• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dərini cavanlaşdıran maskalar

Dərini cavanlaşdıran maskalar

Üz dərisindəki bir çox problemləri aradan qaldırmaq üçün kosmetik üz maskalarından istifadə etmək məsləhət görülür. Üz üçün kosmetik maska seçərkən dərinizin nəyə daha çox ehtiyacı olduğunu müəyyən etmək lazımdır. İstifadə məqsədinə görə, üz maskalarının aşağıdakı növləri vardır: təmizləyici, qabıqtökücü, ağardıcı, nəmləndirici, qidalandırıcı və cavanlaşdırıcı maskalar.

Qabıqtökücü maskaları çox tez-tez istifadə etmək olmaz. Bu, dərinin qıcıqlanmasına səbəb ola bilər. Ancaq yağlı dərilər üçün xeyirli hesab edilir. Dəri həddən artıq quru və həssasdırsa, qabıqtökücü maskalardan istifadə edilməsi, ümumiyyətlə, məsləhət görülmür! Qan damarları genişlənməyə meylli olan qadınlara da qabıqtökücü maskalardan istifadə etmək olmaz. Qan dövranını stimullaşdırdığı üçün istifadə edilməməlidir.

Nəmləndirici maskalar quru dəri üçün çox zəruri hesab edilir. Qidalandırıcı maskalara bütün dəri tiplərinin ehtiyacı var.

Kosmetika firmaları tərəfindən istehsal edilən cavanlaşdırıcı maskalardan yalnız 30 yaşından sonra istifadə etmək olar. Bu maskalar dəri hüceyrələrinin bərpasını fəallaşdırır, dərinin qocalmasını ləngidir, dəridə olan maddələr mübadiləsini bərpa edir. Belə maskaların tərkibinə vitaminlər, mikroelementlər, antioksidantlar (qocalmaya mane olan maddələr), müalicəvi otların şirələri, bəzi hallarda hormonlar, plasentar kollagen (qoyun plasentasının ekstraktı) və s. maddələr daxildir.

Kosmetika istehsal edən şirkətlər, geniş çeşiddə olmaqla, istənilən dəri tipində istifadə edilə bilən maskalar təklif edirlər. Ev şəraitində də kifayət qədər effektli maskalar hazırlamaq olar. Növbələşdirməklə nəmləndirici və qidalandırıcı maskaları həftədə 2-3 dəfə istifadə etmək olar. Maskaları həftədə 2-3 dəfədən az istifadə etdikdə arzu olunan effekti almaq olmur. Maskalardan daha tez-tez istifadə etdikdə isə bu, dərinin qıcıqlanmasına və zəifləməsinə səbəb ola bilər. Yaddan çıxarmaq olmaz ki, istənilən kosmetik vasitələr kimi, maskaları da sizin dərinizin tipinə uyğun olmaqla seçmək lazımdır.

Dərinizdə sızanaq və civzələr varsa, maskalardan (təmizləyici maskalardan savayı) istifadə etməyin - əvvəlcə onları müalicə edin! Üz dərisində tüklərin sürətli şəkildə inkişaf etməsi və onun səthində xeyli genişlənmiş damarlar görünürsə, maskaların sürtülməsi əks nəticə verə bilər.

İstənilən maskanı üzə çəkməzdən qabaq dərini diqqətlə təmizləmək vacib hesab edilir. Buxar vannası, duş və skrabla təmizlənmədən sonra dəriyə sürtülmüş maskalar çox yaxşı effekt verir. İlıq və azca nəm olan dəri özünə lazım olan bütün maddələri maskanın tərkibindən ala bilir.

Maskanı dəriyə masaj xətləri üzrə çəkmək lazımdır. Maskanı dəriyə kiçik fırça, süngər, pambıq tampon və ya əl ilə sürtmək olar. Yadda saxlamaq lazımdır ki, dəriyə maska çəkmək üçün istifadə edilən hər bir əşya (və ya əl) mütləq çox təmiz olmalıdır!

Əgər sizin dəriniz həssasdır və siz hər hansı bir maskanı ilk dəfə olaraq tətbiq edirsinizsə, dərinizin bu maskaya olan həssaslığını yoxlayın. Bu məqsədlə az miqdarda maska kütləsini dərinizin kiçik bir hissəsinə (məsələn, qulağınızın arxasına, dirsək büküşünə) sürtün. Bir müddət keçdikdən sonra bu hissədə səpgilər, qızartı, qaşınma baş verərsə, belə maskadan imtina edin.

Üz dərisi üçün nəzərdə tutulan maskaları gözlərin və dodaqların ətraflarına, dodaqlara, qalxanvari vəzin zonasında çəkmək olmaz. Bəzən maskanı gözlər, dodaqlar və burun üçün xüsusi dəliklər açılmış tənziflərlə edirlər. Maska çəkərkən yumulmuş göz qapaqlarının üzərinə nazik şəkildə kəsilmiş xiyar, ot dəmləməsi, yaşıl və ya qara çayla isladılmış pambıq tamponlar qoymaq olar.

Maskaların təsir müddəti 20-30 dəqiqəyədək davam edir. Maskanı üz dərisində bundan artıq müddətdə saxladıqda o, dərinin şişməsinə, qıcıqlanmasına, dartılmasına və digər fəsadlara səbəb ola bilər. Üzün dərisinə maska çəkdikdən sonra rahat uzanın. Maskalı üzün dərisi hərəkətsiz olmalıdır.

Maskanı adətən ilıq su ilə yuduqdan sonra dərinizi lasyonla və ya toniklə silərək, sonra dəri tipinizə uyğun qidalandırıcı və ya nəmləndirici (dərinizin vəziyyətindən asılı olaraq) krem çəkmək lazımdır. Üz maskasını axşam, yatmazdan əvvəl çəkmək daha xeyirli hesab olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR