“Mirşahini özümə kumir hesab edirəm” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Mirşahini özümə kumir hesab edirəm” - FOTOLAR

Həmsöhbətim ATV-nin aparıcısı cazibədar xanım Günay Firudinqızıdır. Hazırda sözügedən telekanalda “Azərbaycanın səsi” layihəsinin aparıcısıdır. Müsahibə verməkdən heç xoşlanmadığını, ümumiyyətlə, diqqət mərkəzində olmağı sevmədiyini deyən Günayı güclə yol

Həmsöhbətim ATV-nin aparıcısı cazibədar xanım Günay Firudinqızıdır. Hazırda sözügedən telekanalda “Azərbaycanın səsi” layihəsinin aparıcısıdır. Müsahibə verməkdən heç xoşlanmadığını, ümumiyyətlə, diqqət mərkəzində olmağı sevmədiyini deyən Günayı güclə yola gətirdim.

Səmimiyyəti ilə diqqət çəkən Günayı siz də daha yaxından tanıyın.

“Neyləyim ki, xilas ola bilmirəm”

- Günay, səncə, bir aparıcı hansı kriteriyalara sahib olmalıdır?

- Aparıcının gözəl diksiyası, gözəl görüntüsü, dərin düşüncəsi, söz ehtiyatı, kifayət dərəcədə İQ indeksi olmalıdır. Ən əsası, səmimi olmalıdır ki, insanlarla da səmimi atmosfer yarada bilsin.

- Yəqin ki, nə vaxtsa kumurin də olub...

- Kumirim hər zaman Mirşahin olub. Yəqin ki, ömrümün axırınadək qədər də belə olacaq. Əcnəbilərdən isə Opra Uinfri və Larri Kinqi bəyənirəm. Bir aparıcıya hansı keyfiyyətlər lazımdırsa, düşünürəm ki, hamısı onlarda cəmlənib.

- Səni bezdirən hansı xüsusiyyətindən böyük məmnuniyyətlə imtina edərdin?

- Deyim ki, hər adamı da yaxına buraxmıram, amma çox vaxt insanlardan qaçıram, diqqət mərkəzində olmağı sevmirəm. Mənimki təklikdir, bir kənara çəkilim, kitab oxuyum. Hərdən istəyirəm e, mən də başqaları kimi danışım-gülüm, özümə vaxt ayırım. Amma belə olmur, işdən çıxan kimi qaçıram evə. Huzurum ata-anamın, bacı-qardaşımın, bir də, balaca olğumun yanındadır. Onlar mənim cənnətimdir. Hərdən rəfiqələrim deyir ki, ay qız, nə var e qaçırsan evə, de, gül, əylən. Bəzən özümü danlayıram ki, bəsdir də belə oldun. Bax onda, bu xasiyyətimdən qurtulmaq istəyirəm. Amma insan təbiətini dəyişmək mümkün deyil. Bəlkə də, heç özüm də daxilən dəyişmək istəmirəm. Yunqun dili ilə desək, introvertəm.

“Bir ona peşmanam ki…”

- Həyatında “kaş ki” dediyin çox olub?

- Həyatımda heç vaxt heç nəyə peşman olmamışam. Dünyaya yenidən gəlsəm, həyatımı yenə də belə yaşayardım. Bir ona peşmanam ki... Kaş xəbər aparıcısı olaydım.

- Səni sözlə yıxmaq mümkündür?

- Əvvəllər mümkün idi, hətta məni sözlə vurub yıxırdılar da. Amma indi yox. Daha heç vaxt bunu bacara bilməzlər. Çünki artıq çox möhkəməm və mənim üçün yeganə söz sahibi olanlar doğmalarımdır.

- Bir qadın olaraq həyatda ən çox nədən qorxursan?

- Ümumiyyətlə, insan hər zaman qorxu yaşayır. Uşaq ikən də qorxularımız olur, elə böyüdükdən sonra da…. Sadəcə, qorxularımız öz məcrasını dəyişir. Ailəmi itirmək məni qorxudur. Qalan heç nə məni nə yıxa, nə də qorxuda bilər.

“Buna görə ağlayırdım”

- Həyatında ən böyük zərbəni nə vaxt, kimdən almısan?

- Aldığım zərbələr yalnız peşəkar fəaliyyətimlə bağlı olub. Deyim ki, heç onlar da məni dərindən sarsıtmayıb. Çünki nə olursa-olsun, evə gələn kimi doğmalarımın yanında onların qayğısını, nəvazişini hiss edəndə özümün yenə də həmin şahzadə olduğumu dərk edirəm. Bundan başqa da heç bir şey gözümdə olmur.

- Sənə pislik edən insanlara reaksiyan necə olub?

- Əvvəllər buna görə ağlayırdım. Demək olar ki, gözümün yaşı qurumurdu. Amma indi nə vaxt ağladığımı xatırlamıram. (gülür)

- Allah nəzərdən saxlasın...

- Sağ ol, amma indi işimdə bir hüzur var. Deyirəm ki, hüzur görmək istəyən ATV-yə gəlsin. Nə konflikt var, nə dedi-qodu. Burada hər kəs öz işi ilə məşğuldur, atmosfer çox gözəldir. Bəzən dəhlizdə gedəndə milçəyin vızıltısını da eşidə bilirəm.

“Elə bir kişi ilə ailə qurmaq istərdim ki...”

- Gözəl xanımsan, həyatında sevgi var?

- Açığı, yoxdur.

- Bu səni darıxdırmır?

- Elə bilirəm, elə belə də olmalıdır. İnan, iş qrafikim o qədər ağırdır ki, heç bu barədə düşünməyə vaxt da qalmır.

- Yaxşı də, Günay, iş öz yerində. Qadının şəxsi həyatı da olmalıdır axı. Bilirəm ki, həyat yoldaşından ayrılmısan. İkinci dəfə ailə qurmaq fikrin varmı?

- İstərdim ailə qurum. Mən ailəyə müqəddəs ocaq kimi baxıram. Amma elə bir kişi ilə ailə qurmaq istərdim ki, mənə və oğluma bərabər dəyər versin. Bir də, işləməyimə mane olmasın. Həmişə hesab etmişəm ki, qadının ayaqda durması üçün onun sosial statusu olmalıdır. Mən həyata kişilərin baxış bucağından o qədər baxmışam ki, artıq dəyərlər sistemim müəyyən qədər onlarınki kimidir.

- Günayı sevindirmək üçün nə yetər?

- Dürüstlük. Bütün qadınlar belə düşünür, yəqin ki... Şablon səslənsə də, mən belə cavab verərdim.

- Rəfiqələrin çoxdur?

- Bir neçə rəfiqəm var ki, onları sözün həqiqi mənasında ikinci “mən”im hesab edirəm.

“Bir şkaf dolu çantam var”

- Geyim həyatında nə dərəcədə rol oynayır?

- Mənim üçün ən maraqlı olan çanta, ayaqqabı və aksessuarlardır. Açığı, son vaxtlar geyimə o qədər də önəm vermirəm. Bəzən deyirlər ki, geyim insanı gözəlləşdirir, amma geyimin içindəki insan da geyimi gözəlləşdirir. Əslində, qadın gözəl geyinir ki, bəlkə də, kiməsə gözəl görünsün. Evdə bir şkaf dolu çantam var, bəzən olur ki, günlərlə birini götürürəm, dəyişmirəm. Ovqatla bağlı olur bu.

- Brend önəmlidirmi sənin üçün?

- Əsas nə yaraşırsa, odur.

- Ən ucuz geyiminin qiyməti neçəyədir?

- Bəlkə, sualı tərsinə qoyaq, ən bahalı paltarımın qiymətini soruşasan?..

“Ən böyük arzumdur ki, İsveçrə bankında pulum olsun”

- Olsun, neçəyədir?

- Subay olanda bahalı geyimlər alırdım, amma oğlum böyüyür və onun gələcəyini düşünməliyəm. İstəyirəm ona yaxşı təhsil verim. Buna görə də, bahalı pal-paltar almıram. Əslində, anamgilin himayəsində yaşayıram deyə, oğlumu düşünə bilirəm. Onu da deyim ki, ən böyük arzumdur ki, İsveçrə bankında kifayət məbləğdə pulum olsun və oğlum xarici ölkədə təhsil alsın.

- Üstündə nə qədər cib xərcliyi gəzdirirsən?

- Özümə lazım olan qədər. Adətən gündəlik ən çox pulum benzinə gedir.

- Bəzən elə məqamların olurmu ki, ürəyini boşaltmağa adam tapmırsan? Bax elə məqamlarda neynirsən, içindəki mənfi enerjini necə çıxarırsan?

- Olur belə, fikirləşirəm ki, axı nə qədər xanımlarla dərdləşmək olar. Belə olanda sıxılıram, doluram. Onda dəniz sahilinə gedirəm. Saatlarla qağayıların uçmasına, dənizin səsinə qulaq asıram. Ya da elə orda oturub kitab oxuyuram.

“O əsərin qəhrəmanı ilə aramda oxşarlıq görmüşəm”

- Efirdən başqa sevdiyin məşğuliyyətin varmı?

- Onsuz da həmişə kitabları sevmişəm, amma indi onların əsirinə çevrilmişəm. İşimizə yaxın bir kitab mağazası var, nə təzə kitab gəlsə, alıb oxuyuram.

- Sonuncu dəfə hansı kitabı oxumusan?

- Amerika yazıçısı Elizabet Gilbertin “Ye, dua et, sev” adlı kitabını oxumuşam və o əsərin qəhrəmanı ilə aramda bir oxşarlıq görmüşəm. Dünyanı səyahətə çıxan bir qadın obrazıdır.

“Yüz nəfər xoşlamadığım, mənasız adamların baxışındansa…”

- Bayaq dedin ki, insanlar arasında sıxılırsan? Bəs əks-cinsin baxışları necə, səni sevindirir, yoxsa əksinə?

- Heç xoşlanmıram. Deyirəm, yüz nəfər xoşlamadığım, mənasız adamların baxışındansa, bir nəfər sanballı insanın baxışı olsun. O insan da hələ yoxdur.

- Günay hər adamın vücudunda bəyəndiyi bir yer olur. Məsələn, gözləri, burnu, bədən quruluşu… Bəs sən?

- Saçlarımı çox xoşlayıram. Efir bir ara çox korlamışdı saçlarımı, çünki tez-tez rəngini dəyişirdim. Amma bir müddət saçımı rəngləmədim və onlara qulluq etdim. İndi öz təbii rəngi qayıdıb. Bu saçlarımla özümü çox rahat hiss edirəm. Amma rəngi sarı olanda narahat olurdum. Baxmayaraq ki, sarı rəng cazibədarlıq yaradır.

“Özümə paltar seçə bilmirəm, hamının gözü məndə qalır”

- Kompleksərin var?

- Özümə güc gəlirəm ki, o komplekslərdən xilas olum, amma bacarmıram. Xoşlamıram kimsə mənə baxanda, diqqət yetirəndə. Bir mağazaya gedəndə özümə paltar seçə bilmirəm, hamının gözü məndə qalır. Amma bu günlərdə bir dükana getmişdim, heç kim diqqətini büruzə vermədi. Eynən avropalılar kimi. Elə rahat idim ki, arxayınlıqla geyindim, baxdım görüm, hansı ayaqqabı ilə hansı paltar yaraşır, uyğunlaşır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm