• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Nəzakət Teymurova: “Qadın yaşlandıqca daha gözəlləşir”

Nəzakət Teymurova: “Qadın yaşlandıqca daha gözəlləşir”

Bu gün xalq artisti Nəzakət Teymurovanın doğum günüdür.Akademik Opera və Balet Teatrının solisti olan xanəndə xanım, ad gününü doğmalarının əhatəsində qeyd edəcək.

-Orucluqla əlaqədar doğum günümü təmtəraqlı qeyd etməyəcəm. Ailəmlə birgə doğum günümü qeyd edəcəyik. Həyat yoldaşım, bacılarım, qardaşım, qızım yanımda olacaq.

-Sizi ilk təbrik edən kim oldu?

-İlk olaraq qızım, həmkarlarım, sənət dostlarım təbrik etdi.

-Maraqlıdır, həyat yoldaşınızdan nə hədiyyə aldınız?

-Onun hədiyyəsinin nə olduğunu bu gün biləcəyəm. Bilirəm ki, mənə sürpriz edəcək. Bilirsiniz, doğmalarımın sağlamlığı mənim üçün ən böyük hədiyyədir. Hətta deyim ki, hədiyyənin marağında deyiləm. Allah onların canını sağ eləsin. Əslində, mənə nə hədiyyə olunması ilə bağlı danışmağı da xoşlamıram.

-Bəs qızınızın hədiyyəsi nə oldu?

-Həmişə mənə deyir ki, ana, sənin adını divarlara yazdırmaq istəyirəm. Bu gün özü yazdırıb, gözəl hədiyyə oldu mənə.

-Hədiyyə almağı sevirsiniz, yoxsa verməyi?

-Hədiyyə verməyi də, almağı da xoşlayıram. İnsanları sevincli görmək mənim üçün xoşdur. Ailəm, dostlarım, hətta tanışlarımın da sevinci məni xoşbəxt edir. Bilirsiniz, aldığım hədiyyənin baha və ya ucuz olmasının önəmi yoxdur. Əsas odur ki, onu verən adam üçün mən dəyərliyəm.

-Dost-tanış demişkən, sənətdə kimlərlə dostluq edirsiniz? Yaxın rəfiqəniz kimdir?

-Vallah, yaxın rəfiqəm yoxdur. Sənət dostum var. Onların əksəriyyəti ilə xoş münasibətdəyəm. Mən hamı ünsiyyət quran insan deyiləm. Mədəni, sanballı, özünə qiymət verən adamlarla oturub-dururam. Elə insanlar az olduğuna görə, ətrafım dar çərçivədədir.

-Bəzi qadınlar ona ətir, çiçək, digərləri geyimləri, avtomobil kimi bahalı hədiyyələri sevirlər. Siz necə hədiyyə xoşlayırsınız?

-Gülləri və ətirləri xoşlayıram.

-Deyirlər ki, qadının yaşının üzərinə yaş gəldikcə, daha gözəlləşir, müdrikləşir. Siz bu fkirlə razısınız?

-Ümimiyyətlə, insanın beyni, şüuru getdikcə - sənətdə və yaşda zamanla həlimləşir, daxilən gözəlləşir. Həyatı dərk edir, başa düşür. Götür-qoy etməyi, düzgün seçim etməyi bacarır. 20 yaşında olan insanla 40-50 yaşında olan insan eyni fikirdə olmaz ki. Həqiqətən də yaş insanı müdrikləşdirir.

-Razısınız ki, qadınlar yaşlaşdıqca daha cazibədar olur, dolğunlaşırlar?

-Mən hər zaman deyirəm ki, insanın daxili gözəl olmalıdır. İnsanın daxili gözəldirsə, bu, onun üzündə də əks olunacaq. Ona görə də hər bir qadın özünə baxmalıdır. Sənət adamları isə xüsusilə, baxımlı olmalıdır.

- Yaşlanmaqdan, qocalmaqdan qorxursunuz?

- Xeyir, inandırım sizi, onun heç fərqində olmuram. Düzdür, ad günü keçirməyi sevmirəm.

- Niyə?

-Xoşlamıram. Elə bilirəm ki, doğum günü şənlikləri ancaq uşaqlar üçündür. Dost-tanışlar gəlirlər, ona görə qeyd edirəm. Adam istər-istəməz süfrə açıram. Doğum günümü qeyd etməyi heç özümə sığışdırmıram.

-Neçə yaşınıza qədəm qoydunuz?

-Mən yaşımı gizlətmirəm. Dostum, tanışım var. Yaşımın neçə olduğunu yaxşı bilirlər. Hamı bilir ki, mənim 42 yaşım var. Yaşlarını gizlədən insanları xoşlamıram. Bir də görürsən ki, kimsə özünü uşağı ilə yaşıd görür. Çox az yaş deyir özü üçün. Mən 1972-ci il iyulun 4-də Ağdamda anadan olmuşam. Çox xoşbəxtəm ki, valideynlərim mənə belə bir ürək veriblər, normal tərbiyə ediblər. İnsan var ki, 70 yaşı var, amma davranışını bilmir, yüngül xarakterində də qalıb. Ona görə də reallıq sevən bir insanam..

-Sizə deyiblər ki, yaşınızdan cavan görünürsünüz?

-Bəzən deyirlər.

-Bunun üçün xüsusi proseduralar edirsiniz?

-Hər qadın baxımlı olmalıdır. Müəyyən proseduralar edirəm. Amma tam dərinliyə getmirəm.

-Yayda harada dincələcəksiniz?

-Hazırda Novxanıda bağımızda dincəlirik. Amma inşallah, Ramazan ayından sonra avqustda harasa getməyi planlaşdırırıq.

-Doğum gününüzdə yeməkləri özünüz hazırlayacaqsınız?

-Dünəndən bacılarım doğum günümə hazırlaşırlar. Mətbəxdən çıxmırlar, proses gedir. Allah canlarını sağ eləsin. Mətbəxdə özüm də oluram, bacılarım da olur. Yemək bişirməyi xoşlayıram.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR