“Tanrı ilə siqaret çəkmək üçün ürəyim gedir”
Bizi izləyin

Tabloid.az

“Tanrı ilə siqaret çəkmək üçün ürəyim gedir”

“Karib dənizi quldurları” filmində çəkilmək üçün 75 milyon dollar qonorar alan Coni Depp ən çox qonorar alan aktyor kimi kino tarixinə düşüb və adını “Ginnessin Rekordlar kitabı”na yazdırıb.

Amerikalı aktyor, ssenarist, rejissor, prodüser və musiqiçi Coni Kristofer Depp. Bir neçə dəfə “Oskar”a namizəd göstərilən aktyor bir-birindən kəskin fərqlənən obrazları canlandırması ilə tanınır. Ona görə də heç bir rol üzərində yapışıb qalmır. Araşdırmalara görə, dünyada ən çox heyranı olan aktyor odur. “Karib dənizi quldurları” filmində çəkilmək üçün 75 milyon dollar qonorar alan Coni ən çox qonorar alan aktyor kimi kino tarixinə düşüb və adını “Ginnessin Rekordlar kitabı”na yazdırıb.

Kino tarixində 1 milyard dollardan çox gəlir gətirən 12 filmdən dördündə Coni Depp rol alıb. “People Choice's Awards” (Xalqın Seçimi) mükafatını demək olar ki, hər il Coni Depp qazanır.

Bəs Coninin bu qədər sevilməsinin səbəbi nədir? Conini aktyorluq qabiliyyəti, qeyri-adiliyi, yoxsa yaraşıqlı olması bu qədər populyarlaşdırıb? Bəs biz onu həqiqətən tanıyırıqmı və o, həyatda da filmlərdə olduğu kimi çılğındırmı?

Məncə bu sualların cavabını Coni Deppin özündən başqası cavablandıra bilməz. Elə isə gəlin “Şirin söhbət” layihəsində Coni Deppi daha yaxından tanıyaq.

-Çəkilişlərdə vaxtınız necə keçir?

-Sıxıcı. Çoxlu qəhvə içirəm. Qəhvə insanı ayıq saxlayır. Bəzən bir səhnəni çəkməyə saatlarla, hətta günlərlə vaxt sərf edilir. Elə vaxt olur ki, 2-3 dəqiqəlik kadrda oynamalı olsam da, həmin səhnənin dekorlarının hazırlanmasına çox vaxt lazım olur və mən gözləməli oluram. Vaxtım gözləməklə keçir.

- Film ulduzu olmaq necə duyğudur? Ulduzla yaxşı aktyorın arasında fərq var?

- Mən film ulduzuyam? Bilmirəm. Mənim üçün Keri Qrant ulduzdur, həm də yaxşı aktyordur. Ancaq yaxşı aktyor olub ulduz olmağı bacarmayanlar da var. Marlon Brando çox istedadlı aktyordur, mənim fikrimcə, Brando ona kino ulduzu deyilməsindən xoşu gəlməzdi.

-Sən özünü necə görürsən?

- Yaxşı qazanıram. Bu, mənim işimdir, özümü ulduz olaraq görmürəm. Aktyoram, işim parıldamaq deyil.

-Musiqi karyeranıza nöqtə qoydunuz. Kino sahəsinə keçməyinizin səbəbi nə idi?

- Bəli mən musiqiçi idim və həyatımın sonuna qədər musiqi ilə məşğul olacağımı düşünürdüm. Bir gün aktyor dostumla söhbət edirdik və o mənə bu sözləri dedi: “Məncə, sən aktyorsan, səndə bu istedad var, amma bunun fərqində deyilsən. Mənim prodüserimlə tanış olmalısan”. Əslində bu yaxşı fikir idi. Çünki mən musiqidən pul qazanmırdım. Amma mənə ən azı evin kirayəsi, siqaret almaq üçün pul lazım idi.

Dostumun prodüseri ilə tanış oldum, məni sınadılar və işə götürdülər. Hər şey belə başladı.

-İlk filminiz sizə yaxşı pul qazandırdı?

- İlk dəfə “Elm küçəsində kabus” adlı filmə çəkilmişəm. İlk illərdə çəkildiyim filmlərdən çox pul qazanmırdım. Sadəcə kirayənin pulunu ödəyə bilirdim. Hələ də musiqiçi idim. Aktyorluq mənim üçün hobbi idi.

-Nə vaxt peşəniz oldu?

- İki filmə çəkiləndən sonra. Musiqi qrupum dağıldı. Aktyor olmaq üçün yarandığımı fikirləşdim və işimə məsuliyyətlə yanaşmağa başladım, aktyorluq kurslarına getdim, çoxlu kitablar oxudum.

-Nəhayət aktyorluğa ciddi yanaşmağa başladın…

-Bu peşəyə nə qədər ciddi yanaşmaq mümkündürsə, o qədər ciddi yanaşdım.

- Necə yəni?

-Yəni, çox da ciddi yanaşmadım. Çünki nəticədə aktyorluq bir peşədir, bu qədər şişirtməyə ehtiyac yoxdur. Bir aktyorun özünə ciddi yanaşmasından daha pis heç nə fikirləşə bilmirəm. Aktyor nədir? Hər aktyor bir yalançıdır. Peşən yaxşı yalançı olmağı bacarmaqdır.

-Boş vaxtlarında yenə musiqi ilə maraqlanırsan?

- Əlbəttə, musiqi bir parçamdır, mənim ilk eşqimdir. Səyahətə çıxanda gitaram həmişə yanımda olur. Tez-tez çalıram.

-Film çəkilişləri üçün çox səyahət etməli olursan, bu xoşuna gəlir?

-Səyahət etməyi sevirəm. Bir yerdə çox qalanda narahat olmağa başlayıram. Bir şəhərdə 3-4 aydan artıq qalmıram. Yeni bir şəhərə çatdığım anı sevirəm. Həmin yerlə bağlı yeni məlumatlar öyrənmək, yeni bir yerdə yuxulamaq gözəl duyğudur.

-Deyəsən, yuxunu sevirsən…

- Düzdür, yuxunu sevirəm. Mənim fikrimcə, yuxu bütün dövrlərin ən yaxşı kəşfidir. Bir dəfə 21 saat yataraq rekord qırmışdım. Beləliklə, özümün 18 saatlıq yuxu rekordumu təzələmişdim.

- Sizcə, ideal həftə sonun necə olmalıdır?

- Mənim üçün ideal həftə sonu odur ki, iki günü Fransada ailəm və dostlarımla birgə keçirim.

-Ailən xaricində sənin üçün önəmli olan başqa nələr var?

- Kitablarım, tablolarım. Rəsm çəkmək mənim üçün problemlərdən qaçış yoludur. Vaxt tapdıqca rəsm çəkirəm.

-Nə çəkirsən?

-Portret. Fil çəkməyi də sevirəm. Əsərlərimi görənlər onların sanki üç yaşlı uşaq tərəfindən çəkildiyini zənn edir.

-Özünü 3 yaşında hiss edirsən?

- Yox, yox. Daha çox yaş yarımlıq hiss edirəm.

-Qadınlar sənin seks simvol olduğunu düşünürlər…

-Mən özümü elə görmürəm. İnsanlar mənim oynadığım filmləri bəyəndiklərini söyləyənd çox xoşuma gəlir, amma seks simvol olmaq fikrinə alışa bilmirəm.

-Sizcə eşq nədir?

-Mən düşünürəm ki, bu, ilk görüşdə baş verir. Əgər bir insana ilk görüşdə aşiq olmadınsa, deməli, heç vaxt həqiqətən sevə bilməyəcəksən.

- 14 il evli olduğunuz Vanessaya da ilk görüşdə aşiq olmuşdunuz?

-1998-ci il idi. “Doqquzuncu qapı” filmi üçün Parisə getmişdim. Bir oteldə şam yeməyi yeyirdim. Onu əvvəlcə arxadan gördüm. Kürəyini açıqda qoyan dərin dekolteli paltar geyinmişdi. Əvvəlcə kürəyinə baxdım, sonra mənə tərəf çevrildi, gözlərini gördüm və o anda vuruldum.

-O an nə hiss etdiniz?

-O hissi yaşamaq lazımdır. Mənə nəsə olur deyə, öz-özümə danışdığımı xatırlayıram. O vaxt özümü ciddi münasibətə hazır hiss etmirdim. Amma Vanessaya vuruldum və həyatım dəyişdi.

- Bəs indiki sevgiliniz Amber Heardla necə tanış olmusuz?

-Deyəsən, ona da ilk görüşdən aşiq olub-olmadığımı öyrənmək istəyirsən. Amber çox gözəl qadındır. Onun yanında özümü çox rahat hiss edirəm.

- İki övladınız var, Lili və Cek. Onlarla münasibətləriniz necədir?

-Yaxşıdır. Məni başa düşürlər. Uşaqları çox sevirəm. Onlarla vaxt keçirmək xoşuma gəlir.

-Tanış olmaq istədiyin biri varmı?

- Tanrı ilə tanış olmaq istəyərəm. Onunla oturub bir siqaret çəkmək üçün ürəyim gedir.

-Bu günə kimi tutduğunuz hər hansı bir əməldən peşman olmusunuz?

-Yumruq vurmaq istədiyim bir neçə nəfər olub ki, vurmamışam. Sadəcə buna görə peşmanam. Başqa peşman olacaq heç nə etməmişəm.

-İnsanlar sənin vəhşi xüsusiyyətlərinin olduğunu düşünürlər. Bu nə dərəcədə həqiqətə uyğundur?

-Medianın yalanlarıdır. Qəribə işi olan, normal bir adamam.

-Bir çox Hollivud ulduzu siyasətlə məşğul olur. Siz nə fikirləşirsiniz bu mövzuda?

-Moda ilə ayaqlaşan və ya siyasətçilərlə iş birliyi quran məşhurlardan deyiləm. Nəyəsə inanmadan əvvəl onu araşdırıram. Mən daha xeyirli işlərlə məşğulam. Mənim üçün dərnəklər çox önəmlidir, məsələn. Xəstə uşaqlara kömək edirlər, illərdir belə qurumlara dəstək verirəm.

-İnsanlar sənin həyatınla bağlı detallarla niyə bu qədər çox maraqlanırlar?

-Bu “media” adlı fabrikin bir hissədir. Televiziyalar, jurnallar çörəyini məşhurlardan çıxarır. Məşhurları fərqli, sirli və cazibədar göstərirlər. Ona görə də, xalq ulduzların pis tərəflərini görmək üçün dörd gözlə gözləyir. Onların da səhvləri olduğunu görmək xalqı təsəlli edir. Bu medianın işləridir. Əgər tanınmış birinə şər atsan, jurnalın daha çox satılacaq, reytinqin çox olacaq.

-Bu səni əsəbləşdirmir?

- Mən də bu sistemin bir hissəsiyəm. Öyrəşmişəm. Amma yenə də bəzən çox əsəbləşirəm.

-İnsanlar sənin haqqında nəyi yanlış bilirlər?

-Gülərüz, əyləncəli biri olduğumu fikirləşirlər. Amma elə deyiləm.

-Daim kədərlisən?

-Həm də həddindən artıq. Kədərli və ciddiyəm. Haqqımda yazılanların çoxu yalandır. Sizə bütün həqiqətləri danışmaq istəyərdim, amma gerçəklər pula getmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm