Elza Seyidcahan: “Ledi Qaqa geyimini bilmir”
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan: “Ledi Qaqa geyimini bilmir”

Bu gün əməkdar artist Elza Seyidcahanın doğum günüdür.

Bu gün əməkdar artist Elza Seyidcahanın doğum günüdür.

Müğənni tabloid.az saytına müsahibəsində doğum günündə ilk öncə gəlininin onu təbrik etdiyini deyib:

-Səhər tezdən çoxsaylı təbriklər alıram. “İnstagram” səhifəmə baxsanız görərsiniz ki, tələbələrim fasiləsiz olaraq məni təbrik edirlər. İlk təbriki isə gəlinim - Xəyalə qızımdan gəldi. Daha sonra qızım məni təbrik etdi. Onu da deyim ki, oğlumla gəlinim hədiyyələrini axşam verəcəklər. Məni telefonla təbrik ediblər. Çünki uzaqdadırlar. Dostlarım, tələbələrim, bacılarım məni təbrik ediblər. İstirahətə getmirəm, doğum günümə gəlincə, axşam harada olacağımı heç özüm də bilmirəm. Sabah biləcəksiniz ki, Elza Seyidcahan ad gününü harada keçirdi. Bəlkə evdə oldum və ya bir ağacın kölgəsində oturdum… Yəni ki, hər şey çox sadə olacaq. Gələn il 37 yaşımı təmtəraqla keçirəcəyəm. 7-ci ay, 7-ci il, 37 yaş. Düz 3 dənə 7 rəqəmi yanaşı düzüləcək.

- Amma deyirlər ki, 46 yaşınız olacaq?

-Düz deyil! 36 yaşım tamam olub.

-Bu gün özünüzə nə hədiyyə etdiniz?

-Yaxşı əməllər. İnsanlara paxıllıq etmədim. Heç kəsin quyusunu qazmadım, torba tikmədim. Heç kəsin yaxşısını qoyub, pisini danışmadım. Kimlərinsə eybini örtdüm. Gördüyümü dedim ki, bilmirəm. Mənim özümə hədiyyələrim bu oldu. Çünki yaxşı əməlləri edirsənsə, Allah onun cavabını mütləq verir.

-Ad gününüz münasibətilə imic dəyişikliyi olacaq?

-Zaur Baxşəliyevin “Öz aramızda” verilişinə baxıb, görərsiniz.

-Demək ki, imic dəyişikliyi gözlənilir?

-Bəli, hər dəfə məndən imic dəyişikliyi gözləyin.

-İpucu verə bilərsiniz?

-İmicim, geyimim, təyyarəçilərə həsr etdiyim konsert layihəsi çərçivəsində olacaq.

-Sizcə, bu dəfə də tamaşaçıları təəccübləndirməyi bacaracaqsınız?

-İstəsəm də, istəməsəm də insanlar məni görəndə təəccüblənirlər. Mən nə edirəmsə, adamları təəccübləndirə bilirəm. Bəzi insanlar özlərini öldürürlər ki, təəccübləndirsinlər. Amma ki, çox gülməlidir vallah. Özləri olsalar daha yaxşıdır. Özünü kiməsə bənzətmək biabırçılıqdır. İlk gündən səhnəyə necə gəliblərsə, elə olsalar yaxşıdır. Özlərini başqa, fərqli göstərmək istəyirlər, amma bunun heç bir xeyri yoxdur.

-Sizin üçün hədiyyənin baha və ya ucuz olmasının önəmi var?

-Mənim üçün verilən hədiyyənin qiymətinin önəmi yoxdur. Əlbəttə ki, baha olsa, daha yaxşı olar. Bu həm zarafatdır, həm də gerçək. Uşaqlıqda bizim üçün doğum gününün elə əhəmiyyəti olmurdu. Ancaq kitab oxuyurduq, dərs oxuyurduq. Anamız deyəndə bilirdik ki, bu gün ad günümüzdür. İndi Allah mənə o qədər doğum günü və hədiyyə sevinci nəsib edir ki... Tanrının bizlər üçün sürprizləri çoxdur. İndi tələbələrimdən biri mənə suvenir verdi. Maşınıma qoymuşam. Başqa bir tələbəm isə çiçək hədiyyə etdi. Onların diqqəti mənim üçün böyükdür. Kimsə mənə bahalı zinət əşyası, maşın və ya ev verə bilər. Amma pafoslu səslənsə də, hədiyyənin böyüyü-kiçiyi olmur.

-Daha çox nə hədiyyə almağı sevirsiniz?

-Sevilən aktyorumuz Telman Adıgözəlov mənə balaca bir kukla hədiyyə edib. Mənim evimdədir. Baxıram həmin hədiyyəyə, düşünürəm ki, Telman indi yoxdur…

-İndiyədək aldığınız ən bahalı hədiyyə nə olub?

-Tanrım tərəfindən mənə verilən, xoşbəxtlik və istedaddır. Anam, bacılarım və övladlarımdır. Məncə, onlar Allahın mənə verdiyi ömürlük hədiyyədir. Mən bilirəm ki, kiməm. Nəslim-köküm, valideynlərim kimdir. Allaha dua edirəm ki, mənə verdiklərini çox görməsin.

-Bu gün yerli şou-biznesdə Elza Seyidcahanı nə narahat edir?

-Tərbiyəsizlik.

-Kimlərin tərbiyəsizliyi?

-Hamı onu çox gözəl bilir.

-Niyə buna etiraz etmirsiniz?

-Bəzi müğənnilər var ki, tərbiyəsizlik edirlər. Onların bu davranışlarını da bəzi insanlar səmimiyyət adlandırırlar. Bunlar da ki, təbii ki, dardüşüncəli insanlardır. Etika qaydaları, efir mədəniyyəti var. Pərdə arxası münasibətləri efirə çıxarmaq olmaz. Onlara nə deyim ki?! Səmimiyyətlə, tərbiyəsizliyi səhv salan insanlara nə deyə bilərəm ki?!

-Elza Seyidcahan geriyə dönüb baxanda nələri görür? Yaradıcılıqda və şəxsi həyatda itkiləriniz, qazancınız olub?

-Əslində, heç nəyi itirməmişəm. Əgər kimlərsə həyatımdan çıxıblarsa, demək, özlərini itiriblər. Məni deyil! Sadəcə, Allah görüb ki, kimsə yolunu azıb, onu mənim yolumun üzərindən götürüb. Onu mənə, məni də ona layiq görməyib. Gedənlərə görə peşman deyiləm. Əksinə, qarşı tərəfdə olanlar peşmandır. Çünki gec-tez haqq-ədalət öz yerini tapır. Amma qazandıqlarım çox olub, nəinki itirdiklərim. Çünki mən elə bir insan deyiləm ki, dostu bu gün tapım, sabah itirim. Mən dostlar qazanmışam. Onlar hətta çoxalırlar. Hətta dostluq etdiyim insanları uşaqlıqdan bəri tanıyıram.

-Şou-biznesdə dostlarınız var?

-Çoxdur. Sadəcə, bəzi qruplaşmalara daxil olmuram. Qruplaşmalar müvəqqəti qruplaşmalardır ha. Kiminsə bir balaca pulu olur. Belə deyirlər da, milçək qana yığılır… Onun ətrafında cəmləşirlər. Sonra o adam müflisləşəndə, o adamın yanından gedirlər. Şükür Allaha, mənim dostlarım ilk gündən yanımdadırlar. Pis və yaxşı günümüzdə də bərabərik. Əslində, hamı ilə mehribanam. Ola bilsin ki, kimlərsə məni qısqanır, paxıllıq edir, arxamca danışır. Bunların hamısını bilirəm. Çünki vergili bir insanam. Hər şeyi hiss edirəm. Amma üzlərinə deyib, xətirlərinə dəymirəm. Əvəzimə Allah onların hamısının cavabını artıqlaması ilə verir.

-Yerli şou-biznesin ən fərqli müğənnisiniz. Hətta sizi dünya şou-biznesinin bir sıra ulduzları ilə, həmçinin Ledi Qaqa ilə müqayisə edirlər…

-Ledi Qaqanı mənimlə müqayisə eləmək lazımdır. Çünki Ledi Qaqa səhnəyə 2006-cı ildə çıxıb. Elza isə 1982-ci ildən sənətdədir. Siz mənə deməlisiniz ki, Elza xanım, biz fəxr edirik ki, Ledi Qaqa özünü sizə oxşadır. Bu şüarı Amerikaya verin, qoyun bütün dünya bilsin. Ledi Qaqa geyimini də bilmir. Çılpaq, lüt çıxır adamların qarşısına. Ledi Qaqa adını mən Azərbaycana gətirmişəm. Ledi Qaqadan mənə böyük hədiyyə düşür. Çünki onu Azərbaycanda mən sevdirmişəm.

-Belə çıxır ki, Rəqsanə də sizinlə bəhsə girib? O, bu günlərdə verdiyi konsertində başının bir tərəfini keçəl qırxdırmışdı.

-Mənimlə kimsə bəhsə girə bilməz. Çünki mənim tərzim, oxumağım, bəstələrim fərqlidir. Düzdür, Elza olmaq istəyirlər, çalışırlar. Amma bu, onlarda süni alınır.

-Ledi Qaqa sizə duet oxumağı təklif eləsə razı olarsınız?

-Niyə qəbul etmirəm ki?! Məndən xahiş edərsə, onunla oxuyaram. Hətta pianoda da onu müşayiət edərəm. Ledi Qaqa yüksək qonorar təklif edərsə oxuyaram.

-Nə qədər qonorara razı olarsınız?

-Avropada nə qədərdirsə o qədər…

-100 min avro?

-100 min nədir ki? Sən milyonlardan danış. Ledi Qaqa mənimlə layihə edəcəksə, 100 min çox azdır. Mənim ondan istəyəcəyim qonorar milyondan çoxdur.

-Deyirsiz ki, vergilisiniz. Bir neçə ildən sonra özünüzü harada görürsünüz?

-Öz əməllərimin küncündə… Allah onu bilər. Amma mən belə proqnoz verə bilərəm ki, hər bir insan öz əməlinin küncündə, dibində ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm