• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Kişilər sağlamlığa deyil, gözəlliyə baxırlar”

“Kişilər sağlamlığa deyil, gözəlliyə baxırlar”

Hazırda Bakıda hər addımda gözəllik salonu ilə qarşılaşırıq. Salonların əksərində isə sanitar-gigiyenik vəziyyət ürəkaçan deyil. Təəssüflər ki, gözəllik salonuna biznes, asan pul qazanmaq mənbəyi kimi münasibət göstərənlərin sayı çoxdur. Gözəllik salonu üçün vacib standartlara, eləcə də sağlamlıq məsələlərinə fikir verən isə azdır.

Yəqin bu səbəbdəndir ki, Bakıdakı gözəllik salonlarından birində bir qadın qaşlarını tatu etdirdikdən sonra QİÇS virusuna yoluxmuşdu. Xanımları gözəlləşdirməyi qarşısına məqsəd qoymuş bu məkanlar bəzən gözəlliyin deyil, yoluxucu xəstəliklərin yuvasına çevrilir. Gözəllik salonlarında zəruri sanitar-gigiyenik normalara əməl edilmədikdə təhlükəli Hepatit B, C viruslarına və QİÇS-ə yoluxma ehtimalı çoxdur.

Gözəl olmaq istəyərkən sağlamlığını itirmək istəməyən xanımlar üçün gözəllik salonlarından birinə üz tutduq və saç ustası Nərgiz Vəliyevadan düzgün gözəllik salonu seçməyin qaydalarını öyrəndik. Nərgiz xanım “Ailə dostu” layihəsində xanımların diqqət etməli olduqları digər məqamlara da aydınlıq gətirdi.

- Artıq gözəllik salonları təhlükə mənbəyinə çevrilib. Yoluxucu xəstəliklərin manikür və pedikür yolu da yayıldığı məlumdur...

- Buna səbəb odur ki, gözəllik salonlarında manikür-pedikür alətləri ya təmizlənmir və yaxud sadəcə spirtlə təmizlənir. Halbuki spirt əksər yoluxucu xəstəliklərin viruslarını məhv edə bilmir. Bunun üçün xüsusi məhlul var. Bizim salonda həmin məhluldan istifadə edilir.

-QİÇS, Hepatit C və ya B kimi xəstəliklər sadəcə manikür, pedikür zamanı keçə bilər?

-Bu xəstəliklər qanla yoluxduğu üçün xəstə adamın qanı dəyən hər hansı alət xəstəlik mənbəyinə çevrilir. İnfeksiyanın bir insandan digərinə keçməsi üçün iynənin ucunda və ya manikür qayçısında qalmış cüzi qan damcısı kifayətdir. Əvvəlki müştəri xəstədirsə, bu halda həmin xəstəlik növbəti şəxsə də yoluxacaq. Qaş tatuajı, qalıcı makiyaj kimi proseduralar zamanı da insan xəstəliyə yoluxa bilər. Həmçinin süni kirpik qaynağı etdirərkən belə diqqətli olmaq lazımdır. Dəfələrlə başqa salonlardan şikayətlə gələn müştərilərimiz olub. Adi təmizlik qaydalarına riayət etmədikdə gözdə şişkinlik olur və ya gözə mikrob düşür. Çünki göz çox həssas orqandır.

-Xanımlar salonda sanitar-gigiyenik qaydalarına necə riayət edildiyini hansı yolla öyrənə bilərlər?

-Xanımlara məsləhətim odur ki, getmək istədikləri salonun vəziyyətini öncə araşdırsınlar. Rəfiqələri, yaxınları və ya qonşuları arasında kiçik sorğu keçirdikdən sonra doğru gözəllik salonunu seçsinlər. Amma ehtimala görə, yenə də şəxsi manikür və pedikür alətlərini özləri ilə aparsınlar. Ümumiyyətlə, mən xanımlara məsləhət görərdim ki, şəxsi manikür alətləri olsun. Həmçinin daraq, saça boya çəkmək üçün istifadə olunan fırça və kosmetika vasitələri alsınlar.

- Bəzən telekanallarda gözəllik salonunda xəstəliyə yoluxanlar haqqında süjetlər hazırlayırlar. Bu, salon xidmətlərindən istifadə edənlərin sayını azaltmır ki?

-Düzdür, belə hallar kifayət qədərdir. Ancaq mən deyərdim ki, bundan istifadə edən müştərilər də var. Bildiyiniz kimi, QİÇS, Hepatit C və digər yoluxucu xəstəliklər həm də cinsi yolla keçir. Bəzən qadın ərinə xəyanət edir, xəstəliyə yoluxduğunu öyrənəndə isə ya diş klinikasının, ya da gözəllik salonunun boynuna atır. Xəstəliyin necə yoluxduğunu tapmaq isə müşkül məsələdir. Yəni, heç kimin boynuna qoymaq olmaz.

- Bəzən salonların ustaları müştərilərin yaxşı tanıdıqlarını, onların xəstə olmadığından əmin olduqlarını iddia edirlər...

- Əgər kimdəsə yoluxucu virus olsa belə, onun üzündən bunu necə anlamaq olar ki?! Tibb elmi QİÇS, hepatit kimi yoluxucu xəstəliklərin illərlə gizli formada inkişaf etdiyini təsdiqləyir. İnsan uzun illər bu viruslardan hansınasa yoluxduğunu heç özü də bilməyə bilər. Belə xəstəliklər adətən ümumi müayinə zamanı təsadüfən ortaya çıxır. Ona görə də sonradan peşmançılıq çəkməmək üçün sanitar-gigiyenik qaydalara mütləq riayət edilməlidir.

-Bahalı salonda xidmətin səviyyəsi daha keyfiyyətlidir?

-Bahalı salonlarda yalnız xidmət haqqı yüksəkdir. Düzdür, bəzilərində sanitar-gigiyenik qaydalara ciddi şəkildə riayət edilir. Lakin mən müşahidələrimə əsasən, deyə bilərəm ki, əksər ucuz və bahalı salonlarda sanitar-gigiyenik qaydalarına eyni səviyyədə riayət edilir.

-Gözəllik salonlarının gigiyenik qaydaları haqqında məlumat verərdiniz...

-Gün ərzində daraqlar bir neçə dəfə yuyulmalıdır. Döşəmə təmzilənməli, sterilizə olunmalıdır. Istifadə olunan alətləri sterilizə etmək üçün salonda müvafiq cihazlar quraşdırılmalı və yaxud spirtdən daha güclü olan maddələrdən istifadə edilməlidir.

Bilirsiniz, gərək müştəri salondan, orada çalışanlardan məmnun qalsın ki, yenə həmin məkana gəlsin. Salondan çox pul qazmaq istəyənlər bu məqamı unutmamalıdırlar. Mənim fikrimcə, sanitar-gigiyenik qaydalara riayət edilməməsi sadəcə məsuliyyətsizliyin göstəricisidir. Xidmət göstərən şəxs aldığı pulun qarşılığında maksimum keyfiyyət təqdim etməlidir.

-Salon sahibləri dezinfeksiyaedici məhlulların həddindən artıq baha olduğunu söyləyirlər...

-Düzdür, razıyam, bahadır. Ancaq bu o demək deyil ki, başqalarının həyatını təhlükəyə atmaq olar. Gözəllik salonları ilə bağlı standartlar mövcuddur və onlara riayət edilməlidir.

Əgər bu qaydalara əməl edilməzsə, nəinki QİÇS və ya hepatit, həmçinin qaraciyər serrozu, göbələk, dəmrov kimi xəstəliklərin yayılması mümkündür. Son dövrlərdə gənclərin tatu və pirsinqə meyil etməsi HİV virusunun yayılmasına təsir edir. Bizim salonda pirsinq və tatu edilmir. Çünki bunun üçün sertifikat almaq lazımdır. Amma belə görürəm ki, bir çox gözəllik salonları sertifikatsız da bu işi görürlər.

-Qanunvericiliyə görə, bu sahədə çalışanlar ildə azı 2 dəfə tibbi baxışdan keçməlidirlər. Siz necə tibbi baxışdan keçirsiniz?

-Öz sağlamlığımın qeydinə qalıram, əlbəttə ki, tibbi müayinədən keçirəm.

- Sizcə xanımları baxımlarına kifayət qədər pul xərcləyirlər?

-Bəli xanımlarımız çox baxımlIdırlar, ancaq əfsuslar olsun ki, sağlamlıq məsələlərinə gözəllik qədər önəm vermirlər.

-Buna səbəb nədir?

-Çünki kişilər sağlamlığa deyil, gözəlliyə baxırlar. Reallıq budur ki, hər şey kişilərin zövqü üzərində qurulub. Kişilər qadınların gözəllik salonlarında çox pul xərcləməsinə deyinirlər. Amma faktdır ki, kişilər baxımsız qadından da uzaqlaşırlar. Onları başa düşmək mümkün deyil. Ona görə də qadınlar özlərinə baxmağa, gözəl görünməyə davam etsinlər.

-Son olaraq qadınlara tövsiyəniz..

-Gözəl olmaq üstünlükdür. Ona görə də gözəl olmaq üçün nə lazımdırsa etsinlər. İnandıqları ustalara müraciət etsinlər, sadəcə gözəllik salonlarına baş çəkməklə kifayətlənməsinlər, evdə də təbii üsullarla dərilərin, saçlarına qulluq göstərsinlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR