Nura Suri: “Vay o gündən bunu qadın edə...” - Özəl
Bizi izləyin

Tabloid.az

Nura Suri: “Vay o gündən bunu qadın edə...” - Özəl

Səhnəmizin ən gözəl, dəbli qadınlarından biri Nura Suri. Əksəriyyət onu belə təqdim edir. Haqlıdırlar da, doğrudan da cazibədar xanımdır. Hətta deyərdim ki, onun ağlı gözəlliyini kölgədə qoyur. Gözəl, ağıllı, yaradıcı xanım olan Nura da yəqin ki, bunun fə

Səhnəmizin ən gözəl, dəbli qadınlarından biri Nura Suri. Əksəriyyət onu belə təqdim edir. Haqlıdırlar da, doğrudan da cazibədar xanımdır. Hətta deyərdim ki, onun ağlı gözəlliyini kölgədə qoyur. Gözəl, ağıllı, yaradıcı xanım olan Nura da yəqin ki, bunun fərqindədir.

Son vaxtlar müsahibə verməməyə çalışan Nura xanım sükutunu tabloid.az üçün pozdu.

-Nura xanım xaraktercə necə insansınız?

-Xaraktercə çox məsuliyyətli insanam. Kiməsə bir işi tapşırım və rahat oturum xasiyyəti məndə yoxdur. Hər zaman bütün işlərin başında özüm dayanıram. Əlbəttə ki bunu gördüyüm işin mükəmməl alınması üçün edirəm. Amma etiraf edim ki, bunun yaxşı xasiyyət olduğunu düşünmürəm.

Bəzən baxıram, insanlar var ki, rahat yaşamaq üçün çox şeyi boş buraxırlar. Mən belə ola bilmirəm. Allah mənə belə xasiyyət verməyib. Türklərin bir sözü var, takıntılı...

-Bizdə vasvası mənasını verir...

- Mən vasvası adamam. Hər şeyin dərininə gedirəm, üzərində əsirəm. Bir misal çəkim. Evdə dayə var, buna baxmayaraq, hər səhər saat 7-də dururam. Baxmayaraq ki, dayə 6 ildir ki, evimdə işləyir. Amma bununla belə bilməliyəm ki, David yeməyini yedimi, nə geyindi. Onu da deyim ki, axşamdan sabah onun hansı paltarı geyinəcəyini də hazırlayıram. Hətta uşağa məktəbdə dəyişməyə əlavə paltar da qoyuram. Birdən tərləyib, xəstələnər deyə. Hər səhər dəqiqləşdirməliyəm ki, uşaq səhər oyandı, əl-üzünü yudu, dişlərini yudu. Yeməyini yeyib, dərsə getdi.

Yəni hər şeyə diqqətlə yanaşıram. Bu tək öz işimə qarşı deyil. Həyatımla bağlı nə varsa, hamısına çox diqqətliyəm.

Allah uzaq eləsin, tutaq ki, üzümdə bir dənə adi səpki olsun. Həmin an mən həkimə zəng eləməliyəm. Yanına gedə bilməsəm də, “WhatsApp”la şəkli göndərəcəyəm ki, səpkiyə baxsın, nə edəcəyimə dair məsləhət versin. Hətta mətbəxdə qazanın dibi cızılanda onu mütləq tullayıram. Çünki bilirəm ki, belə qazanın istifadəsi sağlamlığa ziyandır. Gedib yenisini alıram.

-Belə gərgin və məsuliyyətli yaşamaq sizə çətin deyil? Bütün bu işlərin öhdəsindən necə gəlirsiniz? 3 uşaq, müğənnilik fəaliyyəti, gündəlik ev qayğıları...

-Evimin həm kişisi, həm də qadını olduğum üçün buna artıq alışmışam. Bütün yük mənim üzərimdədir. Sənətimdə gördüyüm işlərin azlığı da məhz bununla bağlıdır.

-Maraqlıdır, evə bazarlığı kim edir?

-Mənim üçün ən vacib ailəmdir. Evimin bazarlığını da təbii ki, özüm edirəm. Çünki siyahını hazırlayıb kiməsə versəm də, kimliyindən asılı olmayaraq edilən bazarlıq ürəyimcə olmayacaq. Hansı ət alınmalıdır, haradan alınmalıdır, bunu ən yaxşı özüm bilirəm. Vaxtım olmayanda isə ev işlərində mənə kömək edən qadına deyirəm ki, filan yeməkləri bişirməlisən. Hətta hansı qaydada bişirməsini də ona izah edirəm. Bundan başqa, axşam şou-proqrama getmək üçün gün ərzində bütün işimi yoluna qoymalıyam. Üstəlik, özüm də formada olmalıyam, Geyimli, baxımlı, makiyajlı olmalıyam. Necə gəldi, restorana gedib, insanların qarşısına çıxa bilmərəm. Amma müğənnilər var ki, adi cins şalvar və maykada, makiyakjsız, gözündə eynək tamaşaçı qarşısına çıxır. Məni belə ola bilmirəm, insanlara elə yanaşmıram. Düşünürəm ki, tamaşaçıların qarşısına yaxşı, qaydasında çıxmalıyam. Səliqəli, qəşəng olmalıyam. İnsanlar nəyi xoşlayırlar? Gözləri ilə nəyi yaxşı görürlərsə xoşlayırlar.

-Əlbəttə ki, gözoxşayan olmaq lazımdır...

-Bəli. Gözəl olmağı bacarmaq lazımdır. Hamı anadan gözəl doğulmur. Götürək məni. Ay, mən dünya gözəliyəm deyə iddia etmirəm. Özümü gözəl hesab etmirəm. Sadəcə olaraq, özümü düzgün təqdim etməyi bacarıram. Makiyajımı düzgün edirəm. Yeri gəlmişkən qeyd edim ki, makiyajımı özüm edirəm. Nadir hallarda layihədə işləyəndə, peşəkarlara müraciət edirəm. Hətta vaxtım olanda “ukladka”nı da özüm edirəm. Vaxtım olmayanda isə saç ustasını evə çağırıram. Evdən çıxıb salona getməyi vaxt itkisi hesab edirəm. Çalışıram ki, vaxtımın çoxunu uşaqlarımla birgə keçirim.

-Xaraktercə idealistsiniz. XXI əsrdə bu xarakterlə yaşamaq sizə çox çətin olar...

-Əslində çətin deyil. Çünki bu xasiyyətlə doğulmuşam. Bəlkə də idealist olduğuma görə, ailəm dağılıb. Çünki belə xasiyyətli adamlarla yola getmək bir az çətin olur. Çünki insan necədirsə, insanlara da elə baxmağa başlayır. Mənim üçün insanlarla ünsiyyət qurmaq çətin olur. Çünki yalan danışmağı xoşlamıram. Hamıya qarşı dürüstəm və istəyirəm ki, mənə qarşı da elə olsunlar. Yalandan ikiüzlülük edim, sonra da arxada danışım. Məndə elə şeylər yoxdur. Əgər gülməyim gəlmirsə, heç kimin üzünə yalandan gülməyəcəyəm. Amma ki, əhvalımdan asılı olmayaraq, efirə çıxıramsa, mütləq insanların üzünə gülümsəməliyəm.

Satıcının əhvalının pis olmasından alıcıya nə?! O, hər zaman xidmət etdiyi insanların üzünə gülümsəməlidir. Mən də eynisini etməliyəm. Çünki mən insanlarla ünsiyyətə girirəm. Gün ərzində çox insan görürəm. Onlara mənfi enerji ötürmək olmaz. Amma normal həyatda, yalanı xoşalmıram. Əgər əhvalım yaxşı deyilsə və ya kimdənsə xoşum gəlmirsə, onun üzünə gülmürəm. Yaxud kiminsə arxasınca deyim ki, filankəs rədd olsun, xoşum gəlmir ondan. Bizimkilərdə belə bir xüsusiyyət var axı... Baxırsan ki, səni görəndə əldən-ayaqdan gedir. Sonra da eşidirsən ki, həmin adam arxamca elə sözlər danışır ki... Adamın matı-qutu quruyur. Qalırsan məəttəl. Bu adamı nə vadar edir ki, belə davransın? Nəzərə alanda ki, o insanın məndən, mənimsə ondan heç bir işim keçmir. Amma bu insanın mənim haqqımda yalan fikir söyləməyə vadar edən nədir? Baxırsan, meyvədir. Üzdən yaxşıdır, amma kəsirsən, içindən qurd çıxır deyə yeyə bilmirsən. Bax, elə insanlar da var. Elə adamların beyinlərində, ürəklərində başqalarının xöşbəxtliyinə, sevincinə qarşı kin var. Özlərində olmayanı başqalarında görəndə, ona qarşı nifrət hissi keçirirlər.

Bəzən görürsən ki, “Facebook”-da kiminsə ünvanına elə sözlər yazırlar ki. Düşünürəm ki, bir insanın daxilində bu boyda nifrət necə yerləşib?! O, bu qədər nifrəti içində necə gəzdirir? Hər halda onun özünə pisdir.

-Başqalarının haqqınızda nə düşündüyü sizi çox narahat edir?

-Məni tanımayan insanın haqqımda nə danışdığı heç vecimə də deyil. Amma mənim üçün ən vacib olan ailəm, övladlarım və yaxınlarımın haqqımda hansı fikirdə olmasıdır. Elə insanlar var ki, onları tanımıram. Tanımaq fikrim də yoxdur. Hətta həyatımın heç bir küncündə, bucağında onların yeri yoxdur. O insanların haqqımda nəsə deməyi mənim üçün əhəmiyyət kəsb etmir.

-Deyrilər ki, Nura Surinin insanlarla ünsiyyətə girmir...

-Mənim üçün insanları yaxına buraxmaq, ünsiyyət qurmaq çətin olur. Hətta çoxları deyir ki, Nura özündənrazıdır. Bu, mənim özümü qoruma reaksiyamdır. İnsanlara elə görünməyim normaldır. Təki haqqımda “özündənrazıdır” desinlər . Nəinki desinlər ki, Nura Suri ikiüzlü, yalançı, yaltaqdır...

-Yəqin ki, özünü qoruma instinkti sizdə sonradan yaranıb? Çünki insan həyatda zərbə aldıqdan sonra insanlardan özünü qorumağa, məsafə saxlamağa çalışır...

-Demirəm ki, ümumiyyətlə, heç kimi yaxınıma buraxmıram. 20 illik dostlarım var, onlara inanıram. Dostluq etməyi bacarmayan insana normal baxmıram. İnsan həyatda necə tək ola bilər? Dostlarımla hər gün olmasa da, həftədə iki-üç dəfə görüşürəm.

-Dostlarınızı deyil, ətrafınızda sizə pislik edənləri nəzərdə tuturdum.

-Sözümü ona gətirirəm. Yeni insanları həyatıma buraxmaq mənə çətindir. 18 yaşında ailə qurmuşam. İnsanları tanımağa vaxtım olmayıb. Məktəbi bitirmişəm, universitetin birinci kursunda ərə getmişəm. Bütün bunlar tez baş verib deyə, mən insanları tanıya bilməmişəm. İnsanları tək, öz ayaqlarım üzərində durmağa başlayandan sonra tanımağa başladım. Ev heyvanını meşəyə buraxırsan, necə olar? Mənim üçün də elə oldu. Birdən-birə insanların arasına çıxmaq çətin idi. Əvvəllər insanlara münasibətim, özümə qarşı nə görmək istəyirdimsə, elə idi. Amma insanlarda kin, paxıllıq, səbəbsiz nifrət hissini gördüm. Bunları görəndən sonra insan ağıllanmağa, müdrikləşməyə başlayır. Buna həyat təcrübəsi deyirlər. Ağıl, kitab oxumaqla seçilmir. Sənin nəzəriyyən varsa, amma həyat təcrübən yoxdursa, bildiklərin həyatda heç nəyə yaramır. Allaha minnətdaram ki, bu yaşımda artıq insanların hər hansı bir hərəkətindən nəticə çıxarmağı bacarıram. Bir çox yeni insanları isə yaxınıma buraxmıram.

-Çox güclü xarakterli qadınsınız, bu qədər zərifliyinizə rəğmən...

-Kişilər deyir ki, onlar güclüdür. Amma əslində elə deyil. Dünyada ən güclü varlıq elə qadınlardır. Dünyaya övlad gətirmək, onu düzgün tərbiyə edib, böyütmək çox məsuliyyətlidir. Bəzi qadınlar evdə uşağa baxır, yoldaşı pul qazanır. Amma məndə belə deyil, ailənin bütün yükü mənim üzərimdədir. Mən ideal anayam. Uşaqlarım məni içkili vəziyyətdə, damağında siqaret barları gəzən görə bilməzlər.

Фотография: Yene bosh-bosh soz sohbetler bashlayib :)) body-ni kim 1-ci geyinib? Geyimin 1-ci ya 2-cisi olur? 2011- de men foto sessiyada geyinmishem. Noolsun?

Əslində, qadın olmaq əslində çox çətindir. Kişilərin üzərinə bizdəki qədər məsuliyyət düşmür. Kişi ailəsini, uşaqlarını ata bilər. Bunu cəmiyyət qəbul edəcək. Vay o gündən ki, qadın ailəsini, uşağını atsın... Bütün cəmiyyət ona qarşı çıxıb, qınayacaq. Axı nəyə görə kişilərin hər səhvi qəbul olunur, amma qadınların bir yanlışı problemə çevrilir? Ay filankəs uşağını atdı. Halbuki, ətrafımıza baxsaq, görərik ki, çox kişilər, öz arvadlarını, övladlarını asanlıqla atıb gedə bilirlər. Bu yüklə də asanlıqla yaşayırlar. Hətta heç bir məsuliyyət hissi keçirmirlər. Yaxud kişi həyat yoldaşı və övladı olduğu halda, kənarda gəzir. Məşuqəsi də olur, nə istəsə edir. Vay, o gündən ki, bunu qadın edə... Kişilər qadınlarda səhv kimi qəbul etdikləri şeyi özləri rahatlıqla edirlər. Bu müqayisədən də görürsən ki, qadın olmaq nə qədər çətindir. Görün, qadın necə böyük qüvvədir ki, ondan heç bir səhv qəbul olunmur.

-Nura Suri güclü olmaqdan yorulmur?

-Bəlkə də çoxları mənə yaxın gəlməyə çəkinir. Məni güclü qəbul edirlər. Hərdən hətta deyirəm ki, mən əjdaha deyiləm, insanam. Mən də zəif qadın olmaq istəyərdim. Əslində qadınlar nə zəif, nə də zərif deyillər. Bayaq da qeyd etdim ki, qadınlar çox güclüdür. Amma hərdən biz də istəyirik ki, üzərimizdə bu qədər məsuliyyət olmasın. Mən də istəyərdim ki, heç nəyi fikirləşmədən, dərdini çəkmədən çox rahat yaşayım. Amma alınmır... Hər bir insan doğulanda ona daşıya biləcəyi yük verilir. Yük deyəndə, övladı, işə getməyi demirəm. Əgər öz ayağın üzərində dayana bilirsənsə, övlad sahibisənsə, bu, Allahın sənə verdiyi xoşbəxtlikdir. Yük deyərkən, insanların səbəbsiz yerə sənə qarşı olan münasibətini nəzərdə tuturam. Əslində, müğənni olmaq çox çətindir. Özün haqqında elə şeylər eşidirsən ki. Halbuki, deyilənlərin sənə heç aidiyyatı yoxdur. Bunları eşidəndə özünü fikirləşmirsən. Fikirləşirsən ki, mənim üç oğlum, qardaşım, atam-anam var. Bu sözlər onlara necə təsir edəcək? Hətta mən bütün bunlardan qorunmaq üçün müsahibə vermirəm. Ona görə ki, müsahibəyə soyu-kökü bəlli olmayan, hanısısa “nik” altında şərhlər yazırlar. Valideynlərim, övladlarım həmin şərhləri görə bilərlər. Bu onlara pis təsir edə bilər. Bu, belə olmamalıdır. İnsanlar bir-birilərinə bu cür yanaşmamalıdırlar. Bu da bizim üzərimizdə ağır yükdür. Hər addımımızı atanda fikirləşirik ki, görəsən kənardan baxan haqqımızda nə fikirləşər. Tutaq ki, mən yanımda qardaşımla mağazaya gedirəm. Kənardan baxırlar, deyirlər ki, yanındakı ya sevgilisi, ya da məşuqudur.

Bilirsiniz, insanlar niyə Avropaya üz tutur? Çünki orada yaşamaq daha asandır. İstəyirlər ki, hətta istirahət də olsa belə, Azərbaycandan çıxsınlar. Cəmiyyətimizdə mövcud olan problemlərdən dolayı azadlığı, sərbəstliyi hiss edə bilmirik. Bu ölkədə heç kim öz həyatını yaşamır. Hamı onun-bunun həyatı ilə maraqlanır. Hamı istəyir ki, baxsın, qonşusunun evinə nə gəldi, nə getdi. Qapısı neçə dəfə açılıb-bağlandı. Bunlar qeyri-normaldır. Bu dərəcəyə gəlib çıxmağımızın səbəbi də keçmiş sovetlər dönəminin tərbiyəsindən irəli gəlir. O vaxtlar kiminsə evinə artıq mal gələndə, “yuxarı”lara anonim məktub yazırdılar ki, filankəsin evinə filan şey gəldi. İndi ölkəmiz azaddır, müstəqildir. Amma insanların fikri, düşüncəsi azad deyil. Gəncləri bu qədər sıxmaq olmaz. Hər şeyi söz eləmək, hamının həyatına qarışmaq olmaz. İnsanları bir az rahat buraxın. Hər kəs öz həyatı ilə maraqlansın. Hərə öz səhvlərini düzəltməklə məşğul olsun, onda insanlara yaşamaq daha asan olacaq. Hazırda ən böyük yük, bu cəmiyyətdə baş çıxarmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm