• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dietoloq Leyla Zülfüqarova: “İnsanı kökəldən üç qıda var” - Özəl

Dietoloq Leyla Zülfüqarova: “İnsanı kökəldən üç qıda var” - Özəl

İndi nəinki qadınlar, hətta kişilər də kökəlməkdən qorxurlar. Formada qalmağa çalışanlar axşam saat 18:00-dan sonra yemək yemirlər. Bəziləri isə menyusundan çörək və şirniyyatı çıxarır. Digərləri isə internetdə orqanizmə ciddi zərər verəcək pəhrizlərdən istifadə edirlər.

Dietoloq Leyla Zülfüqarova isə bütün bunların doğru olmaması qənaətindədir.

O, Tabloid.az saytına müsahibəsində sağlam qidalanmağın, gözəl görünməyin və cavan qalmağın sirlərini açıqlayır:

- Köklükdən əziyyət çəkənlər əsasən, hansı yaş qrupunda olan qadınlardır?

- Mənə ən çox gənc qızlar müraciət edirlər. Onlarda daha çox hormonal pozğunluğa rast gəlinir. Bəzən müraciət edən qızlar arasında eləsi olur ki, 16-17 yaşı var, amma çəkisi 86-90 kiloqramdır. Bu da yüksək piylənmə dərəcəsi hesab edilir. Biz belə pasiyentlərin çəkisini müalicə vasitəsilə aşağı salırıq.

-Adətən artıq çəkidən əziyyət çəkən qadınların psixoloji durumu yaxşı olmur. Onların kompleksləri çox olur...

-Yanıma gələn xanımlarda depressiya, həyata küskün baxışların olduğunu müşahidə edirəm. Ən çətin yaş kateqoriyası isə artıq çəki fonunda hormonal pozğunluğu olan gənc qızlardır. Yəni 16-18 yaşında gənclər hər şeyə psixoloji cəhətdən həssas yanaşırlar. Ona görə də belə qızlara həm də psixoloq kimi yanaşıram.

-Xəstələriniz pəhriz saxlamaqla bağlı nə dərəcədə maariflənmiş olurlar?

-Hər bir fərd öz orqanizmini tanımalıdır. Əgər insan kökəlirsə, deməli,orqanizmdə müəyyən dəyişikliklər baş verir. Kökəlmənin 7 növü mövcuddur. Bu, hormonal statusun dəyişməsi fonunda, irsi faktorla əlaqədar, alimentar kökəlmə də ola bilər və s. Onu da deyim ki, bütün kökəlmələrin fonunda şəkərli diabet xəstəliyi var. Artıq çəkidən əziyyət çəkənlərdə ginekoloji xəstəliklər də birinci növbədədir. Bir haşiyə çıxım: bəzən valideynlər artıq çəkidən əziyyət çəkən uşaqlarını gətirirlər.

-Uşaqlarda da hormonal pozğunluq müşahidə edilir?

- Bəli. Çünki indi qidaların genetikası dəyişib. Uşaqlarin, elə böyüklərin də ağzı dadı “fast-food” qidalarına alışıb. Mən ilk növbədə bu qəbildən olan qidalara ciddi qadağa qoyuram. Çünki “çipsi”, dönər, qazlı içkilər insan orqanizmi üçün təhlükə mənbəyidir. Ümumiyyətlə, qazlı içkilərin gündəlik qəbul olunmasının əleyhinəyəm. Əgər buna alışmısınızsa, ayda bir-iki dəfə şənliklərdə, müxtəlif əyləncəli mərasimlərində qazlı içki qəbul edə bilərsiniz. Çünki qazlı içkilərin insan orqanizminə çox böyük toksiki təsiri var. Belə ki, qazlı içki orqanizmə karbon oksidi verir ki, bu da qidada olan bütün toksinlərin bədəndən xaric olmasına maneçilik törədir, tutub orqanizmdə saxlayır. Halbuki, biz toksinlərin və şlakların orqanizmdən xaric olunmasına səy göstərməliyik. İnsanlar qazlı içkilərin əvəzinə təbii meyvə şirələrinə üstünlük versinlər. Bundan başqa, konservantlarla “bəzədilmiş”, “göz oxşayan” bütün şirniyyatlardan uzaq dayanmaq lazımdır. Əgər artıq çəki probleminiz yoxdursa, ev şəraitində bişən şirniyyatları yemək olar.

Ən əsası hər bir insan gündəlik olaraq 2,5-3 litr maye qəbul etməlidir. Bu, mütləqdir. Amma əfsuslar olsun ki, bizdə insanlar daha çox qida qəbuluna üstünlük verirlər. Halbuki, mədə-bağırsaq sistemi yeməkdən 20-30 dəqiqə əvvəl su içməklə nizamlanmalıdır. Daha sonra isə təbii və təzə olan qidaları qəbul etmək olar.

-Bütün bu söylədiklərinizi sizə müraciət edən pasiyentlərə necə aşılayırsınız və nəticə nə olur?

-Bu məsələdə fərdi yanaşma çox vacibdir. Şəxsən mənim proqramımda şüuraltı təlqin metodu var. Mən xəstəyə konkret qoyduğum müddətdən sonra pasiyent müsbət nəticəni görür. Əvvəlcədən də xəstə ilə danışıram ki, qadağa qoyduğum qidaları qəbul etmək olmaz. Təbii ki, pasiyenti buna yumşaq şəkildə hazırlayıram. Bu sahənin mütəxəssisi pasiyentlə həm də dost, sirdaş olmalıdır ki, ona şüuraltı təsir edə bilsin. Bura fiziki hərəkətlər də daxil olunur.

-Bəzi həkimlər iddia edirlər ki, qısa müddətdə çox çəki itirmək orqanizm üçün böyük təhlükədir. Çünki tez itirilən çəki yenidən artıqlaması ilə geri qayıdır...

-Dietologiyada tez arıqlama sindromu məsələyə qeyri-peşəkar yanaşma tərzidir. Əgər hər hansı bir dietoloq ona müraciət edən xəstəyə 1 ay ərzində 10 və ya da daha çox kilo itirmək üçün məsləhət verirsə, bu, onun qeyri-peşəkarlığına dəlalət edir. Tamamilə haqlısınız, qısa müddətdə arıqlayan adam qısa vaxtda da kökəlir. Çünki orqanizmdə məhdudiyyət qoyulan qidalara qarşı qıtlıq, aclıq yaranır.

- Verilən çəkinin geri qayıtmaması üçün nə tövsiyə edərdiniz?

-Mənə elə gəlir ki, bu, iş mübadiləsinin gücündən asılıdır. Mən adətən, şirniyyatların, karbohidratların, yağlı və çox kalorili qidalarına qəbuluna qadağa qoyuram. Təbii ki, insan orqanizmində karbohidrat çatışmazlığı yaratmaq olmaz. Çünki orqanizmdə B qrup vitaminlərin çatışmazlığı müxtəlif xəstəliklərə səbəb olur. Karbohidratları başqa qidalarla kompensasiya etmək olar. Məsələn, karbohidratları paxlalı bitkilər - noxud, lobya, mərci və s. vasitəsilə orqanizmə daxil etmək olar. Onu da deyim ki, lobya ən diyetik qida növlərindən biri sayıla bilər. Çünki kalorisi yüksək deyil, amma qida dəyəri əvəzolunmazdır.

-Gündəlik qəbul olunan qidanın kalori dəyəri nəyə əsasən müəyyənləşdirilir? Qida rasionunda karbohidrat, zülal və yağın miqdarı nə qədər olmalıdır?

- Gündəlik rasionda insan 300-350 qram karbohidrat, 80-100 qram zülal, 30 qram qida lifi, 50 qram isə yağ qəbul etməlidir. Yağın 20 qramı kərə yağı şəklində, səhərlər və çiy halda qəbul olunmalıdır. Bundan başqa, insan hər kiloya görə 30 milliqram su içməlidir. Ümumilikdə isə gündə 2-3 litr su içmək vacibdir.

- Yeri gəlmişkən, kərə yağının yeyilməsi ilə bağlı ziddiyyətli fikirlər səslənir. Bəzi diyetoloqlar iddia edirlər ki, kərə yağının hətta az miqdarda yeyilməsi orqanizm üçün təhlükədir. Bu fikir, nə dərəcədə doğrudur?

- Mən tövsiyə edirəm ki, hamı səhərlər 20 qram yağ qəbul etsin. Yağı çörək üzərində yemək olar. Qızardılmış çörəklərə üstünlük vermək yaxşıdır. Çünki qızardılmış çörəklərdə nişasta olmur. Müasir diyetologiyada yeməklərin kərə yağı ilə bişirilməsi qadağandır. Kərə yağı bişərkən tərkibindəki zülal yanır, toksik maddələr əmələ gəlir. Xörəkləri ancaq bitki yağları ilə bişirmək vacibdir. Həm də yağı xörəyin bişməsinə 5 dəqiqə qalmış əlavə etmək gərəkdir.

- Nəyə görə?

- Çünki yalnız bu halda bitki yağlarının tərkibində olan vitaminlər, xeyirli maddələr dəyərini itirmir. Onu da deyim ki, qida yağları – doymuş və doymamış yağ turşularından ibarət 2 qrupa bölünür. Normalda doymuş yağlardan az istifadə olunmalıdır. Bunlar heyvan mənşəli, hətta otaq tempratrunda donan yağlardır. Doymuş yağ turşuları orqanizmdə yağ hüceyrələrinin depolaşmasına xidmət edir. Doymamış yağlardan, yəni zeytun, bitki və balıq yağlarından istifadə etmək orqanizm üçün çox faydalıdır. Balıq yağının tərkibində omeqa-3, omeqa-6 turşuları bir sıra xəstəliklərin qarşısını alır. Araxidon, olein və s. turşular da doymamış yağların tərkibində vardir ki, bu da orqanizm üçün olduqca vacibdir.

-Bəzən deyirlər ki, keçmişdə baba-nənələrimiz kərə yağı, qoyun və mal əti yeyiblər. Amma bu, onların 100 yaşdan çox yaşamasına heç də mane olmayıb...

-Bilirsiniz, keçmişdə babalarımız tərəkəmə həyatı yaşayıblar. Kərə yağını daha çox çörəyin arasında yeyiblər. Təmiz havada, dağda, meşədə olublar. Yəni onların aktiv yaşam tərzi qidalarının çox kalorisini “yandırmış” olub. Qidalanma üçün həyat tərzi də çox vacibdir. Keçmişdə insanlar gün ərzində 4000-4500 kalori xərcləyirdi. Belə olan halda adamlar gün ərzində 100 qram kərə yağı qəbul edə bilərdi. Amma indi avtomatlaşmış həyat rejimində yaşayırıq. İnsanın gündəlik qidalanma kalorisi 2000-2500 təşkil etməlidir. Oturaq işdə olan insanlar gün ərzində açıq havada gəzməlidirlər. Gün ərzində 3-5 min addım gəzməkdə fayda var.

-Ağ un, şəkər və duz. Bu 3 qida inqrediyenti haqqında deyilənlər mifdir yoxsa həqiqət?

-Həqiqətdir! Ağ un, şəkər və duz kökəlməyə və orqanizmində müxtəlif xəstəliklərə səbəb olur. Əgər biz bu hər 3 ərzağı miqdarından artıq istifadə etməsək, artıq çəki problemimiz olmaz. Şirniyyatdan tamamilə imtina etmək olmaz. Bu halda qanda şəkər və təzyiq aşağı düşər, baş gicəllənməsi halları ola bilər. Şirniyyatın əvəzinə meyvə qurularından istifadə etmək lazımdır. Kişmiş, ərik qurusu, xurma, əncir qurusu və sair. Bunlar orqanizmin şirniyyata olan tələbatını fruktoza formasında ödəyir.

-Müxtəlif fəsillərdə artıq çəki almamaq üçün nə kimi tədbirlər görmək lazımdır?

-Birinci növbədə sağlam həyat tərzinə riayət etmək vacibdir. Hər ayın, fəslin özünəməxsus proqramı var. Məsələn, payızda vitaminlərə tələbat artırsa, orqanizm özü bizə sağlam rasional qidaya keçməyi diktə edir. Bunun üçün menyuda tərəvəz və meyvə saxlanılır. Tərəvəz çox qəbul olunduğu halda isə digər qidalara məhdudiyyət qoyulmalıdır.

Karbohidratları nəzərə almaq lazımdır. Çünki tərəvəzlərin çoxunun tərkibində karbohidrat var. Biz çox yemək yeyirik. Üstəlik, meyvələrdən aldığımız vitaminlə yanaşı, karbohidratlarla orqanizmi yükləmiş oluruq. Bu mövsüm qlükoza ilə zəngin meyvələrin mövsümüdür. İnsanların yanlışı nədədir bilirsiniz? Üzüm, əncir yeyirlər. Üzərindən də yağlı, ətli, karbohidratlı qida qəbul edirlər. Mən məsləhət görərdim ki, məsələn, çörəyi menyuda məhdudlaşdırdanda, lazım olan karbohidratı digər tərəvəzlə əvəz etsinlər. Məsələn, yeməyin yanında pomidor-xiyar yemək, çörək yeməyə bərabərdir. Düzgün qidalanmada digər bir şərt kifayət qədər zülallı qidalar qəbul etməkdir. Xüsusilə, süd, pendir, qatıq, kəsmik, yumurta, mal əti, toyuq, balıq kimi qidalar zülalın ən yaxşı mənbəyidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR