranmasına təkan verib. Xronologiya elmi müəyyən cəhətlərinə görə, astrologiyaya yaxındır. Ulduzların vəziyyəti, onların çıxması və batması astrologiyada, eləcə də xronologiyada mühüm yer tutur. Astrologiya elmi astral dinin əsasında yaranıb və onunla sıx köklərlə bağlıdır, müəyyən vaxta qədər astrologiya və astral din vahid bir elm idi. Ulduzların ilahiləşdirilməsi onların uzun illər müntəzəm surətdə müşahidə olunması zərurətini yaratdı. Bununla da külli miqdarda elmi biliklər toplandı. Bu elmi biliklərin sayəsində allahlara sitayiş etməyin, müəyyən işlərin həyata keçməsinin, bol məhsulun əldə edilməsinin uğurlu vaxtını təyin edirdilər.

İlkin astrologiyada bürclər yox idi

Qədim Mesopotomiyada ulduzlar haqqında elmi biliklərin toplanması demək olar ki, bu yolla aparılırdı. Biz bunu əminliklə təsdiq edə bilmərik. Çünki astrologiya və astronomiyanın beşiyi sayılan Şumər dövlətinə məxsus astroloji əlyazmaların demək olar ki, heç birisi bizə gəlib çatmayıb. İlk astroloji yazılar qədim Babilistan dövrünə - e.ə. XIX-XVI əsrlərə aiddir. Bu yazılarda Yeni Ayın (neomeniya) ilk gecəsi baş verən səma və atmosfer dəyişikliklərinə əsaslanan öncəgörmə qaydaları haqqında danışılır. Məsələn, bir öncəgörmədə deyilir: "Əgər şimal küləyi yeni Ay çıxmazdan əvvəl əsirsə, bu dövrdə çörək bol olacaq".

Yarandığı ilk vaxtlarda astrologiyada bürclər, Zodiak və s. bölgülər yox idi və astrologiya ayrı-ayrı fərdlərin taleyi ilə məşğul olmurdu. Öölkə başçılarından başqa. Astrologiya beynəlxalq səciyyə daşıyırdı. Astroloji öncəgörmələr isə müəyyən varlıqların müşahidəsi, gün və ya Ay tutulması, səma cisimlərinin qarşılıqlı vəziyyətləri və meteoroloji varlıqların müşahidəsi sayəsində söylənilirdi. Mesopotomiyada astrologiyanın kanonik yazıları Enuma Anu Enlil cədvəlləridir. Bu yazılar Kassit dövrünə (e.ə. XVI-XI əsrlərə) aiddir.

Astrologiya elmi Assuriya dövlətinin həyatında da mühüm yer tutub. E.ə. VII əsrdə astroloqların Assuriya hökmdarlarına göndərdikləri "hesabat" və "yazılarının" xeyli hissəsi zəmanəmizə qədər gəlib çatıb. Bu cür "hesabatlar" həmişə iki hissədən ibarət olurdu: müəyyən naməlum varlıqların müşahidə olunması və astroloji baxımdan bu varlığın izahı. Məsələn: "...Ayın tutulması müşahidə olunub. Bu tutulmanın arxasınca mənim hökmdarıma və mənim ağama böyük xoşbəxtlik baş verəcək..."

Mesopotomiyanın Yeni Babilistan dövründə astrologiya elmi ciddi dəyişikliklərə məruz qalmışdı.

Peyğəmbərlər azaldı, meydana astroloqlar gəldi

E.ə. VII əsrdən başlayaraq astrologiya özünün yeni dövrünə qədəm qoydu: qoroskop astrologiyasına doğru ciddi addımlar atıldı. Qoroskoplar hələ mövcud olmasa da, Zodiak artıq meydana gəlmişdi (e.ə. V əsr). Öncəgörmələr həm köhnə, həm də yeni metodlar əsasında hazırlanırdı.

Eramızdan əvvəl təqribən VII əsrin ortalarında Qədim Assuriyada və digər ölkələrdə, insanın doğulduğu gündə planetlərin və ulduzların düzülüşünü təsvir edən xəritələr çəkirdilər. Ümumiyyətlə, xristianlıqdan əvvəl, yalnız İsraildə astrologiya (ümumiyyətlə, falabaxma və sehirbazlıq) qadağan edilmişdi. Lakin orada IV əsrə kimi müntəzəm olaraq peyğəmbərlər meydana gəlir və əhalini gələcəkdən xəbərdar edirdilər. Babilistanın əsirliyindən sonra, peyğəmbərlər azaldı və bu zaman astroloqlar meydana gəlməyə başladı.

Ölü dəniz yaxınlığında tapılmış Kumran əlyazmalarından məlum oldu ki, hələ eramızdan əvvəl III əsrin sonu II əsrin əvvəllərində esseylər burada böyük astroloqlar kimi tanınıblar. Esseylər astrologiyanın köməyi ilə cəmiyyəti idarə etmək və əhalinin potensial imkanlarını aşkar etmək sahəsində böyük uğurlar əldə ediblər. Kumran əlyazmalarından o da məlumdur ki, İohann Krestitel essey tayfalarından çıxıb və özünün iki şagirdi - Andrey İonin və İohann Zavedeeviyə İsa Peyğəmbərə ibadət etmək üçün xeyir-dua verib. Bundan əlavə, İohann Boqoslovun əlyazmaları astroloji simvollarla zəngindir və astrologiyanı bilmədən, bu əlyazmaları oxumaq qeyri-mümkündür.

Astrologiya Azərbaycanda doğulub

Daha sonralar astroloqlar qoroskopun əsas strukturundan biri olan "Yaş qoroskopu"nu da icad etdilər. Bu qoroskopun əsasında 12 illik tsikl dayanır və hər bir il özünün "zooloji" adına, işarəsinə malikdir. Bu qoroskop insan həyatının 12 yaşına 12 astroloji işarəni uyğunlaşdırır. Hər bir yaşın öz xüsusiyyətləri var və bu yaş uyğun işarənin əlaməti, bu yaşın xüsusiyyətlərini başa düşməyə, izah etməyə kömək edir. İnsanda 12 yaş proqramı var. Bunlardan hər biri öz vaxtını gözləyir, müəyyən müddət davam edir. Lakin bu proqramlar içərisində yalnız biri doğum ilindən asılı olaraq, ömürlük davam edir. İnsan, özünün ömürlük yaş işarəsini - bürcünü bilməli və nəzərə almalıdır.

Fərəhləndirici haldır ki, bu elmdə olan bütün cərəyan nəzəriyyələrinin ən qədimi zərdüştilik astrologiyasıdır və kökü Azərbaycanda qoyulub. Burada təqvim dövrü çin-yapon və klassik hind astrologiyasındakı kimi 12 deyil, məhz 32 ildir. Daha çox Avesta (Günəş) qoroskopu adlanan bu astrologiya insan ömrünü 64 illik tsiklə bölür. Onları iki qismə ayıran astroloqlar birinci 32 ili passiv, digərini isə aktiv dövrə şamil ediblər. Öz proqnozlarında yanılmayan Avesta qoroskopu insanları təkcə gələcəkdən xəbərdar etmir, həm də onlara ruh yüksəkliyi, iradə və güc verir. Bu isə istər insanın, istər cəmiyyətin, istərsə də dünyanın harmonikliyində təminatçı rolu oynayır. O ki qaldı rəqəmin 32 olmasına, bunu Saturnun Günəş ətrafında dövrəetmə müddətinin məhz 32 ilə tamamlanması ilə əlaqələndirirlər (12 illik tsikl Yupiterin hərəkəti ilə tənzimlənir). Çünki bir çox qədim dövlətlərdə də Saturnun həyatverici qüvvə olduğunu təsdiqləyən mənbələr var.

Avesta qoroskopunda hər bir il müəyyən heyvanlarla, totemlərlə bağlı olan simvollara malikdir. İnsanın gələcəkdə malik olacağı bütün keyfiyyətlər, xarakter və s. bu simvolda öz əksini tapır. Hər bir totemə qarşı onun antitotemi də dayanır. Antitotem, insanı gələcəkdə gözləyən şeytani əməllər, şər qüvvələr haqqında məsləhətlər verir. Öz eyiblərinə və çatışmazlıqlarına fikir vermədikdə insanın sifətində antitotemə məxsus cizgilər əmələ gəlir və bu da şəxsiyyətin məhvinə gətirib çıxarır. İnsan sifəti öz toteminin obrazına nə qədər yaxın olsa, bir o qədər şər qüvvələrdən uzaq olar. Zərdüştilik astrologiyası təqvimində yeni il 21 martda - Günəş Qoç bürcünə daxil olanda başlayır. Fevralda və martda (20 marta kimi) anadan olanlar həmişə əvvəlki ilin toteminin təsiri altında olur. Yeri gəlmişkən, bu il (21 mart 2008-ci il-20 mart 2009-cu il) Günəş təqviminin 7-ci ili - Su İlanı ilidir.

Totalitar dövlətlərdə astroloqların taleyi faciəli olur

Zaman-zaman yazılarımda astrologiyanın dövlət işlərində rolu barədə bəhs etmişəm. Bu mövzu geniş olduğu üçün danışmaqla bitən deyil. Qədim Assuriyadan (Babilistan) bizə gəlib çatan gil lövhəciklər təqribən VII əsrin ortalarına aiddir. Bu lövhəcikdə astroloq Nadin yazırdı: "Ayın 14-ü Aytutulması baş verəcək və Elama, Amura bədbəxtlik üz verəcək. Lakin bu, mənim şahıma və ağama da heç bir xeyir gətirməyəcək..."

Hələ I Pyotrun uşaqlıq illərindəki "Astrologiya" dərslik kitabında yazılırdı: "Dövlətin idarə olunmasında ulduzların öz yeri var". Yəqin elə bu səbəbdən də gələcəyin ilk rus imperatoru olan I Pyotr uşaqlıq illərindən astrologiyanı dərindən öyrənirdi. Onun "qan qardaşı", yaxın dostu və məsləhətçisi olan Yakov Bryus da bu qədim elmin böyük bilicisi idi.

Məlum olduğu kimi SSRİ-nin yaradıcıları inadkar ateistlər idi. Lakin dünya inqilabı üçün hətta "şeytanla da əməkdaşlıq etməyə" gedərdilər. Yeri gəldikdə isə nəinki dünya inqilabı üçün, hətta öz karyeraları uğrunda belə buna hazır idilər. Beləliklə, 1990-cı ildə məlum oldu ki, İosif Stalin 1922-ci ildə məşhur astroloq Qurcievin məsləhəti ilə anketlərdə öz doğum tarixini dəyişib: 18 dekabr 1878-ci il əvəzinə 21 dekabr 1879-cu il yazdırıb. Müasir astroloqlar hesab edirlər ki, bu sehirli əməliyyat Stalinin karyerasına təkan verdi. Yəqin elə bu səbəbdən də 1922-ci ildə "ciddi və alicənab" Stalin özünün xırda vəzifəsindən ölkə rəhbəri vəzifəsinə qədər gəlib çıxa bildi...

Lakin XX əsrdə totalitar dövlətlərdə astroloqların taleyi faciəli oldu. 1923-cü ildə Qurciev SSRİ-ni tərk edə bilsə də, ölkədə qalan digər təcrübəli astroloqlar 1929-cu ilə qədər məhv edildilər. Həmin il ölkədəki bütün astroloqları indiyə qədər naməlum olan bir istiqamətə apardılar və yox etdilər. Qurciev isə 1949-cu ildə müəmmalı avtomobil qəzasında həlak oldu...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm