Astrologiya elmi niyə "cəhənnəm günahı" sayılırdı?
Bizi izləyin

Tabloid.az

Astrologiya elmi niyə "cəhənnəm günahı" sayılırdı?

Qədimdə astrologiya seçilmiş elm sayılırdı və bu elmi "elmlərin elmi" adlandırırdılar. Lakin astroloji biliklər xalq içərisində yayılandan sonra bu elm özünün "yüksək müdriklik" titulunu itirməyə başladı və nəhayət, qazanc mənbəyinə çevrildi.

Hesab edilir ki, astrologiya elmi qədim şumərlərin məskən saldıqları Mesopotamiyada eramızdan əvvəl V-III minillikdə yaranıb. Arxeoloji qazıntılar zamanı orada daş və gil lövhəcikləri tapılıb. Bu lövhəciklərdə astrologiya elminin qayda-qanunları həkk olunub. Bütün dövlət əhəmiyyətli hadisələr - hərbi yürüşlərin başlanması, dövlət rəhbərlərinin, ruhani başçıların təyin edilməsi, saray və məbədlərin inşası astroloji təyinatlarla ciddi surətdə əlaqəli idi.

Qədimdə inanırdılar ki, Yer kürəsindəki həyat Kosmosun sarsılmaz qanunları ilə idarə olunur, dünya isə daima dövri hərəkətdədir: onun nə əvvəli, nə axırı var, Kosmosda baş verən bütün hadisələr, o cümlədən Xeyir və Şər arasındakı kosmik mübarizə Yer kürəsində də öz qanunauyğun əksini tapır, ulduz allahları Yer hadisələrini idarə edir.

Qədim şumərlər Kosmosla birlikdə nəfəs alırdılar. Kahinlər hər gün "səma kitabında" ulduz allahlarının Yer kürəsinə və onun sakinlərinə olan münasibətini dəqiq şəkildə öyrənirdilər. Onlar ulduzların düzülüşünü analiz edərək allahların iradəsini yerli hakimiyyət orqanlarına çatdırırdılar. Bütün bunları oxumaq üçün əsasən pərgar, xətkeş və vizirdən istifadə olunurdu.

Yerdəki həyatla Göydəki yaşam tərzi arasında paralellik var

Şumərlərin köməyi ilə 7 planetin orbiti hesablanmışdı. Bu planetlərin hərəkət qanunauyğunluğuna əsasən, məşhur astroloji sistem yaradılmışdı. Bütün səma 12 hissəyə (Günəşin və digər planetlərin il ərzində çıxdıqları 12 yerə) bölünmüşdü. Bunun əsasında 12 Zodiak işarəsi və Ayın 28 "dayanacağı" haqqında elm də yarandı. Planetlərin "yeddi sahəsi" insan inkişafının yeddi mərhələsinə uyğun gəlirdi. Şumərlər planetləri canlı varlıqlar kimi qəbul edirdilər. Bunun sayəsində qədim münəccimlər Yerdəki həyatla Göydəki yaşam tərzi arasında paralel surətdə müqayisə aparırdılar. Sonralar astrologiya öz hüdudlarını daha da genişləndirdiyindən bu elm digər xalqlara da keçməyə başladı. Astrologiya əsasən, Misirdə, Yunanıstanda, Midiyada, Hindistanda və Çində geniş surətdə yayılırdı. Hətta Yukatan adlanan ərazidə məskən salmış mayya xalqının mədəniyyəti astroloji biliklər əsasında inkişaf etmişdi. Məsələn, burada dövlət əhəmiyyətli bayramlar avqust ayında - Şir bürcü zamanı keçirilirdi. Hesab edilirdi ki, Şir - dövlətçilik və hakimiyyətin səma simvoludur. Qurbankəsmə mərasimləri noyabr ayında - Əqrəb bürcü dövründə keçirilirdi. Çünki əqrəb ölüm işarəsi sayılırdı. Beləliklə, astrologiya elmi dövlətçilik dini kimi bütün şərqi Asiyada yayıldı və Sakit Okean vasitəsilə Cənubi və Şimali Amerikaya qədər gedib çıxdı.

Eramızdan əvvəl 2400-cü ildə astrologiyanın inkişafında yeni mərhələ Misirdə müşahidə olunurdu. Qədim yunan tarixçisi Herodot yazır ki, misirlilərdə il 365 gündən ibarət idi və onların hər biri öz allahına həsr olunmuşdu. İnsanın doğulduğu dəqiq vaxtı və günü bilməklə onlar həmin şəxsin həyatı haqqında zəruri məlumatlar deyə bilirdilər: məsələn, onu nə gözləyir, bu və ya digər işə başlamaq olarmı-olmazmı, hansı fəaliyyət növünü seçmək məsləhətdir və s. Misirlilər planetlərin və Zodiak işarələrinin bir-birinə nəzərən düzülməsini analiz edərək fərdlərin, dövlətlərin və xalqların gələcək həyatını, taleyini proqnozlaşdırırdılar. Onlardan bizə gəlib çatan əlyazmalarda hətta gündəlik proqnozlar yazılmış mətnlər də var. "Ali elm" olan astrologiyadan başqa Misirdə gildanilərdən (haldey) götürülmüş "vulqar astrologiyası" da mövcud idi. Bu astrologiya "məbəd elmi" adlanırdı və onun əsas prinsipi bu idi: "Kosmos Allahı" öz yaxın köməkçiləri - planet allahlarının birbaşa köməyi ilə bütün kainatı idarə edir. Onlarda bu prinsipə inam sarsılmaz idi.

Tanınmış astronomların hamısı münəccim olub

Antik dövrlərdə yunan müdriklərinin əksəriyyəti öz söhbət və əsərlərində "planetlərin Yer kürəsinə təsiri haqqında" nəzəriyyəsini təbliğ edirdilər. Onlardan Herakliti (e.ə. 540-480), Pifaqoru (e.ə. VI əsr), Sokratın şagirdi - qədim yunan filosofu Platonu (e.ə. 427-347) qeyd etmək olar. Göy qütbünün ekliptika ətrafında tam fırlanma müddətinin hesablanması kimi ən mühüm ixtira isə Platona məxsusdur. Bu müddət 25.920 il davam edir və "Platon ili" adlanır. Qədim yunan astronomu Hipparx (e.ə. 199-125) Günəş və Ayın hərəkət görünüşünün hesablanması metodikasını təkmilləşdirmiş, 850 ulduzun vəziyyəti haqqında katoloq təşkil etmiş və onları 6 sinfə bölmüşdü. Nə vaxtsa Roma imperatorları Yuli Sezar (e.ə. 100-44) və Oktavian Avqust (e.ə. 63-14) üçün də qoroskoplar tərtib olunmuşdu. İmperator Tiberinin ətrafında ən yaxşı münəccimlər toplanmışdı və hökmdarın özü də bu elmi gözəl bilirdi. Bu baxımdan qədim yunan alimi Klavdi Ptolemeyi (e.ə. 100-65) xüsusi qeyd etmək lazımdır. Onun astrologiya sahəsində yazdığı "Tetrabibios" adlı kitabında 12 Zodiak işarəsinin qədim adları ifadə olunmuşdu. Bu kitab yüzillər boyu qədim xalqların astroloji əsərləri içərisində aparıcı rol oynayırdı və gələcək nəsillərin masaüstü kitabı hesab edilirdi. Bir sözlə, "Tetrabibios" indiyə kimi öz əhəmiyyətini itirməyən kitabıdır (Təəssüf ki, XXI əsr olmasına baxmayaraq ölkəmizdə astroloji maariflənmə heç "Tetrabibios" səviyyəsində də deyil - müəllif).

Kosmik qanunauyğunluqlar, onların Yer hadisələrinə və insanların taleyinə təsiri haqqında məlumatlar qədim dövrlərdə bütün dünyaya yayılmışdı. Müxtəlif xalqların mədəniyyətlərinə uyğun spesifik xüsusiyyətləri olmasına baxmayaraq, bu astroloji nəzəriyyənin yeganə əsası var.

Heç bir şeyi şişirtmədən deyə bilərik ki, bizə məlum olan qədim və tanınmış astronomların hamısı mahir münəccim olublar. Yaşadığı dövrlərdə astrologiyanın "cəhənnəm günahı" sayılmasına baxmayaraq, orta əsrlərin bir çox alimləri də bu elmlə məşğul olurdular. Bu elmlə məşğul olmaq çox təhlükəli idi: belələrini dini məbədlərdən uzaqlaşdırır, hətta inkvizisiya tonqallarında yandırırdılar.

Tibb, magiya və astrologiya sahəsindəki dərin biliklərinə görə, XIII əsrin ən görkəmli filosofu, Paris və Köln universitetlərinin müəllimi olan Dahi Alberti (1193-1280) bütün Avropada qəbul edirdilər. Onun dostu və ən yaxşı şagirdi Foma Akvinski (1225-1274) və alman humanisti Kornelius Melanhton (1497-1560) astroloq kimi çox məşhur idilər. Lakin XIV-XV əsrlərin elmi ixtiraları münəccimlər üçün bədbəxtliklə nəticələndi.

Ulduzların dini, yoxsa elmlərin elmi?

Məşhur astronom və münəccim Nikolay Kopernikin (1473-1543) dünya quruluşunun heliosentrikliyi haqqındakı nəzəriyyəsi kosmosun quruluşu haqqındakı köhnə bilgiləri alt-üst etdi və "Yer kürəsini öz yerinə, Günəşi isə öz yerinə qoydu". O vaxta qədər mövcud olmuş Kainatın geosentrikliyi haqqındakı nəzəriyyə öz yerini yeni nəzəriyyəyə verdi. Bu, elmdə çevriliş idi və o dövrün ən böyük hadisəsi sayılırdı. Bir çox münəccimləri öz vəzifələrindən uzaqlaşdırdılar və onlar ictimaiyyətə təsir imkanını itirdilər. Təbiət elmləri astrologiyaya münasibətdə "müxalif" mövqedən çıxış etməyə başladı və bu elmi "ulduzların dini" adlandırdılar. Nəticədə isə bir çox alimlər astrologiyanı xurafat hesab etdilər. Çünki yeni səma mexanikası artıq qədim şumərlərin, babillilərin, misirlilərin, yunanların, romalıların, mayya və astektlərin minillik təcrübələrinə əsaslanmırdı. Astroloqların bəziləri həyatlarını təhlükəyə ataraq, öz elmlərinə sadiq qalaraq astronomlardan tamamilə ayrıldılar. O vaxtdan bu günə qədər də məhz astronomlarla astroloqlar arasında sonu görünməyən mübahisələr baş verməkdədir, dəfələrlə telekanallarda, mətbuatda bu iki cəbhəni birləşdirməyə cəhd etsək də, konkret nəticə hasil olmayıb. Onlardan çoxu eşafota (edam kürsüsü) düşsə də və ya ocaqda yandırılsa da, astrologiya ölmədi və gizli də olsa, fəaliyyət göstərdi. Nəhayət, indi müasir astrologiyanın mərkəzi fiquru hökmdar və ya onun dövləti deyil, öz ümid və arzuları, ideya və planları, qabiliyyət və bacarıqları ilə yaşayan insanlardır.

XVI əsrdə Avropa səmalarında İohann Kepler (1571-1630) adlı bir ulduz da parladı. Planetlərin hərəkət qanunlarını icad edən Kepler astrologiyanın elmi tərəfini mistik tərəfinə qarşı qoydu. Uzunmüddətli fəaliyyəti zamanı o, bir çox məşhur adamlara qoroskoplar tərtib etmişdi. Tixo Braqe ilə birlikdə o, astronomik hesablamaları astrologiyada tətbiq etməyə başlamışdı. Bununla alimlər astrologiyanın elmi bünövrəsini bərkitmiş oldular.

Qədimdə astrologiya seçilmiş elm sayılırdı və bu elmi "elmlərin elmi" adlandırırdılar. Lakin astroloji biliklər xalq içərisində yayılandan sonra bu elm özünün "yüksək müdriklik" titulunu itirməyə başladı və nəhayət, qazanc mənbəyinə çevrildi. Buna baxmayaraq, XVI-XVII əsrlərdə Avropada fəaliyyət göstərən alimlər astrologiya elmini sönməyə qoymadılar. Təbiətşünaslığın əsasını qoyanlardan biri, italyan astronom Qalileo Qaliley (1564-1642) də bu sahədə çox işlər görmüşdü. Özünə fərdi qoroskop tərtib edən Qaliley gələcəkdə dəhşətli göz ağrısına düçar olacağını bildirmişdi. O, həqiqətən də 1637-ci ildə kor oldu. Astrologiya Höte, Volter Skott, Stendal kimi bir çox yazıçıların da marağını özünə cəlb etmişdi. Onların hər biri astrologiya ilə maraqlanır, qoroskoplar tərtib edir və müxtəlif həyat situasiyalarında bu elmdən istifadə edirdilər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm